“Serial
çəkməkdən zövq alıram, zövq
aldığım işdən də maaş”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə 2011-ci ildə televiziya filmlərinin və serialların çəkilməsi üçün dövlət büdcəsindən ilkin olaraq, 5 milyon manat vəsait ayrıldı.
Məhz bu qərardan sonra Azərbaycanda yeni filmlərin və serialların çəkilməsinə başlanıldı. Ötən 3 il ərzində telekanallar serialların çəkilişi ilə bağlı xeyli işlər gördülər. Ən əsası, yerli telekanallar öz seriallarını çəkməyə başladılar. Bəs hazırda bu sahədə vəziyyət necədir? Çətinliklər varmı? Bu və digər suallarımıza “Xəzər” Televiziyasında (TV) çəkilən serialların baş ssenaristi Valeh Əhmədovun timsalında cavab tapmağa çalışdıq.
- Serial çəkməyin nə kimi çətinlikləri vardır?
- Çoxlu maliyyə tələb edən bir işdir. “Kapriz”li, fərqli xasiyyətli onlarla insanı bir yerə yığıb, uzun müddət onları bir məqsəd üçün çalışdırmaq, layihənin tutub-tutmayacağı həyəcanı ilə yaşamaq, yağış, qar, isti bilmədən bu işi davam etdirmək. Bunları detallara bölsək, gərək rubrikamızı ancaq bu mövzuya həsr edək.
- Bir neçə il öncə ölkəmizdə xarici serialların yayımlanmasına qadağa qoyuldu. Bəziləri bunun yanlış addım olduğunu bildirir. Siz necə düşünürsünüz?
- Bu, çox əla qərar oldu. Dövlətimizə bu qərara görə minnətdarlığımı bildirirəm. Hər kəs çox gözəl bilir ki, bizim dəyərlərimiz başqadır, yəni bir əcnəbi üçün normal olan bəzi şeylər bir azərbaycanlı üçün normal sayılmır. Bu anormallıqlar xarici seriallarda çox adi şəkildə cəmiyyətimizə təqdim edilirdi. Yəqin ki, bir müddətdən sonra biz də onların bu hərəkətlərini təqlid etməyə başlayacaqdıq. Digər tərəfdən isə, bu qərar yerli istehsal üçün çox lazımlı idi. Bəlkə də bu qərar
veriləndə bizim seriallar xarici seriallarla rəqabət apara
bilməzdi. Amma bu gün “Bir ailəm var” və yaxud “Həyat sən
nə qəribəsən” serialları ilə hansı serial
qarşı-qarşıya qoyularsa, layiqincə rəqabət
apara bilər.
Hətta bir çox “Hollivud”
filmləri bizim seriallar gedən vaxt digər kanallarda efirə
gedir, lakin tamaşaçı bizim serialı izləyir. 2 il
bundan öncə çəkilmiş və artıq 4 dəfə
təkrar-təkrar efirə getmiş “Qayınana” serialı bu
gün də gecə saatlarında efirə gedəndə digər
kanallarda efirə verilən əcnəbi filmlərdən
üstün olur. Tamaşaçımız yerli
istehsal olan seriallara baxır. “Aramızda
qalsın” (200), “Qaynana” (155), “Həyat sən nə qəribəsən”
(177), “Bir ailəm var” (84 seriya) cənab Prezidentin bu işə
ayırdığı maliyyə dəstəyi sayəsində
çəkilir. Buna görə də
başda cənab Prezidentimiz olmaqla, dövlətimizə öz
minnətdarlığımızı bildiririk.
- Azərbaycanda
bu sahə inkişaf etməkdə olan yeni bir sahədir. Sizcə, bizim dünya səviyyəli seriallar çəkmək
üçün nə qədər zamana ehtiyacımız var?
- Səmimiyyətimə inanın ki,
mən bir azərbaycanlının gücünə də
istedadına da o qədər inanıram ki, onu heç kimlə
müqayisə belə eləmirəm. Sadəcə,
bir-birimizin qabağa getməsini ürəkdən istəməliyik,
“əşi, bizimkilər neyləyə bilir ki, bunu da eləsin”
kimi fikirləri nəinki dilimizə gətirməməliyik,
heç beynimizin ucundan da keçirməməliyik. Bu halda siz soruşduğunuz vaxt daha tez ötər.
Bir də reklam bazarının bir az
inkişaf etməsi lazımdır. O halda 3-5 il
ərzində seriallarımız, filmlərimiz artıq
uğurla ölkəmizi xaricdə təmsil eləyə bilər.
- Yerli telekanalların
yayımladığı milli seriallar arasında rəqabət
varmı? Bunun Azərbaycan kinosuna nə kimi
faydası var?
- Rəqabət də var,
görülmüş gözəl işlər də var. Mən
kimin görməsindən, eləməsindən asılı
olmayaraq, yaxşı işə “yaxşı” deyirəm. Ayrıca, rəqabətin Azərbaycan kinosunun gələcəyinə
də böyük faydası var.
- Komediya və ya dram,
özünüzə hansını daha yaxın hesab edirsiniz?
- Komediya yazanda da içinə dram
qatmışam, dram yazanda da içinə komediya
qatmışam.
- Serial çəkməyə
başlayarkən, əvvəl nədən
başlayırsınız? Yazdığınız
obrazların iç dünyasını necə qurursunuz?
- Ana hekayələr tapılır. Sonra bu hekayəni aparacaq xarakterlər, sonra yan xətlər
və yan xarakterlər tapılır. Sonra
layihə hazırlanır. İlk seriya və
təxmini 8-10 seriyanın xəritəsi. Sonra
kastinqlər. Obrazların iç dünyasına gəldikdə
isə bu, çox çətin məsələdir. Çünki sevə-sevə izlədiyimiz
obrazları serial başladıqdan bitənə qədər
qorumaq lazım olur.
- Yazdığınız ssenarilərin
həqiqət payı nə qədərdir? Belə
düşünürəm ki, bəzi hadisələr real həyatdan
götürülür?
- Bəzi hadisələr real hadisələrdən
götürülür, amma şişirdilir. Bir
çox hadisələrin isə reallıqla heç bir əlaqəsi
yoxdur, amma insanlara xoş gələ bilər,
tamaşaçı gülə, duyğulana və ya hirslənə
bilər düşüncəsi ilə yazılır. Yəni
belə deyək, bizim əsas xarakterlərimizin heç biri qədər
həyatda əziyyət çəkən insan yoxdur, ola da bilməz. Amma bu gün əsas xarakterimiz
Valehin başına gəldiyi əzabı çəkirsə,
sabah Azərin, Elvinin, Elsevərin,
Arazın, Çingizin, Kənanın başına gələn
əzabı çəkir (Bu arada kişi ssenaristlərimizin də
adını çəkmiş oldum). Beləcə,
xarakterlərimiz bu insanlara yaxın olur.
- Həm ssenari yazırsınız, həm
də aktyor kimi serialda çəkilirsiniz. Bu sahələrdən
hansı sizə daha doğma gəlir?
- Əlbəttə,
ssenaristlik. Bu işi daha yaxşı bacarıram. Amma aktyorluqda bir
çoxundan geri qalıram. Yaşar Nuri, Həmidə Ömərova,
Sənubər İsgəndərli, Firəngiz Mütəllimova,
Elşən Rüstəmov, Əzizağa Əzizov, Səidə
Quliyeva kimi sənətkarlarla eyni serialda oynamaq mənə qismət
olub. Onlardan çox şey öyrənmişəm.
- Serialın baxımlı olması
üçün əsas amil nədir? Tanınmış
aktyorlar, yoxsa ustalıqla hazırlanmış ssenari?
- Uğurlu, üzərində
çox detallı işlənmiş, uzun vədəli layihə.
Uğursuz layihədə hər kəs
uğursuzdur. Uğurlu layihənin
alınmasında layihə-ssenari-rejissor-aktyor-montaj
anlaşması yüksək səviyyədə
olmalıdır. İstər çox istedadlı
rejissorlarımız Rüfət Şahbazov və Ramin Nəbiyev,
istər prodüserlərimiz Sənan və Şahin bəy,
istər dəyərli aktyorlarımız, istərsə də
başında Səbuhi Sadiq olan
montajçılarımızla çox gözəl
anlaşırıq. Onlar bir şeyi yazarkən nəyi
düşündüyümüzü çox gözəl
bilirlər. Layihələrimizin uğurlu
alınmasının əsas səbəblərindən biri də
budur.
- Ssenarist olmaq istəyən cavanlara
tövsiyələriniz?
- Bilirsiniz, mən özüm də
cavanam, hələ tövsiyə vermək üçün
kifayət qədər nə yaşım, nə də təcrübəm
var. Sadəcə, bu işi öyrənərkən nələrə
diqqət elədik, onları deyə bilərəm. Ssenarist səbirli olmalıdır. Haqlı tənqidə açıq olmalıdır.
Qərəzli tənqidləri, boş
iradları bu qulağından alıb, o birindən
ötürməlidir. Yoxsa, həmin günü və bəlkə
də səhəri günü iş görə bilməz. Çoxlu kitab oxumalı, çoxlu film izləməlidir.
Söz bazası bol, məsələyə
yanaşma tərzi fərqli olmalıdır. Qələmi dürüst olmalıdır, qərəzli
olmamalıdır, insanlara “mən sizdən çox bilirəm”
gözü ilə baxmamalıdır. Yazdıqları sabah yüzlərlə və yaxud minlərlə
insana çatacağından bunu nəzərə almalı, həmişə
insanlara faydalı olmağı arzulamalı və qələmini
də bu yöndə istiqamətləndirməlidir.
- Demək olar ki, çəkilən
bütün seriallarda eşq mövzusu diqqətdə olur. Bu mövzu nə qədər reytinq verir? Bu mövzu təkbaşına serialı daim reytinq
zirvəsində saxlaya bilərmi?
- Eşqsiz, ey serial, nədir dəyərin
(gülür). Yüz faiz eşq mövzusu
olmalıdır. Amma tək bu mövzu da
effekt verməz. Başqa mövzular da serial
üçün mütləqdir.
- “Bir ailəm var”
serialının izləyicilərini bu mövsüm hansı
sürprizlər gözləyir?
- Sürprizlərimizdən biri odur
ki, “Bir ailəm var” serialı artıq həftədə 5 dəfə
yayımlanacaq - I-V günlər saat 22:20-də. Süjetlərə
gəldikdə isə, əslində bir mövsüm gizli
saxladığımız böyük sirlərimizdən biri
açılacaq - elə ilk 5 seriyada. Sevgi
qəhrəmanlarımız - Orxan və Səmanın sevgisi
elə bir həddə gəlib çatacaq ki,
tamaşaçı bunu onlara heç yaraşdırmayacaq.
Ailəsini bir yerə toplamaq istəyən Əsmər
ailəsinin axırıncı üzvlərini də itirəcək
və tək qalacaq. Sərxan - Alina
münasibətləri yeni mərhələyə qədəm
qoyacaq. Balaca Ceyhun insanları çox
duyğulandıracaq hekayələri olacaq. Bundan başqa, seriala yeni simalar qatılacaq. Rəşad
Kəsəmənli, Kamal Dəniz və başqa sürpriz
simalar seriala yeni rəng qatacaqlar. Nazlını
nəfəskəsən hekayələr gözləyir.
- “Həyat sən nə qəribəsən”
serialında nə kimi yeniliklər gözlənilir?
- 177 seriya ilə
tamaşaçını özünə bağlayan Azərbaycanın
ilk günlük serialı, təbii ki, bu mövsümdə həftədə
5 dəfə, I-V günlər 21:35-də yayımını
davam etdirəcək. Sadiq Həyatın
ölümünü necə qarşılayacaq? İkinci dəfə evlənəcəkmi? Yoxsa, o da öləcək? Ağca
Həyatın öldüyünü biləndən sonra
hansı hücumları edəcək? “Piyanska”
Rasim ailəsini indiyə qədər necə biabır
etmişdisə, indi heç bir kişiyə yaraşmayan hərəkət
edəcək. Məlahətin ailəsini
yeni sürprizlər, dramatik anlar gözləyir.
- “Xəzər”
Televiziyasında olaraq yeni seriallar çəkməyi
düşünürsünüzmü?
- Bu haqda kanal rəhbərliyi qərar
verəcək. Bizə qaldıqda isə, əlimizdə
çox super 5-6 hazır layihə var və inşallah,
inanıram ki, gələn mövsümə onlardan ən
azı 2-nin çəkilişinə başlanılacaq. Sonda bildirmək istəyirəm ki,
mən işlədiyim işdən zövq alıram, zövq
aldığım işdən də maaş. “Xəzər”
Televiziyasında “Xəzərfilm” və “Qələm” ssenarist
komandası ilə fəxr edirəm. “Qələm”də gənc,
lakin 5-6 ilə dünya səviyyəsində yazılar yazacaq
çox potensiallı,” səhər 9, axşam 6” prinsipi ilə
işləməyən, yəni gecə-gündüz işinin
içində olan, işini sevən ssenaristlər var.
Yuxarıda oğlan ssenaristlərimizin adlarını qeyd elədim,
xanımlarımız qaldı. Onların
seriallarımızın gözəl alınmasında əməkləri
olduqca böyükdür. “Qələm”in bir Failə Nəbiyevası,
bir Sara Bayramovası və 3 Könülü var.
Əsgər
Hüseynov
Zaman. - 2014.-
16 sentyabr.- S. 7.