Ədəbi
imzalar bolluğunda ədəbi
sima - İlyas
Tapdıq
80 yaşı
bu günlərdə tamam olacaq ustadın
iki uşaq şeiri və sənətkarlığı haqqında
bir neçə söz
Sovet dövründə həyatımızda
bir “sakitlik” vardı. Bu əhval təbii ki, ədəbiyyatımızda öz
təəssüratını yaratmamış deyildi.
Baxmayaraq
ki, bədii səviyyə, ilk baxışda
adını “ilham” qoyduğumuz meyar öz ölçü-biçisiylə
əsərlərimizdə boy göstərirdi. Amma
bu, - sakit hisslərimizin ağıla
vurmaq gücü olduqca zəif idi. Ancaq əsl qələm
sahiblərini nə yazmaqdan, nəyi yazmaqdan çox necə yazmaq düşündürüb. Yazıçının öz qarşısına
qoyduğu bu vəzifə, ifadə edildiyi kimi də,
asan gəlməsin sizə. Axı bu, sözdü! Ürək kürə deyil ki, maşanı atıb, istisini götürəsən.
Etiraf etmək lazımdır ki, illərlə, on illərlə biz uşağı
öz səviyyəmizdə
görə bilməmişik. Bu balaca varlığın başına əl çəkməkdən, qulağına
şirin söz deməkdən, üzünə
tərif söyləməkdən
ayrı qabiliyyətimiz
olmayıb. Balaca
oxucularımızı, başından
baxıb, ayağını
görüncə gözləri
qaralan poemalarla, mənasız, “bir gecəlik mətləbin bir sənə mabədi var”(M.Ə.Sabir) əhvalatlara çevrilən povestlərlə
üz-üzə qoymuşuq.
Oxuyublarmı?! Bu qəribə sualın, nə qədər qəribə olsa da, qəribə də cavabı var; oxuyublar. Hətta seviblər də. Axı onların qisməti bu idi. Başqa nə oxuyaydılar?!
Bəlkə mən haqsızlıq edirəm?! Bəlkə mən uşaq
ədəbiyatının keçmişinə
qara yaxıram?!
Qaldırın küll halında şeirlərimizi, poemalarımızı,
povestlərimizi tökün
qabağınıza. Onların
ifadə elədiyi fikirlərə baxın, ən azından, loru dillə desək “əttökən”
qafiyələrə, şit
dialoqlara, mənasız
təsvirlərə diqqət
edin.
Fikirdən-fikrə, misradan-misraya
keçidlərimizə təzədən
baxsanız, inanmıram
ki, xəyala dalmayasınız! Göydəndüşmə fikrə söykənən
şair, baxırsan ki, hazırlıqsız-filansız
daha ayrı mətləbə keçir,
daha ayrı misralar quraşdırır.
Uşaq şairinə
elə bil haqq verilmişdi; kefin istədiyi
misrada kefin istədiyi fikri de, qorxma, oxucun hələ anlaqsızdı.
Məmməd Araz köhnə qafiyələrdən
çiyrinib, yeni, ən çox da qulaq qafiyələriylə
şeir yazanda, biz uşaq yazıçıları
bu haqda heç fikirləşmirdik
də. Siz Əli Kərimi misal gətirə bilərsiniz ki, o elə bizim vərdiş elədiyimiz,
bir az
da köhnə qafiyələrlə işləyirdi.
Amma obrazlarına, fikirlərinə,
orijinal ifadələrinə
sözünüz nədi?!
Amma insafdan da çıxmaq
olmaz. Dünənin uşaq şeirini sabaha aparan klassik nümunələrimiz,
çox olmasa da, var. Görkəmli şair İlyas Tapdığın azı bir neçə şeiri fikrin, qafiyənin, orijinal deyimin, ətraflı müşahidənin sayəsində
uzunömürlü olub.
Nənənin
Evində
gəbə var.
Gəbənin
Üstündə
dəvə var.
Dəvənin
Belində
təpə var.
Təpənin
Üstündə
nəvə var.
(“Təpələr”)
Tapmacadırmı?! Xeyr! Yanıltmacdırmı?! Xeyr!
Bu, əslində
bir dərslik səviyyəsində bədii
hekayətdi, desək haqq olar.
Bu şeiri dərindən mənimsəyən
uşağın zehni açılar, dili sözə yatar, xəyalı
sonsuzluqlara baş vura bilər. Məgər bu
günün dünyəvi təhsilinin tələbi
bu deyilmi?! Nə
yazırsansa yaz, təki
uşağı haldan-hala
sal, düşünməyə vadar et, ənginlikləri taybatay aç, qoy qarşısına; xəyalı
dünyaların sorağına çıxsın.
Diqqətlə, hərf-hərf,
söz-söz şeirin mənasına vardıqca heyrətə
gəlirsən; sanki ustad bu əsəri yazmayıb, iynəni
götürüb sözü sözə, fikri fikrə elə
calayıb, elə gözəyib, sapın düyünü belə,
sıyrımı belə, ha zənn eləyirsən,
gözünə dəymir.
“Təpələr”
təkcə mövzudumu, təkcə şeirdimi?! Yox, bu, həm də bir rəssamlıq
əsəridi.
Fırçası - qələm, rəngləri, rəng çalarları - söz, ifadə, təsvir...
İlyas Tapdıq bu şeirlə təkbaşına iki ustad sənətkarın - şairlə rəssamın işini görüb; söz-fikir, mənzərə-portret...
Folklor qaynaqlarından bədii yükünü tutan şair sözün gözəlini, istisini, ürəyə yatımlısını axtarıb tapıb, şeirinin binövrəsinə künc daşları eləyib. “Təpələr” əslində bir-birinə nəsb olmuş eyni mövzulu, müxtəlif çalarlı iki şeirdi. Misal gətirdiyim bu misralarla elə bilirsən şeir qurtarır. Bir hovurdan sonra duyursan ki, nəyəsə ehtiyac var. Buna isə şeirin son misralarına hazırlıqdı da deyə bilərik. Əslində hazırlıq yox, hazırlıq kimi görünən bünövrə daşlarıdı desək, yerinə düşər:
Dəvənin
Yunundan
Toxunur gəbələr.
Gəbələr
Üstündən
Boylanır dəvələr.
Dəvələr
Belində
Dayanıb təpələr.
Təpələr
Üstündə
Oynaşır nəvələr.
Ustad sanki bizi imtahana
çəkir; şana barmaqlarıyla sözü düyünə sala-sala
gəlir ki, bu kələfi
açmaq uğrunda baş sındıraq. Ancaq
səbri istəyinə güc gəlir; bu dəfə tamam başqa havayla, bükülü gəbəni diyirləyə-diyirləyə
saçaqlarınacan gözümüzün
qarşısına sərir.
Bəs bu şeir kimin
üçün yazılıb, yaş həddi nədi?!
Birinci sinif şagirdinə də
oxuya bilərsən bu bədii hekayəti; sözlərin ahəngi
çəkər onu.
İnandırım, iki-üç
dəfə eşidəndən sonra, görərsən ki,
hansısa sözü, yarımmisranı öz-özünə
vird eləyir.
Yuxarı sinif
şagirdi isə gözlərinin
qarşısında canlanan mənzərəyə
heyran kəsilər. Ahıl da bu şeiri
təbəssümlə dinləyər. Bax,
“Təpələr” şeirinin gücü ondadır ki, onun yaş ünvanı yox, poeziya məramı var. Hər kəs onu özününki hesab eləyir.
Budur əsl uşaq ədəbiyyatı nümunəsi!
İlyas Tapdığın bu şeirinin taleyini yaşayan daha bir maraqlı əsərindən də yan keçmək olmaz.
Bildir uçub
bağçanı
Meşə bildi
Bildirçin.
(“Bildirçin”)
Bu şeirin dəyərini üç eyniköklü sözlə də göstərmək olar;
Bildir...
bildi...
bildirçin.
Fikir verdinizmi, bu üç söz tamam ayrı məzmun daşımasına baxmayaraq eyni bir ahəngdə birləşib tam ola bilib.
Sanki bu söz - “bildirçin”, heç lüğətimizdə yox imiş. Sanki “bildi” kökünü də şair öz xəyal dünyasından tapıb, sonra da ətə-qana doldurub; “bildi... bildir... bildirçin.”.
Bildir uçub
bağçanı
Meşə bildi
Bildirçin.
Şair üç kəlməylə sözün şəhdi-şəkərini çıxarıb. Elə bu havayla da sonrakı misraları diqqətimizə çatdırır:
...Ötdü
kolun dibində
Bildir-bildir
Bildirçin.
-Bildir-bildir nədi?
Təbii ki, şeiri diqqətlə dinləyən hər kəs, hər kəsdən əvvəl uşaq, bu sualla müəllimin qarşısını kəsə bilər.
Şeirin ilk misrasının ilk sözü olan, ayrılıqda “ötən il” mənasını verən “bildir” “bildir-bildir” deyimində tamam başqa mənaya dönür, obraza çevrilir, bədii təsvir səviyyəsinə qalxır, rəng olur, çalar olur; “Bildir-bildir bildirçin!”.
Bu misraların dalıyca şair fikri təzə, qafiyəsi təzə daha yeni misralar yazır:
Qurbağalar ağladı
Gildir-gildir,
Bildirçin!
-Gildir-gildir nədi? İzahlı lüğətdə “gilə-gilə, damcı-damcı,
dən-dənə” mənasını
verən “gildir-gildir” əslində el arasında
daha böyük məna kəsb edib, “yağış”ın
“dolusu” səviyyəsində
durur. Özünüz bir fikir verin. Fikir verirsinizmi bizi düşünməyə vadar
edən nə qədər suallar doğurur bu şeir?!
Qarışqalar
Qaçdılar-
Udar bizi, ay aman!
Yekə fildir
Bildirçin!
Bu şirin
nağıl bitir. Az qalır adam “Göydən üç alma düşdü!”
desin.
Bu şeirlər
nəylə yaddaqalandır
və niyə görə təqdir edilməlidir?! Hər şeydən əvvəl uşaqmı,
məktəblimi, lap elə
müəllimmi gündəlik
danışıq dilində
eşitdiyi sözlərdən
fərqli təzə,
daha çox da xalq təfəkküründən
qopub gələn ifadələrlə rastlaşır.
Bu sözlər, bu ifadələr ilk baxışdaca
qulağa şirin dəyməsiylə, gözə
təravətli görünməsiylə
az qala
oxucunu nağıllar aləminə alıb aparır.
İşlətdiyi sözün məsuliyyətini
duymağı biz İlyas
Tapdıqdan öyrənməliyik. O, heç
bir sözə başdansovdu yanaşmır.
O söz ki, onun yeri misrada
hardadırsa, ustad həmin sözü öz yerinə də qoyur ki,
söz, ifadə urvatsız olmasın. Əlbəttə bu sadəcə
söz seçimi deyil, həm də istedad məsələsidir. Bu şeirləri
götür qoy ən korafəhim uşağın qabağına,
de ki, burda ifadə olunan fikirlərin rəsmini
çək.
İnanmıram çəkməyə.
Bu gün uşaq ədəbiyyatının
qarşısına qoyulan
vacib vəzifə - düşündürücü, təfəkkürə sirayət
edən əsərlər
yazmaq tələbini, demə, şair İlyas Tapdıq 40 il bundan qabaq
yerinə yetiribmiş.
Ən çox Müşfiqin adına
yaraşıq “üçlük”lərin
ahəngi duyulan bu şeirlər hər zaman təzədi, orijinaldı,
dəbdən düşməzdi.
Bu gün təriflə, yalançı
rəğbətlə klassik
elədiyimiz, dahi saydıqlarımız az deyil. Hətta qələmi əlində güclə saxlayan, hələ sözün, köhnələr
demiş, künhünə
varmağı bacarmayan
cavanlar da az deyil
ki, səxavətlə
onları da “böyük” səviyyəsinə
qaldırmışıq. Sözün
oxunmadığı bir
zamanda əsl sənətkarın qiymətini
çətin vermək
olar...
80 yaşın mübarək, ustad!
Qəşəm İsabəyli
Zaman. - 2014.-
24 sentyabr.- S. 7.