Unudulmuş musiqi
alətlərinə yenidən həyat verən Məcnun Kərim
Məcnun müəllim qədim musiqi alətlərinin bərpası
işinə başlayanda onu dəstəkləyənlər çox idi.
Onlardan musiqişünas alim, sənətşünaslıq doktoru, professor Səadət Abdullayeva, AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi Zemfira Səfərova, Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktoru, mərhum Cahangir Qəhrəmanov, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, prorektor fəlsəfə elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə, fizika-riyaziyyat elmləri namizədi Şamil Hacıyev, sənətşünaslıq namizədi Fəttah Xaliqzadə və başqalarının adlarını qeyd etmək lazımdır.
Məcnun Kərimlə muzeyin tanışlığı 1980-ci illərə təsadüf
edir. O, məhz bu illərdə muzeylə əməkdaşlığa başlayıb,
onun hazırladığı
qədim musiqi alətləri nümunələri
muzey tərəfindən
alınırdı. Məcnun müəllim
muzeydə saxlanılan
musiqi alətlərinin
təmiri və bərpası ilə də məşğul olurdu. Hal-hazırda
onun hazırladığı
24 ədəd musiqi aləti muzeydə saxlanılır. Muzeylə
bağlı fikirlərini
Məcnun müəllim
2003-cü ildə nəşr
olunan “Azərbaycan musiqi alətləri” kitabında belə ifadə edib: “Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyi ilə əlaqəm 80-ci illərdən
başlamışdır. Bərpa etdiyim
alətlərin ilk nümunələri
də bu muzeydə saxlanılır.
Qədim
musiqi alətlərinin
yalnız muzey eksponatları kimi nümayiş etdirilməsi
deyil, həm də ansambl şəklində səsləndirilməsi
muzeyin direktoru Alla Bayramova ilə mənim çoxdankı arzumuz idi”. Bu arzu
1996-cı ildə ümummilli
lider Heydər Əliyevin göstərişi
ilə reallaşdı.
Belə ki, Heydər Əliyev akademik Yusif Məmmədəliyevin
xatirəsinə həsr
olunmuş musiqili gecədə ansamblın ifasını yüksək
qiymətləndirdi və
Məcnun Kərimin yaradıcısı olduğu
Qədim Musiqi Alətləri Ansamblına
dövlət statusunun
verilməsilə bağlı
sərəncam imzaladı.
O vaxtdan ansambl Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin nəzdində
fəaliyyət göstərir.
Onun rəhbərlik etdiyi ansambl XIV əsr musiqisini, həmçinin muğamı, Azərbaycan
xalq və bəstəkar əsərlərini
ifa etməklə milli mədəniyyətimizi
ölkəmizdə və
beynəlxalq səviyyədə
layiqincə təmsil edib.
Azərbaycanda musiqişünaslığın müstəqil sahəsi olan alətşünaslığın
(orqanologiya) inkişaf
etdirilməsində Məcnun
Kərimin müstəsna
əməyi olub.
Dünya təcrübəsində unudulmuş
musiqi alətlərini
yenidən bərpa etmək mövcuddur. Məsələn,
1972-1973-cü illərdə Novqorodda qazıntılar zamanı tapılmış
qırıntılar qədim
ağac rus musiqi alətlərinin xarici görünüşünü
öyrənməyə əsas
verib.
M. Kərimin də hər hansı qədim musiqi alətinin hazırlanması prosesini incələnmək imkanı
olmayıb. Çünki həmin alətlərin
heç qırılmış
vəziyyətdə belə,
bir nümunəsi günümüzə qədər
gəlib çıxmayıb.
Bununla belə, Məcnun Kərim rəhbərlik etdiyi Bakı Musiqi Akademiyasının “Qədim
musiqi alətlərinin
bərpası və təkmilləşdirilməsi” elmi
laboratoriyasında orta
əsrlərdə Azərbaycanda
istifadə edilmiş,
sonralar unudulmuş 11 müxtəlif musiqi alətini (çəng, bərbət, çəqanə,
çoğur, tanbur, səntur, rübab, rud, qopuz, ney,
nüshə) bərpa
edib və onların müxtəlif surətlərini hazırlayıb.
Diqqətə layiqdir ki, bərpa olunan musiqi alətləri
bir qrupa deyil, müxtəlif qruplara: simli-dartımlı,
həm mizrabla, həm də mizrabsız ifa olunan, simli-zərb və simli-kamanlı qruplarına aid idi. Bu, Məcnun Kərimin
yaradıcı portretinin
xüsusiyyəti, onun
danılmaz xidmətinin
sübutudur. Onun
hazırladığı musiqi
alətləri dəfələrlə
Azərbaycandan kənarda
nümayiş etdirilib
və mütəxəssislərin
gözəl rəylərini
alıb: “Azərbaycan
Konservatoriyasının nəzdində
qədim Azərbaycan musiqi alətlərinin bərpası üzrə elmi laboratoriyasının müdiri Məcnun Kərimovun orta əsr musiqi alətlərini (rud, çəng, bərbət
və s.) yenidən
bərpa etməsi doğma mədəniyyətin
milli ruhunu, musiqi ənənələrinin
dərin köklərinin
mahiyyətinə varması
ilə fərqlənmişdir.
Çox vacibdir ki, usta öz
işində geniş
ikonoqrafik materiala, ədəbi mənbələrə
(Nizami Gəncəvinin,
Füzulinin, Qətran
Təbrizinin poemaları),
orta əsr alim-musiqişünaslarının (Səfiəddin Urməvi, Əbdülqadir Marağai)
əlyazma traktatlarına
əsaslanmışdır. Məcnun Kərimovun hazırladığı
rübab və Şirvan tənburunun səslənməsi çox
gözəldir. Tembrin zənginliyi,
dinamikanın geniş
imkanları və incə fərqlər heyran edir. Biz, M.I.Qlinka adına
Musiqi Muzeyinin əməkdaşları istərdik
ki, bizim kolleksiyaları bərpa edilmiş orta əsr musiqi alətləri ilə zənginləşdirək və
bunun sayəsində Azərbaycan musiqi mədəniyyətinin qədim
köklərini göstərək.
Musiqi alətləri şöbəsinin
müdiri Mileşina
N.V.”.
Məcnun Kərim
bir neçə dəfə beynəlxalq elmi konfranslarda - Şotlandiyanın
Edinburq, Avstraliyanın
Melburn, Qazaxıstanın
Almatı şəhərində
və başqa ölkələrdə qədim
musiqi alətlərinin
bərpasına aid elmi
məruzələrlə çıxış
edib.
Məcnun Kərimin
rəhbərliyi ilə
ansamblın Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinin xətti ilə Qətər dövlətində, İordaniya
Haşimiləf Krallığında
Azərbaycan Mədəniyyət
Günləri çərçivəsində
Əmman şəhərində,
Azərbaycan mədəniyyətinin
təbliği məqsədilə
Macarıstanın Buqast
bölgəsində, Hindistanda
Kolkata şəhərində II Beynəlxalq Sufi Festivalında,
İzmir şəhərində
VIII Millətlərarası Türk Xalq Mədəniyyəti Konqresində,
Özbəkistan Respublikasının
Daşkənd şəhərində
təşkil edilmiş
Azərbaycan Respublikasının
Milli Sərgisində və başqa ölkələrdə uğurlu
konsert proqramları təşkil olunub.
Ansambl ölkəmizdə
rəsmi səfərdə
olmuş Pakistan, Moldova, Rumıniya,
Litva, Tacikistan, İran respublikalarının
və başqa ölkə prezidentlərinin
iştirak etdiyi, eləcə də respublikamızda keçirilən
digər mühüm dövlət tədbirlərində
də müvəffəqiyyətlə
çıxış edib.
Kollektiv arasında xoş münasibəti, qayğıkeşliyi,
işgüzarlığı, məsuliyyətliliyi, tələbkarlığı
onu şəxsiyyət
və gözəl insan kimi xarakterizə
edən cəhətlər
idi. Məcnun müəllim
həm gözəl dost,
həm də həmkar idi. Məcnun Təbriz oğlu Kərimin əziz xatirəsi qəlbimizdə
həmişə yaşayacaqdır.
Alla Bayramova
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin direktoru, sənətşünaslıq üzrə
fəlsəfə doktoru,
Əməkdar mədəniyyət
işçisi
Zaman. - 2014.- 26 sentyabr.- S. 13.