Konstitusiya siyasi
sistemin nəzarətçisidir
Konstitusiya latın sözü olub, mənası “qurmaq, yaratmaq, əsasını qoymaq” deməkdir.
Mahiyyət etibarı ilə dövlətin ali qanunudur
və ali hüquqi qüvvəyə
malikdir. Bununla yanaşı, həmin
dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını müəyyən
edir, vətəndaşların
hüquq və azadlıqlarını təmin
edir. Konstitusiya dövlətin qanunvericilik,
icra və məhkəmə orqanlarının
funksiyalarını əks
etdirən, cəmiyyətlə
dövlət arasındakı
münasibətləri müəyyənləşdirən
hüquqi bir sənəddir. Bu sənəd iki əsas növə əsaslanır. Yazılı və tarixdən irəli gələn şifahi hüquqi qaydalar. Yazılı konstitusiya dedikdə,
vahid normativ akt nəzərdə tutulur. Bu bir neçə konstitusiya qanunlarının məcmusu
da ola
bilər. İsveç, İspaniya və
Finlandiya dövlətlərinin
konstitusiyaları məhz
yazılı qanunlar əsasında formalaşıb.
Yazılmamış konstitusiyaların normaları
çoxsaylı aktlar
və həmin ölkənin adətləri
əsasında formalaşır. Bu Böyük Britaniya Konstitusiyası üçün
səciyyəvidir. Dünyada konstitusiyanın
vətəni İngiltərə
sayılır. İlk konstitusiya
1215-ci ildə “Azadlıqların
Böyük Toplusu”
(”Magna Carta”) məhz İngiltərədə qəbul
olunub. 1789-cu ildə qəbul edilmiş ABŞ Konstitusiyası
isə ilk yazılı
konstitusiya hesab olunur. Maddələrində xeyli sayda dəyişiklik aparılsa
da, hələ də qüvvədədir.
Avropada ilk yazılı
konstitusiyalar 1791-ci il Polşa və Fransa Konstitusiyaları hesab olunur.
Azərbaycanda Konstitusiyanın
tarixi keçmişi
Ölkəmizdə ilk hüquqi sənəd
1918-ci ildə Azərbaycan
Cümhuriyyətində qəbul
edilən Konstitusiya aktı statusuna malik olan İstiqlaliyyət
Bəyannaməsi idi. Misaqi-Milli adlanan
hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan
dövlətinin yarandığı
elan olunmuş, sərhədləri müəyyənləşdirilmiş,
eyni zamanda dövlətin əsas fəaliyyət prinsipləri
ifadə olunmuşdur.
Bəyannamədə hakimiyyətin xalqa məxsus olması, vətəndaşların hüquqlarının
təmin edilməsi, milli, dini, sinfi
və cinsi mənsubiyyətindən asılı
olmayaraq hər kəsin inkişafı üçün şəraitinin
yaradılması və
hakimiyyət bölgüsü
prinsipləri ifadə
olunmuşdu. Burada eyni zamanda, suveren, demokratik, hüquqi dövlətin yaradılması istəyi
və dövlətə
aid atributlar öz əksini tapmışdı.
İstiqlal Bəyannaməsinin əsas
mahiyyəti ölkədə
milli dövlətin siyasi əsaslarını,
demokratik idarə və parlamentli respublika rejimini möhkəmləndirməkdən ibarət idi. Eyni zamanda,
hökumətin qanunverici
orqan qarşısında
məsuliyyət daşımasını
və ümumilikdə
parlamentçiliyin formalaşdırılmasını,
daxili və xarici, eyni zamanda
milli siyasətin əsaslarını, vətəndaşların
hüquqi statusunun əsaslarını bərqərar
etdi. Lakin bu sənəd
Konstitusiyanı tam əvəz
edə bilmədiyi üçün Müəssisələr
Məclisi, yəni parlament tərəfindən
Azərbaycan Cümhuriyyətinin
Konstitusiyasının qəbul
edilməsi nəzərdə
tutulurdu. Bu məqsədlə 1918-ci ildə
Azərbaycan hökuməti
qanunvecilik funksiyasını
öz üzərinə
götürərək, hakimiyyət
strukturlarının yaradılması
istiqamətində öz
işinə başlayır.
İlk növbədə dövlətin
daxili və xarici siyasətini təmin edən qanunların hazırlanması
və qəbulu istiqamətində işlər
görülür. Bunlardan ən
önəmlisi 9 sentyabr
1918-ci ildə dövlət
bayrağı haqda qanunun qəbul edilməsi olur. Daha sonra dövlət dili, orduya çağırış,
məktəblərin milliləşdirilməsi,
gömrüyün təsis
edilməsi haqda qanunlar qəbul edilir. Qeyd edək ki, Müvəqqəti hökumət
üçün ən
mühüm işlərdən
biri məhz konstitusiyanın qəbul olunması idi.
Nəhayət, 1921-ci il mayın 6-da çağırılan qurultayda
Azərbaycanın Konstitusiya
layihəsi müzakirə
edilir və mayın 19-da keçirilən
iclasda yekdilliklə qəbul olunur. Azərbaycanda sovet quruluşunun
yarandığı, əməkçilərin
mənafeləri və
hüquqlarının qorunduğu
Konstitusiya ilə təsdiqlənir. 5 bölmə,
15 fəsil və 104 maddədən ibarət olan Konstitusiyada ali hakimiyyətin öz əməyi ilə yaşayanların hər birinə aid olduğu bildirilir. Konstitusiyada hüquq və azadlıqların verilməsi
və onların təminatı ilə yanaşı, vətəndaşların
üzərinə müəyyən
vəzifələr də
qoyulmuşdu. Bunlardan biri
də əməklə
məşğul olmaq
məcburiyyəti idi.
Lakin burada hüquq bərabərliyi nəzərdə
tutulsa da, bəzi təbəqədən
olan şəxslər
seçki hüququndan
kənarda qalırdı.
Dövlətimiz müstəqillik dövrünə qədəm qoyduqdan sonra 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə yeni Konstitusiya layihəsi hazırlanır. Elə həmin il noyabrın 12-də layihə xalqın səsverməsinə çıxarılır. 1995-ci il noyabrın 27-dən Konstitusiya qüvvəyə minir. Yeni Konstitusiyada Azərbaycan respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi və dünyəvi dövlət kimi təsbit olunur. Qeyd edək ki, bu müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır.
Konstitusiyanın əsas
funksiyaları...
Qanunvericilik üçün mühüm rol oynayan konstitusiya digər hüquqi normativlərə nisbətən müəyyən stabilliyə malikdir və onda hər hansı bir dəyişiklik həyata keçirmək üçün xüsusi qaydalar mövcuddur.
Konstitusiyanın
funksiyaları hüquqi, sosial,
siyasi və tərbiyəvi olaraq dörd əsas hissəyə
bölünür. Hüquqi
funksiya bütün hüquq sisteminə xas olan tənzimləmə funksiyasını yerinə
yetirir. Qeyd etmək
lazımdır ki, bütün
qanunlar və dövlət
orqanlarının digər aktları onun əsasında
və ona uyğun olaraq qəbul edilir. Konstitusiyaya ciddi və dəqiq
riayət etmək bütün dövlət
orqanları, ictimai birliklər və eyni zamanda, vətəndaşların
başlıca vəzifəsidir. Konstitusiya
müxtəlif sosial hadisələrlə əlaqədar
olsa da, o, hüquq normaları sistemidir və hüquq
sisteminə xas olan tənzimləmə
və qoruma vəzifələrini yerinə
yetirir. Eyni zamanda, qanunvericilik
sistemində digər normaların keyfiyyət və xarakterinin müəyyən edilməsi üçün başqa heç bir hüquqi aktın malik
olmadığı funksiyanı - hüquq
normalarının hüquqauyğunluğunun
qiymətləndirilməsi, müəyyənləşdirilməsi
funksiyasını icra edir.
Konstitusiyanın ikinci vəzifəsi isə onun
sosial funksiyasıdır. Konstitusiya
ölkədəki sosial təbəqələrin
ortaq mənafe və maraqlarını aşkara çıxarır. O, sosial sistemin başlıca
ünsürlərini bir-birilə əlaqələndirir və
onlara hüquq çərçivəsində
davranış imkanı verir, onları təşkilatlandırır.
Ailə, din eyni zamanda, atalıq, analıq kimi
sosial dəyərlərə təsir
göstərərək, sosial sistemdə mövcud olan bütün münasibətlərə təsir
edir və yeni dəyərlərin
formalaşması üçün zəmin
yaradır. Konstitusiya cəmiyyətin sabitliyini təmin edir, onun inkişafının ümumi
əsaslarını müəyyənləşdirir. Konstitusiya təhsil, elm kimi sosial sistemin
yaşamasına təsir göstərən faktorlara
nüfuz edərək bu
sistemin maraqlarının müdafiəsini
məsuliyyəti altına alır.
Üçüncü vəzifə ölkənin siyasi sistemi ilə bağlı olan siyasi funksiyadır. Konstitusiyanın bu funksiyası hakimiyyətin təşkili və dövlətin əsasları ilə birbaşa bağlıdır. Konstitusiya fərdlərin siyasi sistem və vəziyyətdə davranış qaydalarını müəyyən edir, siyasi qüvvələrin hakimiyyəti əldə etməsinin sivil forma və üsullarını müəyyənləşdirir və nəhayət, siyasi partiyaların təşkili və fəaliyyətinin hüquqi əsasını formalaşdırır. Belə demək mümkünsə, konstitusiya birbaşa siyasi sistemin nəzarətçisidir. Siyasətin əsas qaydaları burada müəyyənləşdirilir. Konstitusiya bütün siyasi qüvvələr üçün ümumi davranış qaydalar müəyyən edir və onların hər kəs tərəfindən icra olunmasına nəzarət edir. Buna Konstitusiya Məhkəməsi tərəfindən siyasi partiyaların fəaliyyətinin qiymətləndirilməsini misal göstərmək olar.
Konstitusiyanın dördüncü vəzifəsi tərbiyəvi funksiyadır. Bu funksiya, ilk növbədə hər bir insanda konstitusiyaya, qanunlara, insan və vətəndaşın hüquq və azadlıqlarına və dövlətə hörmət prinsipini tənzimləyir. Tərbiyəvi funksiya isə insan - cəmiyyət - dövlət münasibətlərinin qarşılıqlı əlaqəsini və onların məsuliyyətini müəyyən etməkdə aparıcı rol oynayır.
Xəyalə Sadıqova
Zaman. - 2014.-
27 sentyabr.- S. 13.