“Mənim güləş tərzimdə səbir hakimdir”

QVAMİ MƏHƏBBƏTOĞLU,

Ötən il Rio-de-Janeyroda cüdo üzrə böyüklər arasında keçirilmiş dünya çempionatı cüdoçularımızın möhtəşəm zəfəri ilə yadda qaldı.

123 ölkədən 680 cüdoçunun mübarizə apardığı yarışda Orxan Səfərov bürünc, Elxan Məmmədov isə qızıl medal əldə etdilər. Onu da qeyd edək ki, Elxan Məmmədovun bu tarixi qələbəsi Azərbaycan üçün böyüklər arasında cüdo üzrə dünya çempionatının ilk qızıl medalı oldu. Həmin dünya çempionatından sonra cüdoçumuz Elxan Məmmədov (100 kq) 2376 xalla Beynəlxalq Cüdo Federasiyasının reytinq cədvəlinin birinci pilləsinə yüksəldi. Elə bu dəfəki həmsöhbətimiz də ötən ili uğurla yola salmış Elxan Məmmədovdur.

- Elxan bəy, ötən ilin 31 avqustu yaddaşınızda necə qalıb?

- Şübhəsiz ki, həmin gün mənim idman karyeramın ən yaddaqalan günü idi. O gün həm də Azərbaycan cüdosunun tarixinə qızıl hərflərlə həkk olundu. Belə ki, Mayamidə keçirilmiş yeniyetmələr arasında dünya çempionatında millimizə ilk qızıl medalı 50 kq çəki dərəcəsində mübarizə aparan Natiq Qurbanlı qazandırmışdı. Lakin böyüklər arasında heç bir cüdoçumuz dünya çempionatının qızıl medalını əldə edə bilməmişdi. Məlumat üçün bildirim ki, əvvəllər bu uğura Nazim Hüseynov və Elnur Məmmədli (onlar olimpiya çempionlarıdırlar) yaxın olsalar da, son anda məğlub olaraq dünya çempionatının gümüş medalına layiq görülmüşdülər. Mən isə 2010-cu ildə Yaponiyada təşkil olunan anoloji yarışın bürünc medalını qazanmışdım.

- Həlledici mərhələdə hollandiyalı idmançı Henk Qrolla döyüşünüz 8 dəqiqə davam etdi... Siz onu məğlub edərək tarix yazdınız. 8 dəqiqədə tarix yazmaq...

- Əvvəla onu deyim ki, idman aləmində saniyələr ərzində də tarix yazmaq mümkündür. Amma unutmayın ki, belə qələbələr gərgin məşqlərin bəhrəsidir. Yəni mən bu tarixi qələbəyə 18 il idi ki, yol gəlirdim. Onu da deyim ki, bu idman növündə rəqabət güclü olur. Bu və ya digər çəkidə 80-90 rəqib yarışır. Daha bir maraqlı fakt. Bildiyiniz kimi, Rusiyanın Prezidenti Putin həm də Rusiyada Cudo Federasiyasına rəhbərlik edir. Məndə olan məlumata görə, hər il bu federasiyaya 50 milyondan çox vəsait ayrılır. Amma o cür ölkə bu dünya çempionatında iki bürünc götürdü. Biz isə bir qızıl, bir bürünc.

 

- Qələbədən dərhal sonra səcdə etdiniz...

- Bununla mən Allaha minnətdarlığımı bildirdim. Unutmayın ki, bizə hər şeyi, o cümlədən qələbəni də bəxş edən Odur. Zənnimcə, hər kəs ürəyindən keçən zaman təvazökarcasına və məhəbbətlə Allaha baş əyərsə - həm də böyük bir ibadət etmiş olur.

 “Kaş bütün idmançılar da...”

 - Elxan bəy, siz də göz yaşlarınıza hakim ola bilmədiniz. Ümumiyyətlə, idmançılar qələbə əldə edəndə niyə ağlayırlar?

- Deyirlər, kişinin gözündən yaş gəlməz. Amma bu, düzgün fikir deyil. Hər bir insanın qəlbi var axı... O ki qaldı mənə... Daxilimdən gələn hiss mənim gözlərimi yaşartdı. Sözün düzü, özümü saxlamağa çalışırdım. Lakin nədənsə göz yaşlarıma hakim ola bilmirdim. Bir də tanınmış şairimiz Tofiq Bayram bir şeirində deyir: “Dünyada hər ana öz anam kimi, Bircə toy günündə ağlayaydı kaş!” Mən də deyirəm ki, kaş bizim bütün idmançılar da belə qələblər əldə edəndə ağlayaydılar. Bunun nəyi pisdir ki?

- Həmin yarışda 5 görüş keçirdiniz. Hansı rəqib üzərində çətin qələbə qazandınız?

- İsrail cüdoçusu Or Sassonla ilk görüşüm çox çətin keçdi. Hətta o, məni xal fərqi ilə udurdu. Yəni məğlub durumda idim. Lakin qarşılaşmanın başa çatmasına saniyələr qalmış rəqibimin mənə verdiyi şansdan yararlanaraq ona “vazari” xalı ilə qalib gəldim. Yarımfinalda yaponiyalı cüdoçu Takaşi Ononla da görüş çətin keçdi. Lakin onu da deyim ki, məhz həmin yaponu məğlub edəndən sonra çempion olacağıma ümidlərim bir qədər də artdı. Həlledici mərhələdə görüşdüyüm hollandiyalı idmançı Henk Qrolla isə mübarizəyə passiv başladım. Buna görə hakim məni cəzalandırdı da. Passivliyim isə onun fənd işlətməsinə şans verməməkdən irəli gəlirdi. Bir də ondan fərqli olaraq, mənim güləş tərzimdə səbir, sakitlik hakimdir. Nəticədə rəqibimi “vazari” xalı ilə məğlub edərək dünya çempionu adını qazandım. Onu da qeyd edim ki, hollandiyalı idmançı artıq üçüncü dəfə idi ki, dünya çempionu adı uğrunda mübarizə aparırdı. Bu dəfə isə onun yolunu mən kəsdim.

- Qələbəyə inamınız vardı?

- Əlbəttə... İnam olmayan yerdə qələbə ola bilməz ki... Onu da deyim ki, bu yarış öncəsi Yaponiyada, Koreyada, Rusiyada təlim məşqlərində olmuşduq. Təlim məşqlərində dünyanın müxtəlif ölkələrindən gəlmiş idmançılarla gün ərzində iyirmi görüş keçirirdik. Bizim üçün yaradılan gözəl şərait üçün cüdo federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. Yeri gəlmişkən, bir məqamı vurğulamaq istəyirəm. Həkimlərin dediklərinə görə, idmançı digər idman növləri ilə müqayisədə ən çox cudoda yorulur. Odur ki, bu idman növü ilə məşğul olan hər bir idmançı gərək öz bədənini bu yorğunluğa alışdırsın. Bu mənada təlim məşqlərinin rolu əvəzsizdir.

 “Hər dəfə yarış qabağı çəkimi salmalı idim”

 - Adətən, idmançı çəkisini azaltmağa çalışır...

Sz isə...

- Əvvəllər 90 kiloqram çəki dərəcəsində güləşirdim. Bu çəkini saxlamaq üçün demək olar ki, hər dəfə yarış qabağı çəkimi salmalı idim. Bu da mənim səhhətimə pis təsir edirdi. Bu, özünü yarışlarda da göstərirdi. Odur ki, son anda çəkimi artırmaq qərarına gəldim. Hətta buna görə məni qınayanlar da oldu. Lakin kimsəyə fikir vermədim və 98 kiloqramlıq çəkidə dünya çempionatına qatıldım. Nəticə də göz qabağındadır.

- Siz 31 yaşınızda dünya çempionu oldunuz. Amma elə idmançılar var ki, bu yaşda idmanı tərk edirlər. Bu uğura gec imza atmadınız ki?

- Nə gizlədim. London Olimpiadasındakı uğursuz çıxışımdan sonra mənə qarşı münasibət dəyişdi, heç yığmaya dəvət etmədilər. Bəziləri deyirdi ki, artıq Elxan karyerasını başa vuracaq. Düzünü desəm, hər dəfə bu sözləri eşidəndə təəssüf hissi keçirirdim. Amma həmin günlərdə valideynlərim, məşqçim Ağanağı Cəfərov mənə dəstək oldular. Bugünkü gündə də onlara təşəkkürümü bildirirəm. Bir də federasiyanın prezidenti Füzuli Ələkbərova... Məhz o məni yenidən avstriyalı məşqçi Peter Zayzenbaherin başçılıq etdiyi heyətə cəlb etdi. Bir də sizə bir sirr açım da... Mən, ümumiyyətlə, həyatda hər şeyə gec başlamışam. Hətta məşqlərə gec başlamışam, bu sahə üzrə gec nəticələr əldə etmişəm, hətta instituta belə gec qəbul olmuşam.

- Yəni bu yaşda min cavana dəydiyinizi sübut etdiniz...

- Yox,  elə deməzdim, sadəcə, sübut elədim ki, zəif deyiləm.

- Uğursuzluqlar məngənəsində olarkən bu sahədən uzaqlaşmaq fikrinə düşmüsünüz?

- Elə bir şey olmayıb... Həmişə içimdə inam olub. İnam olmasa, qələbə mümkün deyil.

- Bəs bu qələbə həyatınızda nələri dəyişdi?

- Heç nəyi... Elxan elə həminki Elxandır...

- Adətən, böyük uğurlar idmançını ulduz xəstəliyinə yoluxdurur. Bundan qorxmursan?

- Yox, mən həmişə təkəbbürdən uzaq olmağa çalışmışam. İdmançının işi yarışlarda uğurlu çıxış edib nəticə qazanmaqdır. Allah mənə 31 yaşında dünya çempionluğunu bəxş etdi. İndi qələbə seriyasını davam etdirməliyəm. Bildiyiniz kimi, 2016-cı ildə Rio-de-Janeyroda yay Olimipya oyunları keçiriləcək. Uğurumu Rio-de-Janeyroda təkrarlamaq istəyirəm, bu dəfə Olimpiya çempionu kimi. Bir sözlə, məqsədim yenə tarix yazmaqdır... Bu yarışdan əvvəl isə məni qarşıda bir sıra turnirlər, o cümlədən I Avropa Oyunları da gözləyir.

 “Bu titulun həsrətində idim”

 - Heç həyatda döyülmüsünüz?

- Özümüzü elə aparmamışıq ki, kimsə bizi döysün... Amma uşaq vaxtı dalaşqan olmuşam. Elə ki, 13 yaşımdan məşqlərə getməyə başladım dalaşqanlığın daşını birdəfəlik atdım. Yeri gəlmişkən, bu idman növü ilə peşəkar səviyyədə 22 yaşımdan çıxış edirəm. Daha doğrusu, Ağayar Axundzadə həmin vaxt milli komandanın heyətinə cəlb olunmağıma kömək etdi.

- Uşaqlara xətər yetirməkdən qorxdunuz?

- Nə bilim? Bütün gücümü məşqlərə qoyurdum. Yəni artıq enerjim qalmırdı...

- Sizi nə əsəbiləşdirə bilər?

- Haqsızlıq...

- Haqsızlıqla çox üzləşmisiniz?

- Haqsızlığa hamı rast gəlir də...

- Bəs əsəbiləşəndə hirsinizi necə soyudursunuz? İndiyə kimi heç bir dəfə də olsun əsəbləşib kiminsə üzərində cüdo fəndini tədbiq etmisiniz?

- Əsəbimi elə içimdə ram etməyə çalışıram. Bəzən bəyan da edirəm. Amma adam var ki, əsəbiləşəndə əlini harayasa vurmaqla təsəlli tapmağa cəhd edir. Məndə belə şeylər yoxdur.

- Müvəffəqiyyətin sirri nədədir?

- Səbirdə... Bir də zəhmətdə. Mən səbir və zəhmətlə bu mərhələyə çıxmışam. Uzun illərdir ki, bu titulun həsrətində idim. Hətta 2010-cu ildə buna yaxın olsam da, sonda bürünc medala layiq görülmüşdüm. Bu titulu qazanmaq üçün çox məşq etmişdim. Əgər mən həmin görüşdə məğlub olsa idim, bunu özümə bağışlamazdım. Şükürlər olsun ki, zəhmətimin bəhrəsini gördüm.

- Böyük idmana gəlişinizdə kimlərə minnətdarsınız?

- Füzuli Ələkbərova, Ağayar Axundzadəyə, Ağanağı Cəfərova, Sadıq Sadıqova, Çingiz Hüseynzadəyə... Bir neçə kəlmə də yeni məşqçimiz avstriyalı Peter Zayzenbaher haqqında demək istəyirəm. (Onun da mənim üzərimdə böyük əməyi var). O, özü ilə cüdomuza Avropa məşqini, səviyyəsini gətirdi. Cüdoçularımızın təlim-məşq prosesləri daha da təkmilləşdirdi. Belə ki, indi müxtəlif ölkələrdə aylarla təlim-məşq toplanışlarında olurduq.

- Titullu idmançılarımızdan biri də siz oldunuz... Necə fikirləşirsiniz, hansısa idmançı sizin uğurları təkrarlaya biləcək?

- Niyə təkrar edə bilmir ki? Bilirsinizmi, bizim idmançılar çox talantlıdırlar. Zənnimcə, məndən də yaxşıları çıxacaq meydana...

- Sizə səlahiyyət verilsə idi, kimlərin əsasında komanda formalaşdırardınız?

- Elə bir fikrim yoxdur. Hələ ki, güləşmək, yeni uğurlara imza atmaq niyyətindəyəm. Amma nə vaxtsa oxuduğum sahə üzrə çalışmaq niyyətindəyəm. Onu da deyim ki, mən Memarlıq və İnşaat Universitetinin şəhər bələdiyyə tikintisi və təsərrüfatı fakültəsini bitirmişəm. Amma hələ ki, öz ixtisasım üzrə işləməmişəm. Hazırda isə Prezident yanında İdarəetmə Akademiyasının dövlət bələdiyyə idarəetmə fakültəsində qiyabi təhsil alıram.

- Bu gün Elxan bəyin kolleksiyasında daha hansı beynəlxalq yarışların medalları var?

- 2010-cu ildə Yaponiyada keçirilən dünya çempionatında bürünc medal qazanmışam. Üç dəfə Avropa çempionatının üçüncüsü olmuşam. 2008-ci ildə isə Portuqaliyada təşkil olunan qitə çempionatında gümüş medala layiq görülmüşəm. Bundan əlavə, “Böyük Dəbilqə” “Qran Pri”, “Masters” yarışlarında və bəzi turnirlərdə mükafatçı və qalib olmuşam.

Zaman.-2014.-11 yanvar.-S.6.