Teatrlara maraq azdır” düşüncəsi doğru deyil

TÜRKANƏ ƏSƏDOVA,

İncəsənət, yaradıcılıq deyəndə ağlımıza ilk olaraq teatr, səhnə, tamaşa gəlir. Teatr sahəsində bir müddət durğunluq yaranmışdırsa, artıq bu sahədə inkişaf müşahidə olunmaqdadır. İnsanların tamaşalara və teatrlara maraqları artmaqdadır.

Artıq Azərbaycan teatrları da dünya teatrlarının bir parçasına çevrilirbunu Gənc Tamaşaçılar Teatrının  direktoru, əməkdar artist Mübariz Həmidov bildirdi. Onun sözlərinə görə, cəmiyyətimizin bütün sahələrində olduğu kimi, teatrlarda da böyük irəliləyiş gedir: “Müqayisə üçün, 5 il bundan öncə teatrlarımızın vəziyyətinə nəzər salsaq, həm tamaşaçı gəlişi nöqtəyi nəzərdən, həm da teatrların maddi texniki baza baxımından bugünkü fərqi hiss edə bilərik. Artıq teatrlarımız, tamaşalarımız digər ölkələrə inteqrasiya etməkdədir. Qastrollara gedir, beynəlxalq layihələrdə iştirak edirik. Əgər 10-15 il bundan öncə ölkədən kənara çıxıb, qastrollarda, festivallarda iştirak etməyimiz insanlarda təəccübə səbəb olurdusa, indi bu adi hala çevrilib”.

 Gənc Tamaşaçılar teatrının tamaşaçı problemi yoxdur

M. Həmidov teatrlara marağın az olduğu düşüncəsi ilə razılaşmadığını və bu anlayışın artıq çoxdan keçmişdə qaldığını vurğuladı: “Bu ümumi formalaşan fikirdir. İnsanlar tərəfindən bu fikir qəbul edildiyinə görə, harda gəldi işlədirlər. Bəlkə də, bu fikri bildirən insanlar özləri bir neçə ildir teatrlara getmirlər. Bu kimi düşünən insanlar sonuncu dəfə hansı teatra, tamşaya getdiklərini unudublar. Yenə deyirəm bu fikri irəli sürən insanlar gəlsinlər  teatrlara zalı görsünlər, eyni zamanda tamaşaçının zala daxil olduğunu, zalda kimlər əyləşib onu da görəcəklər. Ondan sonra teatr haqqında düşüncələrin dəyişəcəyinə inanıram. Misal üçün bildirim ki, yeni illə bağlı keçən ilin dekabrı bir tamaşa hazırlamışdıq. Onu uğurla yekunlaşdırdıq. Həmin tamaşaya biletlərin noyabr ayında satılıb qurtarmasına baxmayaraq, insanlar zəng vurub bilet axtarırdılar”.

Əməkdar artist M. Həmidovun sözlərinə görə, Gənc Tamaşaçılar teatrı ildə 2- 3 dəfə festivallarda, qastrol səfərlərində olur, yeni tamaşalar hazırlayır: “Bəlkə də, bir az mübaliğəli görünə bilər amma Dövlət Gənc Tamaşaçılar Teartrının tamaşaçı problemi yoxdur. Biz gündüz də, axşam da tamaşalar nümayiş etdiririk. Gündüzlər daha çox məktəblilər, yeniyetmələr üçün, axşamlar isə böyüklər, yetkin insanlar, yaşlılar üçün tamaşalar nümayiş olunur.  Gündüz tamaşalarında demək olar ki, tamaşaçı problemi olmur. Axşam tamaşalarında zal 100% olmasa da, 70-80%  dolu olur”.

 

 Sovet dövründə teatrlar bir növ çərçivədə idi

Müasir dövrdə yaşayan insanların bir çoxu hər bir sahədə olduğu kimi teatr sahəsini də sovet dövrü ilə müqayisə edirlər. M.Həmidov müasir teatrımızın sovet dövrü ilə müqayisədə daha sərbəst olduğunu bildirdi: “Sovet dövründə ideologiya deyilən bir məsələ var idi. Artıq müstəqillik dövründə  teatrlar sərbəstdir. Teatrlar sərbəst şəkildə tamaşaçının maraq dairəsini nisbətən sosioloji rəy vasitəsilə, digər vasitələri öyrənib onu təmin etmək üçün onları maraqlandıran, cəmiyyətimizin maraqlarını əhatə edən mövzuları səhnələşdirə bilirlər. Sovet dövründə teatrlar bir növ çərçivədə idi. Bu gün bu çərçivə yoxdur”.

 Hər bir tamaşanın hədəfi olmalıdır”.

M. Həmidov bildirdi ki, tamaşalar hazırlanarkən mütləq tamaşaçı təlabatı nəzərə alınmalıdır: “Ümumilikdə əsər üzərində qurulan tamaşa hazırlanmamışdan öncə, həmin əsərin bədii dəyəri, mövzunun aktuallığı diqqətə alınmalıdır. Təbii ki, hər bir tamaşanın konkret hədəfi olmalıdır. Burada hədəf tamaşaçı nəzərdə tutulur. Bir tamaşanın hazırlıq prosesinə ən azı 3 ay müddət lazım olur. Yaradıcı insanların əməyindən əlavə texniki heyətin əməyi də burada sərf olunur. Tərtibatlar, dekorasiyalar düzəldilir, kostuyumlar tikilir, materiallar alınır. Bunun nəticəsində ortaya qoyulan əgər tamaşaçı marağını əhatə etmirsə, o vaxt gördüyümüz hər bir hədər olmuş olur. Bunun üçün ilk öncə tamaşaçı marağı nəzərə alınmalıdır”.

 Aktyorlar teatrda inkişaf edirlər

Teatrın direktorunun sözlərinə görə, teatrın tamaşaçı təlabatı, tamaşaçı maraq dairəsindən əlavə, bir funksiyası da yeni gələn gənc aktyorlarını üzə çıxarmaqdır: “Gənclərin teatra gəlib çalışmaq həvəsi 1990-cı illərin əvvəlinə nisbətən çoxalıb. Onların teatr səhnələrində rol almaqları ilə yanaşı seriallara çəkilmələri, tamaşaçılara tanıdılmaları onlarda stimul yaradaraq, teatrlara həvəsləri daha da artır. Gənc aktyorun tamaşada rol oynaması, tamaşaların izlənməsi nəticəsində onlar haqqında məlumatlar toplanılır və sonradan seriallara dəvət olunurlar”.

Türkanə Əsədova

Zaman.-2014.-23 yanvar.-S.7.