“Yazıçı
olmağıma görə anama çox borcluyam”
SƏMƏD MƏLIKZADƏ, QVAMI MƏHƏBBƏTOĞLU,
Sevinc
Nuruqızı M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Ağdam
şəhərində rus dili müəllimi işləyib. İndiyədək 40-a yaxın
kitabı işıq üzü görüb. Pyesləri
müxtəlif
teatrlarda oynanılıb. Hazırda “Təhsil” nəşriyyatında
böyük redaktor işləyir.
Sevinc
xanım, mümkünsə, bir az geriyə qayıdaq. Necə bir ailədə böyümüsünüz?
-
Uşaqlığımı və gəncliyimi Ağdam şəhərində yaşamışam. Yamyaşıl, günəşli,
işıqlı və
sevimli Ağdamda. O yerin
işığı mənim ürəyimdə və yazılarımda həmişə yaşayacaq... Atam çox ciddi idi.
O, evdə olanda hər tərəfə sakitlik çökürdü. Muğamı
çox sevirdi. Anam isə bizimlə oxuyurdu, oynayırdı… Onunla gizlənpaç
oynadığımız vaxtlar da olub. Anam
bağça müəlliməsi idi. Həyətdə də
sanki uşaq bağçası yaratmışdı. Qonşu uşaqlar bizim həyətdə oynamağı sevərdilər. Çünki anam onlara kuklalar düzəldər, tamaşalar qurardı. Sonra da oynayıb yorulmuş uşaqlara yaxmac
paylayardı. Qonşu kənddən
məktəbimizə gələn
sinif yoldaşlarım qarlı qış günlərində bizim evdə yolu yarı edib dincələr, çay içər, isinər, sonra yollarına
davam edərdilər. Anam əyni
nazik olana üstdən
nə isə geyindirər, başı
açıq olanın başını bağlayar və onları yola
salardı. Axşam isə mənə deyərdi: “Bu gün baş verənləri yaz”. Mən də yazardım.
Yazıçı olmağıma görə anama çox borcluyam- onun səmimiyyətinə, xeyirxahlığına,
qayğı və diqqətinə…
- Orta məktəb illərində nə isə yazmısınız - hekayə, şeir, nağıl?
- Şeir yazmışam. İlk dəfə çox kədərlənmişdim. Kimya
müəllimim
dünyasını dəyişmişdi.
Həyatımda
ölümün dəhşətini yaxından
anladığım bir zamanda şeir yazmaq istədim. Və
yazdım. Şeir əl-əl gəzdi. Müəllimlər otağına
çağırıldım, dönə-dönə şeiri oxutdurdular
mənə. Radio qovşağında, məktəb qəzetində, hətta rayon şeir
müsabiqəsində belə dəfələrlə səsləndi. Həmin
şeiri bütün məktəb əzbərlədi. Sonra bir məktəbli dəftərini dolduracaq qədər
şeirlərim
yarandı. Müəllimlərimdən biri dedi: “Bu qız
parlayacaq, görərsiniz”. Amma bu həvəs qəfildən bitdi… Daha yazmadım. Hətta yazmaq
bacarığım olduğunu belə
unutdum. İllər ötdü… 1999-cu il idi. Bağa gedirdik. Maşında kənddən şəhərə pay verilən bir xoruz haqqında
danışdılar. Evə
qayıdandan sonra eşitdiyimi nəzmə çevirdim. Və
“Ağ xoruzun hekayəti”
adlı poema yarandı. Beləcə, ilk kitabıma mövzu
olacaq əsər yarandı...
- Nə vaxtsa tənqid olunmusunuzmu?
-
Yalnız bir dəfə, “Alma ağacı” şeirimə görə. Tənqidçi alma
ağacını danışdırmağımı tənqid obyektinə çevirmişdi. O belə yazmışdı: “Sevinc
Nuruqızı alma ağacını
danışdırıb. Alma ağacı da
danışarmı?!” Amma bu gün uşaq ədəbiyyatının
sağlam tənqidə ehtiyacı
olduğunu düşünürəm.
Çünki sağlam tənqid yazıçını səfərbər edir: düşünməyə, çalışmağa,
öyrənməyə.
- Yazmaqda məqsədiniz nədir? Uşaqlara nəyi çatdırmaq, nə mesaj vermək istəyirsiniz?
-
Yazdıqlarımla heç vaxt uşaqları tərbiyə etmək niyyətim olmayıb. Düşünürəm ki, olsaydı,
sevilməzdim. Amma nəticədə, çox şey demişəm. Heç biri də
əvvəlcədən
planlaşdırılmayıb. Hansısa
mövzu məni
narahat edib, yazmışam, sonra yalnız oxuyanda onun nəyə xidmət
etdiyini anlamışam. Uşaqlarla səmimi olmağa
çalışmışam. Yazandan sonra
onlara xeyirxahlıq, Vətənə, valideynlərə, dosta və ətrafda olan hər
şeyə sevgi
aşıladığımı görəndə
sevinmişəm.
- Çoxları deyir ki, uşaqlar
üçün yazmaq
çətindir. Bu fikrə
münasibətiniz?
-
Düzdür. Çox çətindir. Uşaqlar
üçün yazan
savadlı olmalıdır. Savadsız
uşaq yazıçısı gəmini
hara aparacağını özü də
bilməyən losmana bənzəyir. Uşaqlar
böyüməkdə olan nəsildilər. Həm də
öyrənmək ehtiyacı olan.
Uşaq ədəbiyyatı nümunəsi yanlış məlumat
daşıyıcısı olsa, bu ehtiyacı ödəməz. Uşaq
yazarı həm də kübar
olmalıdır. Zənnimcə, bu, uşaq
yazarı üçün əsas
şərtlərdən biridir. İnsan
formalaşdırmaq, zövq cilalamaq, xarakter yetişdirmək üçün
mütləq
kübar yazı ustalığına malik olmalısan. Uşaqlar üçün yazan həm də
çox xeyirxah olmalıdır. Xeyirxahlıq
uşaq kitabının hər
cümləsindən, hər obrazından
süzülməlidir.
Ən nəhayət, təbii olmalıdır. Ürəyindən gələni yazmalıdır. Uşaq yazıçısı uşaqlarla ünsiyyəti sevməlidir. Mənə yazmaqda 3 il
müddətində İctimai Radionun efirində həftənin 5 günü canlı yayımlanan
“Çoxbilmiş” adlı verilişim çox kömək etdi. Hər gün ən azı iki
uşaqla canlı efir söhbəti
aparırdım. Müsahiblərim
öz fikirlərini
bölüşürdülər,
özlərinə xas mülahizələr yürüdürdülər. Onlar üçün nə
yazmağı və
necə
yazmağı əslində mən onların özlərindən öyrənirdim.
- Hər bir yazarın özünəməxsus işləmə tərzi var. Siz necə yazırsınız,
axşamlar, günün hansı saatındasa, yoxsa bəlli saatlarda?
- Mən belə demək olarsa, nə vaxt gəldi, onda yazıram. Özümü yazmağa məcbur
etmirəm.
- “Melissa” nağılınızı
oxuyarkən adam
kövrəlir. Siz necə, yazarkən kövrəldiyiniz
anlar olubmu?
- “Melissa” qızımın gəlinciyi idi. Adını
biz qoymamışdıq. Üstündə
yazılmışdı. Qızım onu
çox sevmişdi. İndi də Melissadan söz
düşəndə gözləri dolur. Hekayədə hər şey olduğu kimi
yazılıb.
Özümün kövrəldiyim anlar da olub. “Ciya ilə iki gün”
nağıl-povestini yazanda. Bala siçan
yol azıb və gəlib başqa bir evin
zirzəmisinə çıxıb.
Burada bir qızla tanış olub. Rahat
evciyi və yeməyə yeməyi var... Hər
gün yazdığım yeni hissəni
qızıma oxuyurdum. Bir gün qızım soruşdu:
“Bəs,
siçan gedib anasını tapmayacaq?” Dedim: “Yox. Çünki mən
də bilmirəm onun anası
haradadır”. Qızım ağladı: “Xahiş edirəm, apar onu anasının
yanına”. Sözün düzü, mən də çox kövrəldim. Axtarıb onun anasının yaşadığı
yeri tapdım. Və
nağıl-povestin sonunda siçan evlərinə qayıtdı.
- Siz tərcümə ilə də məşğul olursunuz.
İndiyədək xarici uşaq
yazarlarından
kimləri tərcümə etmisiniz?
- Bir
çoxlarını - Astrid Lindqrin, Conni Rodari, Kristine
Nestlinger, Selma Laqerlyof, Luidji Molerba, Tuve Yanson, Elen Beatris Potter,
Ulf Stark, Otfrid Proysler, Sven
Nurdkvist, Ketrin Paterson və b. Çalışıram müasirləri tərcümə edim ki, bizim uşaq dünya
uşağının oxuduğunu oxuya bilsin, müasir
dünya ədəbiyyatından xəbərdar olsun. Bir əsəri tərcümə etmək üçün
günlərlə axtarıram. Ən yaxşısını seçirəm. Məsələn, elə əsər
var ki, çox oxunur, olduqca məşhurdur,
amma mən onu
uşağa verə
bilmərəm. Elə
götürək,
Moni Nilsonun “Sasaki”sini. Orada elə məqamlar var ki, bizim gerçəkliyə uyğun gəlmir. Dünyaca məşhur
İsveç yazıçıları Cudca və Tomas Vislanderlərin “Mu ana” ilə bağlı macəraları da tərcümə olunmaq
üçün növbə
gözləyir.
Çünki hələ bu silsilənin İsveç
oxucusu tərəfindən niyə bu qədər sevildiyini özümçün
aydınlaşdırmamışam. Amma Sven
Nurdkvistin “Petson və
Findus” silsiləsindən olan bütün
kitablarını çox böyük sevgi ilə tərcümə
etdim. Onlardan yalnız biri “Təhsil” nəşriyyatında
çap edilən
“Nağıla bax, nağıla” adlı topluda işıq üzü
görüb.
- Uşaqlar sizə məktub yazırlarmı?
-
Çox yazırlar. Veriliş apardığım zaman mənə çoxsaylı məktublar və açıqcalar gəlirdi. Rəngli karandaşlarla
işlənmiş,
kəsilib
yapışdırılmış, bəzədilmiş. Saxlamışam. Çünki bu
məktublar mənə yaradıcılıq enerjisi verir.
- Əsərlərinizin ilk oxucusu adətən kim olur?
- Əvvəl qızlarım idilər. İndi
böyüyüblər.
Zeynəb
BDU-nun biologiya, Zöhrə
isə hüquq
fakültəsini
bitirib. Yenə
də
yazdıqlarımı onlara oxuyuram, məsləhət alıram. Ən çox balaca Duyğu ilə məsləhətləşirəm. Mən onun bibisiyəm.
O mənim
sifarişçim. “Nağıla bax,
nağıla” toplusundakı “Petson və
Findus”dan (Svet Nurdkvist) çox xoşu gəlmişdi. Bir gün məndən xahiş etdi: “Bibi, sən də eləsindən yaz”. Xahişi
unudulmayıb. Eləsindən yazmaq anı yəqin ki, çatacaq.
- Sizin
ingilis dilində “Ağca və Cubbulu” və “Aysu və Ay” kitablarınız 2014-cü il üçün Beynəlxalq Uşaq Kitabı
Şurasının H. X. Andersen mükafatına və qızıl medala təqdim edilib. Bu
barədə də söz
açmağınızı xahiş edirik.
-
2013-cü ildən Azərbaycan çox nüfuzlu bir təşkilatın - Beynəlxalq Uşaq və Gənclər Kitabı
Şurasının üzvü olub. 1953-cü
ildə
İsveçrədə yaradılan bu
Şura 60-dan artıq ölkənin
milli seksiyalarını öz sıralarında birləşdirir. Beynəlxalq
Uşaq və Gənclər Kitabı
Şurasının Andersen qızıl medalına iki ildən bir dünyanın ən
sayılıb-seçilən
uşaq yazarları, tərcüməçi və
illüstrasiyaçılarıı layiq görülürlər. “Kiçik Nobel mükafatı” adlandırılan bu
mükafatın və
Andersen qızıl medalının tarixi dünya uşaq ədəbiyyatının korifeyi Ella
Lepmanın adı ilə
sıx bağlıdır. Məhz Ella Lepmanın səyi nəticəsində hər il H.X.Andersenin doğum
günü - 2
aprel Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur. İndiyə
qədər Andersen
mükafatına dünyanın 20 ölkəsindən
23 yazıçı və
17 rəssam-illüstrasiyaçı
layiq görülüb.
İki ildən bir verilən bu mükafata Şuranın ötən ildən üzvü olan Azərbaycandan ilk namizəd isə mən olmuşam. Onu da qeyd edim
ki, Şura Azərbaycana
çox böyük diqqətlə yanaşır və onun
nominantını öz siyahısında görməkdən qürur duyur. Bu, Şura administarsiyası ilə məktublaşmalardan
aydın sezilir.
Onu da qeyd edim ki, Azərbaycan bölməsi Andersen qızıl medalına yalnız
yazıçı nominasiyası üzrə nümayəndəsini irəli sürmüşdür. Şuranın Azərbaycandakı bölməsi Firidun bəy Köçərli adına
Respublika Uşaq Kitabxanasıdır.
İsveç
yazıçısı Astrid Lindqrenin, alman
yazıçıları Erik Kestner və Ceymc Kpyussun, italyan
yazıçısı Cann Rodarinin, Çexiya
yazıçısı Boqumil Rjiqi, Avstriya
yazıçısı Kristine Nestlinqerin layiq
görüldüyü Andersen mükafatının bu ilin
mart-aprel aylarında növbəti sahibi məlum olacaq.
Artıq Şuranın “Bookbird” jurnalında mənim, yəni Azərbaycan nümayəndəsinin adı nominantlar
siyahısına daxil edilib. Belə bir nüfuzlu mükafatın namizədi olmaq, təbii ki, hər bir
yazıçı üçün olduqca əhəmiyyətlidir. Biz bu addımla artıq uşaq kitabı
dünyasına ilk imzamızı atırıq. İllərlə əlçatmaz hesab etdiyim uşaq ədəbiyyatı nəhənglərinin layiq
görüldüyü mükafata namizəd
olmaq belə, mənim üçün
böyük xoşbəxtlikdir.
- Bir yazar kimi
oxucularınıza nə
məsləhət
verə
bilərsiniz?
-
Kiçik oxuculara çox oxumağı, maraqlı əsərlər oxumağı
arzulayıram. Onların valideynlərinə isə fin
yazıçısı və illüstratoru Markis
Mayaluomanın məsləhətini xatırlatmaq istəyirəm: “Onu yanınızda
oturdun, onun saçlarının ətrini çəkin sinənizə (körpənizin
saçlarının ətrinin necə şirin olduğunu siz məndən daha yaxşı
bilirsiniz), onun ürək döyüntülərini eşidin, dayanmadan hərəkət edən balaca barmaqlarına
baxın, onu necə sevdiyinizi hiss edin və yalnız bundan sonra ona
oxuyacağınız kitabı açın və …”.
- Söhbətə görə
sağ olun. Sizə
uğurlar arzulayırıq. Ümid edirik ki, sizin adınız
Andersen mükafatına layiq görülənlər
arasında olacaq.
Ədalət.-2014.-23
yanvar.-S.7.