Yaradanın dəstəyini həmişə
hiss etmişəm”
Bəşər tarixində qadir insan əlləri neçə-neçə möcüzələrin müəllifi olmuşdur. Nadir memarlıq üslubunda ucaldılmış binalar, əlvan boyalarla çəkilmiş canlı tablolar, məharətlə yonulmuş heykəltəraşlıq nümunələri tamaşaçıları ovsunlamış, onlara yüksək estetik zövq vermişdir. Lakin insan üzərində aparılan cərrahi əməliyyatlar daha da heyrətamizdir.
Azərbaycan Plastik Cərrahiyyə Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Konfederasiyası İdarə Heyətinin üzvü, respublikamızda bu sahənin mahir bilicisi Vaqif Qələndər haqqında söhbət açarkən bu hissləri keçirdim. Sözün həqiqi mənasında, ailələrə gözəllik bəxş edən istedadlı həkim Vaqif Qələndərin əməliyyatları heyrətamizdir. Söhbət zamanı insanların çöhrəsində olan qüsurlar barədə məlumat verir, onların aradan qaldırılması üsullarından danışırdı. Onların əməliyyatdan əvvəl və sonrakı şəkillərinə baxırıq. Bu şəkillərə baxanda insan gözlərinə inanmaq istəmir. Burada gözəl sima göz önündə canlanır. Azərbaycanlı alim-cərrahın elmi-tədqiqat işlərini təcrübədə necə məharətlə həyata keçirdiyi aydın görünür. Anadangəlmə və sonradan qazanılmış üz, bədənin hər hansı hissəsinin deformasiyası Vaqif Qələndər tərəfindən bacarıqla aradan qaldırılır, həyata keçirilir. İstedadlı alim ağrı ilə mübarizə, üz nahiyəsində genişhəcmli və mürəkkəb cərrahiyyə əməliyyatları aparmaq sahəsində axtarışlarını inamla davam etdirir. Onun əməli fəaliyyəti dünyanın bir çox ölkələrində bu sahədə çalışan alimlərin də diqqətini cəlb edir. Tanınmış cərrah öz həmkarları arasında həmişə sayılıb-seçilir. Mötəbər məclislərə də dəvət edilir. Yaxın keçmişin söhbətidir. Onun qardaş Türkiyədə qopmuş qol üzərində keçirdiyi əməliyyat böyük sensasiya doğurdu. Türkiyə mətbuatı keçirilən bu nadir əməliyyatı dəyərləndirərək, öz səhifələrində ona böyük məqalə həsr etdi. Yeri gəlmişkən, Türkiyənin bu sahə üzrə çalışan alimləri Vaqif Qələndərin əməli fəaliyyətilə maraqlanır. Həmyerlimizin rəhbərlik etdiyi klinikanın iş təcrübəsini öyrənir. Söhbət zamanı Vaqif Qələndər bunları dedi:
- Plastik və rekonstruktiv cərrahiyyə dünyada dəbdə olan yüksək səviyyədə inkişaf etmiş sahədir. Bu çox geniş sahədir və plastik, rekonstruktiv və mikrocərrahiyyədən ibarətdir. Respublikamızda da səhiyyənin bu sahəsinin çox yüksək səviyyədə inkişaf etdiyini görürük. Bu mənada bir elm sahəsinin inkişaf etməsinin meyarları o sahədə peşəkar mütəxəssislərin olması, onların gördüyü işlərin, apardığı əməliyyatların nüfuzlu beynəlxalq konfranslarda dəyərləndirilməsi, həmçinin ölkədə elmi konfransların keçirilməsidir. Buna əsasən deyə bilərəm ki, plastik və rekonstruktiv cərrahiyyə Azərbaycanda dünya standartlarına uyğun səviyyədə inkişafını tapıb. Azərbaycan Plastik Cərrahiyyə Assosiasiyasının təşkilatçılığı ilə keçən ilin mayında respublikamızda III Beynəlxalq Plastik Cərrahiyyə Konfransı keçirildi. Bu konfransa Türkiyə, Almaniya, Fransa, İngiltərə, Avstraliya, İran, Rusiya və s. ölkələrdən tanınmış tibb alimləri, mütəxəssislər dəvət olunmuşdular. Məqsəd respublikada plastik cərrahiyyənin inkişafı, ölkəmizdə və dünyada aparılan əməliyyatların yeni üsullarının birgə təqdimatı və qiymətləndirilməsi idi. Tədbirin yüksək səviyyədə keçməsi təşkilat komitəsinin sədri kimi məni çox fərəhləndirdi. Biz Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının illik konfranslarına dəvət olunuruq. Axırıncı konfrans keçən ilin sentyabrında Braziliyada reallaşdı. Tədbirin gedişində son iki il müddətində müxtəlif ölkələrdə keçirilən konfransların elmi və sosial səviyyəsi, özəllikləri qeyd olundu, 6 ölkə müsbət istiqamətdə dəyərləndirildi. Azərbaycanın bu altılığa düşməsi məni çox sevindirdi. Beynəlxalq Plastik Estetik Cərrahiyyə Cəmiyyətinin rəsmi orqanı olan “İSAPS NEWS” jurnalında bizim haqqımızda, Azərbaycan Tibb Universiteti barədə çox gözəl məqalə çap edildi. Qürurla deyə bilərəm ki, estetik cərrahiyyənin vətəni sayılan Braziliyanın bir çox klinikalarında mənim metodlarımla əməliyyat aparılır. Bu göstərir ki, respublikamızda plastik və rekonstruktiv cərrahiyyə sahəsində çox yüksək səviyyədə addımlar atılır və dünya standartlarına uyğun inkişaf var.
- Həkim, ətrafımızda, yəni küçədə, hər hansı məclisdə özünüz müşahidə etdiyiniz, imkanı olmayan xəstələrə münasibətiniz…
- İnsanlar həyatını və sağlamlığını bizə etibar edirlər. Elə xəstələr olur ki, maddi vəziyyəti yaxşı olmur. Klinikamızda onlara böyük güzəşt edilir. Bəzən elə ağır durumlu insanlar müraciət edir, təmənnasız əməliyyat edirəm. Yaxşı yadıma düşdü. Yolu keçərkən ağzını əlləri ilə örtən xəstə diqqətimi cəlb etdi. O qardaşı ilə küçədə siqaret satırdı. Gördüm ki, onun dili o qədər böyükdür ki, ağzını aça bilmir. Dilin lekmfaklaması adlı xəstəlik onu hövsələdən çıxarıb. Valideynləri ilə maraqlandım, o biri qardaşı qaçaraq anasını yanıma gətirdi. Dedim, niyə uşağı əməliyyat etdirmirsiniz? Cavabında: heç kəs eləmir, imkanımız yoxdur. Həmin xəstəni əməliyyat etdim. Dil ağızın içərisinə yerləşdi. Bunlar mənə həyatda enerji verən hadisələrdir. Elə şey var ki, onu maddiyyatla almaq olmur. Həyatda bunları zəhmətimlə qazanmışam. Koloboma deyilən bir xəstəlik mövcuddur. Yəni, üst göz qapağının anadangəlmə qüsuru… Əməliyyat etdiyim xəstənin üst göz qapağının çox böyük hissəsi, demək olar ki, anadangəlmə yox idi. Gözlər tamamilə yumulmurdu. Bu hətta korluğa gətirib çıxarır. Uşağın üst göz qapağı rekonstruksiya olundu, göz qapağı bərpa olundu. Heydər Əliyev Fondundan göndərilmiş xəstənin 10 yaşında olarkən gözlərinə kislota tökülmüşdü. Göz qapaqlarında böyük problem yaranmışdı. Xəstə 16 il idi ki, gözlərini gecə yuma bilmirdi. Göz qapaqlarının üstünə nəm əski qoyub mürgüləyirdi. Onun ayaq dərisindən toxuma rekonstruksiya olunaraq əməliyyat olundu. Göz qapaqları əvvəlki vəziyyətini aldı.
Bunu sözlə izah etmək çox çətindir. Onun anasının keçirdiyi hisslər, sevincli anlar bizi çox kövrəltdi. Çünki oğlu sanki yenidən həyata qayıdıb, gecələr yuxuya həsrət qalmayacaqdı. Klinikamıza Saatlı rayonundan bir xəstə gətirmişdilər. 21 illik övlad həsrəti ilə yaşayan körpənin ana bətnində ayağına göbək ciyəsi dolaşdığından limfastaz olmuşdu. Çox xəstəxanalar gəzmişdi, cavab bir idi: ayaq kəsilməlidir. Əməliyyatla şişi götürdüm. Ayaq xilas olundu. Siz valideynlərin sevincini görəydiniz.
Bakı Elm Festivalında çıxış edərkən bu əməliyyat barədə danışdım. AMEA-nın prezidenti, akademik Akif Əlizadə çox təəccübləndi. İnanmırdı, bu cür unikal əməliyyat bizim ölkəmizdə baş tutub.
- Vaqif həkim, uğurlar çoxdur, uğursuz əməliyyatlar necə…
- Həyatda uğursuzluğu Ulu Tanrı məndən uzaq edib. Zənnimcə, hər sahənin mükəmməl bilicisi, mütəxəssisi olmalıdır. Yaxşı cərrah üçün təcrübəmdən deyirəm, həyatda heç bir problem yoxdur. Hər dəfə əməliyyat otağına daxil olanda Ulu Tanrının əllərini həmişə kürəyimdə hiss etmişəm. O hiss ilə əməliyyat keçirmişəm. Həmişə başımın üstündə Allahım, sinəmin altında vicdanım durub.
İstedadlı plastik-cərrah Vaqif Qələndər öz elmi-tədqiqat işlərini və əmək fəaliyyətini uğurla davam etdirir, insanları gözəlləşdirmək, onların sağlamlığını möhkəmləndirmək sahəsində apardığı elmi axtarışlarını daha da genişləndirir.
Şövkət
Hüseynova,
H. B. Zərdabi
mükafatı laureatı
Zaman.-2015.-2 aprel.-S.9.