Dini
tolerantlığın demokratik kökləri və
dözümlülüyün Azərbaycan nümunəsi
“Elm Yurdu”
Sosial Araşdırmalar İctimai Birliyinin təsisçisi və
sədri, ilahiyyat üzrə fəlsəfə doktoru Elşad
Mahmudov
Respublikamıza
səfər etmiş xarici qonaqlar tolerantlığa diqqət
yetirərkən çox zaman belə bir fikir söyləyirlər:
“Müstəqil Azərbaycan Respublikası dinc yanaşı
yaşamanın ən bariz nümunəsidir”. Bu
isə səbəbsiz deyil. Çünki
Azərbaycanın yüksəlişini təmin edən
başlıca amillərdən biri kimi bu məkanda xalqlar,
azsaylı xalqlar, etnik qruplar və dini qruplar arasındakı
möhkəm qarşılıqlı əlaqələrin
formalaşmasıdır. Buna görə də
ölkəmizdə heç zaman milli və dini yöndə
münaqişələr baş verməmişdir.
Ölkə rəhbərliyi də respublikamızda
toleratlığın mökəmlənməsinə hərtərəfli
dəstək verir. Dövlətimizin yürütdüyü siyasət nəticəsində
çoxmillətli cəmiyyətdə dinlərarası
dözümlülük yüksək səviyyəyə
qalxmışdır. Dini toleratlıqla
bağlı son illər Azərbaycanda keçirilən beynəlxalq
miqysaslı forumlarda söylənilənlər də bu fikri təsdiq
edir. Xalqlar və dinlərarası sülhə xidmət
edən Dünya Dinləri Liderlərinin Zirvə
Görüşünün (2010-cu il), Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun (2011-ci il) və digər beynəlxalq tədbirlərin
paytaxtımızda keçirilməsi bir daha sübut edir ki,
müstəqil Azərbaycan dini toleratlıq, dinc yanaşı
yaşamaq sahəsində həqiqətən dünyaya
nümunədir. Çünki respublikamızda
din və dinc yanaşı yaşama siyasəti demokratik prinsiplərə
əsaslanır. Mövzu ilə
bağlı həmsöhbətimiz ilahiyyat üzrə fəlsəfə
doktoru, “Elm Yurdu” Sosial Araşdırmalar İctimai Birliyinin təsisçisi
və sədri Elşad Mahmudovdur.
- Elşad
müəllim, məlumdur ki, tolerantlıq geniş
anlayışdır. Buna görə də istərdik
ki, əvvəlcə oxucularımıza tolerantlığın
nəzəri məsələləri barədə məlumat verəsiniz.
-
Tolerantlıq dedikdə, əlbəttə, bütün
dünyada ilk olaraq, bu və ya digər sahədə
insanlararası münasibətlərdə
dözümlülük, qarşılıqlı hörmət
başa düşülür. Bu
dözümlülük və hörmət istər gender məsələsində,
istərsə dini inanc, əqidə, milli-etnik mənsubiyyət,
fikir, düşüncə, mövqe, adət-ənənə
və digər xüsuslarda qarşı tərəfə olan və
göstərilən dözümlülük və hörmətdir.
Dözümlülüyün aspekti irqi-dini zəmində
baş verən məsələlərdən əxlaqi-etik məsələlərədək
olduqca genişdir. Tolerantlıq
anlayışı insan hüquqları və vicdanı ilə
bağlı olub, irqçilik, ksenofobiya, dini
dözümsüzlük, dəyərlərin təhqir
olunması, terror, ekstremizmın qəbul edilməməsi ilə
səciyyələnir. Beynəlxalq
hüquqda tolerantlıq bir şəxsin
xoşlamadığı və ya əxlaqi cəhətdən
yanlış saydığı hərəkətə icazə
verməsi və ya bu hərəkətin
qarşısını almamağıdır. Bu, tolerant şəxsin və ya qurumun hadisə və
ya fakta müdaxilə etmə gücünün olması,
yalnız onun bu gücdən istifadədən imtinası ilə
şərtlənir. Fəlsəfi
baxımdan isə tolerantlıq xoşlanılmayan və ya bəyənilməyən
hər hansı bir şeyin mövcudluğunda təmkinlik
göstərmə siyasəti və özgə fikrə,
mövqeyə dözümlük nümayiş etdirməsidir.
Tolerantlığın bir digər xüsusiyyəti
isə ondan ibarətdir ki, hər hansı bir məsələ,
hadisə və problemlə əlaqəli öz mövqeyiniz
olduğu və siz bu mövqeyi düzgün hesab etdiyiniz halda,
siz bununla belə digərlərinə səhv, yanlış
mövqe tutmaq hüququnu verirsiniz.
Tolerantlıq, dövrümüzdə daha qabarıq
ortaya çıxan adı ilə xüsusilə dini sahədə
dözümlülük insanların bir-birilərinin
düşüncələrinə, inanclarına və həyat
fəlsəfələrinə müdaxilə etməməsi
deməkdir. Buna görə, nəinki eyni cəmiyyətin
üzvü olan insanların, habelə qlobal miqyasda müxtəlif
inanc və əqidə sahibi olan fərdlərin bir-biriləri
ilə münasibətdə dözümlü, tolerant
davranması gərəkdir. Eyni cəmiyyətdə
yaşayan yüz minlərlə və ya milyonlarla insanın
eyni düşüncəyə malik olduğu
mümkünsüz olduğu kimi, milyardlarla fəqrli
insanın yaşadığı planetimizdə də hər
bir kəsin proqramlaşdırılmış robot kimi eyni
düşüncəyə sahib olması
qeyri-mümkündür. Fərqlilik Allah Təalanın
insanın fitrətinə yerləşdirdiyi bir nemətdir.
Buna görə də bəşər
övladının həyatını sülh, əminamanlıq
və inkişaf çərçivəsində davam etdirməsi
fərqli etiqad, dini adət-ənənə, fikir və
düşüncəyə sahib insanlar arasında
tolerantlığın yaradılması zəruridir.
- Yəqin ki,
tolerantlığın müəyyən tarixi kökləri
vardır. Bu haqda nə deyə bilərsiniz?
- Əlbəttə, hər bir ideya, içtimai
düşüncə müəyyən bazis, köklər
üzərində formalaşır. Tolerantlıq ideyası yeni deyildir. Bu gün Qərb dairələrinin ortalığa
atdığı kimi görünən tolerantlığın
tarixi, şəxsən mənim subyektiv fikrimə görə,
insanın yaradılışı qədər qədimdir.
Bəzi müasir tədqiqatçılar bu haqda
ilk fikirlərin XVI-XVII əsrlərdə Avropada meydana gəldiyini
iddia edirlər. 1648-ci ildə
imzalanmış “Vestfal” sülh müqaviləsinin dini
dözümlülüklə bağlı ilk sənəd
olduğu qəbul edilir. Ancaq ardınca
baş verən otuz illik müharibə və bu müharibə
dövründə göstərilən dini
dözümsüzlük həmin dövr üçün
tolerant mühitin yetişmədiyini göstərmişdir.
Ancaq şərq, ələlxüsus İslam
tarixinə nəzər saldıqda, tolerantlığın
sonuncu səmavi dinin gəlişi və Muhamməd Peyğəmbərə
ilahi vəhyin nazil olması ilə eyni vaxtda inkişaf etdiyini
görmək mümkündür. Mən
İslamda bu məsələnin şəxsən ilk bəşər
və peyğəmbər olan Adəmin
yaradılışında baş verən hadisələr qədər
çox qədim dövrlərə dayandığı fikrindəyəm.
Qurani-Kərimdə əl-Bəqərə surəsinin
30 - 38-ci ayələri və bu hadisə ilə əlaqəli
digər surələrdə olan ayələrə
baxdığımız zaman Allah Təalanın Adəmin
yaradılışı ilə əlaqəli müsbəti və
ya mənfisilə bütün məsələlərdə mələkləri
ona “səcdə”- hörmət etməyə
çağırması fikrimcə bu məsələdə
mühüm dəlillərdən biridir. Allahın
əmrinə usyan edərək Adəmə “səcdə etməkdən”
və ya hörmət göstərməkdən imtina edən
İblis və ya şeytan isə tolerantsızlığın
və dözümsüzlüyün ən böyük təmsilçisidir.
Qurani-Kərimdə və hədislərdə qətiyyətlə
şeytanın yolundan gedilməməsinin tövsiyyə və
hətta əmr olunması bu mənada əhəmiyyətlidir.
- Bəs, islam dini dözümlülüyə necə
yanaşır?
-”İslam” kəlməsi ərəb dilində “sülh”,
“əmin-amanlıq” mənasına gəlir. Bu din Uca Yaradanın sonsuz mərhəmət
və şəfqətini, yer üzündə əks olunan
hüzur və sülh dolu bir həyatı insanlara təqdim
etmək üçün endirilmişdir. İslam bir din və
həyat nizamı olaraq insanların dünya və axirət səadətinə,
xoşbəxtliyinə, hüzuruna, sülh və əmin-amanlığına
nail ola bilmələri üçün
Allah Təalanın peyğəmbərləri vasitəsilə
insanlara göndərdiyi ilahi qanunlar toplusudur. Yaradan Öz
kitabında insanları yer üzündə mərhəmətin,
şəfqətin, tolerantlığın və sülhün
yaşana biləcəyi model kimi islam
düşüncəsinə və əxlaqına
çağırır. Quranın “əl-Bəqərə” surəsinin
208-ci ayəsində belə buyurulur: “Ey iman gətirənlər!
Hamınız bir yerdə sülhə (islama) gəlin!
Şeytanın yolu ilə getməyin, çünki o sizin
açıq düşməninizdir! Ayədən
məlum olur ki, Allah insana küfrü, fitnə-fəsad
törətməyi, asiliyi, zülmü, insanları qətlə
yetirməyi və qan tökməyi qadağan edir. Onun əmrinə uymayanlar isə ayənin ifadəsi
ilə “şeytanın addımlarını izləyən kəslər”
kimi xarakterizə olunur.
İnsanların
fikir, düşüncə və həyat
azadlığını, toxunulmazlığını təmin
edən və təminat altına alan, dəyərlərə
hörməti ən ali prinsip kimi görən bir din kimi
İslam insanlar arasında gərginliyi,
anlaşmazlığı, bir-biriləri haqda mənfi rəydə,
suizəndə olmağı və bədgüman
düşüncələrə sahib olmağı belə
qadağan edir.
Səməd İsgəndəroğlu
Zaman. - 2015. - 7 aprel. - S. 13.