Müasir dünyada tolerantlıq və
dialoq anlayışı
İnsanların ünsiyyətində və
qarşılıqlı münasibətlərində
anlayışların rolu inkaredilməzdir. Lakin
onların məna çərçivəsi dəqiq müəyyən
edilməlidir. Bu gün eyni
dünyagörüşünə malik insanların dinlərarası
dialoq ətrafında apardığı mübahisələrin
bir səbəbi də ortaq anlayışın
formalaşdırılmamasıdır. Əks halda,
saysız ortaq dəyərlərə malik insanların iman
birliyinə baxmayaraq, vahid düşüncə və fəaliyyət
birliyi qura bilməməsinin başqa izahı ola
bilməz.
Bəziləri öz
narahatçılığını dini təəssübkeşlik
hissi ilə ortaya qoyurlar və qeyd etmək lazımdır ki,
bu məsələ sürətlə qloballaşan dünyada zəruri
yer tutur. Məhz bu səbəbdən dialoq fəaliyyətinə
mənfi, yaxud müsbət yanaşan şəxslərlə
anlayışlar ətrafında ortaq məxrəcə gəlmək
üçün Qurani-Kərimin bir ayəsinə əsaslanaraq
bəzi məsələlərə aydınlıq gətirmək
istədik. İstədik ki, ictimaiyyətimiz insanın
üzərinə dünyəvi və üxrəvi (axirətə
aid) ağır məsuliyyətlər qoyan “kafir”, “xristian”,
“münafiq”, “din düşməni” kimi ağır sözlər
dedirdən etirazların əsaslarını, kökünü
bilsin. Etirazların nə qədər zəruri
olub-olmamasına qısaca toxunaraq, eyni zamanda İslami hökumətlərə
əsaslanaraq dialoq baxımından maraqlı olduğumuz dəyərlərin
günümüzdə əks olunması və təhlilləri
haqda məlumat əldə etməyə
çalışdıq.
Dialoq nə deməkdir?
”Dialoq” lüğətdə “iki insan arasında
danışıq”, “anlaşma”, və ya “razılaşma niyyəti
ilə şəxs və qrupların fikir mübadiləsi” mənasına
gəlir. Terminoloji mənada dialoq- iki və daha çox şəxsin
danışması, fərqli inanc və
dünyagörüşünə malik, müxtəlif irq və
mədəniyyətlərə mənsub, müxtəlif siyasi
düşüncəli insanların bir araya gələrək
mədəni ölçülər daxilində bir-biriləri
ilə ünsiyyət qurması metodudur.
Dini sahədə dialoq isə həm hər hansı bir
dinə mənsub müxtəlif qrupların, həm də fərqli
dinlərə mənsub insanların inanc və qrupların
bir-birlərinə məcburən və ya qeyri-etik yolla qəbul
etdirməyə çalışmadan ortaq məsələlər
ətrafında tolerant şəraitdə danışa,
müzakirə edə və əməkdaşlıq qura bilməsidir.
Bu təriflər prizmasından baxıldıqda dialoq
insanların və qrupların bir-birilərini anlama, tanıma,
bilmə və ortaq problemlərinə həll axtarma cəhdlərindən
ibarətdir. Bu cəhdlər müxtəliflik daxilində birgə
yaşama mühitinin formalaşması üçün əlverişli
olacaqdır. Başqa sözlə, dialoq fəaliyyətləri
bütün fərqliliklərə baxmayaraq, əvvəlcə
zehinlərdə, sonra isə cəmiyyətdə birgə
yaşama mədəniyyətini meydana gətirəcəkdir.
Dinlərarası dialoq nədir?
Məfhum baxımından “dinlərarası dialoq” ifadəsi
əvəzinə “din mənsubları arasında dialoq” desək,
daha doğru olar. Bununla yanaşı, nəzərdə tutulan məna,
şübhəsiz, din mənsubları arasında dialoqdur. Biz də yazımızda “dinlərarası dialoq”
terminindən istifadə edəcəyik. Dinlərarası
dialoq fərqli dinlərə mənsub insanların inanc və
düşüncələrini bir-birilərinə məcburi qəbul
etdirmə yolunu seçmədən qarşılıqlı
müzakirə, əməkdaşlıq edə, birgə
yaşaya və uzlaşa bilmələrini təmin edən bir
qarşılaşmadır. Bu fəaliyyət
qarşısındakını öyrənmək, tanımaq,
bilmək, dinləmək və başa düşmək məqsədini
daşıyır. Bunun üçün fəaliyyətin
doğruluq, səmimiyyət, qarşılıqlı güzəşt,
sevgi, hörmət və xoşməramlılıq çərçivəsində
aparılması çox önəmlidir.
Bu gün
əxlaqi deformasiya, ekoloji çirklənmə, iqtisadi gəlirlərin
bölgüsündəki bərabərsizlik, QİÇS,
HİV kimi xəstəliklər, yoxsulluq, abort, eynicinslilərin
evlilikləri, boşanma səviyyəsinin yüksəlməsi
kimi ailə dəyərlərinin tənəzzülü, irq,
din və milliyyətçilik uğrunda həyata keçirilən
təəssübkeşlik, terror, müharibə, müstəmləkəçilik
kimi dünya sülhünü təhlükəyə atan
qlobal problemlərimiz var. Bu problemlərin həllində, əlbəttə
ki, dinlərin və din mənsublarının rolu
olmalıdır. Dinlərarası dialoq fəaliyyətləri
ortaq problemlərə ortaq həll axtarmaq, sülh və əmin-amanlıq
şəraitində bəşəriyyətin ortaq gələcəyini
təmin etmək, qanlı səhnələrlə dolu
qanlı keçmişi təkrar yaşamamaq və yaşatmamaq
cəhdləridir.
Dinlərarası dialoq nələri
ehtiva etmir?
Dinlərarası dialoq insanın öz dinindən imtima
etməsi demək deyildir. Dialoq əsnasında hər
kəs öz inandığı dəyərlərə sonsuz
hörmət bəsləyir, ibadətlərinə davam edir,
bütün dini, əxlaqi, hüquqi və mənəvi dəyərlərini
həyatında tətbiq etməkdən çəkinmir.
Əksinə, ortaq dəyərlərin kəşfinə,
onların ön plana çəkilməsinə və bəşəri
həqiqətlərin insan həyatına hakim olmasına
çalışılır. Lakin
qarşılıqlı ünsiyyət özü ilə
yanaşı, əsirə düşmə və
başqalaşmanı da gətirə bilər. Bəşəriyyət
tarixi boyunca din dəyişdirməyin kökündə dayanan əsl
həqiqət də budur: təsirə düşmə və
başqalaşma. Ancaq bu qarşılıqlı
ünsiyyətdən deyil, dini dəyərlərə olan
imanın dərəcəsindən və bunların insanı
qane edib-etməməsindən qaynaqlanır. Belə bir prizmadan dünənə və bu günə
baxılarsa, öz iradəsi ilə İslamdan imtina edib
başqa dini seçən insanların sayı, digər dinlərdən
İslama keçənlərdən müqayisəedilməz dərəcədə
azdır. Bu da bizlərə inanc və əməldə
məsul olduğumuz İslami dəyərlərin mahiyyəti
haqqında bir fikir verir, bir qənaət hasil edir.
Dinlərarası dialoq- dinləri birləşdirmək,
və ya öz dinini başqalarına təbliğ etmək,
onun üstünlüyünü göstərmək və
qarşıdakı insanın dinini dəyişdirmək əhdi
deyil. Başqa sözlə desək, bu, İslami
baxımdan “təbliğ”, xristianlıq nöqtəsindən
“missionerlik” fəaliyyəti də deyildir. Belə
demək mümkünsə, hər kəsi öz mövqeyində
qəbul edərək bir-birimizi tanıma və ortaq problemlərimizə
ortaq həll yolu axtarmaqdır.
Bəzi dirələrdə bu fikrin, ifadə
baxımından mübahisəli, problem doğuran bir fikir kimi
başa düşülməsi mümkündür. Ancaq bizim
buradakı məqsədimiz məsələnin ifadə
xüsusiyyətlərini müzakirə etmək deyil. Əsas məqsəd din azadlığı məsələsinin
sosial və mədəni tərəflərini
aydınlaşdırmaqdır. Din azadlığı
insanın hər hansı bir dinə inanması,
inandığı dini dəyərləri yaşaması, onları
başqasına deməsi və eyni inancı
paylaşdığı şəxslərlə birlikdə ola bilmə, təşkilat qura bilmə
ünsürlərini ehtiva edir. Başqa sözlə,
din azadlığı bu dörd ünsürün bir kompleks təşkil
etməsi ilə meydana gəlir. Bu
ünsürlərdən birinin olmaması müvafiq ölkədə
din azadlığının yoxluğu deməkdir. Hər bir dinə və inanca bu ölçüdə
azadlığın verilməsi bəçər
övladının qarşısında duran vacib məsələ
və hədəfdir.
Öz dinini açıq şəkildə təbliğ
etmək istəyən şəxs və qurumlar din
azadlığının müəssisələşməsi
ilə istəklərini reallaşdıra bilməlidir. Hazırda,
dünyanın bir çox ölkəsində din
azadlığı göstərdiyimiz 4 ünsürü ilə
birlikdə yaşanır. Bunun təbii nəticəsi
olaraq da azlıq olmalarına baxmayaraq, müsəlman, xristian,
yəhudi, buddist və başqa din mənsubları öz dini,
milli və mənəvi dəyərlərini yaşayır,
öyrədir və təşkilatlana bilirlər.
Dinlərarası dialoq fəaliyyətlərinin
fərqli məqsədlər üçün istifadəsi
düşünülə
bilməzmi?
”Dinlərarası dialoq nədir və nə deyildir”
suallarına cavabı bizim hadisəyə baxış tərzimizi
göstərir. Amma bu, hər kəsin bizimlə həmfikir
olduğu anlamına gəlmir. Proses davam etdikcə dialoq
tərəfdarlarının hərəkət və
davranışları bu sualın doğru cavabını verəcəkdir.
Katolik
kilsəsi II Vatikan Qurultayının sonunda nəşr etdiyi
“Lümen Centium” adlı dinlərarası dialoq bəyannaməsində
“Yüz illər boyu xristianlarla müsəlmanlar arasında bir
çox ixtilaf və düşmənçiliyin ortaya
çıxmasına baxmayaraq, bu qurultay keçmişi
unutmağa, qarşılıqlı anlayış
üçün səmimi səy göstərməyə və
bütün insanlar üçün sosial ədaləti, əxlaqi
dəyərləri, sülh və azadlığı hər
zaman birlikdə qoruyub yüksək səviyyədə
saxlamağa dəvət edir” cümlələri ilə
qapılarını açmışdır. Amma 1990-cı ildə
II İohann Pavel imzasını daşıyan Papalıq nizamnaməsində
dinlərarası dialoqun xristianlığın yayılması
istiqamətində istifadə edilə biləcəyi
açıq aşkar bildirilmişdir: “Dinlərarası dialoq
İncilin bəyanını yayma funksiyasının bir hissəsidir.
Qarşılıqlı tanışlıq və
zənginləşmə metodu və vasitəsi kimi qəbul
etdikdə, bu, nəinki “İncilin bəyanını
qeyri-xristianlara təbliğ etməyə qarşı deyil, əksinə
həmin təbliğatın bir təzahürüdür”.
Bu dinlərarası dialoq fəaliyyətlərin
(katolik kilsəsinin təşəbbüsü ilə)
xristianlaşdırma missiyasının bir aləti olduğunu
açıq-aşkar bəyan edir.
1962-1965-ci keçirilən II Vatikan Qurultayında “Dinlərarası
dialoq” anlayışının xüsusi önəm
daşıması müsəlman dünyasında şübhəli
yanaşmaların əsasını qoymuşdur. Həmin
baxışları, yanaşmaları müsbət, mənfi, və
ehtiyatlı olmaqla üç qrupa ayırmaq olar. Birincilər dinlərarası dialoqu
sorğu-sualsız qəbul etdikləri halda, ikincilər
müxtəlif şübhələrə və tarixi təcrübələrə
əsaslanaraq qəbul etmirlər. Bunların
fikrincə, “Dinlərarası dialoq” həll deyil, problem
ocağıdır. Ehtiyatla yanaşanlar isə
məsələlərin gedişata və ortaya çıxan
nəticələrə görə dəyərləndirilməsi
mövqeyindədirlər.
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında səhifə ni hazırladı: Xəyalə Sadıqova
Zaman.-2015.-25 aprel.-S.13.