Biz eyni yer kürəsini
paylaşdığımız insanlarla
birgə yaşamağa məcburuq
Tarixi həqiqətlər
xristian dünyasının
rəhbərlik etdiyi fəaliyyətlərə şübhə
ilə yanaşmağa
haqq qazandırır.
Çünki XIX əsr boyunca davam edən
müstəmləkəçilik dövründə Avropa qitəsi İslam ölkələri başda
olmaqla, ikinci və üçüncü
dünya ölkələrində
çox sıx və əhatəli şəkildə missionerlik
fəaliyyətləri həyata
keçirmiş, insanların
xristianlaşdırılması naminə bir çox fəaliyyətlərə
imza atmışdır.
Çox
maraqlıdır ki, Fransa kimi dünyəviliyin
mərkəzi sayılan
bir ölkə belə, missionerlik fəaliyyətlərindən uzaq
olmamışdır. XIX
əsrdə Fransanın
baş naziri olmuş Qambottanın adı ilə bağlı sözügedən
məsələnin işıqlandırılması
baxımından çox
əhəmiyyətlidir. Qambottanın
zamanında Fransada hərbi dünyəvilik çərçivəsində dindarlar fransız dövlət müəssisələrindən
tamamilə uzaqlaşdırılmışdı.
O, baş nazirliyi dövründə bir tərəfdən dövlət
müəssislərindəki dindar katoliklərin vəzifəsinə xitam vermiş, digər tərəfdən Afrikaya minlərlə missioner göndərmişdi.
Ziddiyyətli görünən
bu davranışın
səbəbini baş
nazirdən soruşanlara
o: “Bizim dünyəviliyimiz
daxili istehlak üçündür, ixrac
malı deyildir”- cavabıni vermişdir.
***
Teoloji səviyyədə
həyata keçirilən
bu fəaliyyətlər
zaman keçdikcə şəklini dəyişdirmiş,
missionerlik pərdəsi
altında siyasi, sosial və iqtisadi məqsədlər
güdən fəaliyyətlər
şəklində davam
etdirilmişdir. İllər və əsrllər boyu, işğal üçün kəşfiyyat
aparan agentlər, istismar etmək üçün yeraltı
və yerüstü sərvətləri təsbit
edib uzunmüddətli
strategiyalar hazırlayan
elm adamları istiladan
sonra müstəmləkələrə
əllərində İncil
missioner “libas”ında girmişlər.
Həqiqi missionerlərin işğaldan
sonrakı fəaliyyət
sahələri də böyük əhəmiyyət
kəsb edir. Təhsil, səhiyyə
və başqa sahələrdə gerçəkləşən
müəssisələşmələr bir tərəfdən öz düşüncə
və mədəniyyətinə
sahib olan nəsillər
yetişdirməyə yönəlmişdir,
digər tərəfdən
isə əsarətdə
olan xalqların ehtiyac psixologiyasından yararlanaraq malik olduğu yüksək bilik və texnalogiyanı
onlara verməyi qarşısına məqsəd
qoymuşdur. Qərbin bu
siyasətinin uğur qazanmadığını demək
qeyri-mümkündür.
Səlib yürüşlərindən fərqli
olaraq dinlərarası
dialoq fəaliyyətləri
müstəvisində münasibətlər
yeni şəkil almışdır. Bu fəaliyyətlər
bir-birimizi tanımağa,
başa düşməyə
vasitə olmuş, gərgin münasibətləri
yumşaltmış, həm
bizi, həm də onları “bilinməyən o biri”ndən
“bilinən o biri” səviyyəsinə çıxartmışdır.
Lakin yuxarıda qeyd etdiyimiz kimi, bu, başqaları tərəfindən sui-istifadə
edilərsə, doğru
niyyət və davranış sayıla bilməz.
Lakin bunu çox da böyütmək
lazım deyil. Məsələyə
din azadlığı prizmasından
baxsaq, bizim öz dinimiz təbliğ etmə, bunun üçün müxtəlif təşkilatlar
daxilinə girmə haqqımız var və biz bunu Qərb ölkələrində
də rahatlıqla edə bilərik. Eləcə də onların öz dinlərini təbliğ etmə, təşkilatlanma hüquqları
vardır. Bu fəaliyyətlər eyni zamanda bizim özümüzü
sınamağa da imkan verər. Bəlkə də, bu cəhdlər
öz dinimizi öyrənmə, öyrətmə
və təbliğ etmə istiqamətində
bizə ciddi təkan verəcəkdir.
Məsələnin fərqli yöndə anlaşılmaması üçün
bir daha qeyd edək ki, “Dinlərarası dialoq” fəaliyyətlərini
missionerliyə alət
etmək qəbuledilməzdir. Din azadlığı
baxımından dini təbliğ etmək başqa, missionerlik isə tamam başqadır. Ayıq düşüncə, diqqətli yanaşma və qarşılıqlı
anlaşma ilə yaranan münasibət bütün mümkün narahatlıqları aradan qaldıra bilər.
***
”İstəyən iman etsin, istəyən kafir olsun” (Əl-Kəhf surəsi, 18\29), “Dində məcburiyyət yoxdur” (Bəqərə surəsi, 2\256) və “Əgər Rəbbin istəsə idi, yer üzündə onların hamısı iman gətirərdi. Insanları iman gətirməyə sənmi məcbur edəcəksən?”(Yunus surəsi,10\99), “Əgər Allah diləsəydi, onların hamısı (eyni dində olan) vahid bir ümmət edərdi. Amma Allah istədiyini (haqq dinə gətirməklə) Öz mərhəmətinə qovuşdurar. Zalımların isə nə bir dostu olar, nə də bir imdada yetəni!” (Şura surəsi, 42\8; Nəhl surəsi, 16ğ93) ayələri İlahi iradəni göstərir. Buna görə yer üzündə yaşayan hər kəsin müsəlman olması mümkün deyil. Elə isə “o biriləri”ni inkar etmək, onların varlığını qəbul etməmək qeyri-mümkündür. Deməli, birlikdə yaşamaq bir məcburiyyətdir. Həmçinin Quranın “Ey insanlar! Həqiqətən, biz sizi bir erkəklə bir dişidən yaratdıq. Və bir-birinizi tanıyasız deyə sizi millətlərə və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah qatında ən dəyərli və üstün olanınız Ondan ən çox qorxanınızdır. Şübhəsiz ki, Allah biləndir, hər şeydən xəbərdardır” (Əl-Hücurat surəsi, 49\13), “Hər biriniz üçün bir yol və bir şəriət təyin etdik. Əgər Allah istəsə idi, hamınızı bir ümmət edərdi. Fəqət O, bunu istəmədiyindən ittifaq etməmişlər və bax beləcə ixtilaf edən vəziyyətdə davam edəcəklər. Ancaq Rəbbinin lütf edərək haqqda birləşdirməyi nəsib etdiyi insanlar istisnadır. Əsasən, O, insanları bunun üçün yaratmışdır.” (Hud surəsi11\118-119) ayələri bu şəkildə yaradılışın hikmətini göstərərək bizi onlarla əlaqə və münasibət qurmağa sövq edir.
Buna görə də insanlar müxtəlif sosial və etnik qruplara mənsub olmalarından üstünlük vasitəsi kimi istifadə etməməlidir. Belə ki, həqiqi üstünlük Haqq qatında yaradılışdan gələn irq, nəcabət və s. kimi xüsusiyyətlərlə deyil, insanın öz iradəsi ilə qazandığı dəyərlərə görə ölçülür ki, Quranda buna “təqva” deyilir. Allah Rəsulu bir hədisi ilə bunu çox gözəl vurğulayır: “Ey insanlar! Buna diqqət edin ki, sizin Rəbbiniz birdir, atanız birdir. Ərəbin ərəb olmayandan, ərəb olmayanın da ərəbdən, ağın qaradan, qaranın ağdan üstünlüyü yalnız təqva ilədir”.
Bundan başqa, birdən çox din, peyğəmbər, kitabın olması, camaat, qövm, millət, ümmət kimi sosial qrupların mövcudluğu və bunlarla əlaqədar insanlar arasında ixtilafların baş verməsi təbii haldır. Bu səhnə din və inanc azadlığı sahəsində insanlara seçim haqqı verilməsinin, cənnət və cəhənnəm yaradılış qayəsinin, insana xas gözəl xüsusiyyətlərin inkişaf etdirilərək yer üzünün dirçəlməsinin səbəb və nəticəsidir. İnsanlar iradələri ilə bu ixtilafları, və ya ixtilafların doğurduğu mənfi nəticələri aradan qaldırmalı və heç nəyə baxmayaraq, həmcinsləri ilə “birgə yaşama” layihəsini həyata keçirməlidirlər. Başqa sözlə, bu, ilahi iradənin biz qullarının qarşısına qoyduğu bir hədəfdir.
***
Qloballaşma bu gün dünyanın ən böyük həqiqətidir. Kommunikasiya və nəqliyyat vasitələrinin inkişafı dünyanın kiçilib kəndə çevrilmə mərhələsini başladan və hər gün yeni faktorlarla sürətləndirən bir amildir. Bu gün dünya coğrafiyasında nə dini yönümlü siyasi sistemlər, nə də demoqrafiq cəhətdən müsəlman, xristian, buddist, hinduist, yəhudi ayrı-seçkiliyi vardır. Yaşadığımız dünyanın həqiqətlərindən agah olmalıyıq. XXI əsrdə II əsrdə yaşayırmış kimi davranmaq öz əllərimizlə özümüzü dünyadan təcrid etmək deməkdir. Bu, müsəlmanların əlayehinə olan qrupların dəyirmanına su tökməkdir. Halbuki, biz eyni yer kürəsini paylaşdığımız insanlarla birgə yaşamağa məcburuq. O halda “Bu dünyada biz də varıq”, - deyərək dəyirmi masa ətrafında oturub qərar verən bir fərd olmağa məcburuq. Yer üzünü cənnətə çevirmək üçün dini, milli və mədəni dəyərlərimizlə bu dünyaya verəcəyimiz bir çox faydalar vardır. Bizim xaricimizdəki dünya bu dəyərlərin bir çoxundan hələ xəbərsizdir, hətta onu xəyalına belə gətirmir. Bu mənada “güclü mədəniyyətin zəif mədəniyyətdən alacağı heç nə yoxdur” tezisi ilə çıxış edib, “Xristianlığın İslamiyyətdən götürəcəyi heç nə yoxdur” - deyənlər, təəssüf ki, yanılırlar. Bu, maddi və mənəvi tərəfləri ilə Qərb dünyasını bir bütöv kimi görə bilməyən və tanımayan insanların ortaya atdığı bir düşüncədir.
Nəticə etibarilə, dini cəhətdən Peyğəmbərimizin ölçüsündə digərləri ilə əlaqə, münasibət qurmağa məcburuq. “Rəhbər” və “model insan” deyə dilimizdə daima təkrar etdiyimiz anlayışlar çərçivəsindən baxanda biz Allah Rəsulunun nümunəvi həyatını bir bütöv kimi həyatımıza tətbiq etməklə mükəlləfik. Onun ancaq ibadət və ya sadəcə müsəlmanlarla əlaqəsini nümunə götürmək - dini parçalmaq, işimizə yarayan, ürəyimizə yatan tərəflərini götürüb digərlərini rədd etmək mənasına gəlir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı:Xəyalə Sadıqova
Zaman.-2015.-29 aprel.-S.13.