Azərbaycanda dini inanclarını maneəsiz şəkildə yaşayan azlıqlardan biri də yəhudilərdir

 

Azərbaycan qədim dövrlərdən bəri müxtəlif xalqların yaşadığı, bir-birilə qaynayıb-qarışdığı bir məkan olub.

 

 

Ölkəmiz milli kimliyindən, dini inancından asılı olmayaraq, hər kəsə qarşı göstərdiyi tolerant münasibətə görə hər zaman əmin-amanlıq diyarı olub. Tarixin müxtəlif dövrlərində işğallara məruz qalmasına, ayrı-ayrı xalqların, mədəniyyətlərin təsiri altına düşməsinə baxmayaraq, Azərbaycan öz milli kimliyini, dini dəyərlərini və dövlətçilik ənənələrini qoruyub saxlaya bilib. Eyni zamanda birgə yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin formalaşması və inkişafı üçün şərait yaradıb. Dünya ölkələri arasında Azərbaycan dini zəmində münaqişələrin yaşanmadığı yeganə ölkələrdən hesab olunur. Hətta azadlığın, demokratiyanın sözdə hökm sürdüyü Avropa ölkələrində belə müxtəlif din mənsubları təqib olunur, ibadət yerləri hücuma məruz qalır.

 

Ötən ilin iyul ayında Fransanın paytaxtı Parisdə antiisrail nümayişçilər tərəfindən yəhudilərin dini ibadət yerləri olan sinaqoqlardan biri yandırılmışdı. Dünya mediasında səs-küyə səbəb olan bu hadisənin qarşısı Yəhudilərin Müdafiəsi Liqası tərəfindən alınır.

 

Azərbaycan Respublikasının Konstitusiyası “Dini etiqad azadlığı haqqında” qanuna əsasən, vətəndaşlarına azad ibadət etmək hüququ verir. Ölkəmizdə dini inanclarını, adət-ənənələrini maneəsiz şəkildə yaşayan azlıqlardan biri də dağ yəhudiləridir.

 

Əsasən ölkəmizin Quba, Şamaxı, Oğuz, Gəncə, İsmayıllı kimi bölgələrində məskunlaşan yəhudilərin sərbəst ibadəti üçün kifayət qədər sinaqoq fəaliyyət göstərir. Qubadakı Krasnaya Slobada qəsəbəsi təkcə postsovet məkanında deyil, bütün dünyada dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir. Onların ölkə ərazisindəki sayı 20 minə yaxındır ki, bunların 75 faizi Bakıda məskunlaşıb.

 

Dövlətin yürütdüyü tolerantlıq siyasətinin nəticəsində paytaxt ərazisində dağ yəhudilərinin dini icması üçün Yəhudi Mədəniyyət Mərkəzinin tikilməsi məqsədilə 600 kvadrat metrlik torpaq sahəsi ayrılıb.

 

Qeyd etdiyimiz kimi, Azərbaycanda qeyri-müsəlmanların da ibadəti üçün lazımi şərait yaradılıb. Sizə ölkə ərazisində yerləşən sinaqoqları təqdim edirik.

 

 “Dağ yəhudiləri”nin sinaqoqu

 

Bakıdakı dağ yəhudilərinə məxsus sinaqoqun binası 1945-ci ildən fəaliyyət göstərir. Sovet hakimiyyəti dövründə II Dünya müharibəsi bitdikdən sonra dağ yəhudilərinə şəhərin mərkəzində dini tələbatın ödənilməsi məqsədilə qədim bina ayrılır. Binanın şəraiti çox bərbad olduğundan buraya ibadətə gələnlər şəraitsizlikdən əziyyət çəkirdilər. Bu cür hal Azərbaycanın müstəqillik qazanmasına kimi davam edir. Müstəqillik dövründə məbəddə təmir-bərpa işlərinə başlanılır, sinaqoqun ikinci mərtəbəsi tikilir və buraya ibadətə gələnlər üçün münasib şərait yaradılır.

 

2010-cu ildə Bakı şəhərində aparılan yenidənqurma və əsaslı bərpa işləri ilə əlaqədar dağ yəhudiləri üçün yeni sinaqoqun inşasına ehtiyac yarandığı üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və qayğısı ilə bu işə başlanılır. 5 aprel 2011-ci ildə Nəsimi rayonu, Əli Mərdan Topçubaşov küçəsi, 72 ünvanında dağ yəhudiləri üçün inşa edilən yeni ibadət ocağının açılış mərasimi keçirilir. Memarlıq xüsusiyyətlərinə və ölçülərinə görə təkcə Azərbaycanda deyil, regionda digər yəhudi məbədlərindən fərqlənən sinaqoqun açılış mərasimində rəsmi şəxslər, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, yəhudi icmasının üzvləri, eləcə də İsrail, Rusiya və digər ölkələrdən qonaqlar iştirak edirlər.

 

 “Avropa və Gürcüstan yəhudiləri”nin sinaqoqu

 

Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 171 ünvanında yerləşən Avropa və Gürcüstan yəhudilərinin sinaqoqu 2003-cü il martın 9-da açılıb. Məbəd bakılı memar Aleksandr Qarberin layihəsi əsasında Qüds memarlıq tərzində inşa edilib. Sözügedən ibadət yeri son 60-80 ildə Yaxın Şərqdə tikilmiş birinci sinaqoq sayılır.

 

Avropada ən böyük sinaqoqlardan biri hesab edilən bu tikili köhnə məbədin yerində ucaldılıb. İkinci Dünya müharibəsi qurtardıqdan sonra Sovet hakimiyyəti dini ehtiyacın ödənməsi üçün Avropa və Gürcüstan yəhudilərinə qədimdə hərbi anbar olan birmərtəbəli bina ayırır. Burada kişilər ibadət etmək üçün soyuq və nəm zirzəmiyə düşürdülər, qadınlar isə yuxarıdakı otaqda dua edirdilər. Binanın eyvanı da qadınların ixtiyarına verilirdi.

 

Hazırda üçmərtəbəli, daşdan tikilmiş yeni sinaqoqda dindarlar üçün komfortlu şərait yaradılıb. Sinaqoqun inşasında müxtəlif dinlərdən və təbəqələrdən olan insanlar iştirak ediblər. Layihədə xüsusi əməyi keçən hər şəxsin və təşkilatın adı məbədin girişindəki lövhələrdə həkk olunub. Tikintinin maliyyələşdirilməsində təkcə xaricdə yaşayan yəhudi təşkilatları deyil, həmçinin Qafqaz Müsəlmanları İdarəsi və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası da yaxından iştirak edib. Bu isə Azərbaycanda müxtəlif dini konfessiyalar arasında mövcud olan sarsılmaz tolerantlığın parlaq təzahürüdür.

 

Qırmızı qəsəbə “Giləki” sinaqoqu

 

Quba rayonundakı Qırmızı qəsəbədə yerləşən “Giləki” adlı sinaqoq Cənubi Azərbaycanın Gilan vilayətindən gəlmiş mühacirlər tərəfindən inşa edilib. Məbədin memarı Gilel ben Xaimdir. Onun adı sinaqoqun kərpic fasadında həkk olunub. Özül daşının üzərindəki yazıdan məlum olur ki, məbəd 1896-cı ildə ucaldılıb. Lakin giriş qapısının üzərində başqa bir lövhə də mövcuddur. Burada isə başqa bir tarix, yəni 1857-ci il yazılıb. Ola bilər ki, bu lövhə gilanlı yəhudi mühacirlərin daha əski məbədindən gətirilib və sinaqoqun giriş qapısı üzərinə vurulub. Dördsütunlu dam üzərində ucalan ensiz, altıguşəli günbəz Giləki məbədinə xüsusi gözəllik verir. Sinaqoqun binasında İsrail qolunun sayına uyğun olaraq, 12 pəncərə vardır. Tarixi qaynaqlardan əvvəllər sinaqoqun yanında bulaq olduğu məlumdur. Ehtimala görə, Qubada XIX əsrin birinci yarısında tikilmiş məscid Gilan məbədi üçün prototip olub, çünki altıguşəli günbəz bir vaxtlar şüşədən idi və dua otağını işıqlandırırdı. Analoji dam örtüyü isə Quba məscidində də mövcuddur. Keçmişdə Giləki sinaqoqunda dağ yəhudilərinin digər məbədlərindəki kimi, qadınlar üçün ayrıca otaqlar yox idi. Qadınlar yalnız bayram vaxtı buraya gəlirdilər və sinaqoqun həyətində otururdular. Hazırda isə qadınlar bayram vaxtı məbədə buraxılırlar.

 

Qırmızı qəsəbənin “Altı günbəz” sinaqoqu

 

Quba rayonunun Qırmızı qəsəbəsindəki İsaak Xanukov küçəsində yerləşən sinaqoq 1888-ci ildə inşa edilib; memarı Gilel ben Xaimdir. Altı günbəz (sinaqoq həm də 6 guşəlidir) qəsəbədəki Qilqat məhəlləsi sakinlərinin Qələduz kəndi ətrafından Quba xanı Hüseynəli xanın icazəsi ilə 6 gün ərzində bura köçüb gəlmələrinin rəmzidir. Məbədin 14 əsas pəncərəsi vardır.

 

Böyük ibadət zalı olan sinaqoq Şərq üslubunda tikilmiş qədim memarlıq abidəsidir. İçərisindəki ibadət divarına baxan hissə aron-kaduş adlanır. O, hündürlüyünə görə Avropada təkrarı olmayan və Yerusəlimə baxan qibləgahdır. Hündürlüyü 7 metrdir. Müqəddəs kitab həmin divarda yerləşən dolabda saxlanılır.

 

Pəncərələri altıguşəli ulduz şəklində palıd ağacından hazırlanıb. Sinaqoqun bərpasına 1995-ci ildə başlanılıb və 2000-ci ilin oktyabr ayında başa çatdırılıb. Hazırda dindarların istifadəsində olan məbədin zirzəmisində dini mərasimlərin keçirilməsi üçün 60 nəfərlik ibadət zalı və mətbəx də vardır.

 

 “Yuxarı məhəllə” sinaqoqu

 

Oğuz şəhəri, Arzu Əliyeva küçəsində yerləşən “Yuxarı məhəllə” sinaqoqu 1897-ci ildə Ravvin Baruxun köməkliyi və başçılığı ilə tikilib. Sovet dövründə digər ibadət ocaqları kimi, bu sinaqoq da bağlanıb və daha sonra anbar kimi istifadə olunub.

 

2004-cü ilin oktyabr ayında sinaqoq Oğuzda yaşayan yerli yəhudilər tərəfindən təmir olunmağa başlanır və 2006-cı ildə təmir başa çatır. Sinaqoq hal-hazırda ibadətgah kimi istifadə olunur. Həftənin 5-ci və 6-cı günləri yəhudilər burada sərbəst ibadət edirlər.

 

 “Aşağı məhəllə” sinaqoqu

 

Oğuz şəhəri, Qüdrət Ağakişiyev küçəsində yerləşən “Aşağı məhəllə” sinaqoqu  1849-cu ildə tikilib. Bu sinaqoq Sovet dövründə tütün və mebel anbarı kimi istifadə olunub. Sinaqoq 1992-ci ildə yerli yəhudilər tərəfindən təmir olunmağa başlanıb və 1994-cü ildə başa çatıb. Bir əsr yarımdan çox zaman keçməsinə baxmayaraq, sinaqoq inşa edilərkən içində istifadə olunan dirəklər hələ də sağlam olaraq qalmaqdadır.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 Xəyalə Sadıqova

Zaman.-2015.-8 avqust.-S.13