“Ziyalısına qiymət qoymayan cəmiyyətin gələcəyi yoxdur”

 

Cabir Albantürk (şair-publisist)

 

 

Görkəmli tənqidçi və ədəbiyyatşünas, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin Qubada, Alekseyevka qəsəbəsindəki bağ evində olduğunu bilirdim. Onu da bilirdim ki, professor hər yay burada istirahət əvəzinə işləyir... Zəng vurub görüşmək istədiyimi söylədim. Məni səmimi qarşıladı. Çağdaş ədəbi prosesdən, Quba regionunun ədəbi-ictimai mühiti barədə söhbət etdik. Ayrılanda ondan yeddi sualıma cavab verməyini xahiş etdim... Və beləcə, bu müsahibə alındı.

 

- Nizaməddin müəllim, Azərbaycanın dünya miqyasına təqdim edilə biləsi geniş dünyagörüşə malik alimlərindən biri olduğunuz üçün başlayaq dünyanın durumundan. Bugünkü dünyada baş verənlər, sizcə, insan cəmiyyətinin növbəti qanlı mərhələsimi, yoxsa Qiyamətin yaxınlaşmasını şərtləndirən əlamətlərdir?

 

- Nə odur, nə də bu. Dünya öz işindədir. Hər təzə gələn nəsil elə bilir ki, dünya onundur, Süleyman Peyğəmbər də elə bilirdi. Bir gün Həzrət Süleyman öz başının dəstəsi ilə gedirmiş. Görür ki, əldən düşmüş qoca bir qarı dayanıb yolun kənarında. Yanında da bir xəmir təknəsi. Süleyman soruşur: “Sənə nə kömək edim?” Qarı cavabında: “Bu xəmir təknəsini qaldırıb çiynimə qoymaq lazımdır”, - deyir. Süleyman pəhləvanlarına əmr edir. Hansı pəhləvan təknəyə əl atıb güc vurursa, qolları, ayaqları qırılır. Axırda Süleyman əleyhissəlam özü atdan düşür. Təknəyə güc vurduqca qurşağadək girir torpağa, təknə isə yerindən tərpənmir. Allahın öz peyğəmbərinə rəhmi gəlir, onu salamat saxlayır. Qarı dişsiz ağzını açıb gülür: “Sənsən “dünya mənimdir” deyib öyünən Süleyman?! Və təknəni çiyninə qoyub uzaqlaşır... Təknə dünyanın simvolu imiş. Biz Süleymana qalmayan dünyanın müvəqqəti sakinləriyik. Allah onu bizə kirayəyə verib. Bu yerdə dünyadan qədri bilinmədən köçmüş Qubalımız olan filosof şair Ələkbər Salahzadənin kirayənişin qaldığım vaxt əzbərlədiyim misralarını xatırlamaq istərdim:

 

 

 

Bu dünya kirkirədi

 

Kirədəyik, kirədə,

 

Ömrümüzü veririk

 

Elə buna görə də...

 

 

 

Bu gün dünya adlandırdığımız Yer kürəsində (Əslində dünya ərş və fərşdir) lokal müharibələr gedir. Şərq - İslam ölkələri dağılır. Mən əvvəl elə düşünürdüm ki, Şərqdə gedən müharibələr, xaçlı (xristian) dünyasının İslam aləminə hücumu onsuz da baş tutmayan  İslam birliyinə rəxnə salmaq niyyətindən törəyib. Əlbəttə, bu da olmamış deyil. Rusiyanın Ukraynada törətdiklərindən sonra mən də belə qənaətə gəlirəm ki, bunlar imperialist dövlətlərin bölüşdürülmüş dünyanı yenidən bölüşdürmək cəhdləridir. Xüsusilə, Rusiya və Amerika dünya ağalığından - hegemonluğundan əl çəkmir, ərəb nefti və Orta Asiya qızılına can atır. Rusiya keçmiş sovet məkanına daxil olan 14 respublikanın müstəqilliyi ilə nəinki barışa bilmir, Ermənistan kimi yarımmüstəmləkə halında saxlamaq istəyir. Və bir maraqlı faktor da var: dünyada Çin kimi üçüncü bir güclü dövlət olsa da, Türkiyə Cümhuriyətinin də iqtisadi, hərbi və siyasi nüfuzunun artması, üçüncü monodövlətin meydana çıxması, başqa sözlə, qüvvətli şərikin yaranması, rus məsəli ilə desək “Tretiy liçnıy” “həqiqətini” qabardır. Amerikanın Türkiyəni Orta Doğu Projesinin maşasına çevirərək Suriya ilə daimi münaqişədə saxlaması, İŞİD bəlasının, PPK terrorunun ayağına aparması, önündən çəkilməyə vadar etməsi gücdən, nüfuzdan salmanın gedişləridir.

 

 

 

Dünyanın yolu nadanlıqdan insanlığa doğru yönəlib. Müharibələr nadanlığın silahlı təzahürüdür. Bu gün lokal müharibələr sayəsində Şərqdə böyük İslam mədəniyyəti məhv olur, abidələr, ziyarətgahlar dağıdılır, uşaqdan qocayadək insanlar qırılır. Özünü sivil dövlət, insan haqlarının müdafiəçisi və demokratiyanın beşiyi hesab edən Amerika dünyaya divan tutur, xalqları qorxu və vahimə içində saxlayır. Dünyada mərhəmət azalıb. Qurtuluş Allaha sığınmaq və ədalətə tapınmaqdadır.

 

- Qurula bilsəydi, Türk - İslam aləminin aparıcı ölkələrindən biri olmaq imkanına malik Bütöv Azərbaycanın müasir milli dövlətçilik məfkurəsini - Azərbaycançılığı formalaşdırmış bir filosof alim kimi bu günümüz və gələcəyimiz haqqinda düşüncələriniz maraqlı olardı...

 

- Bütöv Azərbaycan mənim ən böyük arzum, Turan milli idealımdır. Mənə həsr olunmuş “Filosof tənqidçi” (2011) kitabının ilk səhifəsində yazılıb: “Mənim arzum: Azərbaycanı bütöv görmək”. Ötən il məni Qazaxıstana Turan şəhərinin açılışına dəvət etmişdilər, təəssüf ki, gedə bilmədim. Hər halda Azərbaycanı bütöv görmədən ölmək istəmirəm. Hazırda “Türkmənçay” adlı ikipərdəli, altışəkilli tarixi faciə üzərində işləyir və bu mətləbi səhnəyə gətirmək, çox şeyləri unutmuş qloballaşma dövrünün kreativ Azərbaycan gəncliyinə göstərmək istəyirəm.     

 

“Azərbaycançılıq” (2006) kitabımda yazılıb: “Türk millətindənəm, İslam ümmətindənəm, Azərbaycan məmləkətindənəm!” - bu mənim şüarımdır. Bir də belə yazılıb: “Azərbaycançılıq türkçülüyün vətən əxlaqı müstəvisində dərkidir”. “Vətən əxlaqı” böyük türkçü Ziya Göyalpın sözüdür. Vətəni zaman-zaman yağmalanmış xalq üçün vətənçilikdən böyük anlayış yoxdur. “Vətən övladımızın məskənidir, Vətən əcdadımızın mədfənidir” (A.Səhhət). Bundan daha yaxşı demək çətindir.

 

Əlbəttə, tarixi bir ədalətsizlik nəticəsində 200 ildən artıq bir-birindən ayrı düşmüş xalqın birləşməsi müəyyən problemlər də doğuracaq. Lakin ən ədalətli hakim olan TARİX öz səhvini düzəldəcək və hər şeyi yerbəyer edəcəkdir, inşallah!

 

Tarixi bir həqiqətdir ki, bu gün Azərbaycan dünyada görünməmiş vüsətlə yenidən qurulur, tikilir. Beynəlxalq aləmdə iqtisadi və siyasi nufuz qazanır. Bununla bərabər, Azərbaycanda ümummilli siyasi mühitin formalaşması ləngiyir...

 

 

 

“Hər şeydən öncə peşəkar tənqidçiyəm”

 

- Ədəbiyyat nəzəriyyəsinin elmi əsaslarını yenidən işləyib hazırlamış bir filoloq alim olaraq çağdaş ədəbiyyatımızın Azərbaycanın bugünkü durumunda cəmiyyətə aşılamalı olduğu milli-mənəvi dəyərlər və ortaya qoyduğu əsərlərdə bədii sənətkarlıq səviyyəsi sizi qane edirmi?

 

- Mən hər şeydən öncə peşəkar tənqidçiyəm. Ədəbiyyat tarixinə nəzər salsaq görərik ki, dünyanın böyük yazıçılarından bir çoxu tənqidi sevməyib; məsələn. A. P. Çexov, E.Hemenquey kimi sənətkarlar onu hətta lazımsız hesab ediblər.

 

Bəli, mənim bu gün ölkənin bütün ali məktəblərində istifadə olunan “Ədəbiyyat nəzəriyyəsi” (2012) dərsliyim təkcə Azərbaycan ədəbi-nəzəri fikrinin imkanları hüdudunda deyil, dünya ədəbiyyatının təcrübələri əsasında yazılıb, hansı dilə tərcümə olunsa, o ölkədə dərslik kimi istifadə edilə bilər. Bizim ədəbiyyatda həmişə Allah vergisi olan istedad sahibləri yazıb-yaradıb. Bu gün də, Allaha şükür, istedadlı yazıçı və şairlərimiz var. Əlbəttə, ad çəkmək həmişə müqayisə, mübahisə və qısqanclıq doğurur. Amma bu məni heç vaxt narahat etməyib, çalışmışam ki, dahi Sabir demiş “Pisi pis, əyrini əyri, düzü həmvar yazım”. Nəsr sahəsində Anar, Elçin, Ç. Abdullayev, V. Babanlı, S. Səxavət, A. Məsud, M. Süleymanlı, A. Abbas, M. Çəmənli, E. Hüseynbəyli, H. Mirələmov, S. Elcanlı və başqaları, poeziya sahəsində F. Sadıq, N. Həsənzadə, F. Qoca, R. Rövşən, S. Rüstəmxanlı, M. Yaqub, Z. Yaqub, M. İsmayıl, B. Bayatlı (Cəbrayılzadə), Ç. Əlioğlu, P. Qəlbinur. E. İskəndərzadə, V. Bəhmənli, R. Məcid, B. Vəziroğlu, Ə. Ol, A. Cəmil, A. Həsənli, S.Sarvan və başqaları hərə öz istedadı və peşəkarlığı səviyyəsində əzmlə  yazıb-yaradır. Əgər sağ olsaydılar, V. Səmədoğlu və Ə. Salahzadənin adlarını bu sıranın önündə yazardım. Etiraf edim ki, gənclərin əsərlərini oxumağa imkanım olmayıb, ona görə də adlarını çəkə bilmirəm. Bir ay öncə, sayənizdə özü və yaradıcılığı ilə yaxından tanış olub, kitabına ön söz yazdığım Məmməd Qədir ruhən gənc olsa da, yaşı 50-ni keçmiş şairlərdəndir.

 

Tənqid və ədəbiyyatşünaslıq haqqında mülahizələrimi “Ədəbiyyat qəzeti”ndə dərc olunan “Tənqiddə meyarsızlıq sindromu” silsiləsində (hələlik, 9 məqalə) deməyə çalışmışam. Dramaturgiyamızın dəyərli nümunələrini Xalq yazıçısı Elçin yaradır. Ə. Əmirlinin, F. Mustafanın bu sahədəki fəaliyyəti təqdirəlayiqdir.

 

 

 

“Obyektiv və səmimi yazmağa cəhd etmişəm”

 

- Sonuncu “Mən kiməm?” avtobioqrafik - həyatnamə kitabınız həmişəki kimi müsbət mənada ehkam və çərçivələri dağıdaraq iki (müstəqillikdən öncəki və sonraki) cəmiyyətin yığcam təhlili tarixnaməsinə çevrilmişdir. Kitabı yazarkən demək istəmədiyiniz və ya yadınıza düşməyən mətləblərdən hansınısa oxucularınızla bölüşmək istərdinizmi?

 

- “Mən kiməm?” ötən yay 60 yaş ərəfəsində elə burada - Qubada, Alekseyevka qəsəbəsindəki bağ evimdə birnəfəsə yazılıb. Fikirləşirdim ki, bu fani dünyada 60 il həyat sürmüş, ömrü özünütəsdiq, haqq və ədalət uğrunda təkbaşına mübarizələrdə keçmiş, ötən ömrü illərin sayı tək deyil, əməllərin silsiləsi - tale kimi yaşamış, millətini və dövlətini sevən bir ziyalı özü haqqında bir yazı qoyub getməlidir. Şübhəsiz ki, hər şeyi yazmaq mümkün və lazım deyil. Çalışmışam ki, məni və zəmanəni (mənim fikrimcə) səciyyələndirən əsas faktları və olayları təqdim və təhlil edim. Obyektiv və səmimi yazmağa cəhd etmişəm, hələlik, oxuculardan və alim-ziyalı dostlarımdan ürəkaçan rəylər eşidirəm.

 

Əgər istəsəydim, bu kitabı bir neçə cilddə yazardım. Mən həmişə həyatda həqiqi mənada yaşamağa, arzu və istəklərimə nail olmağa çalışmışam. Yazıçı, professor dostum Aqşin Babayev 50 yaşımda haqqımda yazdığı məqaləni “Sürətlə yaşayan adam” adlandırmışdı...

 

 

 

Kitabda bir çox mətləbləri sətiraltı mənalarda vermişəm. Doğulduğum İspik  kəndinin və mənsub olduğum nəslin tarixini, məxsusən də mənə həyatda nümunə olmuş atam Şəmsəddinin obrazını geniş vermək istərdim. Ailə-məişət mövzusunda, intim həyatdan danışmağı və yazmağı xoşlamıram. Çox istərdim ki, elmi yaradıcılıq axtarışlarımı və filologiya elmimizə verdiyim töhfələri geniş şərh edim.

 

1993-1998-ci illərdə fəal siyasətə qoşulmağımı səhv hesab edir, ömrümün itirilmiş dövrü kimi qiymətləndirirəm, əsl alim siyasətlə məşğul olmamalıdır. Amma ziyalı mövqeyini ortaya qoymaqdan da çəkinməməlidir. Siyasətdə əxlaq yoxdur, əxlaqsız da ziyalı olmur...

 

Gələcəklə bağlı baxışlarımı, dünyagörüşümdəki ziddiyyətləri daha dərindən şərh edə bilərdim. Allah ömür versə, tələbəlikdən ürəyimdə gəzdirdiyim “Kirayənişin” romanımda nəslimin, ömrümün və dövrümün vacib olaylarını əks etdirəcəyəm.

 

ardı var

Zaman.-2015.-11 avqust.-S.9.