“Qəbələdə Olimpiya
Atıcılıq Növləri üzrə Dünya
Kubokunda təşkilatçılıq
yüksək səviyyədədir”
Qəbələ rayonunda Olimpiya Atıcılıq Növləri
üzrə Dünya Kuboku yarışlarının
final mərhələsinin rəsmi
açılış mərasimi
keçirilib.
Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində
təşkil olunan mərasimdə öncə
Azərbaycanın Dövlət
himni səsləndirilib.
Tədbirdə “Qəbələ”
İdman Klubunun prezidenti Tale Heydərov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Qəbələ
Rayon İcra Hakimiyyətinin
başçısı Səbuhi
Abdullayev, Azərbaycan
Atıcılıq Federasiyasının
prezidenti Hafiz Cəfərov,
Beynəlxalq İdman Atıcılıq Federasiyasının
prezidenti Oleqario Vaskes Ranyan və
baş katibi Frans Şrayber çıxış ediblər.
Natiqlər Azərbaycanda idmanın
maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində görülən
işlərdən, ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən idmançılara
göstərilən diqqət
və qayğıdan,
qazanılan uğurlardan
danışıb, yarış
iştirakçılarına uğurlar arzulayıblar.
“Qəbələ” İdman
Klubunun prezidenti Tale Heydərov qeyd edib ki, Azərbaycan
Olimpiya Atıcılıq
Növləri üzrə
Dünya Kuboku yarışlarına ev sahibliyi etməklə dinamik inkişaf edən idman ölkəsi kimi tanınmasına və olimpiya hərəkatına
qoşulmasına böyük
təkan verir.
Diqqətə çatdırılıb ki, ölkə Prezidenti cənab İlham
Əliyevin yaxından
dəstəyi ilə ölkəmizdə düzgün
idman siyasətinin həyata keçirilməsi
nəticəsində bu
il birinci Avropa Oyunları məhz Azərbaycanda keçirilib. Avropa Oyunlarından sonra
ən böyük yarış hesab olunan Atıcılıq üzrə Dünya Kuboku yarışlarının
Qəbələdə keçirilməsi
isə ölkəmizdə
aparılan uğurlu idman siyasətinin ən böyük nailiyyətlərindəndir.
Natiq öz çıxışında qeyd
edib ki, bu yarış Qəbələnin dünyada
tanınmasına çox
böyük töhfə
verəcək. Mərasimdə diqqətə çatdırılıb
ki, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi və “Qəbələ” Atıcılıq
Klubunun, Azərbaycan Atıcılıq Federasiyasının
təşkilatçılığı ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində
dünya reytinq cədvəlində xüsusi
yer tutan olimpiya atıcılıq növləri üzrə
100-ə yaxın ölkədən
2 minə yaxın idmançı, eləcə
də rəsmi qonaq və idman
nümayəndəsi iştirak
edir.
Məlumat verilib ki, Dünya Kuboku uğrunda yarışların
5 mərhələsi ötən
bir il ərzində
ABŞ, Almaniya, BƏƏ, Kipr və Meksikada
keçirilib. Həmin yarışlarda
xal toplayaraq dünya reytinqində yer tutan idmançılar
Qəbələdə keçirilən
dünya kuboku uğrunda yarışların
final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Yarışların 6-cı mərhələsi, yəni final görüşləri
avqust ayının
16-dək Qəbələdə keçiriləcək. Bu yarışlar
2015-ci il ərzində Beynəlxalq
İdman Atıcılıq
Federasiyasının təqvim
planında Avropa və Dünya çempionatından sonra ən mühüm yarış hesab olunur.
Yarışlara Qəbələ Stend
və Ox Atıcılığı
Kompleksində start verildi.
Atıcılığın 17 növü üzrə
keçirilən bu yarışlarda idmançılar
2016-cı ildə Braziliyanın
Rio-de-Janeyro şəhərində
keçiriləcək Yay
Olimpiya Oyunları üçün 34 lisenziya
uğrunda mübarizə
aparır. Yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının
rəsmi televiziya kanalı olan “ISSF TV” vasitəsi ilə canlı yayımlanır.
Çıxışlardan sonra Beynəlxalq İdman Atıcılıq
Federasiyasının prezidenti
Oleqario Vaskes Ranyan Dünya Kuboku yarışlarının
rəsmi açılışını
elan edib və federasiyanın himni səsləndirilib.
Tədbir möhtəşəm konsert
proqramı ilə davam etdirilib.
“İlk dəfədir
ki, Azərbaycana gəlirəm. Burada gördüklərim məni, sadəcə, heyran edib”. Bunu atıcılıq üzrə
Rusiya millisinin üzvü Kira Mozqalova deyib. Qəbələdə keçirilən
Dünya Kubokunda 25 metr məsafədən atəş açmaqda qüvvəsini sınayan Mozqalova Atıcılıq
Mərkəzini tərifləyib:
“möhtəşəm Atıcılıq
Mərkəzində mübarizə
aparırıq. Belə idman
qurğuları heç
bizdə yoxdur. Təşkilatçılıq yüksək səviyyədədir.
Komandamızın bütün üzvləri
Qəbələdən məmnun
qalıb. Yalnız
havanın isti olması bir az çətinlik
yaradır. Lakin deyirlər ki,
Bakı buradan da istidir. Bunu nəzərə alsaq, hava problemi ciddi
deyil. Həm də ki biz
yarışdan iki həftə əvvəl Qəbələyə gəlmişik.
Burada təlim-məşq toplanışı
keçdik. Artıq havaya
uyğunlaşdıq”.
Rusiyalı idmançı yarışla
bağlı hədəfini
də açıqlayıb:
“Azərbaycana yaxşı
nəticə göstərməyə
gəlmişəm. Bacardığım qədər Olimpiya lisenziyası üçün
mübarizə aparacağam.
Hədəfim mükafatçılar sırasına düşməkdir.
Təəssüf ki, startda o qədər də uğurlu çıxış
edə bilmədim.
Amma çalışacağam ki,
vəziyyəti düzəldim”.
Qeyd edək
ki, Qəbələ Stend və Ox Atıcılığı Kompleksində
keçirilən Olimpiya
Atıcılıq Növləri
üzrə Dünya Kuboku yarışları davam edir. Avqustun 9-da kişilər
arasında dairəvi səngər stend atıcılığı üzrə
keçirilən yarışlarda
108 idmançı mükafat
uğrunda mübarizə
aparıb. İkiqat Olimpiya
çempionu Vincent Hankok
(ABŞ) birinci, Sebastian Kuntşik
(Avstiya) ikinci, Qabriele Rossetti (İtaliya) üçüncü yeri
tutublar. İlk iki yeri tutan
idmançılar gələn
il Braziliyada
keçiriləcək Yay
Olimpiya Oyunlarına lisenziya qazanıblar. İdmançılara medalları gənclər
və idman nazirinin müavini İsmayıl İsmayılov
və Beynəlxalq İdman Atıcılıq
Federasiyasının baş
katibi Frans Şrayber təqdim ediblər.
Olimpiya və dünya çempionlarının
iştirak etdikləri
bu yarışda Azərbaycanı təmsil
edən Emin Cəfərov 28-ci, Niyaz Ağazadə 64-cü, Paşa
Əhədpur 88-ci yeri
tutublar. Dünya kuboku yarışlarında
Olimpiya Oyunları zamanı medal qazanmış
50-dən çox idmançı
iştirak edir. Həmçinin atıcıların 100-dən çoxu dünya çempionatlarının mükafatçısıdır.
Burada elə idmançılar var ki, 3 və
ya 4 dəfə Olimpiya çempionu olublar.
Dünən qadınlar arasında
tapançadan 10 və
25 metr məsafəyə,
kişilər arasında
isə 50 metr məsafəyə atəş
açma yarışları
keçirilib. Bu yarışlarda
Azərbaycanı qadınlardan
Nigar Nəsirova, Zərifə Qasımova, Xəyalə Hüseynli, Leyla Mirzəzadə, Rübabə Quluzadə, Ülviyyə Eyvazova, kişilərdən Ülfan
Axundov, Elvin Astanov, Məmmədəli Abdullayev
və Rəsul Məmmədov təmsil ediblər.
Pərviz
Əliyev, Qəbələ
Zaman.-2015.-11 avqust.-S.7.