XIII əsrdən dünyaya
tolerantlıq dərsi verən Mövlana
Mövlana Cəlaləddin
Rumi son illər Qərbdə ən çox oxunan şairlərdəndir.
Onun ingilis dilinə
tərcümə edilən
əsərləri yüz
min tirajlarla satılır.
Madonna kimi məşhur
sənətçilərin albomlarında onun şeirlərinə yer verilir. Bununla da həm ona olan sevgi
və hörmətlərini
ifadə edirlər, həm də onu sevənlərlə ünsiyyət yaratmış
olurlar. Məsələnin
maraqlı tərəfi
isə odur ki, onu oxuyanlar
arasında müxtəlif
dinlərdən, inanclardan,
irqlərdən və
sosial qruplardan insanlar var. Halbuki daha on il
əvvələ qədər
onu yalnız elmi çevrələrdə
tanıyırdılar. Bu gün isə Amerikanın ədəbi mühitində həyəcanverici
və fəlsəfi bir gücə çevrilmişdir. Ən əhəmiyyətli
tərəflərindən biri
isə öz mesajlarını heç kimi incitmədən çatdırması və
hər kəsi qucaqlayaraq, özünə
doğma bilməsidir.
Buna görə də
Mövlananı sıravi
bir sufi
kimi, hindi, buddist və ya yəhudi rahiblərinə bənzətmək
olmaz. O bunu öz üzərində reallaşdıraraq insanlığın
zirvəsinə yüksəlmişdir.
Bu səviyyəyə yüksəlmiş insanlar
doğulduqları və
boyüdükləri ölkələrin
sərhədlərinə sığmazlar.
Onların hədəfi bütün
insanlara xitab etməkdir. Mövlananın şeirlərinin bu gün kilsələrdə,
sineqoqlarda, monastırlarda,
Nyu-Yorkun sənət mərkəzlərində oxunmasının
və əks-səda verməsinin səbəbi də budur. Elə gorünür ki, o bütün insanlığın
Mövlanasıdır. Bəs insanlar niyə Mövlananı oxuyurlar?
Onda və şeirlərində
nələr tapırlar?
On üçüncü əsrdə Konyada yaşamış olan Mövlana qloballaşan dünyaya və müasir insana nə verə bilər ki?
Şeir
oxumağı sevməyənlər
belə...
Bu suallara veriləcək
cavablar bir çox baxımdan əhəmiyyətli olacaq. Bir tərəfdən,
qərbli oxucunun maraqları nəzərə
alınır, digər
bir tərəfdən,
onlara müraciət edən və ya etmək istəyənlər
üçün də
əhəmiyyətli cavablar
vardır. Qərbdə yaşayan müsəlmanlar
da bu cavablardan
faydalana bilər.
Ən əhəmiyyətli
və mənalısı
isə Mövlananın
yaşadığı torpaqlarda
yaşayan, onun tənəffüs etdiyi havanı udan həmyerlilərinin bundan
ala biləcəyi ibrətlər
ola bilər.
Amerikalıların Mövlananı niyə oxuduğu ilə maraqlananlardan biri də sənətçi Şahram Şivadır. Mövlananın şeirlərini ilk dəfə
eşidərkən ona
heyran olmuş və bir çox
şeirini ingilis dilinə tərcümə
etmişdir. Şiva, eyni
zamanda müxtəlif proqramlarda və xüsusi yığıncaqlarda
Mövlananın şeirlərini
oxuyur. Onun oxuduğu şeirlər
CD-lərə yazılmışdır.
İnsanların niyə Mövlananı
oxuduqlarına aydınlıq
gətirmək üçün
təxminən 50 adamın
iştirakı ilə
geniş bir araşdırma aparılmışdır.
Araşdırmada iştirak edən
şəxslərdən Mövlananı
hansı səbəbdən
oxuduqları barədə
soruşulmuş və
hər iştirakçının
söylədikləri diqqətlə
yazıldıqdan sonra
ətraflı təhlil
edilərək qiymətləndirilmişdir.
Şiva iştirakçıların verdiyi
cavabları böyük
bir diqqətlə araşdırdıqdan sonra
əlindəki məlumatları
on iki fərqli başlıq altında toplamışdır. Bununla da
insanların Mövlananı
oxumalarının on iki
səbəbi ortaya çıxmışdır.
- Maddilikdən uzaq olması: din hər şeydən əvvəl
hiss və duyğularla
bağlıdır. İştirakçılar Mövlananı onların ağıllarından çox,
ürəklərinə və
hisslərinə xitab etdiyini ifadə etmişlər.
- Fərqli məna səviyyələri: iştirakçılar
Mövlanada müxtəlif
məna səviyyələrinə
rast gəldiklərini
bildirmişlər. Eynilə bir
gülü əhatə
edən yarpaq layları kimi, onun şeirlərində də müxtəlif məna ölçülərini
kəşf etmişlər.
Mövlananı oxuduqca və
öyrəndikcə, onun
nə qədər mənalı olduğunu daha dərindən anlamışlar. Bunun nəticəsi
olaraq, daha dərin mövzulara müraciət etməkdən
çəkinməmişlər.
- Birlik: Mövlananın şeirlərində rast gəlinən birlik, ahəng və bütünlük onlara çox cazibədar gəlmişdir.
- Dost və yoldaş: iştirakçıların böyük
əksəriyyəti Mövlananı
oxuyarkən onu özlərinə bir yoldaş olaraq görmüşdür.
- Fərdi əlaqə: Mövlananı oxumaqla şəxsi təcrübələrini
artırmışlar. Onun
pərəstişkarları dünyanın
və özlərinin
yaranışı barədə
axtarışlar etməyə
cəhdlər etmişlər.
Sanki onun yol
yoldaşı olmağa
çalışmışlar.
- Mərhəmət və dinclik: Mövlananı oxuyanların ortaq bir qənaəti isə odur ki,
onu hər oxuyarkən ürək və konüllərində
bir mərhəmətin
və dincliyin bərqərar olduğunu
hiss etmişlər.
- Həsrət və nigarançılıq: Mövlananın
şeirlərində ilahi
sevgiliyə olan eşq və həsrət onlara çox təsir etmiş, “Məsnəvi”ni oxuyaraq və hiss edərək onun bu həssaslığına
şərik olmaq istəmişlər.
- Eşq əlaqəsi: respondentlərin bəziləri
isə Mövlanaya aşiq olduqlarını etiraf etmişlər.
- Dinlərarası körpü:
iştirakçılara görə,
Mövlana, Qərbdə
yaşayan müsəlmanlarla
müsəlman olmayanlar
arasında bir körpüdür. Mövlana vasitəsilə
bir çox müsəlmanlar Amerika cəmiyyəti tərəfindən
diqqət mərkəzinə
düşmüşlər. Mövlananı oxuyan, sevən
və ona aşiq olan bir çox qərblilər ölkələrində
yaşayan müsəlmanlarla
gözəl əlaqələr
qurmuş və bu əlaqələri inkişaf etdirmişlər.
Mövlana fərqli düşünən
insanları bir-birinə
yaxınlaşdırmışdır; mədəni bir cəmiyyətin formalaşmasına
və birlikdə yaşamalarına təkan
vermişdir.
- Şeiri sevməyənlər:
bəzi iştirakçılar
əslində şeir
oxumağı sevmədiklərini,
ancaq Mövlananın şeirlərinin onları
cəzb etdiyini xüsusilə vurğulamışlar.
- Prosesdə iştirak: iştirakçılar Mövlananın
özünü mükəmməl
bir şəkildə ifadə etdiyini və bu baxımdan
özlərini ona oxşatmaq istəmişlər.
- Rəhbər və mürşid: iştirakçılar
Mövlananı mənəvi
bir rəhbər və mürşid olaraq gördüklərini
vurğulamışlar.
Mədəniyyətlərarası dialoq üçün düstur
Qərbin
öz din və inanclarından kənarda mənəvi bir axtarış içində
olduğunu deyən yazar Tələt Halman “Mövlana mövsümü” olaraq adlandırdığı bu
dövrü çox gözəl izah edir: “Təsəvvüf insanla Allah arasında birbaşa ruhi bağ qurduğu, bir eşq əlaqəsi
üzərində dayandığı,
ənənəvi din qaydalarını
aşdığı üçün
hörmət və sevgi ilə qarşılanır. Buna Mövlananın insanlığını,
coşqulu və mehriban şeirini, sülhpərvər ruhunu,
insanı gündəlik
həyatdan ayıran və çox uzaqlara aparan halını əlavə edin. Bir də göylərin səmavi gorkəmini...”
Goründüyü kimi, Qərbin Mövlananı oxuma səbəbləri fərqlidir və bizim üçün əhəmiyyətli mesajlar daşımaqdadır. Mədəniyyətlərarası dialoq üçün işlərin görüldüyü bir zamanda, heç şübhəsiz ki, ondan çox şey öyrənilməlidir. Qərbdəki müsəlmanlar isə Mövlananı və təlimini hansı səviyyədə öyrəndiklərindən asılı olaraq, həmin cəmiyyətlər tərəfindən qəbul ediləcəklər. İslamı və özlərini cəmiyyətə tanıtmaqda Mövlananın bir beyti, yaxud da kiçik bir hekayəsi onlara çox kömək edəcəkdir. Danışmağa başlamazdan əvvəl dinləyicilərinə ondan bəhs etmək hər şeyi fərqli edə bilər. Cəhalətin və pis niyyətlərin aramızda tikdiyi görünməz, qalın divarların necə yıxıldığına şahid olacaqlar. Mövlananın pərəstişkarı və araşdırıcısı olan Kabir Helminskinin sözləri qulaqlarımda cingildəyir: “Mövlana qəbrindən qalxaraq İslamı izah edir. Həm də bütün insanlığa”.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı:
Xəyalə Sadiqova
Zaman.-2015.-13 avqust.-S.13.