Azərbaycan dini tolerant ölkə kimi
nümunə olacaq səviyyədədir
Əməkdaşımız Esmira Hidayətova tədqiqatçı-jurnalist Pənah Qurbanzadə ilə söhbətləşərkən
Vətənimiz Azərbaycan Qərblə Şərqin
qovşağında yerləşdiyindən müxtəliflilikdən
doğan bu zənginlik təkcə təbiətimizdə yox, həm
də mədəniyyətimizdə özünü çox
aşkar şəkildə büruzə vermişdir. Azərbaycanda
tarix boyu azərbaycanlılarla birgə ən müxtəlif
etnoslar yaşamışlar və bu xalqlar əsrlər boyu
çox qarşılıqlı hörmət şəraitində
ömür sürmüşlər. Bunun
başlıca səbəbi Azərbaycan xalqının
özünün kökündə, qanında olan bir milli
xarakterik xüsusiyyətdir. Bu, millətin
öz xarakterindən irəli gələn bir xüsusiyyət
kimi meydana çıxmışdır. Tolerantlıq
bizim qanımızda, canımızda olub. Məşhur
siyasətçi Mahat Maqandi deyirdi ki, günümüzün
ehtiyacı yalnız bir din deyil, müxtəlif dinlərin tərəfdarlarına
qarşı xoş rəftar, dözümlü münasibət
və qarşılıqlı hörmətdir. Fəlsəfə ensiklopediyasında deyilir ki, bəyənilməyən
hər hansı bir şeyin mövcudluğunda yeganə
düzgün yol təmkinlilik göstərmək siyasətidir.
Dünyanın böyük alimlərinin bu məsələyə
xüsusi önəm verməsi, ümumiyyətlə,
dünyanın inkişafı üçün və
xalqların birgə, bərabər qarşılıqlı
hörmət əsasında yaşaması üçün
başlıca konsepsiyalardır. Bizdəki
mühitin nəticəsidir ki, Azərbaycanda yaşayan müxtəlif
dinlərin nümayəndələri sərbəst şəkildə
yaşayıb çoxalmışlar. Azərbaycanın
dini və etnik azlıqlara hər zaman bərabər münasibət
göstərən bir ölkə olduğunu müsahibimiz, tədqiqatçı-jurnalist
Pənah Qurbanzadə də təsdiqləyir. P. Qurbanzadə
ilə söhbətimizdə mövzuya bir qədər fərqli
nöqtədən yanaşdıq.
- Pənah müəllim, Mingəçevirin
tikintisinə 1945-ci ildə rəvac verildi. Ancaq işçi
qüvvəsi və mütəxəssislər, demək olar
ki, yox idi. Həmin dövrdə bu problem necə
həll edilirdi?
- Əlbəttə, tikinti rəhbərliyinin
qarşısında duran əsas problemlərdən biri məhz
bu idi. Necə etməli, nə etməli, bu işçi
qüvvəsini haradan cəlb etməli sualı meydana
çıxmışdı. Əlbəttə,
müdrik insanlar var idi və onlar SSRİ hökumətinin
müxtəlif yerlərindən Mingəçevirin tikintisinə
işçilər dəvət edirdilər. Onların arasında müxtəlif respublikalardan
müxtəlif millətlərin nümayəndələri var
idi. Məsələn, bu millətlərin
içərisində ruslar, belaruslar, ukraynalılar, özbəklər,
gürcülər, asetinlər, ermənilər, moldovanlar, ləzgilər,
tatarlar var idilər. Əlbəttə ki,
belə sual ortaya çıxa bilər ki, müxtəlif millətlərin
nümayəndələri bir yerdə necə yaşayıb
işləyə bilərdilər. O vaxtı indiki
dünyadakı kimi anlayış yox idi, millətlərə
qarşı aqressiv fikirlər bu qədər geniş
yayılmamışdı. Üstəlik, biz azərbaycanlılar
indi necəyiksə, o vaxtı da daxildən gələn
tolerantlıq hisslərimizi büruzə verirdik. Heç bir dini ayrılıq, seçkilik yox idi.
Şübhəsiz ki, tikintinin rəhbərliyi də
bunlar üçün hər cür şərait
yaradırdı. Heç kəs dini mənsubiyyətinə
görə təqib olunmurdu. Bəzən
elə olurdu ki, bir briqadada 3-4 nəfər qeyri-millətin
nümayəndələri çalışırdılar.
Burada ancaq qarşıya bir məqsəd
qoyulurdu. Hamı əl-ələ verib Mingəçevir
Su-Elektrik Stansiyasının tikintisini vaxtında başa
çatdırmaq üçün
çalışırdı. Bu da öz bəhrəsini
verirdi. Onu da deyim ki, yerli əhalinin
özü də onlara qarşı çox isti münasibətdə
idi. Onların uşaqları bir yerdə,
bir məhəllədə oynayırdılar. Aralarında çox səmimi dostluq, qardaşlıq
münasibətləri var idi. Bu da həmin
millətlərin nümayəndələrinin
hamısını bir yerdə, bir məqsəd uğrunda
çalışmağa həvəsləndirirdi, güc
verirdi. Onların arasında yaxşı təhsilli
mütəxəssislər var idi. Əsas
prinsip bu insanların qüvvəsindən istifadə edib, Azərbaycanın
ilk və yeganə nur çeşməsini vaxtında tikib
istifadəyə vermək məsələsi dururdu. Heç kəs heç kəsin dininə görə
qadağalar qoya bilməzdi.
- Yeri gəlmişkən, Mingəçevirdə
50-60-cı illərdə bəzi müəssisələrin
işçi qüvvəsinin əksəri qeyri-millətlərdən
olub. Yerli əhali bu millətlərə necə
münasibət bəsləyirdi?
-
Çox gözəl münasibət bəsləyirdi. Bir faktı açıqlayım - Mingəçevirdə
5000 nəfər işçi qüvvəsi olan Toxuculuq
Kombinatı var idi. Burada azərbaycanlılarla
yanaşı, gürcülər, belaruslar, ukraynalılar, ermənilər
işləyirdilər. Onlar bir-birlərinin
xeyir-şər işlərində iştirak edirdilər.
Çox mehriban qonşuluq münasibətində
yaşayırdılar. Bildiyimiz kimi, Azərbaycanda texniki
sənətlərin öyrənilməsi bir az
problemli idi. O dəvət olunan qeyri-millətlərin içərisində
çoxlu sayda mütəxəssislər var idi. Toxuculuq Kombinatına dəvət olunan işçi
qüvvəsinin içərisində Rusiyanın bir çox
şəhərlərindən dəvət olunan mütəxəssislər
var idi. Azərbaycanlılar onların
yanında çalışıb sənət öyrənərək
istehsalatda çalışırdılar. Sarvan Salmanov, Bəhlul
Bayramov, Qafar Xəlilov, Nicat Muradov, Oruc Musayev kimi mütəxəssislər,
Mingəçevirin sonrakı məşhur adamları əksəri
rusların yanında bir şagird kimi
çalışıblar və ruslar da onlara çox həvəslə
peşə öyrədiblər. Mingəçevirdə
xeyli sayda gürcülər də çalışıb.
Onlardan Aftandil Karzaya, Tataraşvili, Xursilava, Tarkamadze, alman
qızı Olqa Klyubi və s. Mingəçevirdə işləyiblər.
Onlar mütəxəssis idilər. Bizim xalqımız onlara qarşı o qədər
yüksək səviyyədə hörmət bəsləyib
ki, hətta Aftandil Karzaya rəhmətə gedəndə
çoxlu sayda azərbaycanlı Gürcüstana dəfn mərasiminə
gedib. Bax, bu qeyri-millətlərə bir ailə
kimi hörmət deyilmi? Mingəçevirdə
işləyən bu millətlərin nümayəndələrinin
bir çoxu öz vətənlərinə dönmədilər;
Azərbaycanda qalıb işlədilər, ailə qurdular.
Bir faktı da diqqətə çatdırım ki, Mingəçevir
Su-Elektrik Stansiyası ilk istifadəyə veriləndə Mingəçevir,
Gəncə, Tiflis, Gürcüstan elektrik xətti çəkildi.
İlk olaraq, Azərbaycanın rayonlarına yox,
Gürcüstana elektrik xətti çəkildi. Bu da Azərbaycanın dostluğa,
qardaşlığa olan bir münasibəti idi. Hətta
bunun üstündə Azərbaycanın Nazirlər Sovetinin sədri
Sadıq Rəhimov bir iclasda çıxış edərək
deyib ki, Azərbaycanın kəndlərinin, şəhərlərinin
üstündən elektrik enerjisi keçib Gürcüstana
verilir və bizim kəndlərimiz hələ də
qaranlıqdadır. Bunu o vaxtkı rəhbərlik
dini seçkilik kimi qələmə verib, Rəhimovu vəzifəsindən
kənarlaşdırdı. Bu Xrusşov
dövründə idi. Amma əslində elə
deyildi, biz elektrikimizi gürcülərə verdik. Amma sonradan da öz əhalimizi elektriklə təmin
etdik. Bu nə idi - bizim
tolerantlığımız. Mingəçevirin
qurulmasında gürcülərin az əməyi
olmayıb. Azərbaycan xalqının qeyri-millətlərə
tolerant münasibəti əsrlərlə davam edib və bu
gün də davam etməkdədir.
- Bildiyimiz kimi, Mingəçevirin
qurulmasında alman hərbi əsirlərinin qüvvəsindən
də istifadə edilib. Yerli əhalinin bu hərbi
əsirlərə münasibəti necə olub?
- Bəli,
1945-ci ilin sonunda Mingəçevirə 10 min nəfər alman
hərbi əsir gətirilib. Onların qüvvəsindən
Mingəçevirin tikintisində istifadə olunub. Tikinti rəisi İslam İslamzadənin dediyi kimi,
bu alman hərbi əsirlərinin içərisində müxtəlif
sahələr üzrə çoxlu mütəxəssislər
var idi. Onlar tikinti sahəsində, texnika
sahəsində çox gözəl mütəxəssislər
idilər. Gözləmək olardı ki,
2-ci Dünya müharibəsi illərində yaxınları
öldürülmüş insanlar bu alman əsirlərinə
düşmən münasibəti bəsləsinlər. Amma bu belə olmadı - Aran bölgəsinin
insanları onlara isti münasibət bəslədilər.
Əsirlərə çörək, isti yemək
verirdilər. Düzdür, bu insanlar
başa düşürdülər ki, müharibəni bunlar
etməyiblər. Bəs bu alman əsirləri
kimlər idi? Onlar 1942-ci ildə Stalinqrad cəbhəsində
əsir düşmüş almanlar idilər. Onların sayı 100 minə çatırdı.
1942-ci ildən 1945-ci ilə qədər bu alman əsirlərinin
xeyli hissəsi müxtəlif düşərgələrdə
saxlanılıb və 45-ci ilin sonunda Beriyanın
tapşırığı ilə 10 min nəfəri Mingəçevir
tikintisinə göndərilib. Burada onlara
lazımi şərait yaradılmışdı. Ölülərini dəfn etmək üçün
hətta ayrıca qəbiristanlıq da
salınmışdı. 1951-ci ilədək
onlar Mingəçevirdə işlədilər və istəyənlər
sonradan öz vətənlərinə yola salındılar.
Bu
sadalananlardan aydın görmək olur ki, islam
dininin təsiri altında ölkəmizdə tarixən
formalaşmış dini tolerantlıq və
dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən
gözəl bir ənənəyə çevrilib. Dini tolerantlığımız milli kimliyimizin
ayrılmaz parçasıdır. Bu gün
də ölkəmizdə ayrı-ayrı etiqad və inanclara
malik etnoslar əmin-amanlıq şəraitində
yaşayırlar. Dövlətimizin də
bu sahəyə diqqəti və qayğısı ən
yüksək səviyyədədir. Azərbaycan,
doğrudan da, tolerant ölkədir. Tolerantlıq
heç bir dövlətdə Azərbaycandakı səviyyədə
deyil. Azərbaycanda birlik var və bu birlik
Azərbaycanda yaşayan digər xalqların nümayəndələrinin
birgəyaşayışı şəraitində təmin
olunub. Bu həm də digər dövlətlərin
nümayəndələrinə bir nümunədir. Əlbəttə, bunların təmin olunmasına
dövlətimiz xüsusi şərait yaradıb,
bünövrəsini də Heydər Əliyev qoyub. Bu gün bu siyasəti cənab Prezident İlham
Əliyev davam etdirir, bu ənənə gələcək nəsillərə
də ötürülür. Bu gün Azərbaycanda
bütün dinlərin nümayəndələri öz dini
ayinlərini azad şəkildə icra edir,
qarşılıqlı hörmət və anlaşma, sülh
şəraitində yaşayırlar. Onlar
bütün dövlət qurumlarında və qeyri-dövlət
sektorunda bərabərhüquqlu vətəndaş kimi təmsil
olunurlar.
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı:
Esmira
Hidayətova, Mingəçevir
Zaman.-2015.-20 avqust.-S.13.