Qədim alban məbədləri
Fotolar: Abdurahman Levent
Azərbaycan qədim dövrlərdən
bəri müxtəlif
mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu
və inkişaf etdiyi bir məkan
olub. Bu tarixi
torpaqlarda məskunlaşan
xalqlarda qarşılıqlı
anlayışı, ünsiyyəti,
əmin-amanlığı və
bütövlükdə bir
cəmiyyət olaraq formalaşdıran əsas
amil tolerantlıq olub. Müasir dövrdə də
Azərbaycan bu ənənəyə sadiq
qalaraq dünyaya nümunəvi bir ölkə olduğunu göstərir. Dövlət
başçısı İlham
Əliyev hər dəfə çıxışında
Azərbaycanın dinindən,
irqindən, milliyyətindən
asılı olmayaraq öz vətəndaşlarına
eyni münasibət göstərdiyini vurğulayıb
və həqiqi əmin-amanlığı yalnız
bu şəkildə əldə etməyin mümkün olduğunu bildirib: “Əsrlər boyu Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir
ailə kimi yaşamışlar. İctimai-siyasi quruluşdan asılı olmayaraq, heç vaxt Azərbaycanda milli və ya
dini zəmində nəinki qarşıdurma,
heç anlaşılmazlıq
da olmamışdır.
Bütün dövrlərdə
Azərbaycanda xalqlar bir ailə kimi
yaşamışlar, onları
həmişə dostluq
münasibətləri bağlamışdır.
Biz çox şadıq
ki, indi, Azərbaycanın müstəqil
ölkə kimi inkişaf etdiyi dövrdə bu müsbət meyillər daha da güclənir.
Biz istəyirik ki, ölkəmizdə yaranmış bu təcrübə həm öyrənilsin, həm başqa ölkələr
üçün də
maraq doğursun”.
Ölkənin müxtəlif yerlərində olan ibadət yerlərinin hələ də qorunub saxlanması Azərbaycanın bütün
dinlərə xoşgörü
ilə yanaşdığının
göstəricisidir. Sizə tarixin ayrı-ayrı
dövrlərində tikilən
alban məbədlərini
təqdim edirik.
“Çiçərvəng”
məbədi (XV əsr)
“Çiçərvəng” məbədi Daşkəsən
şəhərindən təxminən
20 kilometr aralıdadır. Məbədin sahəsi 500 kv.metrdir.
Məbəd albanlara məxsus
olmuşdur və tikilmə tarixi XV əsrə aid edilir.
Qalınlığı təxminən 1 metr
olan divarlar əvvəlki görkəmində
qalsa da, bəzi hissələrdə
sonradan təmir işlərinin aparılmasını
istisna etmək olmaz. Məbədin indiyədək uçub
dağılmayan və
toxunulmayan hissələrində
xristianlıqla bağlı
dini işarələr
bu gün də qalmaqdadır. Məbədin damından ətrafı
aydın görmək
mümkündür. Burada olan
ocaq yerləri isə onu deməyə
əsas verir ki, bu məbəd
həm də istehkam xarakteri daşıyıb. Yadelli işğalçılara
qarşı birgə mübarizəni təşkil
etmək üçün
məbədin damında
ocaqlar qalanıb.
Abidənin üzərində alban memarlığına məxsus naxışlar mövcuddur.
“Kiş” məbədi (I əsr)
Şəki rayonunun Kiş kəndində yerləşən
bu məbəd əsrlər boyu Qafqaz Albaniyası kilsəsinin dini maarif mərkəzi olmuşdur. Alban apostol
kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdən
sayılır. Albaniyada xristianlığın
yayılması və
ilk kilsənin yaradılması
apostolların adı ilə bağlıdır.
Alban müəllifi Musa Kalankatuklunun verdiyi məlumatdan aydın olur ki, Albaniyada
erkən xristian cəmiyyətinin yaranması
apostollar Faddey, Yelisey, Varfolomeyin adları ilə bağlıdır.
Qədim mənbələrdə ilk kilsənin
Kiş kəndində
(Gis) tikilməsi haqqında məlumatlar
var. Maraqlıdır ki,
məbədin yerləşdiyi
kənd iki min ildən artıqdır ki, “din, etiqad, pərəstiş” mənasına
gələn “Kiş” adlanır.
Rəvayətə görə, İsa
Peyğəmbərin din qardaşı
müqəddəs Yakov
xristianlığı təbliğ
etmək üçün
müqəddəs Yeliseyi
Albaniyaya göndərir.
Çola vilayətində missionerlik etdikdən sonra ölkənin Uti vilayətinin Kiş kəndinə gələn müqəddəs
Yelisey orada kilsə tikdirir. Bu kilsə yalnız
Qafqaz Albaniyası ərazisində deyil, ümumiyyətlə, Qafqazda
tikilmiş ilk xristian kilsəsidir.
Əslində tədqiqatçıların Yeliseyin
kilsə tikmiş olduğu Kiş kəndi haqqında müxtəlif fərziyyələri
var. Z.N.Yampolski həmin
yaşayış məntəqəsinin
Şəkidə yerləşən
Kiş kəndi, R.B.Göyüşov isə
bu kəndin Xocavənd rayonundakı Kiş kəndi olduğunu iddia etmişlər.
Uti vilayətinin
indiki Şəki-Zaqatala
bölgəsinin ərazisini
əhatə etdiyini nəzərə alaraq, bu məntəqənin məhz Şəkidə olduğunu söyləmək
mümkündür. Həmçinin
keçmiş Uti vilayətinin ərazisinə
aid olan Şəki-Balakən
bölgəsindəki Qum (IV-V əsrlər), Ləkit
(V-VI əsrlər), Orta Zəyzid (VI-VII əsrlər) və s. kimi məbədlərin olması da bu fikri bir
daha təsdiqləyir.
2000-2004-cü illərdə Kiş apostol kilsəsinin ərazisində
arxeoloji qazıntılar
aparılmışdır. Arxeoloji qazıntılara
memarlıq doktoru Vilayət Kərimov rəhbərlik etmişdir.
Bu qazıntılar məhdud ərazidə aparılmasına baxmayaraq,
Kiş məbədinin
fəaliyyəti dövrünün
bütün mərhələlərini
izləməyə imkan
vermişdir. Arxeoloji
tədqiqatın nəticəsində
aydın olmuşdur ki, Kiş məbədi
sadə təkzallı
bazilikadan günbəzli
memarlığadək beş tikinti mərhələsi keçmişdir.
Kiş məbədinin
memarlıq xüsusiyyətləri
Qafqaz Albaniyası memarlığının ilkin
xristian mərhələsinə
aiddir. Məbədin ən aşağı
qatlarının arxeoloji
tədqiqi mübahisələrə
səbəb olan onun ilkin tikinti
tarixini təyin etməyə imkan yaratmışdır. Abidə dövrümüzə
yeniləşdirilmiş görkəmdə
gəlib çatmışdır.
Məbədin divarları həm
içəridən, həm
də çöl hissədən qismən suvaqlanmışdır. Qapı və
pəncərələrə istinadən yenidənqurma işlərinin tikilinin yuxarı hissəsində aparıldığını söyləmək
olar. Kilsə özündə ilkin və sonrakı
tikililərin maraqlı
detallarını saxlayır.
Kiş məbədi əhəngdaşından
tikilmişdir. Məbədin daxili cüt sütunla iki hissəyə bölünür.
Divarlarda
heç bir yazı yoxdur. Mehrab mərkəzdə yerləşib
və düzbucaqlı
formasındadır. Kiş məbədi
qədim bünövrə
üzərində tikilmişdir.
III-V əsrlərdə onun üzərində kiçik təkzallı bazilika tipli kilsə tikilmiş və VI-VII əsrlərdə
həmin kilsə memarlıq formasını
dəyişmişdir.
Arxeoloji qazıntılar zamanı məbədin şimal-şərq
divarlarının yarımqövs
çıxıntısının altında torpaq qəbir aşkar olunmuşdur. Burada iki öküz
başı dəfn olunmuşdur. Kəllələrin üzərində və ətrafında müxtəlif
tipli dulus qabların qırıqları,
buynuz qırığı,
yumru daş, heyvanların digər sümükləri arasında
isə sümük ox
aşkar olunmuşdur.
Qəbrin dulus avadanlığı
Kür-Araz mədəniyyətinə
aid olan iri qabların hissələrindən
ibarətdir. Dulus məmulatı
yerli xarakterlidir.
Torpaq qəbir
e.ə. IV-III minilliyin
qovşağına aiddir. Arxeoloq N. M. Muxtarovun
verdiyi məlumata görə, 1864, 1930-cu illərdə
kilsə ermənilər
tərəfindən təmir
olunmuş və nəticədə onun görünüşü əsaslı
şəkildə dəyişdirilmişdir.
Belə güman etmək olar ki, bu
yenidənqurma işləri
1836-cı ildə Rusiya
hakim dairələrinin qərarı
ilə Alban kilsəsinin
ləğv olunmasından
sonra Kiş məbədinin erməni kilsəsi memarlığına
uyğunlaşdırılması məqsədilə edilmişdir.
Vaxtilə məbədin üzərində
onun müqəddəs
apostol Yelisey kilsəsi olduğunu və 1244-cü ildə
Alban kilsəsinin arxiadiakonu
Serafin tərəfindən
yenidən qurulduğunu
bildirən kitabə olmuşdur. XIX əsrin
30-cu illərində Alban kilsəsi
Sinodun qərarı ilə rəsmən ləğv edildikdən sonra bir çox
digər alban məbədləri kimi, bu məbədin də kitabəsi tamamilə pozulmuşdur.
Ardı
var.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Xəyalə Sadıqova
Zaman.-2015.-21 avqust.-S.13.