Qədim alban məbədləri (2)

 

 

Əvvəli ötən sayımızda

 

Çaparlı məbədi

 

Cənubi Qafqaz qaz boru kəmərinin inşaatı ilə əlaqədar 2005-ci ildə Şəmkir rayonunun Çaparlı kəndi yaxınlığında antik erkən orta əsrlərə aid arxeoloji kompleks tədqiq edilərkən burada alban xristian məbədi qəbiristanlığı aşkarlanaraq öyrənilmişdir. Qazıntı sahəsinin 6 saylı kvadratında biri digərinin üzərində olmaqla iki bina qalığı üzə çıxarılmışdır. Üst inşaat qatında aşkarlanan tikili güclü dağıntıya məruz qalsa da, onun dördkünc biçimdə olduğunu ehtimal etmək olar. Şərq-qərb istiqamətində 40-50 sm enində divar 2,5 uzunluqda salamat qalmış, şərq tərəfdə ona digər bir divar birləşərək bucaq əmələ gətirir. Çaydaşından inşa edilmiş tikili qalıqlarının X-XI əsrlərə aid olduğu bildirilir.

 

Bu tikilidən altda iri əhəng-daşlarından inşa olunmuş, kvadrat biçimli, 25 kv.m. sahəli bina qalığı yerləşir. Şərq divarında eni 1,3 m olan qapı yeri var. Divarların eni 1,5 m, qapı hissədə isə 1,6 metrdir.

 

Arxeoloji qazıntılar binanın tikintisi zamanı əhəngdaşlarının inşaat üçün hazırlandığı sahəni müəyyənləşdirməyə imkan vermişdir. Qazıntı sahəsinin 7 8 saylı kvadratlarında əhəngdaşlarının parçalandığı, yonuldığı cilalandığı sahə üzə çıxarılmışdır.

 

Qazıntı zamanı binadan üzərinə xaç təsviri salınmış daş lövhənin tapılması, eləcə məbədin altından ətrafından xristian qəbirlərinin aşkarlanması bina qalıqlarının IV-V əsrlərə aid alban xristian məbədinin qalıqları olduğunu təsdiqləməyə imkan verir.

Məbəddən qərbdə mədəni təbəqənin alt inşaat qatında son antik dövrə aid metaləritmə kürəsi aşkarlanıb tədqiq edilmişdir. Kürə planda ovalvarı olub, ikiyaruslu quruluşda möhrədən düzəldilmişdir.

 

Abidənin ərazisində qazıntı zamanı çoxlu erkən xristian qəbirləri iki küp qəbri tədqiq edilmiş, əsasən tək dəfn qeydə alınmışdır. Yalnız 3 saylı kvadratda kollektiv dəfnə, xaç formasında qazılmış qəbir çalasında xaçın hər bir tərəfində olmaqla dörd nəfərin dəfninə rast gəlinmişdir.

 

Tədqiq olunmuş qəbirlərdən yalnız birində qəbir avadanlığına təsadüf olunmuşdur. Uşaq qəbrindən muncuqlar tunc bəzək əşyası tapılmışdır.

 

Darvazməbədi

 

Antik dövr müəlliflərinin qeyd etdikləri kimi, bu alban məbədi Qanığın (Alazan çayı) sol sahilində, Tuğay meşəsinin ortasında olan düzəngahın mərkəzindədir. Məbəd Balakən rayonunun mərkəzindən 15-16 km cənubda, Qaraçöl adlanan böyük bir düzəngahın yaxınlığında, Darvaz Binə deyilən yerdədir.

 

Dəstəfurməbədi

 

Daşkəsən rayonunun Dəstəfur kəndində inşa edilən XV əsrə aid məbəd. Sovet dövründə bərpa adı altında burada çalışan yerli əhalinin qonaqpərvərliyindən istifadə edən ermənilər bu məbədi özününküləşdirməyə çalışsalar da, bunu reallaşdıra bilmədilər. Kilsələrdəki xaçlar digər dini xarakterli əşyalar oğurlanaraq yad məmləkətlərə daşınsa da, alban kilsəsini Qriqoriyan kilsəsi adı altında özəlləşdirmək cəhdləri tam uğursuzluqla nəticələndi. Qısqanclıqdanmı ya qızıl axtarmaq hərisliyindənmi XX əsrin vandalları bu möhtəşəm kilsəni partlatdılar. Tağlardan ikisi dağılsa da, kilsə duruş gətirdi. Dəstəfur kəndinin lap yaxınlığında inşa edilən yüzillikləri arxada qoyan bu memarlıq abidəsində sonralar ermənilər tərəfindən qapının yan divarındakı yuxarı qülləyə yerləşdirilmiş saxta erməni yazıları, ornamentləri heç nəyi dəyişmir.

 

 

 

“Əsrik Cırdaxan” məbədi (VII-X əsrlər)

 

Tovuz rayonunun Əsrik Cırdaxan kəndi ərazisində yerləşən, təxminən VII-X əsrlərə aid edilən alban məbədi və qala divarları. Əsrik Cırdaxan kəndinin meşə ərazisində olan albanlara məxsus bu tarixi abidə torpaqdan 100 metr yüksəklikdə yerləşir. Ərazisi isə 2 hektardır. Məbədin divarına əl vurmaq kifayətdir ki, daşlar yerə tökülsün. Abidənin ətrafını qamış və ot-alaq basmışdır. Tarixi abidə qəzalı vəziyyətə düşərək bir hissəsi uçmuşdur.

 

 

 

“Gəncə Alban Məbədi” (V-VII əsrlər)

 

Gəncə Alban Məbədi V-VII əsrlərdə tikilmiş və XVII əsrdə bərpa olunmuşdur. Binanın tikintisində qırmızı tuf daşından istifadə olunub. Bina yeddi sütunludur. Gəncənin M. A. Abbaszadə küçəsində yerləşən binada hazırda Gəncə Dövlət Kamera Orkestri fəaliyyət göstərir.

 

Katex” kilsəsi (V əsr)

 

Katexçay şəlaləsindən bir neçə kilometr üzü dağlara doğru getdikdə Zaqatala qoruğunun qadağan zonasında (Balakən rayonu ərazisində) yerləşən V əsr alban kilsəsi. Kilsəyə getmək olduqca çətindir. Kilsəyə getmək üçün bir neçə kilometr mövcud dağ yolunu qət etdikdən sonra çətin dağ cığırlarından keçmək, üç dəfə gur dağ çaylarını adlamaq lazımdır. Dörd sütun üzərində dayanan kilsənin günbəzi qırılaraq onun içinə düşüb. Divarlarının hörgüsü zamanı travertindən istifadə olunub.

 

 

 

“Kilsədağ” məbədi (IV-V əsrlər)

 

Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində yerləşən qədim alban kilsəsi. Qədim Mitra məbədinin özülləri üstündə inşa edilmiş bu məbəd 1971-ci ildə aşkar edilmişdir. Kilsədağda Mitra tanrısı (Mitra cəngavər köçərilərin və dinc əkinçilərin tanrısı idi) məbədi mərkəzi günbəzli, ikiyaruslu kompozisiyaya malik olan abidədir. Məbədin divarının xarici səthi qeyri-bərabər tərəfli 12 guşəli formada, daxili səthi isə 10,4 metrlik silindr şəklində həll edilmişdir. İkinci daxili dairə 8 sütun üçün stilobat (sütunlar üçün özül) rolunu oynayırdı. Həmin sütunlar günbəzli ikinci yarusun barabanını (günbəzli dairə səmanın - Mitranın rəmzi idi) saxlayırdı. Baş alaqapı girişi məbədin qərb fasadı tərəfindəki əsas kompozisiya görüşündə, iki yan giriş isə şimal və cənub səmtində idi.

 

Şərq fasadı səmtində simmetrik surətdə yerləşmiş, plan baxımından dairəvi olan iki otaq - Mitra tanrısının göstərilmiş iki mənasını nəzərə çatdıran səcdəgahlar vardır. Məbəd antik memarlığın müəyyən təsiri altında inşa edilmişdi. Məbəd kilsəyə çevrildikdən sonra onun əsas memarlıq xüsusiyyətləri saxlanılmış, özündə bütpərəst dünyagörüşünü əks etdirən divar naxışlarına toxunulmamış, yalnız məbədə xristian dini ehkamına uyğun olaraq apsis əlavə edilmişdir. Abidənin salamat qalmış divarlarının hündürlüyü iki metrə yaxındır. Məbəd quruluşuna görə dairəvi formalı olub, xarici görünüşü etibarilə ikiyaruslu, mərkəzi günbəzli kompozisiyaya malikdir. Bu cür məbədlər dünyanın yalnız altı yerində aşkarlanmış və tədqiq edilmişdir.

 

Ardı var

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Xəyalə Sadıqova

 

Zaman.-2015.-22 avqust.-S.13.