Avropa qeyri-leqal immiqrant böhranı burulğanında

 

Son vaxtlar dünyanın müxtəlif ölkələrindən Avropaya yeni immiqrant dalğasının başlaması və bu müstəvidə köhnə qitəyə iş, çörək, yaxşı həyat dalınca üz tutan yüzlərlə insanın faciəli şəkildə ölməsi beynəlxalq aləmdə özünəməxsus şəkildə həyəcanla qarşılanmaqdadır.

 

 

 Məsələ ilə bağlı BMT-nin qaçqınların və məcburi köçkünlərin işi üzrə komitəsinin hazırladığı məlumatda 2015-ci ilin ilk 7 ayı ərzində Avropaya gizli şəkildə müxtəlif vasitələrdən istifadə etməklə köç etmək istəyən 3 minə yaxın immiqrantın açıq dənizdə faciəli şəkildə öldüyü bilirilir. Ümumiyyətlə, 2000-ci illərdən başlayaraq bu günə kimi Avropaya gizli şəkildə köç etmək istəyən 23 mindən artıq immiqrant mənzilbaşına gedib çıxa bilməyərək dünyasını dəyişib. Avropaya gizli şəkildə immiqrant axınının qarşısını almaq məqsədi ilə BMT tərəfindən daha çox immiqrant axınına məruz qalan  Cənubi Avropa ölkələrinə, İtaliya, Malta, Yunanıstan,  Serbiya və digərlərinə maliyyə yardımı 3 dəfədən çox artırılıb. Lakin adıçəkilən ölkələr bu vəsaitlə belə immiqrant axınının qabağını almaqda çətinlik çəkirlər.  İmmiqrant axınından daha çox zərər çəkən ölkələrə, o cümlədən Suriyada davam etməkdə olan humanitar faciə nəticəsində yüz minlərlə insanın sığınacaq tapdığı Livan, Türkiyə və İordaniyaya Avropa Birliyi tərəfindən 3, 6 milyard avro ayrılması barədə bu qurum tərəfindən ötən ay qəbul edilən qərar da arzuedilən effekti verməməkdədir.

 

Qeyri-leqal immiqrantların AB-yə üzv ölkələrin ərazisində yerləşdirilməsi və hər bir ölkə üçün müvafiq kvota tətbiq etmək cəhdləri   problemin aradan qaldırılmasına yardım edə bilmir. Hazırda qeyri-leqal immiqrantların 80 faizindən çoxu Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Belçika və İsveçin payına düşür. Qeyd edək ki, qaçqınların Avropa Birliyinə üzv olan ölkələr arasında bölüşdürülməsi ilə bağlı kvota köhnəlib.  Dublin konvensiyası əsasında həyata keçirilən konvensiyaya əsasən, immiqrantın yaşamaq üçün müraciət etdiyi ölkə ona qaçqın statusu verməyə borcludur. Amma İtaliya, Almaniya, Yunanıstan, Böyük Britaniya,  Fransa, Finlandiya, Latviya, Estoniya, Çexiya, Slovakiya,  Polşa, Macarıstan, İspaniya kimi ölkələr artıq qaçqınlar üçün nəzərdə tutulan  kvotaların günün reallığını nəzərə almadığından narazıdırlar. Çünki kvotalar müəyyən edilərkən Avropaya qeyri-leqal immiqrant axını azdı və onların məskunlaşmaq istədikləri ölkələr də fərqli idi. İndi isə vəziyyət dəyişib və hər il sayı artmaqda olan immiqrantları qəbul etmək, onları yerləşdirmək, problemlərini həll etmək, onları saxlamaq məqsədi ilə əlavə maliyyə vəsaitinin ayrılması adı çəkilən ölkələr üçün  başağrısına çevrilib.

 

ABŞ Avropadakı immiqrant böhranından narahatdır

 

Avropada baş verən immiqrant böhranı ilə bağlı məsələ Avropa Birliyinin okeanın o tayındakı hərbi-strateji və iqtisadi müttəfiqi olan ABŞ-da narahat etməkdədir. Bunu prezident Barak Obamanın Avropada baş verən immiqrant böhranı ilə bağlı Almaniya Federativ Respublikasının kansleri Angela Merkelə zəng edərək, onunla problemi müzakirə etməsi də sübut etməkdədir. Obama immiqrantlar probleminin həllində çevik siyasət yeritdiyinə görə Merkelə təşəkkür edib. Ağ Evin sahibi Almaniyanın Suriyadan olan qaçqınlara öz ərazisində yer verməyə hazır olduğunu yüksək dəyərləndirib   kansleri bu sahədə həyata keçirilən tədbirləri davam etdirməyə çağırıb.  Obama: “Qeyri-leqal immiqrant axını Avropa üçün müvəqqəti çətinlikdir və onun həllinə yaxın vaxtlarda nail olunacaq. Ona görə də bu sahədə atdığınız hər addım problemin aradan qaldırılmasına, onun uğurla həll edilməsinə imkan verəcək. ABŞ da bu sahədə Avropadakı müttəfiqlərinə əlindən gələn yardımları edəcək”,-deyib.

 

Beləliklə, hadisələrin gedişi göstərir ki, Avropa, həqiqətən də, ciddi şəkildə qeyri-leqal immiqrant axını böhranı ilə üzləşib.

 

 Qeyri-leqal immiqrant probleminin həlli yolları axtarılır

 

Obamanın Merkelə qeyri-leqal immiqrantların Avropaya axını ilə bağlı zəng etməsi, problemin həllini nəzərdə tutan konfrans ərəfəsində baş tutub. Belə ehtimal edilir ki, Obamanın məqsədi məhz konfrans ərəfəsində Merkeli problemin aradan qaldırmasında mənəvi baxımdan dəstəkləməsi, ABŞ-ın həmişəki kimi istənilən böhranlı vəziyyətlərdə öz müttəfiqinin yanında olacağına əmin etməsi olub. Qeyd edək ki, Almaniyanın təşəbbüsü ilə Avstriyanın paytaxtı Vyanada keçirilən konfransın işinə  Merkel ilk dəfə AB üzvü olmayan bəzi Balkan dövlətlərini, o cümlədən Serbiya, Çernoqoriya, Albaniya, Bosniya-Herseqovina, Makedoniya və Kosova prezidentlərini də dəvət edib. Adıçəkilən dövlətlərin hamısı Avropa Birliyinə üzv olmaq niyyətindədir və onlar eyni zamanda NATO sıralarına can atırlar. Avropada qeyri-leqal immiqrant problemini öz nəzarəti altına alan və bu məsələni həll etmək istəyən Almaniya bununla özünün də vəziyyətini yüngülləşdirməyə ümid edir. Bu da əsassız deyil. Belə ki, bu gün Almaniya Avropa ölkələri arasında qeyri-leqal immiqrant axınından ən çox əziyyət çəkən dövlətlərdən biridir. Afrikadan, Asiyadan və digər yerlərdən  Avropaya axın edən qeyri-leqal immiqrantlar ən çox Almaniyada məskunlaşmaq istəyirlər. Buna səbəb isə Almaniyada həyat səviyyəsinin daha yüksək olmasıdır.

 

Almaniyadan əlavə, Avropada ən çox qaçqın axını Böyük Britaniyayadır. Böyük Britaniya Statistika İdarəsinin verdiyi məlumata görə, son bir il ərzində uzun müddət ərzində yaşamaq üçün 600 min immiqrant İngiltərəyə köç edib. Bu, Böyük Britaniyanın nəzərdə tutduğundan azı 3 dəfə çoxdur. Bu, təbii ki, qeydə alınan leqal immiqrantların sayıdır. Qeyri-leqal immiqrantların saylarının isə qeydə alınan leqal immiqrantların sayından çox olduğu ehtimal edilir.

 

Vyana konfransında əsas diqqət həm də Balkanlardan gələn qeyri-leqal immiqrant axınının qarşısının alınması və buna qarşı müvafiq tədbirlərin həyata keçirilməsinə yönəldi. İş orasındadır ki, hər il yüz minlərlə qeyri-leqal immiqrant müxtəlif yollarla Balkanlara daxil olur və buradan da Avropanın  içərilərinə doğru üz tuturlar. Bu məqsədlə də onlar əsasən dəniz yolundan istifadə edirlər. Bu zaman hər il minlərlə immiqrantın dənizdə batıb ölməsinə baxmayaraq, Balkanlara, oradan da Avropa Birliyinə üzv ölkələrə qaçqın axını səngimək bilmir. İqtisadi baxımdan çətin günlərini yaşayan Balkan ölkələri üçün də qeyri-leqal immiqrant axını ciddi problemlər doğurur.  Məsələn, bu ilin əvvəllərindən təkcə Serbiyaya qeyri-qanuni yollarla 80 mindən artıq  qaçqın daxil olub. Qaçqınların böyük əksəriyyəti münaqişə zonalarından, o cümlədən Suriya, Əfqanıstan, İraq və Afrikadandır. Qeyri-leqal immiqrantların 45 faizi qeyd etdiyimiz kimi, Almaniyaya getməyə və orada qaçqın statusu almağa üstünlük verir. Məhz bu amil də Almaniyanı narahat etməkdə və kansler Merkeli problemin həllində çevik siyasət yeritməyə  məcbur etməkdədir. Buna bir səbəb də qeyri-leqal immiqrant böhranı ilə üzləşən Avropada problemin həlli ilə bağlı proqramın olmamasıdır.

 

Almaniya kansleri Merkel vəziyyətdən çıxış yolunu qaçqınların əhalisinin sayına, ərazisinə və iqtisadi imkanlarına görə Avropa Birliyi ölkələri arasında bölüşdürülməsini  təklif edir. Bundan əlavə, Almaniya qeyri-leqal immiqrantlar üçün Yunanıstan və İtaliyada xüsusi düşərgələrin yaradılmasını təklif edir. Merkelin fikrincə, bu düşərgələrdə qaçqınlar xüsusi  yoxlamadan keçirilməli və onlardan hansılarının qaçqın statusu almağa hüququnun olduğu müəyyənləşdirilməlidir. Yalnız bundan sonra qaçqın statusu almağa haqqı olanlar müəyyən edilmiş kvotalar əsasında AB-yə üzv ölkələr arasında bölüşdürülməlidir. Qaçqın statusu almaq hüququ olmayanlar isə öz ölkələrinə geri qaytarılmalı, bir sözlə, Avropadan deportasiya edilməlidirlər. Bundan əlavə, Balkanlardan da AB-yə qeyri-leqal qaçqın axınının qarşısını almaq üçün Albaniya, Kosova və Çernoqoriyanın təhlükəsiz ölkə kimi tanınması təklif edilir. Yəni bu ölkələrdən olan immiqrantlar Almaniyada və digər Avropa ölkələrində qaçqın statusu almaqdan məhrum ediləcəklər. Hazırda belə bir qayda yalnız Bosniya-Herseqovina, Serbiya və Makedoniyaya şamil edilir.

 

 Almaniyanı qeyri-leqal immiqrantlara qarşı müvafiq tədbirlərə əl atmağa məcbur edən bir məsələ də ölkə ərazindəki qaçqın düşərgələrinə qarşı neonasist güclər tərəfindən hücumların təşkil edilməsi və yandırılması cəhdləridir. Bunu bir neçə gün əvvəl azərbaycanlıların da aralarında yaşadıqları qaçqın düşərgəsinin neonasistlər tərəfindən yandırılması da sübut edir Almaniyada ehtiyat edirlər ki, qeyri-leqal qaçqın axını ölkədə milli zəmində qarşıdurmanı körükləyə və daxili sabitliyi poza bilər. Məhz buna yol verməmək üçün Merkel AB çərçivəsində problemin aradan qaldırılması üçün müvafiq addımlar atılmasına cəhd edir. Merkelin hazırda immiqrant böhranı ilə üzləşən Avropanı bu yolla böhrandan xilas edə bilib-bilməyəcəyini isə gələcək göstərəcək.

 

Əziz Mustafa

Zaman.-2015.-29 avqust.-S.13.