Osman Mirzəyev yalnız
jurnalist yox, həm də vətənpərvərlik
missiyası daşıyırdı
1991-ci ilin 20 noyabrında Ağdamdan səmaya qalxaraq, Qarakənddə daşnak quldurlarının zülm və vəhşiliyinin qurbanı olan soydaşlarımızın harayına tələsən, lakin erməni faşistləri tərəfindən xaincəsinə vurulmuş vertolyotda xalqımızın həlak olan cəsur oğulları Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov, Vaqif Cəfərov, Alı Mustafayev və digərləri ilə birgə Azərbaycan mətbuatının korifeylərindən olan, Vətənini və xalqını böyük bir məhəbbətlə sevən Osman Mirzəyev də var idi. O, özünün də dediyi kimi, nəhs
ildə, nəhs gündə dünyaya gəldi - çox
sevdiyi Müşfiqi, Cavidi amansız ölümün qoynuna atan
1937-ci ildə, aprelin 13-də. Ancaq
özünü və başqalarını da
inandırmağa çalışırdı ki, nə 13, nə
də 37 onun üçün nəhs deyil. Zarafatla deyirdi ki, 13 də, 37 də bütün nəhsliklərini
onun dünyaya gəldiyi günə kimi eləyib qurtarıblar
və daha nəhslik “taqətləri” qalmayıb. Və daim həyata nikbinliklə baxar, ətrafındakılara
da nikbinlik aşılamağa çalışardı.
Ancaq həyat ona nikbinliklə yanaşmadı...
Osman Mirzəyev ilk uşaqlıq illərində təyyarəçi
olmaq, göylərə uçmaq, uca ənginliklərə
baş vurmaq arzusu ilə yaşayırdı. Lakin ədəbiyyata, incəsənətə
olan böyük həvəslə 12-13 yaşlarında həmyaşıdı,
sonralar Azərbaycanın çox sevilən sənətkarı
olmuş Xaıq artisti Həsən Turabovla birgə
Bakının teatr dərnəklərindən birinə
yazılıb, hətta bir tamaşada rol da oynayıb. Osman Mirzəyev hələ orta məktəbdə
oxuyarkən təkcə öz istedadı ilə deyil, səmimiyyəti
və istiqanlılığı ilə də
yaşıdlarından seçilirdi. Böyük
qardaşı, respublikamızın tanınmış və
çox ciddi, həm də prinsipial, Azərbaycanpərəst
jurnalistlərindən olan böyük qardaşı İmran Mirzəyevin
yolu ilə getmək arzusu ilə Bakı Dövlət
Universitertinin Jurnalistika fakültəsini bitirdikdən sonra gənc
Osman o dövrün populyar qəzetlərindən olan “Molodyoj
Azerbaydjana”, daha sonralar isə “Vışka” qəzetində
çalışdı. Yazılarında daim
xalqı düşündürən, narahat edən məsələlərə
toxunması, mövzulara özünəməxsus tərzdə
orijinal yanaşması, cəmiyyətdə baş verən
neqativ hadisələr və faktlarla bağlı
barışmaz mövqeyi onu oxuculara da, qələm
yoldaşlarına da sevdirdi. Rusdilli mətbuatda
çalışmasına baxmayaraq, çoxlarından kəskin
fərqli və açıq-açığına milliliyi,
azərbaycanlı təəssübkeşliyi ilə seçilən,
“Vışka” qəzetinin daha çox rus və ermənilərdən,
digər millətlərdən olan jurnalist korpusunu azərbaycanlı
gənclər hesabına yeniləşdirmə siyasəti yeridən
və bəzən gizli, bəzən də açıq
narazılıqlara baxmayaraq, bunu əməli olaraq qətiyyətlə
həyata keçirən qardaşı, ötən əsrin
60-70-ci illərində qəzetin baş redaktoru olan İmran
Mirzəyevin başladığı missiyanı Osman müəllim
uğurla davam etdirirdi. Məhz onun təşəbbüsü
ilə həmin qəzetin nəzdində yaradılan “Rabkor” (”fəhlə
müxbir”) jurnalistika məktəbi əslində güclü
bir Osman Mirzəyev məktəbi idi. Jurnalistikanın əsaslarından
dərs dediyi Bakı Dövlət Universitetində olduğu
kimi, “Rabkor” dinləyiciləri içərisindən də o, ən
istedadlı, yaradıcılıq həvəsli azərbaycanlı
gəncləri böyük jurnalistikaya hazırlayır,
onların ən qabiliyyətlilərini, perspektivlilərini
respublikanın qəzet və jurnallarına müxbir kimi
tövsiyə edir və daim onları öz müəllim diqqətində
saxlayır, lazımi kömək və
qayğısını əsirgəmirdi.
Osman Mirzəyevin
öz xalqına olan məhəbbətinin nəticəsi idi
ki, məşğələ apardığı “Rabkor” klubunun
30-40 nəfərinin əksəriyyəti rus və erməni
olsa da, nəticə etibarilə o, redaksiyaya azərbaycanlı
gənclərin işə qəbul olunmasına nail olurdu.
Ədalət naminə demək lazımdır ki, azərbaycanlıların
necə səmimi və sədaqətli olduqlarını bilən
və buna görə də xalqımıza, həm də
şəxsən Osman müəllimə xüsusi rəğbət
hissi olan baş redaktor Gennadi Qluşkov öz müavininin kadr
seçiminə daim hörmətlə yanaşardı (hətta
o, 1981-ci ildə “Vışka”ya işə düzəldiyimin səhərisi
günü redaksiya tərəfindən verilən vəsiqəm
mənim və başqa birisinin ehtiyatsızlığı, səhvi
ucundan tam yararsız hala düşdüyünə görə
o vaxtın ciddi qayda və tələblərinə görə
məni cəzalandırmaq əvəzinə, Osman müəllimin “tələbəsi” olduğumu
da nəzərə almaqla “demaqoq rus jurnalistlərin” bu haqda
bilməməsini tapşıraraq, yeni vəsiqə
vermişdi). Məhz Osman müəllimin təşəbbüsü
və səyi ilə 1970-80-ci illərdə o dövrün gənc
jurnalistləri Mədinə Həsənova (indi
“Vışka”nın baş redaktorudur), Şamil Məcidov
(”Azerbaydjanskiye izvestiya” qəzetinin redaktoru), Nəcəf Nəcəfov
(”Azadlıq” qəzetinin yaradıcısı və ilk
redaktoru), Rauf Talışinski (”Exo” qəzetinin baş
redaktoru), Azər Mürsəliyev (indi Moskvanın mərkəzi
mətbuatında çalışır), Laçın
Allahverdiyeva (”Assa-İradə” agentliyinin şöbə
müdiri) və digərləri
“Vışka” qəzetinin aparatına işə
gotürüldülər.
Bir dəfə - 1983-cü ildə mən redaksiyanın
tapşırığı ilə “Lenin komsomolu”nun
yaranığı günlə bağlı gənclərin əmək
həyatını əks etdirən yazı hazırlamalı
idim. Seçim - Sumqayıt Sintetik Kauçuk Zavodu idi.
Orada həqiqətən əməksevər və qabaqcıl
olan bir komsomolçu qızın ağır və zəhərli
iş şəraitində necə
çalışdığını, nişanlı olsa da, bənizinin
necə vaxtsız solduğunu, xəstə görkəmdə
olduğunu görüb, çox kəskin bir tənqidi
yazı hazırladım. “Komsomolun ad
günü” üçün belə bir yazının Mərkəzi
Komitənin qəzetində verilə biləcəyinə
ümid etməsəm də, əsəblərimi kağıza
tökməkdən də özümü saxlaya bilməmişdim.
Yazının geri qaytarılacağını
düşünürdüm. Gözlədiyimin əksinə
olaraq, Osman müəllim gəncliyə qayğı ilə
bağlı Sovet sisteminə cəsarətli ittihamlarıma
haqq qazandıraraq, materialı orijinal bir yazı kimi redaktora təqdim
edərək, sensasiya və “yuxarılarda” narazılıq
doğuracağına baxmayaraq, onun bütünlüklə, həm
də elə əvvəcədən mühüm material kimi
yer ayrılan 1-ci səhifədə, lap yuxarı başda dərc
edilməsinə nail oldu. Qəzet çıxan
gün redaksiyaya “yuxarıdan” edilən hücumları Osman
müəllim özünün mübariz mövqeyi və
müdrikliyi ilə bütünlüklə dəf edə
bildi.
Osman Mirzəyev yalnız jurnalist missiyası yox, həm də və ilk növbədə vətənpərvərlik missiyası daşıyırdı. O, xalqını sevən, vətənpərvər bir oğul kimi ermənilərin Qarabağ iddialarından hələ xeyli əvvəl də Vətənin layiqli bir ziyalı oğlu kimi Azərbaycanın milli-mənəvi sərvətlərinin keşiyində son dərəcə ayıq-sayıq dayanırdı. Yadımdadır ki, hətta bir dəfə həyasız bir erməni qadının tarixi keçmişimizə qarşı saxtalaşdırma və təxribat cəhdinin də qarşısını vaxtında və qətiyyətlə ala bildi. Belə ki, 80-ci illərin ortalarında, necə olmuşdusa, redaksiyamıza çox kələ-kötür, ancaq yazılarının getməsi üçün hər kəsə süni mehribanlıq göstərməyə çalışan 40-45 yaşlarında bir erməni qadın jurnalist “dadanmışdı”. Açığı, ilk vaxtlar hansı millətdən olduğunu bilməyərək, “Corabova” adlandırdığım (çox sonralar bilmişdim ki, o da murdar qonşularımızdan imiş) o qadın - Sofa Zorabova mənimlə də rastlaşanda “irişirdi”. Sən demə, “dərdi” varmış. Bir gün mənə yaxınlaşıb bir neçə şəkil və yazı təqdim edərək, xahiş etdi ki, onu çapa hazırlayım. Doğrusu, daşnak agentinə oxşayan bu erməninin təqdim etdiyi şəkillərdəki daş büt və heykəlcikləri birinci dəfə idi ki görürdüm və Kəlbəcərdən hazırladığı yazıda “xaçkarlar” deyə nəyə işarə etdiyini başa düşə bilmədim. Sabahısı günü yazı ilə bağlı fikrini öyrənmək və məsləhətini almaq üçün Osman müəllimə yaxınlaşdım. O, heç yazıya baxmadan, şəkilləri görən kimi “bunları o həyasız Zorabova verib?” dedi və onun ünvanına bərk hirsləndi:
- Axı, hələ 3-4 ay əvvəl ona dedim ki, bu yazı qəzetdə getməyəcək. İndi də səndən istifadə edib, yazının çapına çalışır? Onun ayağı bir də buralara dəyməsin!
Sən demə, o qadın sətiraltı mənalarla həmin “xaçkar” heykəlciklərin ermənilər tərəfindən yaradıldığını iddia etməklə Kəlbəcərin də qədim erməni məskəni olduğunu “sübut etmək” və buna məhz Azərbaycanın rusdilli qəzetində çap etdirməklə nail olmaq istəyirdi. Osman müəllimin vətənpərvər jurnalist sayıqlığı nəticəsində belə bir ideoloji təxribatın qarşısı qətiyyətlə alındı.
O zamanlar “sosializm” adlandırılan cəmiyyətdə və onun ideyaları altında yaşasaq da, Osman müəllim daxilən o cəmiyyətlə barışa bilmir, özünün müəllimi olmuş görkəmli şairimiz, vaxtilə yalnız “Şəki fəhləsi” qəzetində çap olunan, sonradan qadağan edilən, işğalçı Rusiya imperiyasına ittihamlarla meydan oxuyan “Gülüstan” poemasının müəllifi Bəxtiyar Vahabzadə, Universitet illərindən dostluq etdiyi Xəlil Rza, görkəmlı tarixçi alim, sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovla tez-tez görüşür, onlarla söhbətlər aparır, qəzet üçün onların müsahibələrini hazırlayırdı. O, vətənimizin bu cür mübariz, vətənpərvər oğulları ilə fəxr edirdi. SSRİ-nin Kosmik uçuşlar üzrə Dövlət Komissiyasının sədri, bütün kosmonavtların uçuşdan qayıtdıqdan sonra ilkin olaraq raport verdikləri Azərbaycanlı general-leytenant, Lenin mükafatı laureatı Kərim Kərimovla da kosmodromda (sovet sisteminin bir-çox qadağalarını çətinliklə də olsa dəf edərək) görüşüb, ondan ilk olaraq intervü alan, onu doğma xalqımıza daha yaxından tanıdan azərbaycanlı jurnalist də məhz Osman Mirzəyev olub.
Osman müəllim həm də olduqca sadə və təvazökar bir adam idi, tabeliyində olan jurnalistlərlə və bütün digər işçilərlə daim səmimi münasibət saxlayır və onlara imkanı daxilində hər cür diqqət və qayğı göstərirdi. Bir dəfə “Vışka” qəzetinin 50 illik yubileyi ərəfəsində redaksiyanın üş əməkdaşına, o cümlədən Osman Mirzəyevə “Azərbaycanın Əməkdar jurnalisti” fəxri adının verilməsi nəzərdə tutulur. Bundan xəbər tutan Osman müəllim kuratoru olduğu şöbənin müdiri, “dağıstanlı balası” Faiq Zəkiyevin adının olmadığını bildikdə fəxri addan imtina etmək qərarına gəlir. O, “yuxarılara” bildirir ki, əgər redaksiyanın ən yaxşı, istedadlı və məhsuldar jurnalistlərindən olan, orijinal üslubda yazılmış yazıları ilə geniş oxucu auditoriyasının dərin rəğbətini qazanan Faiq Zəkiyevə də həmin fəxri ad verilməzsə, bu adı ondan əvvəl almağı özünə rəva bilmir. Onu fikrindən daşındırmağa çalışsalar da, alınmır. Axırda Mərkəzi Komitə Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq bir qəzetin 4 əməkdaşına eyni zamanda “Əməkdar jurnalist” adının verilməsinə razı olur.
1986-87-ci illərdə Azərbaycan televiziyasına demokratiklik və aşkarlıq, xalqla səmimi ünsiyyət, inam və etibar ab-havası gətirən “Dalğa” verilişinin ilk aparıcısı kimi də Osman Mirzəyev geniş xalq kütlələrinin dərin hörmət və rəqbətini qazandı. Məhz həmin verilişlərdən sonra xalqla onun dilində danışmağı bacaran görkəmli bir jurnalist kimi o, Prezident Aparatının Mətbuat xidmətinin rəhbəri təyin edildi... Ancaq harda və hansı vəzifədə işləməsindən asılı olmayaraq, Osman müəllim öz mənafeyi, öz yaxşı yaşayışı naminə heç bir təmənnada olmayıb, ömrünün sonuna kimi mərd və məğrur yaşayıb. Hətta 1991-ci ilin noyabrında əqidə dostları - Azərbaycanın müstəqilliyi uğrunda mərd mübarizlər İsmət Qayıbov, Tofiq İsmayılov, Məhəmməd Əsədov və digər vətən oğulları ilə birlikdə Qarakəndə köməyə tələsərkən Qarabağ səması üzərində vertolyotda vurulub, şəhid olduqdan sonra Osman müəllimin ailəsinə başsağlığı verməyə gələn o vaxtkı respublika rəhbəri heç cür inana bilmirdi ki, Mirzəyevlərin 5 nəfərlik ailəsi on illərlə iki darısqal otaqda yaşayıb. (Ədalət naminə demək lazımdır ki, çox keçmədən - ölümündən sonra onun ailəsinə yaşadıqları ərazidə geniş otaqları olan mənzil verildi).
Osman Mirzəyev və bütün 20 noyabr şəhidləri bu Vətən yolunda, Qarabağ uğrunda qurban getdilər. Xalqımız onları daim ehtiramla yad edir. Bircə qalır... qisas almağımız. Onu qiyamətə saxlayacağıqmı?.. Gecikdik, çox gecikdik...
Rəhman Orxan
Zaman.-
2015.- 1 dekabr.- S.10