Nizami Gəncəvi
yaradıcılığında kamil insan problemi
Dahi Azərbaycan şairi, müdrik filosof Nizami Gəncəvinin
yaradıcılığı bəşəri təfəkkürün
elə bir fəth olunmamış uca zirvəsidir ki, bu zirvəyə
yüksəlmək üçün hələ insanlıq mənəvi
cəhətdən çox inkişaf etməli, uzun yol
keçməlidir. Bu zirvə şeir-sənət aləmində
Nizami zirvəsi adlanır .Nizaminin təfəkkür və
kamillik zirvəsi o zaman kəşf olunacaqdır ki, dünyada
ağıl və kamal hər şeydən üstün olacaq,
hər şeyə qalib gələcəkdir. Hələlik,
bəşəriyyət yarandığı gündən bəri
bu xoş arzu və amallar uğrunda qanlı-qadalı,
enişli-yoxuşlu yollarda nəsilləri bir-birinə
calaya-calaya, yol gedir ki, yol gedir...Dövrə bax ki, qocalıb
zülümdən, şərdən bəşər,
Azğınlığın əlindən qaçır
bəşərdən-bəşər.
(“Sirlər
xəzinəsi” )
Var-dövlət
toplamaq hərisliyi ilə haqsız hücumlar, günahsız
qırğınlar, talanlar, bəşər övladına həmişə
fəlakət gətirmiş, aclıq, yoxsulluq və göz
yaşları bəxş etmişdir. Əsl
insanlığa yaraşmayan, hər cür problemlər
müdrik şairi həmişə narahat etmiş və
düşündürmüşdür.
Axı ulu Tanrı dünyanı yaradanda onu insanla bəzəmişdir. Yer
üzündə ən qiymətli canlı varlıq
insandır. Bəs necə olur ki, yer
üzünün əşrəfi, çox şeyə qadir
olan insan çox zaman bir-biri ilə didişir, günah işlədir,
qanlar tökür, evlər yıxır?
Bir sözlə, təbiətinə xas olmayan əməllər
törədir.
Halbuki insanlar bir-birindən ayrı yaşaya bilməzlər,
insan insanla xoşbəxt olur.Təsadüfi deyildir ki,
insanların bəd əməllərindən dəhşətə
gələn şair fəryadla deyirdi: “Ey insanlar! Torpağın ciyəri sizin əlinizdən qana
dönübdür”.Yer üzündə sizin əlinizdən
rahat bir vücud varmı?
İnsanı qəlbən sevən şair buna necə
dözə bilərdi ki, hər cür əzab-əziyyətə
qatlaşaraq torpağı alın təri ilə əkib-beçərən
sadə əmək adamları yetişdirdikləri bol məhsulun
səfasını deyil, cəfasını görürlər?
Nə üçün ecazkar sənəti ilə
möhtəşəm saraylar ucaldan, bu sarayların
divarlarında əsrlər boyu rəngi solmayan füsunkar rəsmlər
çəkən, sıldırımlı qayaları
parçalayıb insanlara yol açan, daşlardan süd
arxı çəkən el sənətkarları öz
haqq-sayını almasınlar? Nəsibi isə
çox zaman bir qılıncla boynu vurulmaq və yaxud
qaranlıq zindanlar küncünə atılmaq olur? Bütün bunlar şairin yaşadığı
dövrdə onun gözləri qarşısında baş
verirdi. Məhz buna görə də müdrik şair
ömrü boyu haqsızlıqlara, zülmkarlara nifrət bəsləmiş
haqqın, ədalətin mövqeyindən
çıxış etmişdir . Haqq sözü eşitmək
istəməyənlər,
Ağlını itirib öləcək hədər.
(“İskəndərnamə”)Beləliklə,
zəmanəsinin sərgüzəştlərindən
narazı qalan kədərli şairin humanist duyğuları
ürək ağrıları ilə birlikdə müdrikliklə
yoğurulan, dərin fəlsəfi mənalı misralarla, bitkin poemalarla, ibrətamiz kəlamlarla dolu qızıldan qiymətli xəzinəyə
çevrilir .Bu söz xəzinəsinin baş qəhrəmanı
adı böyük hərflə yazılan İnsandır. Bu
sirli xəzinənin qızıl açarını yalnız
o adamlar ələ keçirə bilər ki, onlar mənən
və qəlbən pak və müqəddəs insanlar olsunlar
Bu mənada
Nizami yaradıcılığının əsas mövzusu
kamil insan probleminin həll olunmasından ibarətdir desək,
səhv etmərik . Müdrik
şair yaxşı bilirdi ki, hər bir insanın qəlbində
xeyir və şər qüvvələr daim mübarizə
aparır. Məhz şairi düşündürən də
elə bu idi ki , insanı bu şər
qüvvələrin (tamah,
paxıllıq, nadanlıq, xainlik, var-dövlət toplamaq
ehtirası və s.) əlindən necə xilas etmək olar.
Elə etmək lazımdır ki, insan bu cür şər
qüvvələrin əlində ümidsiz və çarəsiz
qalmasın, bu mübarizədə ona arxa və dayaq olmaq gərəkdir.
Nizamiyə görə, insan hisslərin əlində
oyuncaq olmamalıdır. O, ağıl və zəkanın
çağırışına qulaq asmalı,
yabançı hisslərə, mənfi emosiyalara qalib gəlməlidir
.Məslək eşqi nəsimə dönsün könül
mülkündə,Qoyma həyat
çırağı sönsün könül mülkündə.(“Sirlər
xəzinəsi”) Kim ki, yetişmədi ağıldan bara,
Oxşar insan sifət əjdahalara.
(“Yeddi
gözəl” )
Şair insanın
ağlını cilovlayan bəd əməllərdən onu
xilas etməyin yeganə yolunu sözün qüdrətində
və cövhərində görürdü. Yeniliklər
törədən bu qoca kainatda,Sözdən
incə, kəsərli, heç nə yoxdur həyatda.və
yaxudSanma bayraq söz qədər zəfər çalar hər
yanda,Qələm öz qüdrətilə ölkə olar hər
yanda.(“Sirlər xəzinəsi”)Bəli, dahi Nizami insanlara bu
yolla xidmət etməyə, onların mənəviyyatındakı
xəstəlikləri sözün gücü ilə müalicə
etməyə çalışırdı.Sanki ilahi istedad,
söz sərraflığı, mənəvi kamillik, əxlaqi
saflıq, yorulmaq bilmədən
yazmaq-yaratmaq eşqi şairə bu hüququ və bu imkanı
vermişdir.
Bütün bunlar şairin insanlara olan sonsuz məhəbbətindən
irəli gəlirdi. Nizami yaradıcılığının
fəlsəfi mənası və humanizmi də elə
bundadır.
Bəs şair ürəkdən sevdiyi insanı kamilləşdirmək,
onun qəlbindəki mənfi emosiyaları məhv etmək
üçün nə kimi “reseptlər” təqdim edirdi?
Şairin
gəldiyi qənaət ondan ibarət idi ki, kamil insanı
yetişdirmək heç də asan iş deyildi. Bu mürəkkəb və uzun çəkən prosesdə
hər kəs öz qüvvəsinə inanmalı, təbiəti,
cəmiyyəti, ətraf aləmi diqqətlə dərindən
öyrənməli, həyata açıq gözlə
baxmağı bacarmalıdır. Bir
sözlə, insan daimi təkamül yolu ilə getməklə
kamilləşə bilər.
Şairin oğlu Məhəmmədə nəsihəti
bu cəhətdən daha səciyyəvidir.
Sən
çalış yaxşıca öyrən dünyanı,
İnsanı, bitkini, daşı, heyvanı.
Qalacaq əbədi
nə şey dünyada,
Öyrən günlərini vermədən bada.
Özündən
hər kim ki, deyil xəbərdar,
Bir qapıdan girər, birindən çıxar.
Nizami bütün varlığı ilə insana istənilən
tərbiyəni verməyin mümkün olduğuna
inanırdı. Şair əsərlərində bu
ideyanı dönə-dönə təsdiq etmişdir.
Şairin müdrikliyi həm də onda idi ki, o, müxtəlif
tərbiyə vasitələrindən olduqca məharətlə,
zərgər dəqiqliyi ilə yerli-yerində istifadə etməklə
tərbiyə etmək istəyirdi - xüsusilə, xalqa rəhbərlik
edən rütbə sahiblərini (bunlar əsasən
padşahlar, sultanlar, əyan və əmirlərdir). Bütün
nöqsanlarını, hətta onların
ağılsızlığını və
axmaqlığını güzgü kimi, ibrətamiz şəkildə
özlərinə göstərirdi.
Gözləmədikləri
ən sadə adamlardan, hətta alleqorik yolla digər
canlılardan, belə
demək mümkünsə, cəsarətli əks tərbiyə
zərbəsi alan bu yüksək rütbəli şəxslər
birdən-birə sanki “nokdaun”a düşürlər. Bu kəskin
ittihamlar qarşısında bəd əməllərindən
xəcalət çəkir, düşünür və ciddi
nəticə çıxarmağa məcbur olurlar:
“Nuşirəvanla
vəziri və bayquşların söhbəti” (“Sirlər xəzinəsi”)
hekayəsində bayquşların Nuşirəvana
qarşı ittihamı (“Qarı və Sultan Səncər”
dastanı), “Sirlər xəzinəsi” hekayəsində kimsəsiz
qoca qarının camaatın gözü qarşısında
Sultan Səncərin yaxasından tutaraq cəsarətlə onun
ağılsızlığını,
axmaqlığını və quldurluğunu üzünə
söyləyərək:
Qarıların
nəyi var, quldurluqdan sən utan!
Utan, utan
onların ağ birçəyindən
utan!
deməsi
və yaxud “Zalım şahla düz danışan qocanın
hekayəti” əsərində (“Sirlər xəzinəsi”)
şahın zülmündən cana gələn qocanın kəfənə
bürünərək şahın hüzuruna gəlib:
“Mən
deyirəm eybini, şər işini özünə,
Göstərirəm
güzgü tək hər işini özünə,
Utan,
qızar eybindən qırma elə güzgünü,
Düzlüyümlə sadiq bil hökümdarım sən
məni.
Əgər
doğru demirəm çəkdir dara sən məni...”
Hər iki qoca bu rütbə sahiblərinə
sözün “qılıncı” ilə elə zərbə
çalır ki, bu zərbə onları ayıldır, nahaq
yoldan əl çəkib haqq, ədalət yolunu tutmağa məcbur
edir.
Belə məqamlar, mən deyərdim, şairin fitri
istedadını üzə çıxardan əsl ədəbi
tapıntılardır. Bu yolla tərbiyə olunan “obrazlar” silsiləsi
şairin ilk əsəri “Sirlər xəzinəsindən
başlayıb, şah əsəri “İskəndərnamə”
poemasında İskəndər obrazı ilə başa
çatır.
“İnsanı
düşündürən, onu kamillik yolu ilə aparan
şair yaradıcılığının yüksək zirvəsi
olan “İskəndərnamə” poemasında arzu etdiyi kamil insan
və kamil cəmiyyət ideyasını öz arzularına
uyğun şəkildə tərənnüm və təsdiq
edir.
Dünyada heç kimə məğlub olmayan Fateh
İskəndər əbədi yaşamaq eşqi ilə dirilik
suyunu içmək üçün zülmət ölkəsinə
səfər edir. Lakin dirilik suyunu içmək ona qismət
olmur. Bu suyu Allahın iradəsi ilə Xızır
Peyğəmbər içib, əbədiliyə qovuşmuşdur .
Bu, dünyada hər şeyə sahib olan, qüdrətindən
yeri-göyü titrədən yenilməz fatehin ilk məğlubiyyəti
idi. İskəndər sanki yuxudan ayılır,
bütün insanlar kimi o da ölümə məhkumdur.
İskəndər düşünür: bəs əbədi
yaşamağın sirri nədir?
Bütün ölkələri fəth edən, qanlar
töküb evlər yıxmaqla çox böyük ibrətamiz
səhnələrin şahidi olan qüdrətli hökmdar qəlbindəki
xeyirxah qüvvələrin səsinə qulaq asaraq yalnız
xalqa xeyirxah niyyətilə xidmət etmək, haqqın, ədalətin
mövqeyində durmaq, xoş əməllər
carçısı olmaqla əbədi şöhrətə
çatmağın mümkün olduğunu dərk edir. Bu fikri təsdiq edən
şair yazır:
Dünyanın
işini yaxşı düşün sən,
Nə əksən onu da biçərsən.
Yaxşı
iş də görsən, pis iş də inan,
Unutmaz onları bu qoca dövran.
(“Xosrov və
Şirin”)
Beləliklə,
əsərin ikinci hissəsi “İqbalnamə”də biz İskəndəri,
həqiqətən, dünyaya xeyirxahlığın toxumunu səpən,
hamını xoşbəxt etmək arzusu ilə yaşayan, cəmiyyətdə
haqq, ədalət və kamilliyin öz yerini tapması
uğrunda mübarizə aparan müdrik filosof, xeyirxah və ədalətli
adı qazanan hökmdar kimi görürük.
Deməli, müdrik şairin təbirincə desək,
bütün mənalı həyatını xalqa həsr edən,
qurub yaradan insanlar xeyirxah əməlləri ilə xalqın qəlbində
nəsildən-nəslə əbədi şöhrət
qazanır və yaşayırlar. Bu gün
adlarını əbədiləşdirdiyimiz yüzlərlə
xeyirxah insanlar, eləcə də dahi şairin öz adı
buna ən böyük nümunədir.
Bu il Azərbaycan xalqı, eləcə də dünya ictimaiyyəti dahi şairin anadan olmasının 870 illik yubileyini böyük hörmət və məhəbbətlə qeyd etmişdir. Yubiley ərəfəsində elmi konfranslar, simpoziumlar, sərgilər, yeni tədqiqat əsərləri çap olunmuşdur.
Yubiley münasibətilə dünyanın bir sıra böyük şəhərlərində şairin xatirəsini əbədiləşdirən abidələr ucaldılmışdır.
Nizami elə yüksək sivilizasiyalı şairdir ki, o indiki nəsillərdən 870 il əvvəl yaşasa da, mən deyərdim bizdən 870 il qabaqda yaşayır və bəşəriyyətin ağıl, kamal dünyasına gedən yolunu öz nuru ilə işıqlandırır.
Nizaminin yaradıcılığı, onun söz ordusu elə bir ilahi qüvvəyə malikdir ki, dünyanın heç bir ordusu ona qalib gələ bilməz.
Təəssüf ki, şairin sovet dövründə keçirilən hər iki yubileyi - 1941-ci ildə 800 illiyi, 1991-ci ildə 850 illiyi qanlı-qadalı illərə təsadüf etmişdir. Böyük Vətən müharibəsi illərində şairin azadlıq və sülh idealları Vətənin müdafiəsində bizə dayaq oldu.
1988-ci ildən doğma yurdumuz Azərbaycan bədnam qonşularımız olan ermənilərlə müharibə şəraitindədir.
Bu şairin yubileyinin məhz belə bir vaxta düşməsi, bəlkə də, təsadüfü deyil, ilahi qanunlara uyğundur. Belə düşünməyə ona görə əsasımız var ki, şairin bəşəri dəyərlərə malik humanist idealları bir ordu kimi əzəmətlə səslənir və bu haqq-ədalət bərabərlik çağırışı xalqımızın tarixinə, mədəniyyətinə torpağına böyük sənət abidələrinə, müdrik sənətkarlarına böhtan atan, yeri-yurdu bilinməyən xain qonşularımız olan ermənilərin qulaqlarını kar, gözlərini kor etməyə bəs edər. Dünya şairlərinin zirvəsi sayılan Şeyx Nizaminin poetik düşüncəsi, söz ordusu Qarabağın müdafiəsində bizimlə birlikdə dayanmışdır desək, səhv etmərik.
Ruhun şad olsun, dahi sənətkar!
Nəriman Qurbanov
Zaman.
2015.- 2 dekabr.- S.-4