Vətənpərvərlik və qəhrəmanlıq dastanı - “Kitabi-Dədə Qorqud”

Kim bilir, neçə-neçə xalqın tarixini, mədəniyyətini və taleyini özündə əks etdirən bir çox kitablar əsrlərin qaranlığına qərq olmuş, itib-batmış və yaxud yandırılmışdır.

Biz xoşbəxt xalqıq ki, 1300 il bundan əvvəl xalqımızın qəhrəmanlıq tarixini, onun müdrikliyini, milli mədəniyyətini əks etdirən canlı tarix hesab edilənKitabi-Dədə Qorquddastanı keçən əsrin ortalarında yenidən öz yurduna, öz xalqına qaytarıldı. Bu mənada mən bu dastanı xalqımıza bəxş edən alman şərqşünas alimi Fon Ditsin ruhu şad olsun deyirəm. Ta qədimdən ermənilər türk sultanlığına sığınmışlar. 1988-ci ildən başlayaraq, Sovet İmperiyası süqut etməyə başlayanda “Kitabi-Dədə Qorqud” dastanından tanıdığımız əzəli və əbədi düşmənlərimiz olan Söklü Məliyin vəhşi təbiətli nəvə-nəticələri öz havadarlarının köməyi ilə üstümüzə hücum çəkərək yenidən Qazan xanın el-obasını talan etdilər, qız-gəlinlərimizi əsir apardılar.Düşmən bizi qəfil yaxalamışdır. Lakin bizə təsəlli və ruh verən, bizi bütün qüvvələrimizi səfərbər edib, qələbə zəfəri çalmağa çağıran “Kitabi-Dədə Qorqud” kimi müdrik bir dastanımız var. Mən təsəvvür edirəm ki, “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən Beyrək, Basat, Qazan, Buğac, Qazan oğlu Uruz, Qarabudaq, Dəli Domrul, Yeynək, Əyrək kimi yenilməz xalq qəhrəmanlarının ruhu başımızın üzərindədir, bu gün bizimlədir; biz onlardan güc və mənəvi qüvvə alaraq torpaqlarımızı düşmənlərdən xilas etməyə hazırlaşırıq.“Kitabi-Dədə Qorqud” dastanı VII-VIII yüzilliklərdə yaranmışdır. Dastandakı boyların məzmunu Azərbaycan xalqının o zamankı həyatını, yaşayışını, həyat tərzini, torpaq, vətən sevgisini, ailə münasibətlərini, bir sözlə, milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, sözün həqiqi mənasında, böyük bir məktəbdir desək, səhv etmərik. Çox təəssüf ki, dastanın əlyazma nüsxələri müxtəlif səbəblərə görə Almaniyanın Drezden və İtaliyanın Vatikan şəhərlərinə gedib çıxmışdır. Aparılan tədqiqatlara görə, dastanın Drezden nüsxəsi 1578-1585-ci illərdə Azərbaycanda hakim olan Osman paşanın xəzinəsi ilə birlikdə Türkiyəyə aparılmışdır. Dastan haqqında ilk dəfə 1770-ci illərdə alman ərəbşünası Yakov Sohan Peyske məlumat vermişdir.Dastanın əsas tədqiq olunma tarixi isə görkəmli alman şərqşünası Fridrik Fon Ditsin adı ilə bağlıdır. O, 1815-ci ildə “Təpəgöz” boyunu alman dilinə tərcümə edərək çap etdirmişdir. Bundan sonra əsər Moskvada, Berlində, Londonda, Amerikada, Tehranda, Aşqabadda, Ankarada nəşr edilmişdir. Dastan Bakıda ilk dəfə olaraq, 1939-cu ildə Azərbaycan alimi Həmid Araslı tərəfindən çap etdirilmişdir.Əgər Azərbaycanın ən qiymətli kitablarından ibarət sərgi təşkil edilsəydi, bütün türkdilli xalqların, eləcə də bizim milli iftixarımız olan “Kitabi-Dədə Qorqud” bu sərginin ən birinci, ən möhtəşəm kitabı olardı.Cəsarətlə demək olar ki, Azərbaycan xalqının həyatına aid olan kitabların hamısı məhv edilsəydi belə, təkcə “Kitabi-Dədə Qorqud” dastanı bütün kitabları əvəz edə bilərdi. Bu mənada, demək olar ki, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan gənclərinin təlim-tərbiyəsi üçün ən böyük dərslikdir. Bugünkü gənc nəsil bu məktəbdən, bu sirli xəzinədən çox şey öyrənə bilər.Təsadüfü deyildir ki, Azərbaycanın filosof alimi Fuad Qisimzadə bu dastan haqqında demişdir: “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının tarixidir, onun ictimai-siyasi varlığının poetik inikasıdır, “ensiklopedik mahiyyət daşıyan abidədir”.Dastanın 1300 illik yubileyinin qeyd olunması haqqında ümummilli lider Heydər Əliyevin 1999-cu ildə verdiyi fərman çox böyük ictimai-siyasi əhəmiyyətə malik bir fərman idi. Ona görə ki, bu yubileyin YUNESKO tərəfindən bütün dünyada geniş şəkildə qeyd olunması xalqımızın Azərbaycan adlı məkanda ta qədim zamanlardan yaşayıb-yaratmasını, onun çox qədim mədəniyyətə və qəhrəmanlıq tarixinə malik olduğunu sübut edir, eyni zamanda tarixi köklərimizi unudan, yüksək mədəniyyətə malik olduğumuza inanmayan, bizə “vəhşi millət” damğası vurub böhtan atan, əslində özlərinin yeri-yurdu bilinməyən, fırıldaqçı, hiyləgər, çörək tapdayan, quzu cildinə girmiş canavar hesab edilən erməni cəlladlarına tutarlı bir cavab olmuşdur.

Bu şanlı yubiley eyni zamanda bütün türk dünyası xalqlarının sevimli bayramına çevrilmişdir.

Ehey, qarı düşmən, hələ ki öyün,

Adın yer üzündən pozulacaqdır.

Gözəl Qarabağın alındığı gün,

Tarixə əbədi yazılacaqdır.

Qədim mənbələrdə o cümlədən, müəllifi məlum olmayan “Dərbəndnamə” əsərində, türk səyyahı Evliya Çələbinin “Səyahətnamə” əsərində və alman alimi Adam Olearinin İrana səyahəti barədə yazdığı kitabında, eləcə də Azərbaycanın bugünkü Qorqudşünas alimi Şamil Cəmşidovun kitablarında, Dədə Qorqudun, Qazan xanın, Burla xatunun tarixi şəxsiyyət olduğu və onların qəlblərinin Dərbənd qəbiristanlığında bu günədək qaldığını təsdiq edirlər. Bu faktlar onu sübut edir ki, “Dədə Qorqud” dastanında adı çəkilən igidlərin hamısı tarixi şəxsiyyətlər olmuşdur. Əgər bu istiqamətdə arxeoloji tədqiqatlar davam etdirilərsə, yəqin ki, bunların hamısı bir daha təsdiq olunacaqdır.

“Kitabi-Dədə Qorqud” dastanı İslam dini ilə sıx bağlı olmuşdur. Əsərdə Qurani-Kərimin hadisələrə təsiri güclü olduğuna görədir ki, xalq bu dastanı qoruyub saxlamış və gələcək nəsillərə ötürmüşdür.

 

“Dədə Qorqud” dastanında “Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya” ifadəsi olduqca dərin fəlsəfi məna daşıyır.

 

Bu ideya insanı bu dünyada xeyirxah işlər görməyə, yaxşı əməllər sahibi olmağa çağırır. İnsan bu dünyada nə qədər xeyirxah  savab işlər görsə, o şəxs dünyasını dəyişsə belə,  ruhu bir o qədər şad olacaqdır.

 

Təsadüfi deyil ki, dastandakı boyların hamısında Allaha və peyğəmbərə xeyir-dualar söylənir. Dədə Qorqud Tanrı dostu, din sərvəri Məhəmməd Peyğəmbəri (s.a.s) tərif edir.

 

“Kitabi-Dədə Qorqud” dastanında Azərbaycanımızın füsunkar təbiəti, doğma yurdumuzun könül açan mənzərələri, Qafqaz dağları, bu dağların meşələri, ormanları, axar bulaqları, çayları, gül və çiçəkləri, meyvə bağları məhəbbətlə təsvir olunur. Dastanda Azərbaycanda yaşayan və bir çoxunun nəsli kəsilən quşlar və heyvanlar haqqında da məlumat verilir. Dastanda insanları qidalandıran, onlara sağlamlıq və gözəllik bəxş edən təbiətin qorunması tövsiyə olunur.

 

Dastanda mənəvi tərbiyə ilə estetik tərbiyə məsələləri olduqca güclüdür.

 

İnsanlar arasındakı gözəl münasibətlər, humanizm, qarşılıqlı məhəbbət, ailə münasibətləri, anaya-qadına hörmət, övlad-valideyn münasibətləri, böyüklərə hörmət, gənclərə qayğı məsələləri bütün dastan boyu öz əksini tapır.

 

Dastandakı qadın obrazları Burla Xatun, Banu Çiçək, Selcan Xatun və başqaları istər zahirən, istərsə də daxilən misilsiz gözəlliyə malikdirlər. Uca boylu, incə belli, uzun saçlı, qara gözlü bu qadınlar yüksək əxlaqi keyfiyyətləri ilə seçilirlər. Onlar ailəyə, ocağa qırılmaz tellərlə bağlıdırlar, zəhmətkeş və hünərlidirlər, vətənin, elin müdafiəsində qəhrəman ərlər kimi, əsl kişilər kimi hərəkət edirlər. Onlar üçün namus və qeyrət, izzət və şərəf hər şeydən ucadır.

 

Zahiri və daxili gözəlliyin qırılmaz vəhdətinə malik olanlar məhz bizim qadınlardır, xalqımızın gözəl-göyçək, mərd və qeyrətli, namuslu və izzətli qızlarıdır.

 

“Qazan xanın evinin yağmalanması boyunda Burla Xatunun” öz ərinin namusunu qorumaq üçün işlətdiyi fəndgirlik Azərbaycan qadınları üçün bu gün də ən nümunəvi örnəkdir.

 

Yaxud da qadına, anaya münasibət məsələsində Qazan xanın düşmən Söklü Məliklə üz-üzə gələrkən, ilk növbədə, qoca anasını tələb etməsi anaya olan müqəddəs və ilahi övlad məhəbbətinin nə qədər güclü olduğunu sübut edir.

 

İnanmaq olmur ki, dünya xalqlarının yaradıcılığında bu qədər zəngin, milli-mənəvi dəyərləri özündə əks etdirən ikinci bir dastan tapmaq olar.

 

“Dədə Qorqud müdrik el ozanıdır. Elin böyük ağsaqqalı, baş biləni, yolgöstərənidir. Xalqın bütün müşkül işlərini o həll edir, keçmiş əhvalatların hamısını bilir, gələcəkdən xəbər verir. Hər kim yeni bir iş görmək istəyirsə, əvvəlcə, elin ozan və ağsaqqalı Dədə Qorqudla məsləhətləşir, ondan xeyir-dua alırlar.

 

Dastanda yadelli işğalçıların, yurdumuza basqın edən kafirlərin kimlər olduğu da açıq-aydın göstərilmişdir. Odur ki, dastanda hər bir gəncin at belində qılınc oynatması, el-oba sakinlərinə igidlik nümayiş etdirməsi, bir sözlə, öz hünəri ilə öyünməsi tələb olunur. Elin adətinə görə hünər göstərməyən gəncə ad qoymazdılar. Gənclərə bu cür tələbkarlıq göstərməklə əsas məqsəd onları doğma yurdunu, elini, obasını düşmən hücumundan qorumağa hazırlamaq idi. Atalar qılınc çalıb, igidlik göstərdiklərini oğullara da öyrədərdilər. Oğullar düşmənin haradan gəldiyini də yaxşı bilirdilər. Dastanda pusquda durub, həm də min bir hiylə işlədərək, fürsət düşən kimi elimizə, obamıza xaincəsinə basqın edən kafirlərin erməni məlikləri olduğu da açıq-aşkar sübut olunmuşdur. Lakin o zaman Dədə Qorqud kimi müdrik el ağsaqqalı Qazan Xan kimi igid oğulları torpaqlarımızın bütövlüyünü qoruyub saxlamış, bir qarış da olsun vətən torpağını yadelli işğalçılara verməmişlər.

 

Xalqımız çox ağır bir təhlükə qarşısında qalmışdı. Erməni cəlladları qədim türk torpağında azərbaycanlıları öz dədə-baba yurdlarından qovdular. Yurdumuzun dilbər güşəsi olan doğma Qarabağımızı işğal etdilər, son nəticədə bir milyondan artıq soydaşımız evsiz-eşiksiz qaldı.

 

Belə ağır bir məqamda öz içimizdə qovrula-qovrula Dədə Qorqud müdrikliyinə malik rəhbər axtarırdıq. Məhz bu zaman Qazan xan, Dəli Domrul, Qaraca Çoban kimi qəhrəman oğullara, Koroğlu “dəlilərinə” ehtiyacımız var idi.

 

Xalqımız darda olduğu vaxt ulu Tanrı Dədə Qorqud kimi müdrik, uzaqgörən, qətiyyəti və cəsarəti ilə xalqımızın məhəbbət və ehtiramını qazanan, Babək qeyrətli, Koroğlu hünərli, ömrünün mənasını xalqın xoşbəxtliyində görən Heydər Əlirza oğlu Əliyevi yenidən xalqımıza bəxş etdi.

 

Bəli, xalqımızın təkidli çağırışı ilə Heydər Əliyev az qala parçalanmaqda olan Azərbaycanımızı xilas etmək üçün ölkəyə rəhbərliyi öz üzərinə götürdü. Məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə rahatlıq və əmin-amanlıq bərpa olundu.

 

 

 

Bir qartal qanadı istəyirəm mən,

 

Baş vurub göylərə ucalmaq üçün.

 

Ölümə gedərəm yolunda, Vətən!

 

Sənin düşmənindən öc almaq üçün.

 

 Bəli, bu gün azad və müstəqil respublikamızın şanlı ordusu Ali Baş Komandan İlham Əliyevin düşmən üzərinə hücum əmrinə hazırdır. Lakin müdrik rəhbərimiz bu problemi mümkün qədər qan tökülmədən, sülh yolu ilə həll etməyə çalışır.

Əlbəttə, bütün Azərbaycan gəncləri, güclü ordumuz torpaqlarımızı düşmən tapdağından azad etmək üçün hər an hazırdır.

İnanırıq ki, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, diplomatik mübarizəsi nəticəsində torpaqlarımız sülh yolu ilə azad olunacaqdır.

Lap yaxın vaxtlarda gözəl Qarabağımızın musiqi beşiyi olan Şuşada, Xankəndidə üçrəngli Azərbaycan bayrağı əzəmətlə dalğalanacaqdır. Məşhur Cıdır düzündə Ü. Hacıbəyovun “Koroğlu” uvertürası əzəmətlə səslənəcəkdir.

 

Yalnız o zaman Vətən uğrunda canlarından keçən igid oğulların ruhu şad olacaqdır. Ulu babalarımızın əsrlər boyu qoruyub nəsildən-nəslə çatdırdığı ərazi bütövlüyümüz təmin olunduğu vaxt yerindən-yurdundan didərgin düşən bir milyon yurddaşımız da öz doğma elinə, obasına qayıdacaqdır.

Bəli, ulu Dədə Qorqud yurdu bundan sonra heç vaxt düşmən tapdağı altında qalmayacaqdır.

Hər Qala bürcündə, daş kitabədə,

Mənim tariximin şanlı izi var,

Bu vətən uğrunda, bu torpaq üstə,

Daima vuruşub igid balalar.     

 Nəriman Qurbanov,

Ağdaş Rayon Təhsil Şöbəsinin məsləhətçisi.

Zaman.- 2015.- 24 dekabr.- S.- 13