Dünyanın məşhur müsəlman
alimləri: İbn Sina (1)
ƏZIZ MUSTAFA,
Onun
adı dünya tibb tarixinə qızıl hərflərlə
yazılıb və o özündən sonra hələ min illər bundan
sonra müraciət ediləcək, araşdırılacaq tibbi
xəzinə qoyub gedib.
Elm və texnikanın sürətli
inkişafına baxmayaraq, bu gün də belə tibb
dünyası ən sağalmaz xəstəliklərin, o
cümlədən bəşəriyyətin bəlasına
çevrilən və son illərdə sürətlə
yayılmaqda olan xərçəng, xalq arasında
sarılıq xəstəliyi ilə tanınan hepatitin müxtəlif
formalarının, şəkər, xroniki böyrək
çatışmazlığı və digərlərinin
müalicəsini tapmaq üçün onun əsərlərinə
dönə-dönə müraciət edirlər. Onun tibb aləmində böyüklüyünü,
dahiliyini xərçəng xəstəliyinin 26
formasını müəyyən etməsi və onları təbii
yollarla müalicə etməsi də məlumdur. Müxtəlif otlardan hazırladığı dərmanlarla
bəşəriyyətin bu gün belə müalicə edə
bilmədiyi bu qorxunc xəstəliyə tutulanları
sağaldan məşhur tibb alimi üçün müalicəsi
mümkün olmayan xəstəlik yox idi. Çox təəssüflər
olsun ki, onun xəstələrin müalicəsində istifadə
etdiyi ot bitkilərinin çoxu
günümüzə qədər gəlib çatmayıb,
çatanların da bəzilərinin hansı ot bitkisi
olmasını tibb alimləri müəyyən etməkdə
çətinlik çəkirlər. Bu məşhur tübb aliminin
tibbə aid yazdığı əsərlər ötən əsrin
20-ci illərinə kimi Avropanın müxtəlif tibb
universitetlərində dərslik kimi istifadə edilib.
Türk-islam aləminin bəşəriyyətin elmi xəzinəsinə
bəxş etdiyi, bu günə kimi olan və bu gündən
sonra gələcək nəsillərin də tibb dahisi olaraq
qalmaqda davam edəcəyi məşhur tibb alimi qədim
türk torpağı olan Buxara yaxınlığındakı
Əfşan kəndində o dövr üçün mükəmməl
təhsil alan türk ailəsində anadan
olan Əli Hüseyn ibn Abdullah ibn Əli ibn Sinadır.
Qərbin riyakarlığı
Qərb
dünyasında Avitsenna kimi tanınən 980-ci ilin sentyabr
ayında Buxara yaxınlığındakı Əfşan kəndində
ərəb və fars dillərini
yaxşı bilən ziyalı türk ailəsində anadan
olan İbn Sina və ya Əbu Əli Hüseyn ibn Abdullah ibn Həsən
ibn Əli ibn Sinanı təəssüflər olsun ki, rus və
Qərb mənbələrində tacik-fars kimi qələmə
verirlər. Bunun da səbəbi Qərb və
Rusiyanın türklər arasından çıxan dahiləri
həzm edə bilməməsidir. Bəzən bunu o
dövrdə yaşayan və türk islam dünyasının bəşəriyyətə
verdiyi dahilərin əsərlərini fars və ərəb
dillərində yazmaları ilə izah edirlər. Amma o
dövrdə ərəb və fars dili
indiki Avropada və dünyada ingilis dili geniş
yayıldığı kimi, Şərqdə geniş
yayılmışdı. Müxtəlif millətlərin
nümayəndələrinin fars dilində
yazdığına görə onun millətini də fars kimi qələmə
versək, onda gərək bu gün dünyanın ingilis dilində
ölməz sənət əsərləri yaradan dahi sənət
adamlarının, sənətkarların da hamısını
ingilis hesab edək.
Nəhayət, xatırladaq ki,
türk olduqları heç bir şübhə doğurmayan Səlcuqlu
İmperiyasında sarayda fars dilindən istifadə
edilib.1274-cü ilə kimi türk hökmdarlarının
saraylarında fars dili işlənib və onların türk
olduğunu heç bir Qərb və ya rus tarixçisi
şübhə altına almır. Amma söhbət türklər
arasından çıxan dahilərə gələndə
heç bir əsas gətirmədən dərhal onları fars kimi qələmə verməyə cəhd
edilir. Halbuki ərəb dilində
yazdıqlarına və özlərinin ata, soyad mənsubiyyətini
bildirmək üçün ərəblərdə qəbul
edilən kimi ibndən (oğlu) istifadə etdiklərinə
görə onları ərəb də hesab etmək olardı.
Bu baxımdan Qərb və rus mənbələrində
İbn Sina və digər tanınmış dahi elm alimlərinin
türk deyil, fars adlandırılması
heç bir məntiqə və elmi əsaslara söykənmir.
İbn Sina anadan olanda
atası onun adını Hüseyn qoymuş yanına ləqəb
kimi Əli adını əlavə etmişdi.
Üstündən illər ötəndən
sonra İbn Sina öz tərcümeyi-halında yazır: “Mənim
atam Bəlx şəhərindən idi. O, Samanlı
hökmdarı Nuh ibn Mənsurun hakimiyyəti dövründə
Bəlxdən Buxaraya köçüb gəlmişdi. Atam burada hökmdar dəftərxanasında işləyirdi.
Ona Buxara ətrafındakı mərkəzi Hırmasan ( Harmaysan) olan bölgəni idarə etmək
tapşırılmışdı. Atam
yaxınlıqdakı Əfşan kəndində yaşayan
Sitarə adlı anamla ailə həyatı qurmuşdu. Əvvəlcə, orada mən, sonra da qardaşım
anadan olub”.
Qeyd edək ki, Bəlx
şəhəri həmin dövrdə türklərin
yaşadığı ən böyük şəhərlərdən
biri idi. İbn Sinanın atasının
saraya dəvət edilməsi də savadlı və elmli
olması ilə bağlı idi.
10 yaşlı istedad hafiz
O vaxt hələ Hüseyn kimi
tanınan gələcəyin böyük dahisinin istedadı
lap uşaq yaşlarından üzə çıxıb. Deyilənə görə, balaca Hüseyn bir gün əlində
saxsıdan bir oyuncaq oynadırmış. Birdən
saxsı əlindən düşüb çilik-çilik
olur. Buna çox sarsılan körpə ilk sözü tələffüz
edir: “Niyə?” O sonralar bütün ömrü boyu o, müxtəlif
“niyə”lərə cavab axtarıb. Valideynlərinin
Buxaraya köçməsi isə gələcəyin dahisi
olacaq balaca Hüseynin istedadının üzə
çıxarılmasında önəmli rol oynadı.
Buxara həmin dövrdə yalnız Samanlı dövlətinin
deyil, həm də bütün Türküstanın və
bölgə ölkələrinin elm, mədəniyyət
sivilizasiya mərkəzi hesab edilirdi . Müqayisə üçün deyək ki, həmin
dövrdə Buxarada dünyanın ən böyük
kitabxanalarından biri yerləşirdi. Burada
çoxlu sayda o dövrdə elm mərkəzləri hesab edilən
mədrəsələr vardı. Bu mədrəsələri
indiki dövrün ali məktəbləri
ilə müqayisə etmək olar. Çünki
həmin mədrəsələrdə bütün elmlər tədris
olunurdu. Buraya dünyanın müxtəlif
yerlərindən elm və incəsənət adamları -
filosoflar, arxitektorlar, həkimlər, şairlər gəlir.
Onlar çox zəngin saray kitabxanasından istifadə
edir, elmi məclislər təşkil edir, müxtəlif elmlər
barədə müzakirələr aparır, fikir mübadiləsi
edirdilər.
Belə bir mühitə
düşməsi balaca Hüseynin gələcək taleyində
önəmli rol oynadı. Buxarada balaca
Hüseyni, əvvəlcə, şəhərdə məşhur
olan mədrəsə-məktəblərindən birində
oxumağa qoydular. Mədrəsə-məktəbdə
o dövrün tanınmış alimi və ziyalısı hətib
Ubayd dərs deyirdi. Hüseyn Ubaydın
şagirdləri arasında ən balacası idi. Uşaqlara, əvvəlcə, ərəb dilində
yazmağı və oxumağı öyrədir, sonra isə
Qurani Kərimdən surələri əzbərlədirdilər.
Hüseyn qısa müddətdə ərəb
dilində yazmağı və oxumağı öyrəndi.
Ancaq hər şeyi bilməyə
çalışan Hüseyn dərslərdə müəlliminə
sualı sual dalınca yağdırır, hətta
özündən yaşlı uşaqların belə bilmədiklərini
ondan soruşur, hər şeyi bilməyə
çalışırdı. Onun suallarından yorulan hətib
Ubayd sonda
Hüseynə Qurani-Kərimi öyrənməsini və
orada bütün suallara cavab ala biləcəyini deməklə
ondan müvəqqəti də olsa canını qurtara bildi.
Amma bir neçə aydan sonra hətib Ubayd dərsdə yenidən
Hüseynin sual verdiyini görəndə: “Axı sənə
dedim ki, Qurani-Kərimi oxu, orada suallarına cavab tapacaqsan
demişdim”,-deyə ona tapşırığını
xatırlatdı. Hüseyn isə sakitcəsinə: “Müəllim,
mən Qurani- Kərimi öyrəndim, olarmı indi sual
verim”,-dedi. Tanınmış alim və ziyalı olan hətib
Ubayd onun bu cavabından özünü itirərək: “ Necə yəni, qısa müddətdə
Qurani-Kərimi öyrənmisən?”-deyə təəccüblə
soruşdu. Hüseyn Qurani-Kərimdən
surələri əzbərləməyə başlayanda Ubayd
yerində donub qalmışdı. Şagirdlərinin
illərlə öyrənməyə, əzbərləməyə
çalışdıqları Qurani-Kərimi Hüseyn bir
neçə ayda öyrənmiş və üstəlik, əzbərləmişdi
də. Ubayd gözlərinə və
qulaqlarına uzun müddət inana bilmədi. O
Hüseynin atasını yanına çağıraraq: “Sizin
bu balaca oğlunuzun məktəbə gəlməyə
artıq ehtiyacı yoxdur. O nəinki mənim öyrətdiklərimi,
hətta öyrətmədiklərimi və bilmədiklərimi
belə bilir. Ona mən öyrədəsl
şey tapmıram və əslində özümün də
ondan öyrənməyə ehtiyacımın olduğunu etiraf
edirəm. Oğlunuz
burada bundan sonra da qalsa yeni heç nə öyrənə bilməyərək
istedadını məhv edəcək. Yaxşı olar
ki, oğlunuza daha güclü müəllimlər
tapın”,-demişdi.
Sonralar Hüseyn bu hadisə ilə
bağlı belə yazmışdı: “10 yaşım olanda
Qurani-Kərimi, ədəbiyyatı və digər elmləri
öyrəndim. Amma bildiklərimi müəllimlərimə
deyəndə onlar mənə heyran olmuş və eyni zamanda
özlərini itirmişdilər”.
Hüseynin atası oğlunun erkən
yaşdan elmin sirlərinə yiyələnməsini biləndən
sonra Ubaydın
tövsiyəsinə qulaq asaraq, oğlunu öz evinə
gətirdi və ona müəllim tutaraq, evdə digər elmləri
də öyrənməkdə yardım etməyə
başladı. Qısa müddətdə
Hüseyn evdə riyaziyyat, məntiq, loqika, astronomiya, fəlsəfə,
coğrafiya və digər elmlərə mükəmməl yiyələndi.
Atası tərəfindən məhəbbətlə
Əli çağırılan və müəllimləri tərəfindən
də daha çox qısaca olaraq Əli ibn Sina kimi tanınan
və qələcəyin məşhur tibb alimi kimi yetişməsində
atasının tanışı, İsmaili təriqətindən
olan Əbu Abdullah an-Natilinin də əməyi böyük
oldu. Müəlliminin yanında riyaziyyat və fəlsəfə
elmlərini öyrənən Əli ibn Sina müəllimini
heyrətə salmışdı.
Əli ibn Sina bununla bağlı sonralar yazırdı:
“Bir dəfə riyazi tapşırığı müəllimimə
məlum olmayan yolla həll etdim. O bunu görüb
özünü itirdi, sonra da valideynlərimə dedi ki, mənə
yalnız elmlə məşğul olmaqda yardım etsinlər.
Natili bəzi şeyləri mənə öyrətməkdə
çətinlik çəkirdi. Ona görə
də mən özüm belə misal və məsələlərin
həlli yollarını öyrənir və həll edirdim”.
Əziz Mustafa
Zaman.-2015.-5 fevral.-S.9.