“İçimdə hələ deşilməmiş çibanlar var”
Əzimə
Ağalarova Zərdab rayonunda anadan olub. Azərbaycan Dillər Universitetinin məzunudur. 1993-cü ildən Almaniyanın
Hamdurq şəhərində yaşayır. “Gecələrdə
gizli qaldım” və “Bakıdan Qahirəyə və Stokholma
uzanan yol” romanlarının müəllifidir. Ədəbi
ictimaiyyətə birdən-birə iki roman təqdim etməsi
Əzimə xanımla söhbətləşməyimizi zəruri
etdi.
“Gecələrdə
gizli qaldım” və “Bakıdan Qahirəyə və Stokholma
uzanan yol” romanlarına, bəlkə də, qürbətin
daşlaşmış nisgilliri də demək olar. Müəllif
əsərlərin il yarıma yazıldığını
deyir. İlk qələm sınağı üçün
qısa zamandır, amma inandırıcıdır.
Çünki birnəfəsə oxunur. Hər iki əsərin
əsas süjet xətti sevgi mövzusu olsa da, oxucu burada tarixi
məlumatlarla da, kriminal hadisələrlə də, keçmiş
SSRİ KQB-sinin iş metodları ilə də
qarşılaşır.
- Sizi
oxuculara necə təqdim edək?
Xarici dil müəlliməsi, DİN əməkdaşı,
miqrant, yoxsa yazıçı?
-
Düzdür, mən Xarici Dillər İnstitutunu bitirmişəm,
amma bir gün belə, müəllimə işləməmişəm.
Əmək fəaliyyətimə DİN-də
başlamışam. 1993-cü ilin dekabr ayından isə
Almaniyada yaşayıram. Bu baxımdan miqrantam.
Yazıçı sözünü isə özümə
heç yaraşdıra bilmirəm, daha doğrusu, mənə
yaraşdırdığınız bu sözdən utandım.
Cəmi iki kitab yazan birisinə yazıçı adı vermək
olarmı?
- Həyat
yolunuzdakı bu ziqzaqı necə izah edərdiniz?
-
İnanın, heç özüm də bilmirəm. Bəlkə
də həyatın məni yönləndirdiyi axara
düşmüşəm, kim bilir?
- Bu
yaxınlarda sizin iki irihəcmli əsərinizi oxudum. Buna qədər
imzanıza rast gəlməmişəm. İlk dəfə qələminizi
nə vaxt sınamısınız?
- Mən
təxminən iki il bundan qabaq böyük nəvəm Adelin
bir sözü ilə yazmağa başlamışam. Adel
dördüncü sinifdə oxuyur. Çox gözəl
inşalar yazır və hər dəfə də
yazdığını mənə oxuyur. Mən də məktəbdə
oxuyanda gözəl inşalar yazardım. Bir gün bunu ona
dedim və əlavə etdim ki, 15 yaşımda olanda əsər
yazmaq istədim, amma sonra fikrimdən daşındım. O da
dedi ki, nənə, indi yaz. “Yox, indi olmaz, gecdir”,-dedim. İsrar
etdi, “mənim xətrimə yaz” dedi. Mən də nəvəmin
o sözündən sonra yazmağa başladım və il
yarımın içində iki roman yazdım. Bundan əvvəl
heç nə yazmamışam.
- “Gecələrdə
gizli qaldım” əsərini yazmağa başlayanda onun roman
olacağını əvvəlcədən
planlaşdırmışdınız, yoxsa?...
- Əlbəttə,
planlaşdırmışdım. Kiçikhəcmli yazı
yazmağı özümə sığışdırmadım.
İnanın ki, 21 ildir Azərbaycan ədəbiyyatını
mütaliə etmirdim, nə yalan söyləyim, heç izləmirdim
də. Bəlkə də mən illərdir içimdə
yığılıb qalmış və
daşlaşmış olan nisgillərimi yazdım.
Duyğularım diktə etdi, mən də yazdım.
Hələ
birinci kitabı yazarkən Bakıya gəlmişdim. Çox
hörmətli müəllimim professor Adil Babayev və Dillər
Universitetinin kafedra müdiri professor Fəridə xanım Səfiyeva
ilə görüşdüm və hazır səhifələrdən
bir neçəsini onlara oxudum. Bəyəndiklərini söylədilər.
Həcmin çox böyük olmamasını, fikirlərimi təxminən
200-250 səhifədə yekunlaşdırmağı tövsiyə
etdilər. Dedilər ki, indi irihəcmli
əsərlər oxunmur, oxucunu yorur. Mən də “Gecələrdə
gizli qaldım” əsərini 256 səhifədə
tamamladım. Sonra ikinci romanı başladım və qısa
müddətdə bitirdim.
- Bu əsərlərin
ilk qələm sınağı olduğuna adamın
inanmağı gəlmir. Yazmağa yenicə başlayan qələmdə
bu qədər təxəyyül məhsulu hardandır? Əsərin
adı da çox cəlbedicidir: “Gecələrdə gizli
qaldım”…
- Əgər
oxucunun ruhunu oxşaya bilmişəmsə, çox xoşbəxtəm.
Mən özüm də gecələri çox sevirəm.
Kitab oxumağı, iş görməyi, televizora
baxmağı, düşünməyi gecələrə
saxlayıram. Gündüzlə aram heç yoxdur. Yəqin
buna görə də Baharı gecələrdə gizli
saxladım.
-
Romanın ön sözündə qəhrəmanların əsl
şərqli olduqları deyilir. Mən Baharı şərqli,
Adili isə avropalı kimi görürəm…
- Bu sizin
azad düşünmə haqqınızdır. Mən isə
bu məsələyə tamam başqa cür - Adilin gözləri
ilə baxıram. Adil əsərin bir yerində belə deyir:
“O gün mən o qızı sevmək üçün həyatımı
əbədilik tərk etdim”.
- Əlbəttə,
Adil şərq kişisi kimi sevir. Amma şərq kişisi nə
qədər möhkəm sevsə də, Bahar kimi əldən-ələ
düşmüş qadını (bunun bilərəkdən və
ya bilməyərəkdən olması mühüm deyil) qəbul
eləyə bilmir.
- Bax sizin
Bahar haqqındakı düşüncələriniz heç
xoşuma gəlmədi. Bahar çox saf və təmiz bir
qadındır. 15 yaşında bir sevdaya tutulub. Bu hər kəsin
başına gələ bilər. Tək qalması sonrakı
həyatına güclü təsir edir, düzgün qərarlar
verə bilmir. Atdığı addımın doğruluğuna
inanır, amma sonra görür ki, səhv edib. Yol göstərəni
yoxdur. Həyatda öz yolunu tapa bilmir. Sonralar o da Adili sevir,
amma artıq özünü ona layiq bilmir. Bu da onun Adilə
olan sonsuz sevgi və hörmətindən irəli gəlir.
- “Leyli və
Məcnun”, Əsli və Kərəm”, “Tahir və Zöhrə”...
Bu məntiqlə gərək siz romana “Bahar və Adil” adı
verəydiniz…
- Sizcə,
bu, çox çeynənmiş bir ad olmazdımı? Siz də
bayaq dediniz ki, əsərin adı cəlbedicidir. Bakıda
keçirilən təqdimat mərasimində də
iştirakçılar əsərin adı ilə
bağlı xoş sözlər dedilər. Əsərin
adı ilə əlaqədar Adillə müxbir arasında olan
bir dialoqu təxmini xatırlatmaq istəyirəm:
- Adil bəy,
sevdiyiniz qız necə oldu, yoxsa o, keçici hiss idi?
- Xeyr, o həmışə
mənimlədir.
- Amma
indiyədək heç bir paparazzi sizi çəkə bilməyib...
- Mən
onu hər kəsdən, hər şeydən gizlədərək gecələrdə saxlayıram.
- Niyə
gecələrdə?
-
Çünki məni anlayan tək dostumdur gecələr.
Beləcə,
Soraya atasının yazdığı xatirə dəftərini
oxuyana qədər Adilin sevgisi gecələrdə gizli
qalmışdı. Elə buna görə də “Gecələrdə
gizli qaldım” adını seçdim.
- Kənanı niyə “xəstələndirdiniz”?
Onu Sorayanın qardaşı olduğuna başqa cür
inandıra bilməzdiniz?
- Mən bu yolla Kənanı
Sorayanın qardaşı olmasına inandırmağa
çalışmamışam... Mən qəhrəmanımı
sınamaq istədim. Dedim ki, görəsən Adil Sorayanın
orqanını qardaşına verməyə razı
olacaqmı? Axı ondan başqa hec kim Sorayanın Kənanın
bacısı olduğunu bilmirdi...
- Siz öz qəhrəmanınıza
inanmırdınız?
- Mən
ona çox inanırdım. Bilirdim ki, o, Bahar üçün
və hətta onun oğlu üçün ölümə
belə gedər, amma Sorayanın orqanını verərdimi,
bunu bilmirdim. O, əvvəl donor axtarır, çox yüksək
məbləğdə pul təklif edir, amma donor
tapılmır, artıq başqa yolu qalmır, boğulur,
özünü Sultan Əhməd məscidinə
çatdırır, Rəbbinə sığınır. “Ya Rəbb,
canımı al, amma məni qızımla sınağa çəkmə.
Axı mən ona necə izah edim ki, sən canından bir
parçanı can qardaşına verirsən, axı o,
qardaşı olduğunu bilmir. Yaxşı, bəs mən ona
necə deyim ki, sən canından bir parçanı
başqasına ver”, - deyir. Çox çıxılmaz vəziyyətdə
qalır və nəhayət, qərar verir.
- Əsərinizi xoşbəxt
sonluqla bitirə bilməzdiniz?
- Mənə
elə gəlir ki, onda əsər bu qədər təsirli
olmazdı. Bilirsiniz, mən bu əsəri yazanda o hadisələrlə
yaşadım, sanki hər an onlarla bir yerdə idim. Yazdıqca
hönkür-hönkür ağlayırdım. Bəzən
göz yaşımdan sətirləri görə bilmirdim,
yazı masasından aralanırdım. Maraqlıdır ki, əsəri
oxuyan hər kəs kövrəldiyini,
ağladığını söyləyir. Deməli, səhv
etməmişəm.
- Gəlin
bir az da “Bakıdan Qahirəyə və Stokholma uzanan yol”un
havasına girək. Bir müddət Daxili İşlər
Naziliyində işləmisiniz. Xaricə köçərkən
bu, sizə mane olmadı?
- O zaman Azərbaycan artıq müstəqillik
qazanmış bir dövlət idi. Mənim xaricə getməyimdə
heç bir çətinlik olmadı, yəni heç bir təzyiqə
məruz qalmadım.
- KQB-nin
işgəncə metodlarını təcrübədə
görmüsünüz, kitablardan oxumusunuz, yoxsa bunlar da təxəyyül
məhsuludur?
- İcazənizlə
bu suala cavab verməyim.
- Bu suala
cavab verməməyiniz özü bir cavabdır.
Razısınız?
- O sizin
fikrinizdir…
- Əsərlərinizdən
hiss olunur ki, çoxlu xarici ölkələrdə olmusunuz. O
ölkələrin birində Dilarəyə olunan təklif sizə
olunsaydı, özünüzü necə hiss edərdiniz?
Tanımadan, ilk baxışdan bir əcnəbiyə aşiq
olmaq bir az qəribə deyilmi?
- Bəli,
30-dan artıq ölkədə olmuşam. Mən ilk
baxışdan aşiq olmağa inanıram, həm də
çox inanıram. Eşq nə din, nə yaş, nə də
millət tanıyır. İnsan onun haradan və necə gəldiyini
belə bilmir. Amma mən də Dilarə kimi, mütləq
neytral mövqe tutardım. Nə vətənimə xəyanət
edərdim, nə də sevdiyim adama...
- “Gecələrdə
gizli qaldım”dan fərqli olaraq, burada oxucuya xoşbəxt sonluq
bəxş etmisiniz. Oxucunu güclü stresə
saldığınızın fərqinə
vardığınızdan belə etdiniz?
-
Əslində oxucudan əvvəl özüm stresə girirdim,
nə qədər ağlamaq olar? Düşündüm ki,
heç olmasa, burada qəhrəmanlar gec də olsa,
qovuşsunlar. Yoxsa, vay mənim halıma...
- Söhbətimizin əvvəlində
qeyd etdiniz ki, yazıçı sözünü
özünüzə yaraşdırmırsınız. Demək
istəyirsiniz ki, bu, bir ruzigar idi, əsdi getdi? Hər şey
bitdi?
- Yox, elə
demək istəmədim. Mən iki kitab yazmaqla
özümü yazıçı adlandıra bilmərəm
axı. Amma əgər səhhətim imkan verərsə, davam
edəcəm. İçimdə hələ deşilməmiş
çibanlar var.
Tək
bir şey söyləmək istəyirəm. Bakıdakı təqdimat
mənim xatirimdən heç vaxt silinməyəcək. Orada gənclərin
çıxışları o qədər canlı, o qədər
maraqlı idi ki… Mən o atmosferdə özümü bir
anlığa yazıçı kimi hiss etdim. Amma sonra bu hiss
keçib getdi. Orada gənc bir qızımızın - təəssüf
ki, adını bilmədim - çıxışı hər
kəsi kövrəltdi. Sonda o tələbə mənə
dedi ki, Əzimə xanım, yəqin ki, bizim
sözümüz sizə nəvənizinki kimi təsir etməz,
amma bizim sizin əsərlərinizdən öyrənəcəyimiz
çox şey var, ona görə də gələn il bu vaxt
sizdən yeni əsər gözləyirik.
Mən
indi sizin qəzetiniz vasitəsilə o gözəl qıza demək
istəyirəm ki, onun sözü mənə elə nəvəmin
sözü qədər təsirli oldu və mən mütləq
oktyabr ayına qədər onların qarşısına yeni
bir əsərlə çıxacam..
- Əzimə
xanım, mənim oxuduğum kitablar sırasına daha 2 kitab əlavə
etdiyinizə və bəzən sərtləşən
suallarıma səmimi cavablar verdiyinizə görə sizə
təşəkkür edirəm.
- Mən də təşəkkür edirəm.
ÜRFAN
MƏMMƏDLİ
Zaman.- 2015.- 10 fevral.- S. 6.