“Ermənilər elə
biliblər ki, Mübariz tək deyil, Azərbaycan ordusu
hücuma keçib”
Biləsuvar
rayonunda Milli Qəhrəman
Mübariz İbrahimovun doğum günü qeyd olundu.
Biləsuvar
Rayon İcra Hakimiyyətinin başçısı Mahir
Quliyev, hüquq- mühafizə orqanlarının rəhbərləri
və ictimaiyyətin nümayəndələri rayonun
Əliabad kəndində yerləşən ata ocağında
Milli Qəhrəmanın evini ziyarət edərək, ailəsi
ilə görüşdülər. Biləsuvar Rayon İcra
Hakimiyyətinin başçısı Mahir Quliyev
görüş zamanı Milli Qəhrəman Mübariz
İbrahimovun həyatından və torpaqlarımızın
müdafiəsi zamanı göstərdiyi şücaətdən
danışaraq, qeyd etdi ki, 22 yaşında Milli Qəhrəman
olmaq hər kəsin işi deyil: “Qısa ömür yaşasa
da, canını Vətən yolunda fəda etməsi ilə
özündən sonra böyük şəhidlik məktəbi
qoyub. İndi hər bir azərbaycanlı onun mübarizə
dolu həyatı ilə fəxr edir. O, xidmət etdiyi cəbhənin
Tərtər istiqamətində düşmənin
işğalı altında olan Çaylı kəndindəki
erməni qərargahına girərək, əsl bir cəngavər
kimi 5 saat təkbaşına döyüşür. Ermənilər,
əvvəlcə, elə zənn edirlər ki, onlara
qarşı Azərbaycan ordusu hücuma keçib. Gecənin
qaranlığında çaşbaş qalan düşmən
Azərbaycan əsgərinin göstərdiyi bu şücaətin
qarşısında ağır itkilər verir. Düşmən
bir neçə saat davam edən bu döyüşə əlavə
qüvvə cəlb edir. Elə bu amansız döyüşdə
Mübariz İbrahimov qəhrəmancasına həlak olur.
Mübarizdə olan Vətən, torpaq sevgisi, vətənpərvərlik
ruhu onu şəhidlik zirvəsinə ucaltdı. O, öz
şərəfli ölümü
ilə, öz qəhrəmanlığı ilə
Azərbaycan əsgərinin
nəyə qadir olduğunu bütün dünyaya sübut etdi”.
Mahir
Quliyev xatırladıb ki, Prezident, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına
əsasən, Mübariz İbrahimov torpaqlarımızın
azadlığı uğrunda rəşadətli və müstəsna
xidmətlərinə görə “Azərbaycanın Milli Qəhrəmanı”
adına layiq görülüb: “Ölkə Prezidenti tərəfindən
Mübarizin qəhrəmanlığına verilən bu yüksək qiymət
respublikamızın hər yerində igid Vətən əsgərinin
qəhrəmanlığına, döyüş rəşadətinə
verilmiş layiqli qiymət kimi qarşılandı. Mübariz ölumün gözünə dik baxaraq, Vətən
sevgisinin heç nə ilə əvəz
olunmadığını bir daha sübut etdi. Bu
şücaəti ilə Mübariz Azərbaycan gəncliyinə
başucalığı gətirdi. Bu gün hər bir gənc
Mübariz qəhrəmanlığından örnək
alır, nümunə götürür. Təhsil və tərbiyə
müəssisələrimizdə gənclərimizə
Mübariz vətənpərvərliyi aşılanır. Hərbi
xidmətə yola salınan gənclərimizə Vətəni
necə qorumağı Mübarizdən öyrənmələri
təbliğ olunur”. Milli Qəhrəmanın
atası Ağakərim İbrahimov ölkə rəhbərliyi
tərəfindən onların ailəsinə göstərilən
yüksək diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cənablarına
öz dərin təşəkkürünü bildirdi.
Sonra ziyarət iştirakçıları Azərbaycanın
Milli Qəhrəmanı Mübariz İbrahimova məxsus
müxtəlif şəkillər, haqqında
yazılmış kitablar, jurnallar və qəzetlərdən
ibarət böyük guşə ilə tanış oldular.
Qeyd edək ki, Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun ad günü münasibətilə
Yaradıcılıq Festivalı da keçirildi. Festival Heydər
Əliyev Mərkəzində Biləsuvar Rayon Gənclər və İdman
İdarəsinin təşkilatçılığı ilə
“Vətən sağ olsun” adlı vətənpərvərlik
mövzusunda təşkil olunub. Tədbirdə Biləsuvar
rayon İcra Hakimiyyəti başçısının
müavini Xəyalə Qəmbərova, Rayon Gənclər və
İdmanİdarəsinin rəisi Aqşin Bağırov, Rayon Təhsil
Şöbəsinin müdiri Balaqardaş Kazımov, Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Rəfiqə Cəfərova
iştirak etdilər. Festivalda rayonun 36 ümumtəhsil məktəbindən
gənclər də iştirak etdilər. Festivalın əsas
məqsədi Azərbaycanın milli qəhrəmanlarını
gənclərə tanıtmaq və gənclərin intellektual
yaradıcılıq imkanlarını üzə
çıxarmaqdan ibarət idi. Sonra festival
çərçivəsində məktəblilər
arasında inşa, şeir və rəsm müsabiqələrinə
start verildi. 2 gün davam edən
Yaradıcılıq Festivalında ayrı-ayrı nominasiyalar
üzrə qalib gələn məktəblilər Biləsuvar
Rayon Gənclər və İdman İdarəsinin diplomları
ilə mükafatlandırıldılar.
Babək Əsgər
Zaman.- 2015.- 10 fevral.- S.7.