Heydər Əliyev tolerantlığı strateji cəhətdən mühüm istiqamətlərdən birinə çevirdi

 

Azərbaycanın ümummilli lideri Heydər Əliyev respublikamızın insan hüquq və azadlıqlarının təmin edilməsində, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, dinlərarası dialoqun inkişafında və dini tolerantlıq ənənələrinin qorunmasında xidmətləri misilsizdir.

 

 Müstəqilliyimizin ilk illərində yaranmış xaosdan ölkəni xilas edən və xalqın istəyi ilə  hakimiyyətə gələn ulu öndər o vaxtdan etibarən respublikamızda dini etiqad azadlığın təminatçısı, milli-mənəvi dəyərlərin yaşadıcısı olub. Dil, din, milliyət, mədəniyyət çoxluğunu fərqlilik kimi yox, Azərbaycanın zənginliyi kimi dəyərləndirən H. Əliyev respublikamızda yaşayan bütün xalqlara, millətlərə dilindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, münasibətini belə bəyan edib: “Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”.

 

 

 

Heydər Əliyevin başqa dinin nümayəndələrinə olan ehtiramı ölkəmizdə dini tolerantlığın mövcud olduğunu göstərən faktdır

 

Heydər Əliyev Azərbaycanda yaşayan dini icmalara qarşı həmişə hörmət və ehtiramla yanaşıb, onların dini bayramlarını təbrik edib, adət-ənənələrini qayğı ilə göstərib. Məsələn, İsa peyğəmbərin Mövlud bayramı münasibəti ilə Azərbaycandakı pravoslav icmasını təbrik edən Heydər Əliyev deyib: “Sizi İsa peyğəmbərin Mövlud bayramı münasibətilə təbrik edirəm! Dünyanın bütün pravoslav xristianları üçün bu işıqlı gündə sizlərə can sağlığı, səadət diləyirəm. Arzu edirəm ki, sizin bütün nəcib niyyətləriniz yerinə yetsin, bütün diləkləriniz başa gəlsin. İnanıram ki, Azərbaycandakı pravoslav icmasının firavanlığı vətənimizin tərəqqisi və çiçəklənməsi, bütün vətəndaşlarımızın xoşbəxt gələcəyi üçün etibarlı zəmin olacaqdır”. Bradan göründüyü kimi, İsa peğəmbərin Mövlud bayramı münasibətilə pravoslav xristianlarının Heydər Əliyev tərəfindən təbrik edilməsi ulu öndəri ölkəmizdə yaşayan başqa dinin nümayəndələrinə olan ehtiramın ifadəsi və ölkəmizdə dini tolerantlığın mövcud olduğunu göstərən faktdır.

 

 

 

“Azərbaycanda müxtəlif dinlərin bu cür birliyinin olması müstəsna dərəcədə nümunəvi xarakter daşıyır”

 

Tarixən Azərbaycanda islam dini ilə yanaşı xristianlıq, yəhudilik dinlərinə mənsub olan insanlar həmişə əminamanlıq şəraitində dolanıb və bir-birinin dini əqidəsinə ehtiramla yanaşıblar. Azərbaycanda müxtəlif dinlərin birgə yaşayış şəraitinin nümunəvi xarakter daşıdığını vurğulayan ulu öndər bu xüsusiyyətlərin xalqımızın dini dözümlülüyünü göstərən əsas şərt hesab edib.  Heydər Əliyev 1998-ci ilin mayın 13-də prezident sarayında ölkənin din xadimləri ilə görüşündə söylədiyi nitq zamanı müxtəlif dinlərin birliyini vurğulayıb və Azərbaycandakı dini tolerantlığı aşağıdakı kimi şərh edib: “Azərbaycanda müxtəlif dinlərin bu cür birliyinin olması müstəsna dərəcədə nümunəvi xarakter daşıyır. Bu, əslində Azərbaycanın reallığını, eyni zamanda Azərbaycan xalqının dini dözümlülüyünü göstərir. Azərbaycanda əhalinin əksəriyyətini islam dininə etiqad edən azərbaycanlılar təşkil edir. Ancaq eyni zamanda Azərbaycanda xristian-pravoslav, yəhudi dininə etiqad edən insanlar, müxtəlif millətlərin nümayəndələri də yaşayırlar. Azərbaycanlılar başqa dinlərə münasibətdə həmişə dözümlü olublar və bunu bizə Quran, Həzrəti-Məhəmməd vəsiyyət edibdir. Amma ən mühüm odur ki, bu xeyirxah, müqəddəs vəsiyyət yerinə yetirilsin. Azərbaycanlıların bu vəsiyyəti müqəddəs tutması xalqımızın çox mühüm keyfiyyəti, xüsusiyyətidir və biz bununla fəxr edə bilərik.

 

 

 

“Qloballaşan dünyada hamımız bir-birimizə daha yaxın olmuşuq”

 

Ulu öndər iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə tolerantlıqla bağlı fikirlərini bildirib, xüsusən, indiki qloballaşma dövründə dinlərarası, mədəniyyətlərarası dialoqa həmişə üstünlük verib. Qeyd edək ki, 10-11 oktyabr 2002-ci il tarixində Bakıda “Demokratik cəmiyyətdə dinin və əqidənin rolu: terrorizmə və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan hökumətinin ATƏT-lə birgə keçirdiyi bu konfransda terrorizmə və ekstremizmə qarşı mübarizədə dinin və əqidənin rolu haqqında məsələlər, habelə “Böyük İpək Yolu” məkanında dinlərarası və mədəniyyətlərarası dialoqun əhəmiyyəti və s. məsələlər müzakirə edilib. Konfransda çıxış edən ümummilli lider H. Əliyev münaqişələrin aradan qaldırılmasında dinlərarası dialoqun rolundan bəhs edərək demişdir: “Qloballaşan dünyada hamımız bir-birimizə daha yaxın olmuşuq. Xalqlararası, mədəniyyətlərarası, dinlərarası dialoqun bu gün dərin məna kəsb etməsi də məhz bununla bağlıdır. Bu dialoqu inkişaf etdirərək, bu dialoqa dəstək verərək, biz müəyyən mənada terrorizmin formalaşmasına xidmət edən bütün qaynaqları araşdırıb onu kökündən məhv etməyə can atmalıyıq”.

 

 

 

Heydər Əliyev müsəlman ölkələri arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə həmişə önəm verirdi

 

Buradan göründüyü kimi, qloballaşan dünyamızda dinlərarası dialoqun mühüm əhəmiyyət kəsb etməsini şərh edən ulu öndər terrorizmə qarşı mübarizə aparılmasında, münaqişələrin aradan qaldırılmasında bu dialoqun rolunu yüksək qiymətləndirib. Hazırda dünyada terrorçuluqla bağlı başverən hadisələr, regional dini münaqişələr Heydər Əliyevin uzaqgörən siyasətçi olduğunu bir daha sübut edir. O, müsəlman ölkələri arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə həmişə önəm verirdi. Xüsusən, Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsində müsəlman ölkələrinin, o cümlədən İslam Konfransı Təşkilatının səylərini artırmasını diqqətə çəkirdi. Ulu öndər işğalçı Ermənistanın bəzi ölkələrdən dəstək aldığını qeyd edərək, 1997-ci il 10 dekabrda İslam Konfransı Təşkilatının üzvü olan ölklərin rəhbərlərinin VIII zirvə görüşündəki nitqində bu məsələdən bəhs edərək deyib: “İşğalçı Ermənistan öz diasporlarının köməyi ilə həm Amerikadan, həm Avropadan, ələlxüsus Rusiyadan mənəvi, siyasi, iqtisadi, hərbi dəstək alır. 1993-1996-cı illərə Rusiya Ermənistana qeyri-qanuni, gizli bir milyard dəyərində silah-sursat və hərbi texnika göndəribdir. Bundan əlavə, bu il (1997-ci il nəzərdə tutulur -red) avqust ayının 29-da Rusiya ilə Ermənistan arasında güclü hərbi əməkdaşlıq bəndləri olan müqavilə bağlanmışdır”. H. Əliyev Ermənistan kimi təcavüzkar ölkələrə qarşı mübarizə aparmaq, müsəlman ölkələrində təhlükəsizliyin bərqərar edilməsi, müsəlman icmalarının hüquqlarının qorunması naminə İslam Konfransı Təşkilatına üzv ölkələri birliyə və əməkdaşlığa çağırıb.

 

Davamı növbəti sayımızda

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Elvin Əliyev

 

Zaman/-2015/-11 fevral.-S.13.