Bəşər övladını monoloqa yox, dialoqa dəvət edirik!

 

Qloballaşma və inteqrasiya prosesinin sürətlənməsi nəticəsində dünyanın geosiyasi arenasında müəyyən dəyişikliklər baş verir. Belə bir şəraitdə ümumbəşəri dəyər kimi müxtəlifliyin qorunması məqsədilə mədəniyyətlər və dinlər arasında dialoqun qurulması, tolerantlıq və dözümlük ənənələrinin inkişaf etdirilməsi olduqca vacibdir. Elə mənəviyyata, əxlaq, din məsələlərinə dair bir neçə kitabı müəllifi, təhsil üzrə ekspert Nazim Əkbərovla da söhbətimiz bu mövzudadır.

 

- Nazim müəllim, bu gün müxtəlif dinlərə məxsus insanların əmin-amanlıq şəraitində yaşamaları üçün dialoqlara çox böyük ehtiyac var. Bu missiya yetərincə yerinə yetirilirmi?

 

- Bəli, bu gün, həqiqətən, dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişafında dialoqlara hava, su qədər ehtiyac var. Çünki dialoqlar müxtəlif dinlərə mənsub xalqların, millətlərin varlığını davam etdirə bilmələri üçün mühüm faktordur. Çox təəssüf ki, bu qədər əhəmiyyətli olan bir ünsiyyət dünya səviyyəsində gərəksiz şey kimi bir tərəfə atılıb. Başqa sözlə desək, onun səsi əleyhdarlarının səsindən çox zəif çıxır.

 

- Yəni bu gün dünyanın fərqli yerlərində ucalan top, avtomat səsləri ilə müqayisədə mədəniyyətlərarası dialoqun səsi eşidilmir?

 

- Bilirsiniz, mənim fikrimcə, bir təşəbbüs irəli sürüləndə onun yerinə yetirilib-yetirilməsi səmimiyyətdən çox asılıdır. Belə ki, dünya, dünyadakı bəzi dövlətlər “mədəniyyətlərarası dialoq” ifadəsində səmimi deyillər. Hətta həmin dialoqa “dinlərarası” adı verməkdən çəkinərək onu “mədəniyyətlərarası” kimi qələmə verirlərsə, elə bununla da qeyri-səmimiliklərini göstərmiş olurlar. Unutmayın ki, mədəniyyətlər dinlərin törəməsidir, insanların, cəmiyyətlərin nəyə inandığını, nədən ilham aldığını göstərən nəticədir, səbəb isə dindir. Biz din demirik, qorxuruq, yaxud dini örtməyə, pərdələməyə çalışırıq. Əgər bu sonuncu doğrudursa, bunun adı küfrdür. Çünkü “küfr” sözünün mənası “var olan bir şeyin üstünü örtmək, görünməməsi üçün gizlətmək” deməkdir. O zaman səmimi olaq, “mədəniyyətlərarası dialoq” deməyək, “dinlərarası dialoq” deyək.

 

- Nazim müəllim, mədəniyyətlərarası dialoq və yaxud sizin təbirinizcə desək, dinlərarası dialoq və Azərbaycan. Bu iki anlayış arasındakı münasibət necədir, ziddiyətlidirmi, yoxsa bir uyumluluq var?

 

- Bu mədəniyyətlərarası dialoq deyilən hərəkatın səmimiliyinə baxanda, yenə bizim, müsəlmanların, onların içərisində də Azərbaycanın səmimi davrandığının şahidi oluruq. Mədəniyyətlərarası dialoq otuz-qırx il əvvəl Türkiyədə, son on beş ildə Azərbaycanda müzakirə obyekti olaraq meydana çıxmış bir anlayışdır. Bir sözlə, biz dinlərarası dialoqu önə çıxarmış bir xalq olaraq bu sahəyə öz töhfəmizi vermişik və onun daha da möhkəmlənməsi üçün əlimizdən gələni etmişik və etməkdəyik. Çünki biz mərhəmətli, şəfqətli xalqıq və tariximiz də buna sübutdur. Əhalisinin əksəriyyətinin İslam dininə bağlı olduğu məmləkətimiz, eyni zamanda xristianlığın, yəhudiliyin də yaşandığı bir ölkədir. Bu da məlumdur ki, əsrlər boyu bu dinlərə mənsub vətəndaşlarımız (ermənilər istisna olunmaqla) aralarında heç bir narazılıq, münaqişə olmadan, necə deyərlər, başlarını aşağı salıb yaşayırlar. Ermənilərə gəldikdə, bu gün Azərbaycanda yenə də ermənilər yaşayır və heç kəs onların dininə heç bir şəkildə müdaxilə etmir.

 

Mədəniyyətlərarası dialoq məsələsinin beynəlxalq coğrafiyasına gəldikdə, ölkəmizdə dəfələrlə bu mövvzuda beynəlxalq tədbirlər keçirilib. Bu tarixi missiyada ən fəal rolu, təşəbbüskarlığı və təşkilatçılığı Heydər Əliyev Fondu, onun prezidenti Mehriban xanım Əliyeva həyata keçirib. Ölkəmizdə gənclərin bu sahədə təşkilatlanmasına da əhəmiyyət verilir. Beynəlxalq çərçivədə bu işdə Prezidentimizin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın xidmətləri danılmazdır. Xatırlayırsınızsa, təqribən on-on beş il əvvəl Bakıda, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında məktəblilər “Fərqli mədəniyyətlərin qovşağı - Azərbaycan” adlı bir geniş tədbir keçirib və bu mərasimdə otuza yaxın dövlətin diplomatik təmsilçilikləri də iştirak ediblər.

 

Bir də baxışlarımızı çevirib dünyanın əks qütbünə baxaq. Az qala on beş əsrə yaxındır ki, işlərini-güclərini buraxıb islam dininə, dolayısı ilə onun mənsublarına qarşı mübarizə aparırlar - qanlar tökülür, ölkələr xarabazara çevrilir. Hadisələrin pərdəarxasına baxanda görürük ki, bütün hadisələrin səbəbkarları yenə həmin dövlətlərdir. İslam dinini, onun mənsublarını dünyanın gözündən salmaq üçün terrorçu dəstələr, qruplar, cəmiyyətlər qurur, sonra səhnəyə çıxarır, cinayətlər törətdirir, sonra da bunu “Filan terror hadisəsini filan islamçı qrup öz öhdəsinə almışdır” xəbərləri ilə dünyaya yayırlar. Bir yeri partladır, səbəbkar olaraq islam dinini göstərirlər, birini qətl edir, qatili müsəlman olaraq təqdim edirlər. Əlbəttə, bu müəslmanların aydan arı, sudan duru olduğu mənasında da başa düşülməməlidir. Hər xalqda, hər dinin mənsubları içərisində canilər, cinayətkarlar, terrorçular ola bilər. Baxın, ildə neçə dəfə Avropada, Amerikada, Rusiyada məktəblərə, xəstəxanalara, başqa bu kimi yerlərə terrorçu basqınları olur? Kim onları ağzında saqqız edib çeynəyir? Heç kəs. Amma...

 

 

 

“Başqaları bizim kimi etmirlər”

 

- Sizin bu sözlərinizdən belə bir sual ortaya çıxır. Söhbət dialoqdan gedir, xoş niyyətdən gedir, amma siz yenə də “biz-onlar” deyirsiniz. Belə olan halda dialoq mümkündürmü?

 

- Dialoq ehtiyacdan doğan bir şeydir. Bizim bir başqa insana bu və ya başqa şəkildə ehtiyacımız olmasa, onunla dialoqa girərikmi? Əlbəttə yox! İndi ki, dialoq, həm də dinlərarası dialoq məsələsi müzakirəyə çıxarılır, demək, buna ehtiyac var. Ehtiyac özünü nədə göstərir? Demək, məsələni qaşıyanlar, qaşınmayan yerdən qan çıxarmaq istəyənlər var. Amma yenə də təəsüf ki, bu gün dünyada belə bir dialoqa ən çox ehtiyacı olan, yenə də bizik. İşin qəribəliyinə baxın ki, bunu, əgər belə demək mümkünsə, bazara çıxaran zərərçəkənlər yox, zərərverənlərdir. Baxın, bir əsrdir, ən son tarixə görə də otuz ildir süni Qarabağ probleminin ortaya atılmasından ən çox zərər çəkən biz, sadəcə dini mənsubiyyətə görə ən çox müdafiə edilən Ermənistandır. Bu həqiqətdir, amma yenə də öz mənəviyyatımıza, əxlaqımıza sadiq qalaraq zeytun budağını ilk uzadan xalq bizik. Məsələnin həlli isə, necə deyərlər, acı bağırsak kimi uzandıqca uzanır, həll olunmur ki, olunmur.

 

- Sizcə, bunun kökündə hansı amillər dayanır?

 

- Səbəbi? Dini təəsübkeşlik, siyasi, siyasi-hərbi və iqtisadi məqsədlər. İslamı baş bəlası kimi təqdim edənlərə, İslam adından məzhəblər çıxaran, yol ayıran, fitnə-fəsadlar törədən təşəbbüslərə birdəfəlik yox demək lazımdır. Bir tərəfdən dialoq tərəfdarı kimi görünüb, digər tərəfdən islam xalqlarını göz açmağa, elmlə, təhsillə, müasir texnologiyalarla, mədəniyyətlə, incəsənətlə məşğul olmaq imkanı verməyənlər öz səmimiyyətlərini sınaqdan çıxarmalıdırlar. Belə bir ağır şərtlər altında təngənəfəs olan dünyada dinlərarası dialoq ən çox bizə lazımdır, bizə qarşı olanları dəvət etməyimiz, “Bu ədavəti, bu düşmənçiliyi aradan qaldıraq!”- deməyimiz lazımdır. Biz bəlanı, onun miqyasını, çəkisini görürük və deyirik. Amma başqaları bizim kimi etmir, bir tərəfdən “Dinlərarası dialoq” deyirlər, bir tərəfdən də qaşınmayan yerdən qan çıxarırlar.

 

- Nazim müəllim, bəlkə bu fikrinizi bir qədər geniş şərh edəsiniz?

 

- Uşaqlıq və gənclik illərimdə Əbdürrəhim bəy Haqverdiyevi çox oxuyardım. Səhv etmirəmsə, o, “Uca dağ başında” adlı hekayəsində (hekayənin adı başqa da ola bilər) belə bir mənzərə təsvir edir: uca dağ başında, kimsənin əl-ayağı asanlıqla dəyməyən bir kənd var. Payız düşər-düşməz, yağan qara görə şəhərlə əlaqə kəsilir, kənd əhalisi dünyadan təcrid vəziyyətdə bir də havaların qızmasını gözləməli olur. Dağ başında, uzun qış günlərində bir-biri ilə söhbətdən doymuş adamlar əyləncə axtarırlar. Odur ki, yay aylarında “qış tədarüklərini” görürlər. Şəhərə gələn kəndlilər burada rast gəldikləri bir dəlini tovlayıb kəndə aparır, kənd əhalisi də bütün qış fəslində vaxtını o dəlini oynatmaqla keçirirlər. İşdir, əllərinə belə bir dəli keçməsə, öz aralarından birini dəli edir, qışı yenə onunla keçirirlər.

 

İndi dünyanın bəzi dövlətləri bu uca dağ başındakı kənd kimi davranırlar. Bunlara bir islam təhlükəsi mövzusu lazımdır ki, daxili problemlərini ört-basdır etsinlər, əhalinin başını olmayan bir məsələ ilə qatsınlar, diqqəti öz çirkin əməllərindən yayındırsınlar. Həm də əsrlər boyu içlərində bəslədikləri kini, nifrəti humanist təqdimatla dünyaya elan etsinlər. Bunun da ən münasib mövzusu dinlərarası dialoqdur. Bir tərəfdən islam dünyasının başına bəlalar açır, onun sərvətini daşıyıb aparır, bir tərəfdən də timsah göz yaşları tökür, dialoq, dialoq deyirlər. Qardaşım, məndən sənə hansı zərər toxunub? Utanmırsanmı? Bir tərəfdən, mənim atamı yandırırsan, bir tərəfdən də məni xortdan göstərir, özünü mələk kimi qələmə verirsən? Yox, yenə də razılaşmırsınız, dialoq bu cür olmaz, dialoq güzəşt tələb edir, ön şərtləri, keçmişdəki inciklikləri unutmağı tələb edir. Siz yenə də tərəflərarası problemləri önə çıxarırsınız, deyirsinizsə, o zaman mən də bu izahı gətirməyə məcburam.

 

Davamı növbəti sayımızda

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Qvami Məhəbbətoğlu 

 

Zaman.-2015.-13 fevral.-S.13.