Dünyanı heyrətləndirən məşhur
müsəlman alimlər: İbn Sina (3)
ƏZIZ MUSTAFA,
İbn Sina təbiət
etibarilə çox enerjili, gecə-gündüz
axtarışda olan bir həkim idi.
O, yanına
xəstələrin çox
gəlməsinə baxmayaraq, onları
müalicə etmək
üçün çöllərdən
dərman otlarını
yığmağa və
onlardan məlhəmlər
hazırlamağa vaxt tapırdı. Adəti üzrə səhər tezdən durar, yanındakılara da deyərdi ki, bütün güllərin,
çiçəklərin, canlıların ən gözəl xoşbəxt
anı səhər erkən, günəşin
hələ çıxmadığı
vaxtdır. O vaxt insan ruhən daha təmiz, daha sağlam olur. Ona görə
də həkim dərman bitkilərinin səhər tezdən, günəş çıxmamış,
hələ şehi üstündə olarkən
toplanılmasına və
kölgədə qurudulmasına
xüsusi diqqət verərdi. Bir dəfə İbn Sinadan soruşmuşdular ki, bu qədər
dərman bitkisini haradan və necə tanıyır? Məşhur həkimsə:
“Mən buna görə, ilk növbədə,
məndən əvvəl
dərman bitkilərini
tanıyan və xalq arasından çıxan və dədə-baba üsulu ilə insanları müalicə etməyə
çalışan el həkimlərinə,
sonra da oxuduğum kitablardan öyrəndiklərimə borcluyam.
Mən bitkiləri öyrənə-öyrənə tədricən hiss elədim
ki, onların dilini də başa düşürəm.
Hansı çiçəyə,
hansı gülə baxıramsa, onlar sanki mənimlə danışır, “mən
filan xəstəliyin dərmanıyam”,-deyir. Bu dünyada güllərdən
və çiçəklərdən
saf və təmiz, insan üçün ən xeyirli olan bir
şey tapa bilməzsiniz. Təbiətdə
olan elə bir bitki yoxdur
ki, o, insan üçün xeyirli olmasın. Hətta zəhərli bitkilər belə insanda qorxulu, müalicəsi çətin olan xəstəlikləri sağaltmağa
imkan verir. Mən çiçəklərin dilini
bilirəm, siz də təbiətlə mütəmadi olaraq əlaqədə olsanız,
çiçəklərin, ağacların, bitkilərin
dilini başa düşəcək, onlarla
baxışlarınızla, ruhunuzla danışa biləcəksiniz”,-demişdi.
Qeyd edək ki, İbn
Sina 5 mindən artıq müalicə əhəmiyyəti olan bitkini tanıyırmış. Yenə də deyilənə görə,
İbn Sina bir dəfə yanına gələn və ölüm ayağında olan xəstənin yaxınlarına
məsləhət görübmüş
ki, onu dağlara
aparsınlar və insanlar arasında zəhərli ot kimi tanınan və mal-qara yeyəndə dərhal ölən bir bitkinin köklərini dəmləyərək ilıq
halda, səhər tezdən, günəş
doğmamışdan ona
içirsinlər və
bunu bir həftə təkrar etsinlər. Nə isə elə
də edirlər.
Xəstəyə bu otun kökünü dəmləyib
içirən kimi özündən gedir. Dərhal İbn Sinanın yanına yüyürüb
gəlirlər ki, bəs sən səhv müalicə dedin, xəstə öldü. İbn Sina dərhal
deyir ki, ölməyəcək, bədəni
zəif olduğundan belə olub. Dərman ona yaxşı təsir edib, sağalacaq. Elə də olur, bir
həftədən sonra
xəstə sağalıb
ayağa qalxır və birdən-birə sanki 10 il
cavanlaşır. Bunu görən xəstənin
sağlam qohumlarına
nəfs güc gəlir,
onlar da xəstə olmadıqları
halda, həmin otun kökünü dəmləyib içməyə
başlayırlar. Bu isə əks nəticə verir, onlarda vaxtından əvvəl qocalma halları müşahidə
olunmağa başlayır,
zəhər bədənə
pis təsir edir, əl-ayaqların bir hissəsi iflic olur. Buna görə xəstənin
qohumları İbn Sinaya şikayət edəndə məşhur
həkim: “Elə dərman var ki, sağ adam içsə, onu məhv edəcək.
Həmin
dərmanı xəstə
adama versən, onda onu sağaldacaq,
cavanlaşdıracaq. Siz səhv
etmisiniz, bu otun dəmləməsi xəstənin sağalması
üçün idi, sağlam adama onu vermək olmazdı. Sizin bu səhvinizi
isə düzəltməkdə
acizəm”,-deyir.
Ümumiyyətlə, İbn Sina müalicəvi
əhəmiyyəti olan
bitkilərdən dərman
kimi yalnız müəyyən miqdarda istifadə etmənin vacibliyini bildirmişdi.
O deyirdi ki, ən şəfalı otdan belə qədərindən artıq
istifadə etsən, onda bunun ziyanını
görəcəksən, qədərindən
az istifadə
etsən, onda müalicə alınmayacaq.
Sultan Mahmudun təklifini qəbul etmir
İbn Sinanın həkim kimi şöhrəti
artdıqca onun düşmənlərinin
sayı da çoxalırdı. Onlar istər Xarəzm hökmdarına, istərsə
də saray əyanlarına qarşı guya İbn Sinanın pis fikirdə olduğu, hətta
hökmdarı, ətrafındakıları müalicə
adı altında öldürəcəyi barədə şayiələr yaymaqda
idilər. Guya İbn Sina bu yolla
hakimiyyəti ələ keçirmək niyyətində idi. Halbuki İbn
Sinanı siyasət maraqlandırmırdı. Onun
üçün insanları sağaltmaq, müalicə etmək minlərlə
insanı müharibədə ölümə göndərməkdən
daha müqəddəs iş
idi. Bir dəfə əyanlardan
biri İbn Sinadan soruşmuşdu ki, heç hökmdar olmaq ürəyindən
keçdimi. İbn Sina isə ona cavabında demişdi ki, mənə insan hökmdarı olmaq
lazım deyil və buna
ehtiyacım da yoxdur. Mən
onsuz da hökmdaram, amma güllərin,
çiçəklərin, şəfalı bitkilərin
hökmdarıyam, belə bir hökmdarlıq
mənə bəs edər.
Bu arada məşhur həkimi
Qəznəli türk dövlətinin
hökmdarı Sultan Mahmud
öz sarayına dəvət etdi. Sultan Mahmud
İbn Sinaya sarayda hər cür şəratit
yaradacağını, onu həkimbaşı
edəcəyini vəd etmişdi. Amma Sultan Mahmudun
sarayına getməsi İbn Sinanın xalq
mühitindən ayrılması demək olacaqdı. İbn Sina isə sadə xalqla təmasda olmağı, onları
müalicə etməyi çox
xoşlayırdı. Sadə əhalidən ayrılmaq, saray mühitində yaşamaq
onun üçün
həbsdə olmağa bərabər idi. Bundan əlavə, bu qüdrətli türk hökmdarı, İslamın Pakistan, Hindistan və Cənubi
Şərqi Asiyaya yayılmasında əvəzsiz
xidmətlər göstərən Sultan Mahmud haqqında İbn Sinaya yanlış məlumat vermiş,
onu elm
adamlarını himayə etməyən hökmdar
kimi təqdim etmişdilər. Halbuki Sultan Mahmud İslam
dininə bütün varlığı ilə
bağlı olan və bu
dini Cənub Şərqi Asiyada
yaymaq üçün
canından keçməyə hazır olan,
eyni zamanda elmi, elm adamlarının
yüksək dərəcədə qiymətləndirən,
onların məsləhətləri ilə hərəkət
edən qüdrətli bir türk
hökmdarı və sərkərdəsi idi. Lakin qeyd etdiyimiz kimi, Sultan Mahmud haqqında
yanlış məlumat alan İbn Sina bu
qüdrətli türk
hökmdarının onu saraya
dəvət etməsi təklifinə rədd cavabı verir. Bununla da həyatının ən yanlış
addımlarından birini atmış olur.
Üstəlik, həmin
dövrdə İbn Sinanı öz şəxsi həkimi kimi
görmək istəyən digər əyalət səviyyəli
hökmdarlar da var idi. Onlar
müxtəlif yollarla İbn
Sinanı öz saraylarına gətirtmək
üçün dəridən-qabıqdan
çıxırdılar. Onlardan biri də Həmədan hökmdarı idi.
Xarəzmdən Həmədana
Sultan Mahmud barədə
aldığı yanlış məlumatlar nəticəsində
Sultan Mahmudun təklifini
rədd edən İbn Sina
bunun nəticəsində cəzalandırılacağından
qorxaraq İsfahan
hökmdarının sarayına sığınmağa məcbur
oldu. Burada qısa müddətdə o,
hökmdarın yanında və yerli türk əhali arasında böyük
şöhrət qazandı. Belə ki, İsfahan hökmdarı İbn
Sinaya həftənin müəyyən
günlərində yerli əhali
arasından olan xəstələri
müalicə etməsinə imkan vermişdi. Qısa müddətdə İbn Sina İsfahanda
yanına gələn yüzlərlə xəstəni
müalicə etdi. Lakin bu arada İbn Sina Qəznəli Sultan Mahmudun onun dalınca İsfahana hücum edə
biləcəyindən ehtiyat edərək,
İsfahan hökmdarı
Əlaüddövlənin razılığı ilə Həmədana
köç etdi. İsfahan kimi türklərin ana vətəni
olan Həmədanın türk
hökmdarı İbn Sinanın oraya gəlişini məmnunluqla
qarşıladı. Həmədan hökmdarı İbn Sinanı, əvvəlcə, sarayda həkimbaşı, sonra
isə onu vəzir vəzifəsinə təyin
etdi. İbn Sina İsfahanda olduğu kimi, Həmədanda
yerli əhalini müalicə edir, onlara hörmət və
şəfqətlə yanaşırdı. Bu
da onun əhali arasında
böyük hörmət qazanmasına gətirib
çıxarmışdı. İbn Sina həm də Həmədanda elmi işlə məşğul olur tibbə aid yeni əsərlər yazmaqda
davam edirdi. O həmçinin
ağıllı məsləhətləri ilə Həmədan
hökmdarının da böyük
hörmət və rəğbətinə nail
olmuşdu. Amma Sultan Mahmud
Qəznəlinin qorxusundan İsfahandan
Həmədana köç etməyə məcbur
olan İbn Sina Əlaüddövlə ilə də gizli əlaqələr saxlayırdı. Bu da Həmədan
hökmdarının məsələdən hansısa yollarlasa xəbər tutmasına gətirib
çıxardı. Nəticədə Həmədan
hökmdarı İbn Sinanı həbs etdirdi. Bundan xəbər tutan İsfahan hökmdarı Həmədana hücum edərək oranı tutdu
və İbn Sinanı həbsdən azad edərək yenidən öz
yanına apardı. Lakin bu
hadisədən az sonra
Sultan Mahmud Qəznəli
İsfahana hücum edərək
şəhəri ələ keçirdi.
Bundan sonra İbn Sina İsfahandan
qaçaraq yenidən Həmədana
sığınmağa məcbur oldu.
Əziz Mustafa
Zaman.-2015.-18 fevral.-S.6.