Azərbaycançılıq ideyası Heydər Əliyevin Azərbaycanı gələcəyə aparan şah əsəridir

 

 ƏZIZ MUSTAFA,

 

Hər bir dövlətin dünyanın siyasi səhnəsində uzunömürlü olması ilk növbədə onun ərazisində yaşayan bütün xalqları öz ətrafında birləşdirməyi bacaran və möhkəm təməllər üzərində qurulan siyasi ideologiyasının olmasından asılıdır.

 

Bu baxımdan tarixboyu çoxsaylı etnik azlıqlar üçün ana vətən rolunu oynayan Azərbaycan tarixin müxtəlif mərhələlərində  ağır sınaqlardan çıxıb və ən ümidsiz vəziyyətlərdə belə özünün varlığını qoruyub saxlaya bilib. Təbii ki, bu işdə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edərək onun yenidən qüdrətli dövlət kimi siyasi səhnəyə çıxaran liderlər və onların irəli sürdükləri həmişəyaşar ideyalar önəmli rol oynayıb.

 

Bu müstəvidə də Azərbaycanın və dünya siyasətinin görkəmli siyasi xadimlərindən biri olan Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin qorunub saxlanılmasında əvəzsiz xidmətləri var. Bunu ötən əsrin 90-cı illərinin əvvəllərində düşmən güclər tərəfindən Azərbaycanın etnik ərazilərə parçalanaraq məhv edilməsi təhlükəsi meydana çıxan zaman Heydər Əliyevin siyasi iradə nümayiş etdirərək mahir bir strateq kimi ölkəmizin başı üzərini alan təhlükəni aradan qaldırması da bir daha sübut etdi.

 

Bu baxımdan Azərbaycan Heydər Əliyevin simasında onu məhv olmaqdan xilas edərək yenidən dünyanın siyasi səhnəsinə çıxaran qüdrətli bir siyasi xadimini tapmış oldu.

 

 Azərbaycanı xilas edən ideya: azərbaycançılıq

 

1993-cü ildə Azərbaycan faktiki olaraq müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir ağır və vəziyyətdə xalqın tələbi ilə yenidən Azərbaycanı idarə etməyə başlayan görkəmli siyasi xadim Heydər Əliyevin ilk vəzifəsindən biri bəzi düşmən güclər tərəfindən körüklənən separatizmin qarşısının alınması oldu. Qısa müddətdə bu ağır vəzifənin öhdəsindən şərəflə gələrək Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə nail olan Heydər Əliyev bununla da mahir bir strateq olduğunu beynəlxalq aləmə bir daha nümayiş etdirmiş oldu. Bununla belə Azərbaycanı xilas edə biləcək, onu müstəqil dövlət kimi gələcəyə aparacaq, burada yaşayan xalqları öz ətrafında birləşdirə biləcək sarsılmaz, həmişəyaşar bir ideyaya ehtiyac duyulurdu. Belə bir birləşdirici ideoloji güc isə XX əsr dünya siyasətinin ən qüdrətli simalarından biri olan Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə gündəmə gətirilərək onu müstəqil dövlətimizin əsas ideologiyasına çevirən azərbaycançılıq ideyası oldu. Bununla da Azərbaycanın müstəqillik tarixində onu şərəfli gələcəyə, sarsılmaz dövlətçiliyə aparan eranın əsası qoyulmuş oldu. Beləliklə, həmin dövrdə Heydər Əliyev tərəfindən irəli sürülən azərbaycançılıq ideyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil etməyə başladı.

 

Onu da deyək ki, Heydər Əliyev tərəfindən Azərbaycanın xilası üçün ortaya atılan azərbaycançılıq ideyasının kökləri əsilində ötən əsrin 70-ci illərinin əvvəllərinə gedib çıxır. Belə ki, 1969-cu ilin yayından Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyevin ilk işlərindən biri milli özünüdərkin yeni inkişaf pilləsinə qaldırılması istiqamətində həyata keçirdiyi tədbirlər oldu. Azərbaycanın gələcəkdə müstəqilliyini əldə etməsinə xidmət edən belə möhtəşəm tədbirlərdən biri də Azərbaycan dilinin dövlət dili elan edilməsi ilə bağlı oldu.

 

Ümumiyyətlə, hakimiyyətdə olduğu bütün dövrlərdə Heydər Əliyev taleyüklü bu məsələni milli varlığımızın ən önəmli faktorlarından biri kimi diqqət mərkəzində saxlayıb. Bunun da nəticəsində 1978-ci ildə Heydər Əliyev cəsarətlə Azərbaycan dilini dövlət dili kimi Azərbaycan SSR-in yeni Konstitusiyasına daxil etdi. Çünki Azərbaycan dili burada yaşayan bütün xalqları öz ətrafında birləşdirən, azərbaycançılığı təbliğ edən güclü amil idi və Heydər Əliyev hələ o dövrdə bunu uzaqgörənliklə müəyyən etmişdi. Bununla da Heydər Əliyev tərəfindən o vaxt ölkəmizi gələcəyə aparan azərbaycançılıq ideyasının təməli qoyuldu.

 

Necə deyərlər, Heydər Əliyev 1978-ci ildə heç nədən çəkinmədən, cəsarətlə və uzaqgörənliklə Azərbaycan SSR-in yeni Konstitusiyasına Azərbaycan dilini dövlət dili kimi daxil etməklə imperiya tərəfindən həyata keçirilən ruslaşdırma və assimilyasiya siyasətinə böyük bir zərbə vurmuş oldu.

 

Sonralar Heydər Əliyev şərəf və qürur, həm də təhlükə dolu həmin anları xatırlayaraq: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük”,-demişdi.

 

Həmin dövrdə Heydər Əliyev Azərbaycan dilinin qorunub saxlanılması və onun dövlət dili kimi işlədilməsi uğrunda ardıcıl olaraq mübarizə aparırdı. Bu baxımdan da Heydər Əliyevin azərbaycançılıq ideyasının əsasında məhz Azərbaycan dili dayanır. Çünki azərbaycançılıq ideyasını Azərbaycan dili olmadan təsəvvür etmək mümkün deyil.

 

1994-cü ilin sentybar ayının 20-də imzalanan “Əsrin müqaviləsi” ilə Heydər Əliyev həm müstəqil Azərbaycanın iqtisadi strategiyasını müəyyənləşdirdi, həm də müstəqil dövlət ideologiyası olaraq azərbaycançılığın iqtisadi təməllərini formalaşdırdı.

 

Bir sözlə Heydər Əliyev tərəfindən irəli sürülən azərbaycançılıq ideyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil etməyə başladı.

 

Heydər Əliyev azərbaycançlılq ideyasını yeni zirvəyə qaldırarkən tarixi təcrübəni nəzərə alaraq dövlətçilik ənənələrini yeni müstəvidə inkişaf etdirdi, onu dövlət müstəqilliyimizin onurğa sütununa çevridi. Bununla da Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, azərbaycançılığa əsaslanan milli dövlət yaratdı.

 

Azərbaycançılıq ideologiyası, bir tərəfdən, Azərbaycan türklərinin ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içində yaşamaq istəyinin bariz göstəricisidirsə, digər yandan, Azərbaycanın türk dünyasının ayrılmaz parçası olduğunun təsdiqidir.

 

 Azərbaycançılıq ideyası dünya azərbaycanlılarını birləşdirdi

 

Heydər Əliyev tərəfindən uzaqgörənliklə gündəmə gətirilən azərbaycançılıq ideyası yalnız ölkə daxilində deyil, həm də müxtəlif səbəblər üzündən dünyanın 100-dən artıq ölkəsinə səpələnən soydaşlarımızın da bir araya gətirilməsində, onların Azərbaycan dövləti ətrafında sıx birləşməsində önəmli rol oynamağa başladı. Azərbaycançılıq ideyası xaricdəki diasporumuzun təşkilatlanmasına, onların arasında milli həmrəyliyin gücləndirilməsinə yol açaraq dünya azərbaycanlılarını birləşdirən ən önəmli faktorlardan birinə çevrildi.

 

Bü müstəvidə də azərbaycançılıq ideyası qısa müddətdə milli təfəkkür tərzinə çevrilərək dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli qürur mənbəyi oldu.

 

Azərbaycançılıq ideyasının Azərbaycanın gələcək inkişafı və müstəqil dövlət kimi yüz illər bundan sonra yaşayacağını və xaricdəki soydaşlarımızın ana vətənləri ətrafında daha sıx birləşməsində həlledici rollardan birini oynadığını 2001-ci il noyabr ayının 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının Qurultayı da bir daha sübut etdi. Heydər Əliyevin təşəbbüsü ilə keçirilən bu qurultay azərbaycançılıq ideyasının qısa müddətdə nə qədər böyük birləşdirici gücə çevrildiyini bütün parlaqlığı ilə üzə çıxardı. Heydər Əliyev qurultaydakı tarixi çıxışında: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi, həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”,-dedi.

 

Qurultaydakı məruzəsində Heydər Əliyev tariximizdə yüz illər bundan sonra da əhəmiyyətini qoruyub saxlayacaq: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”-məşhur sözlərini söylədi.

 

Bu çərçivədə də Heydər Əliyevin şah əsəri olan azərbaycançılıq ideyası dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirərək, uğurlu bir gələcəyə, onların daha sıx həmrəyliyinə, güclü və inkişaf etmiz Azərbaycan dövlətçiliyinə aparır.

 

 Əbədiyaşar ideya

 

Heydər Əliyev tərəfindən irəli sürülən və dövlətimizin prioritet sahələrindən birinə çevrilən azərbaycançılıq ideologiyası Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu. Çünki azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsidir.

 

Bu əbədiyaşar ideya həm də Azərbaycanın güclü, qüdrətli, çiçəklənən dövlətə çevrilməsi prosesinə təkan verdi. Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir.

 

Bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ildə keçirilən Dünya Azərbaycanlılarının III Qurultayı Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq ideyasının təntənəsi idi. Bu qurultay dünyanın müxtəlif ölkələrinə səpələnmiş 50 milyon nəfərdən artıq azərbaycanlının bir araya gəlməsində önəmli rol oynayaraq azərbaycançılıq ideyasının böyük tarixi imkanlara, birləşdirmə, səfərbər etmə gücünə malik olduğunu bir daha sübut etmiş oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələyə  diqqəti bir daha cəlb edərək Dünya Azərbaycanlılarının III Qurultayındakı çıxışında: “Axı bura bizim vətənimizdir. Bizim bir dilimiz var- Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var- azərbaycançılıq məfkurəsi!”, - dedi.

 

Bütün bunlar da bir daha sübut edir ki, Heydər Əliyev tərəfindən möhkəm təməllər üzərində əsası qoyulmuş azərbaycançılıq ideyası min illər bundan sonra gələcək nəsillər və milli dövlətçiliyimizin əbədiyaşarlılığı üçün hesablanmış tarixi bir ideologiyadır. Beləliklə, bu gün  Heydər Əliyevin şah əsəri olan azərbaycançılıq ideologiyası əsasında Azərbaycan inamla gələcəyə doğru addımlamaqda davam edir.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 

Əziz  Mustafa

Zaman.-2015.-28 fevral.-S.6.