“İstedadı cilalayan
məktəbdir, savaddır, zəhmətdir”
ESMIRA HIDAYƏTOVA, MINGƏÇEVIR
Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Ağaxan Salmanlı “Zaman-Azərbaycan” qəzetinə müsahibə verərkən.
60 il incəsənət
aləmində ifa etdiyi rolları ilə öz sözünü demiş bu insanı kim tanımır ki? Odur ki, onu geniş təqdim etməyə ehtiyac yoxdur. Beləliklə, bu günlərdə
Mingəçevir Dram Teatrında
Gənc Tamaşaçılar
Teatrının aktyoru,
Xalq artisti Ağaxan Salmanlı ilə görüşdük.
Azərbaycanın teatr
və kino aktyoru, çoxlu sayda filmlər səsləndirən, Xalq artisti, “Qızıl dərviş” mükafatı
laueratı Ağaxan Salmanlı Mingəçevir
teatrında “Nənənin
kələyi”, “Tıq-tıq
xanım” tamaşalarına
quruluş verir. Ağaxan müəllim əvvəlcə
qeyd etdi ki, artıq 3 ildir bu teatrla
əməkdaşlıq edir.
Onu da vurğuladı
ki, digər bölgələrə nisbətən
Mingəçevir Dram Teatrı
yaxşıdır, yeni-yeni tamaşalar
hazırlanır, teatrda
bir canlanma müşahidə edilir. Teatra yeni təyin edilmiş direktor Səxavət müəllim
də çalışır
ki, yeni tamaşalarla tamaşaçı
cəlb etsin. Bura müasir standartlara cavab verən, hər cür avadanlıqlarla təmin edilən bir sənət ocağıdır.
Bildirdi ki, teatra yeni nəsil
gəlib və müxtəlif tamaşalarda
da rol alıblar:
- Ağaxan müəllim, yeni nəslin teatra marağı
sizi qane edirmi?
- Gənclərlə tez-tez təmasda olan bir adam
kimi deyə bilərəm ki, yeni nəsildə teatra sevgi hissi
var. Ali məktəbə hazırlaşan,
aktyor, rejissor olmaq istəyən gənclər çox vaxt mənə müraciət edirlər. Baxıram, amma görürəm ki, əksəriyyəti hazırlıqsızdır. Teatr barədə anlayışları
sıfır səviyyədədir,
teatr tarixindən xəbərləri yoxdur.
Amma teatra həvəsləri
var. Onlar teatrda işləmək istəyirlər.
Amma Cəfər Cabbarlını, Axundovu və s. korifeylərimizi, dramaturqlarımızı tanımırlarsa,
onda teatrda necə işləmək olar? Bu da bir aktyor kimi
məni çox narahat edir. Biz yaşlı nəsil can qoyduğumuz, saç ağartdığımız səhnəni
necə etibar edək belələrinə?
- Bəs çıxış yolunu
nədə görürsünüz?
- Yeni nəslin düşüncə tərzi
çox fərqlidir. Mən gənclərimizə deyirəm
ki, istedad Allah vergisidir, istedadı müəllim vermir tələbəyə. Niyə biz bu
yolu seçirik, çünki bu içimizdən gələn
bir hisdir. Biz də bunun
arxasınca gedirik.
Amma istedadı da cilalayan məktəbdir, savaddır, zəhmətdir.
Mən həmişə tələbələrimə
deyirəm ki, istedada qiymət vermirəm, mən qiymət verirəm tələbələrin intizamına,
savadına, bir də zəhmətinə,
çalışqanlığına.
Bu teatrda da
istedadlı gənclər
çoxdur. Düşünürəm ki, gənclərin teatra marağını artırmaq üçün
mütləq festivallar
keçirmək və
bu festivalların keçirilməsini ənənəyə
çevirmək lazımdır.
Mingəçevir Teatrına 3 ildir
ki, gəlib-gedirəm,
burada istedadlı gənclər çoxdur, amma onların məsuliyyətsizliyi onları
irəliyə getməyə
qoymur. Bu səhnədə
mənimlə paralel Süleyman Sani Axundovun “Eşq və İntiqam” əsəri hazırlanır,
çox gözəl klassik əsərdir, faciədir, bizim milli dramaturgiyamızın
incilərindən biridir.
Bu əsəri mən öz müəllimlərimin quruluşunda
və ifasında görmüşəm. 1962-ci
ildə tələbə
vaxtı kurs tamaşasında mən özüm də Piri babanı oynamışam bu əsərdə. Ona görə
də əsər mənə çox tanışdır və onun quruluşunu Əliheydər Ələkbərov
vermişdir. Dediyim odur
ki, bu tamaşanı
qüdrətli sənətkarların
ifasında görmüşəm.
İndi bu teatrda milli
klassikamıza müraciət
ediblər, Xalq artisti Zülfüqar Abbasovun quruluş verdiyi bu faciəvi
əsərin regionda böyük izləyici kütləsi qazanacağına
ümid edirəm.
Teatrın yaşlı və
orta nəsil aktyor və aktrisa heyəti tamaşanın məşqlərində
böyük həvəslə
çalışır, mən
onlara uğur arzulayıram.
- Tamaşada tərəf müqabillərinizlə
işləmək asan
olurmu?
- Mən həmişə çalışmışam ki,
tərəf müqabilimlə
elə səmimi münasibət yaradım ki, o da özünü
rahat hiss etsin. Mən də o səmimiyyətdən
rahat oluram. Ona görə də tərəf müqabilimdən
neqativ hal gələndə çalışıram
ki, onu dəf
edim. Mənim də münasibətimdən
tərəf müqabilim
dərhal özünü
yığışdırır. Rəhmətlik Gülşən Qurbanova ilə çox rollarımız olub. O həmişə
deyərdi ki, mən səninlə səhnədə olanda istirahət edirəm, sən məni elə ardıcıl aparırsan ki, heç vaxt çaşmıram. Tamaşada çaşmaq
olur, mən o saat elə bir
yolla, elə bir xırda sualla onu yönəldirəm
ki, onun sözü yadına düşür. Odur ki, mənə heç bir tərəf müqabili bata bilməz.
- 74 yaşınız
var, hazırda teatrda fəaliyyət göstərirsiniz, həm
Dağıstanda, həm
burada yetərincə tamaşalara quruluş verirsiniz. Bu sizi
yormur ki?
- Əsla. Müxtəlif teatrlarda, o cümlədən
Dağıstan, Lənkəran,
Mingəçevir teatrında,
Gənc Tamaşaçılar
Teatrında 30-dan yuxarı
tamaşa hazırlamışam.
Hələ üstəlik də
qarşıdan Şekspirin
yubileyi gəlir.
Cənnət Səlimova “Üçüncü
Riçard” tamaşasını
hazırlayır. Həmin
tamaşada Riçard
baş rol olsa da, onunla
paralel gedən Bekkingem rolu var. Həmin rol mənə həvalə olunub. Tamaşa çox gözəl
alınıb. Tamaşada
40 nəfər iştirakçı
var. Hamısı da
həvəslə öz
rolunu ifa edir.
Sonda qeyd edək ki, aktyorun iki övladı, 4 nəvəsi var. Nəvəsi Ləman Salmanlı quruluş verdiyi iki tamaşanın quruluşçu rəssamıdır. O, “Tıq-tıq” xanım tamaşasının tərtibatını hazırlayıb və nəticəsi də uğurlu alınıb. Bunu 18 yaşlı gənc rəssamın ilk teatr debütü də saymaq olar. Ləman Rəssamlar Akademiyasının ikinci kurs tələbəsidir.
Esmira Hidayətova, Mingəçevir
Zaman.-2015.-28 fevral.-S.7.