Dünyaya inteqrasiyanın Azərbaycan modeli: qarşılıqlı, faydalı, ikitərəfli münasibət və əməkdaşlıq

 

“Müstəqil Azərbaycan dövlətinin öz yolu var. Bu yolun mahiyyəti Azərbaycan xalqının maraqları üzərində köklənmiş, onun mədəniyyətini, dilini, mentalitetini, milli maraqlarını təmin edən bir dövlət strukturuna malik olmaq və bu dövlət strukturunu bölgə və dünya ölkələri ilə qarşılıqlı faydalı münasibətlərə qoşmaqdan ibarətdir”.

Şərq ilə Qərb arasında körpü olan Azərbaycan təkcə sivilizasiyaların qovuşuğu deyil, həm də mühüm geosiyasi və geoiqtisadi amildir. Azərbaycanın dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi əvvəllər necə aktual idisə, bu gün də prioritet məsələlərdən biri olaraq qalmaqdadır. Hələ illər öncə ulu öndər Heydər Əliyev deyirdi: “Bizim xarici siyasətimiz sülhsevər siyasətdir, biz hər hansı bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə toxunmaq məqsədi güdmürük. Lakin, eyni zamanda, respublikamızın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü, nəyin bahasına olursa-olsun, xarici siyasət vasitəsilə təmin etməyə çalışacağıq”.

 “Müasir Azərbaycan modernləşməkdə olan demokratik transformasiya, açıq iqtisadiyyat və vətəndaş azadlığı məkanıdır. Bütün bunlar regionda və onun hüdudlarından kənarda bizə olan münasibəti müəyyənləşdirir”. Prezident İlham Əliyev belə deyir. Dövlət başçısı bildirir ki, bizim fəaliyyətimizin çox vacib istiqamətlərindən biri də Azərbaycanın zəngin tarixi və mədəni irsinin qorunub saxlanması, təbliğ edilməsi və dünya ictimaiyyətinə tanıdılmasıdır.

Dünya birliyinə inteqrasiya həm də qədim tarixi irsin təbliğ edilməsi və dünya arenasında tanıdılmasıdır. Bu istiqamətdə uğurlu layihələrin icrasında Heydər Əliyev Fondunun rolu danılmazdır. Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu mövzuda açıqlamasında deyib: “Biz dünyanın müxtəlif ölkələrində Azərbaycan günləri və Azərbaycan gecələri keçirməklə ölkəmizin keçmişini, tarixini, mədəniyyətini, bu gününü, müstəqil Azərbaycanın nailiyyətlərini, tolerantlıq və dözümlülük ab-havasını bütün dünyaya tanıtmaq istəyirik. Belə görüşlərdə insanlar Azərbaycanı özləri üçün yenidən kəşf edirlər. Biz fəaliyyətimizi genişləndirərək bir sıra çox nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmuşuq, birgə layihələr icra etmişik. Bizim tərəfdaşlarımız arasında UNESCO, İSESCO, UNİCEF, BMT İnkişaf Fondu kimi nüfuzlu beynəlxalq qurumlar vardır. Eyni zamanda, ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırırıq. Biz bu gün “Xocalıya ədalət!” kampaniyasının müsbət nəticələrini görürük”.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə deyir ki, Azərbaycan dövləti formalaşdıqca, beynəlxalq münasibətlərin əsas aktorlarından biri kimi dünyada özünəməxsus yer tutduqca, ikitərəfli münasibətləri yerinə yetirir: “Bu ikitərəfli münasibətlərə bir tərəfdən səfirliklərin açılması, qarşılıqlı mədəni, sosial, siyasi, iqtisadi münasibətlərin yaradılması, digər tərəfdən ölkələrin xalqları ilə münasibətlərin inkişaf etdirilməsi sahəsində işlər daxildir. Biz mövcud problemləri dünya dövlətlərinin, dünya xalqlarının, beynəlxalq qurumların diqqətinə çatdırmaq istiqamətində səmərəli fəaliyyət göstəririk. Azərbaycanın münasibətləri dediyim bütün istiqamətlər üzrə davam edəcəkdir, getdikcə daha da dərinləşəcəkdir”.

Əli Həsənov bu fikirdədir ki, Azərbaycan dövlətinə, onun yürütdüyü müstəqil siyasətə, Azərbaycan Prezidentinin müstəqil iradəsinə, fərqli maraqlar çərçivəsində, fərqli subyektiv mülahizələrə görə təsir göstərmək istəyən, onu yönəltməyə çalışan beynəlxalq dairələr də var: “Əlbəttə, biz bu işlərə təmkinlə yanaşırıq. Azərbaycan dövləti olaraq bunlara birbaşa reaksiya bildirmirik, öz müstəqil yolumuzla, öz müstəqil iradəmizə müvafiq olaraq hərəkət etməyə çalışırıq. Bütün dünyaya Azərbaycanın doğru yolda olduğunu çatdırmağa çalışırıq. Özünüz də bilirsiniz ki, Azərbaycan öz seçimini edib - demokratiya, Avropa strukturları ilə bərabərhüquqlu, qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin yaradılması, bölgədə və dünyada sivil siyasətin yürüdülməsi, insanlar, dövlətlər, millətlər arasında sivil yaşayış normalarına uyğun münasibətlərin qurulması. Bu yolun mahiyyəti bu gün bütün dünyanın təlqin elədiyi demokratiya, insan hüquqları, birgəyaşayış normalarıdır, bizim xalqın iradəsidir”.

“Cənab Prezident hər yerdə açıq-aşkar Azərbaycanın strateji xəttini elan edib”

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi bildirir ki, ölkəmizin dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi üçün müxtəlif iqtisadi, siyasi, sosial, mədəni layihələr həyata keçirilir: “Biz müxtəlif təşkilatlarla, o təşkilatlara üzv olan dövlətlərlə həm zirvə toplantılarında, həm də keçirilən bütün tədbirlərdə birgə layihələr həyata keçiririk. Mədəni, sosial, humanitar və insani əlaqələr bizim üçün önəmlidir. Bu əlaqələr kifayət qədər dinamikdir, inkişaf eləyir və gələcəkdə də davam edəcəkdir”.

Əli Həsənov Azərbaycanın dövlət olaraq seçdiyi yolu belə izah edir: “Müstəqillik qazanandan sonra SSR-nin tərkibindən ayrılmış 15 dövlətdən biriyik. O zaman bizim qarşımızda 3 yol var idi. Birincisi, SSR-nin tərkibində olan dövlətlərlə inteqrasiyanı davam elətdirmək və belə deyək, yalnız postsovet məkanı sistemində inteqrasiya olunmaq. İkinci yol Avropa İttifaqı, Avropa məkanı, Avropa ölkələri ilə inteqrasiya xəttini seçib daha çox Qərbə - demokratik inkişaf, plüralistik cəmiyyət və s. istiqamətində inkişaf eləmək. Üçüncüsü, Asiya, Sakit Okean hövzələrinin daha çox təmsil olunduğu Qoşulmama Hərəkatına qoşularaq müstəqil və daha neytral siyasət yürütmək xətti. Hər 3 seçimin əlbəttə, o dövrdə yaşamağa haqqı var idi. Hər 3 seçimi təlqin eləyən siyasi, sosial sifarişlər mövcud idi, cəlbedici görünürdü. Hər 3 seçimin eyni zamanda problemləri də mövcud idi. Bilirsiniz ki, Azərbaycan müstəqilliyinin ilk illərində xaos, anarxiya dövrünü yaşadı. Bütün bunlardan biz mərhələli şəkildə keçdik və 1995-ci ildə Azərbaycan özünün ilk müstəqil Konstitusiyasını qəbul etdi. O Konstitusiyada da Azərbaycanın inkişaf modeli, inkişaf yolu açıq şəkildə seçilibdir. Dünyaya inteqrasiya məsələsində Qərbə, yoxsa Şərqə, Rusiyaya, yoxsa Qərbə və ya digər istiqamətlərdə Azərbaycan hansına daha çox üstünlük verir? Cənab Prezident hər yerdə açıq-aşkar Azərbaycanın strateji xəttini elan edib. Müstəqil Azərbaycan dövlətinin öz yolu var. Bu yolun mahiyyəti Azərbaycan xalqının maraqları üzərində köklənmiş, onun mədəniyyətini, dilini, mentalitetini, milli maraqlarını təmin edən bir dövlət strukturuna malik olmaq və bu dövlət strukturunu bölgə və dünya ölkələri ilə qarşılıqlı faydalı münasibətlərə qoşmaqdan ibarətdir. Daha çox neytral siyasət yürüdərək, bölgədə və dünyada Azərbaycanın maraqlarını təmsil edirik”.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Azərbaycanın bir yol seçdiyini vurğulayır: “Biz bölgədə balanslı, qarşılıqlı faydalı əməkdaşlığa söykənən partnyorluq siyasəti yürüdürük. Bu partnyorluğu biz Avropa Birliyi ilə də edirik, biz onu Rusiya və onun əsas partnyorlarının təmsil olunduğu Avrasiya İqtisadi Birliyi ilə də edirik, Qoşulmama Hərəkatı ilə də edirik. O yerdə ki, onların yürütdüyü siyasət Azərbaycanın maraqlarına uyğundur biz onlarlayıq, o yerdə ki, həmin birliklərin, həmin qurumların maraqları Azərbaycanın maraqları ilə üst-üstə düşmür, əlbəttə, biz orada özümüzün şəxsi və dövlət maraqlarını təmin eləyən siyasət yürüdürük. Bir daha qeyd edirəm, Azərbaycan qarşılıqlı, faydalı, ikitərəfli münasibətə üstünlük verir. Azərbaycan kollektiv üzvlük, kollektiv birlik, kollektiv öhdəlik tipli birliklərə və bu tipli öhdəliklərə müəyyən qədər tənqidi yanaşır. Ona görə də seçdiyimiz yol qarşılıqlı faydalıdırsa və hər tərəfin maraqlarına cavab verirsə, biz o yolla gedirik, vermirsə, biz oradan çəkinirik. Biz müvafiq olaraq həm İranla dostluq edirik, həm ABŞ-la, həm Rusiya ilə dostluq edirik, həm Türkiyə ilə, həm İsraillə, həm qonşu dövlətlərlə, həm də dünyanın digər dövlətləri ilə. Bu anlamda Azərbaycanın milli maraqlarına söykənən, lakin heç kimin maraqlarının üstünə kölgə salmayan, heç kimin maraqlarını inkar eləməyən siyasət - düşünürük ki, hazırda Avrasiya geosiyasi məkanında ən keçərli bir siyasətdir”.

Əli Həsənov 25 ilə yaxındır ki, BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması ilə bağlı 4 qətnamə qəbul etdiyini, Ermənistan tərəfindən isə bunun faktiki olaraq yerinə yetirilmədiyini vurğulayır: “20 ilə yaxındır ki, bütün dünyanın əsas təhlükəsizlik məsələlərindən biri Dağlıq Qarabağ, Ermənistan Azərbaycan münaqişəsi ətrafında formalaşıb. Bununla bağlı BMT-nin qətnaməsi var, Avropa Birliyi, Avropa Şurası, NATO, MDB, İslam Konfransı Təşkilatı, bütövlükdə əksər təşkilatlar münaqişənin həllini beynəlxalq hüquq normaları əsasında, sülh yolu ilə, ölkələrin ərazi bütövlüyünün təmin olunması və Dağlıq Qarabağda yaşayan ermənilərin milli vətəndaş hüquqlarının qorunması vasitəsi ilə məqbul hesab ediblər. Bu istiqamətdə indiyə qədər Azərbaycan bütün bu normaları, beynəlxalq prinsipləri təlqin eləyən qətnamələri qəbul edib, onların yerinə yetirilməsinə çalışıb. Lakin təəssüflər olsun ki, Ermənistan dövlətinin qeyri-konstruktiv yanaşması nəticəsində bu münaqişə davam eləyir. Dağlıq Qarabağ problemi necə ki, mövcuddur, davam eləyir, bölgədə və dünyada sülhün tamlığından, bərqərar olmasından danışmaq olmaz. Dünyada vahid beynəlxalq hüquq normaları eyni standartlar çərçivəsində bütün münaqişələrin həllinə tətbiq olunmasa, belə hadisələr bizi hələ çox gözləyir”.

“Bizim üçün ən vacib məsələ Azərbaycanın Avropa xəritəsində yerinin möhkəmləndirilməsidir”

 “Azərbaycanın dünya birliyinə inteqrasiyasında, nüfuzlu təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsində ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin müstəsna əhəmiyyəti var”. Bu sözləri jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib: “Elə götürək I Avropa Oyunlarını. Soruşurlar ki, bu oyunların ölkəmiz üçün əhəmiyyəti nə oldu? Bizim üçün ən vacib məsələ Azərbaycanın dünya xəritəsində, Avropa xəritəsində yerinin möhkəmləndirilməsi, tanıdılmasıdır. Biz gənc bir dövlətik, 24 ildir ki, müstəqilliyimizi əldə etmişik, hələ də dünyada elə insanlar vardır ki, onlar ümumiyyətlə, Azərbaycanın harada yerləşməsi barədə məlumata malik deyillər, bizim kim olduğumuz barədə məlumata malik deyillər. Ona görə də belə tədbirlərin keçirilməsi, çoxşaxəli tədbirlərin təşkili hər dəfə imkan verir ki, ölkəmiz göstərilsin, Azərbaycanın tarixi göstərilsin, musiqisi, mədəniyyəti, çox məşhur Qafqaz qonaqpərvərliyi, mətbəximiz, insanımız, müsbət atmosferin yaradılması - bütün bunlar dünyaya nümayiş olunsun. Bu, dünyaya inteqrasiyanın bir formasıdır. Əmin ola bilərsiniz ki, bütün bunlar Azərbaycanın dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi baxımından çox önəmlidir, faydası da olacaq”.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 

Nicat İntiqam

Zaman.-2015.- 4 iyul.- S. 5.