Şəhla Qəmbərova: “Kitab təkcə
bilik vermir, həm də keçmişi gələcəyə
bağlayır”
Bu
günlərdə F.Köçərli adına
Respublika Uşaq Kitabxanasında keçirilən
görüşlərin birində iştirak edirdik. Çıxışlar zamanı məlum oldu ki,
uşaq kitabxanasının kollektivi yubileyinə və belə
demək olarsa, hesabata hazırlaşır.
Kitabxananın direktoru
Şəhla xanım Qəmbərova ilə söhbətimiz də
bu elm və mədəniyyət ocağının keçdiyi
şərəfli yol və kollektivin bugünki
qayğıları barədə oldu.
- Şəhla xanım, öncə yubiley münasibətilə
fədakar kollektivinizi təbrik edirik. Gün o gün olsun,
kitabxananın yüz yaşını qeyd edəsiniz.
Yaxşı
olar ki, əvvəlcə kitabxananın keçdiyi yol barədə
oxuculara məlumat verəsiniz.
- F. Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci
il yanvarın 1-də Azərbaycan Respublikası Nazirlər
Sovetinin qərarı ilə M.Qorki adına kütləvi
kitabxananın fondu əsasında yaradılıb. 12 sentyabr 1967-ci ildən uşaq ədəbiyyatımızın
inkişafında mühüm xidmətləri olan, Azərbaycan
ədəbi dilinin saflığı uğrunda daim mübarizə
aparmış ədəbiyyatşünas, pedaqoq, uşaq
folklor antologiyasının banisi Firidun bəy Köçərlinin
adını daşıyır.
Kitabxana əvvəlcə S.Vurğun küçəsi
104-də, beşmərtəbəli binanın birinci mərtəbəsində
yerləşib. 2010-cu ilin oktaybrından kitabxana S.Vurğun küçəsi
122G ünvanda
yeni tikilən 16 mərtəbəli binanın ikinci mərtəbəsindədir.
Burada kitabxana üçün hər cür
şərait var və otaqlar müasir avadanlıqlarla təchiz
olunub. Kitabxanada müxtəlif yaş
qrupları üzrə abonement, iki oxu zalı və
“Nağıl otağı” oxucuların istifadəsindədir.
Kitabxanada 9 şöbə və 5 bölmə fəaliyyət
göstərir.
Kitab, kitabxana təkcə bilik vermir, həm də
keçmişi gələcəyə bağlayır. Buna görə
də kitabxanaların həyatımızda rolu
böyükdür. 1999-cu
ildə qüvvəyə
minmiş “Kitabxana işi haqqında” qanun, Azərbaycan
Prezidenti cənab İlham Əliyevin imzaladığı
2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”, 2004-cü il 27 dekabr tarixli
“2005-2006-cı illərdə Azərbaycan dilində latın
qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin
siyahısının təsdiq edilməsi haqqında” sərəncamlar və 6 oktyabr 2008-ci il tarixli “Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkışafı üzrə Dövlət Proqramı”nın
təsdiq edilməsi barədə Sərəncam kitabxana
işinin inkişafında yeni mərhələ olub. Biz də işimizi günün tələbləri səviyyəsində
qurmağa çalışırıq. Hazırda
kitabxananın fondunda 270 mindən çox kitab var. Onu da əlavə
edim ki, bu elm-mədəniyyət ocağının paytaxtımızda 3 filialı
da hər gün uşaqlara xidmət edir. Kitabxananın
əsas vəzifələrindən biri oxuculara metodika,
biblioqrafiya və elmi informasiya xidmətini dünya
kitabxanaları səviyyəsinə qaldırmaq, oxucuların tələbatını
ödəmək üçün yeni informasiya
texnologiyalarını tətbiq etməkdir. Respublika
Uşaq Kitabxanasının yaradılması nəticəsində
uşaqlara kitabxana xidmətinin ümumrespublika metodik mərkəzi
meydana gəlib, uşaqlara xidmət edən bütün kitabxanalara metodik rəhbərlik
təmin edilib.
- Şəhla xanım, bu
gün hər sahədə kompyuterləşməyə
xüsusi önəm verilir. İndi
uşaqların çoxu kompyuterdən sərbəst istifadə
edir, internetin imkanlarından layiqincə yararlanırlar. Bu baxımdan sizin kitabxanada kompyuterləşmə,
elektronlaşma hansı səviyyədədir?
-
Kitabxananın avtomatlaşdırma və kompüterləşdirmə
şöbəsi on il əvvəl
yaradılıb. Hazırda şöbə
kitabxana fondunun elektron informasiya daşıyıcılarına
köçürülməsi və elektron kataloqun
yaradılması işlərini uğurla həyata
keçirir. 2009-2014-cü illər ərzində elektron
kataloqa 119 min 932 nüsxə kitab, “Qızıl fond”
bazasına 386 kitab, “Retro” bazasına 19 min 993 adda, Elektron
kartotekaya isə 60 min 865 yazı daxil edilib. Milli mənəvi
dəyərlərimizin qorunması məqsədilə
kitabxananın saytında (www.clb.az) kitab abidələri
rubrikası açılıb və orada “Qızıl fond”da
olan kitabların təqdimatı hazırlanaraq oxuculara çatdırılıb.
2009-cu il “Uşaq İli” ilə əlaqədar
kitabxanada “Dünya uşaq ədəbiyyatının inciləri”
adlı Beynəlxalq kitab sərgisinin
açılışı oldu. Sərgidən sonra min beş yüz nüsxə kitab kitabxananın
dünya uşaq ədəbiyyatı fonduna daxil edildi və
oxucuların istifadəsinə verildi.
Cari ilin əvvəlinə
olan məlumata görə, kitabxananın elektron kalatoquna 34 min
167 adda, 183 min 407 nüsxə kitab, elektron kitabxanaya isə 220
kitab daxil edilib. Kitabxananın
saytında “Səsli nağıllar” rublikasında 51 kitab var.
-
Bilirsiniz ki, uşaqları kitaba bağlayan, başqa sözlə,
kitabın təbliği yollarından biri də müxtəlif
səpgili tədbirlərin keçirilməsi, eyni zamanda
balacaların həmin görüşlərdə
iştirakını təmin etməkdir...
- Doğrudur. Buna görə də
kitabxanada tez-tez maraqlı tədbirlər - oxucularla, görkəmli
yazıçı və şairlərlə görüşlər,
tanınmış sənət adamlarının yubileyləri,
milli bayramlar və tarix günlərlə bağlı müxtəlif
proqramlar keçirilir, viktorinalar təşkil olunur. Bu tədbirlərin
hər biri balaca oxucuların dünyagörüşlərinin
genişlənməsinə, əsas bilik mənbəyi sayılan kitaba olan marağın artmasına
səbəb olur. Kitabxanada milli dəyərlərimizin
qorunması və təbliği işində bir sıra tədbirlər
həyata keçirilir. Hər bazar günü
keçirilən “Nağıl saatı” və “Psixologiya saatı”
proqramları oxucuların kitabxanaya cəlb olunmasında
mühüm rol oynayır.
Kitabxananın elektron kataloqu AZLİBNET-də olan
(www.azlibnet.az) Milli Toplu kataloqa daxil edilib. Toplu kataloqdan
ödənişsiz istifadə etmək mümkündür.
Respublika Uşaq Kitabxanası həm də
ölkəmizdə uşaqlara göstərilən kitabxana xidmətinin
vəziyyətini öyrənir və təhlil edir.
Ölkəşünaslığı inkişaf etdirmək
məqsədilə milli ədəbiyyat və ölkəşünaslıq
şöbəsində bu mövzuda kataloq və kartoteka
yaradılıb. Oxucuların elektron kataloqdan istifadəsini
təmin etmək üçün kitabxanada ödənişsiz
WI-FI zonası fəaliyyət göstərir.
- Təsisçisi
olduğunuz “Göyqurşağı” jurnalı qısa
müddətdə uşaq mətbuatımızda layiqli yerini
tutub. Jurnal nəfis şəkildə, maraqlı
hazırlanır. Təbii ki, bu işdə baş redaktor
kimi sizin fəaliyyətiniz az deyil.
-
“Göyqurşağı”nın hələ
doqduz yaşı tamam olmayıb. Sevinirik ki, jurnal ilk saylarından
oxucuların xoşuna gəlib. Onu da deyim ki, jurnalın
redaktoru şeir və hekayələri ilə balaca
oxucuların sevimlisi olan Sevinc Nuruqızıdır. Ancaq jurnalın saylarının hazırlanmasında
yalnız redaksiya heyəti deyil, əksər əməkdaşlarımız
yaxından iştirak etməyə çalışır,
yazılar və təkliflər verirlər.
- Şəhla
xanım, son
illər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
və kollektivinizin fədakarlığı ilə “Uşaq
kitab karvanı” layihəsi uğurla həyata keçirilir. Həmin
layihənin iştirakçılarından biri kimi deyə bilərəm
ki, “Uşaq kitab karvanı” hər bir rayonda sevinclə
qarşılanır və səmərəli iş
görülür.
- Sevinirik
ki, “Uşaq kitab karvanı” layihəsinə tanınmış
uşaq ədəbiyyatı nümayəndələri, rayon mədəniyyət
və turizm şöbələrinin əməkdaşları
da layiqincə dəstək verirlər. Görkəmli uşaq
yazıçı və şairlərimiz İlyas Tapdıq,
Zahid Xəlil, Qəşəm İsabəyli, Gülzar
İbrahimova, Rafiq Yusifoğlu, Ələmdar Quluzadə, Sevinc
Nuruqızı, uşaq mətbuatımızın lideri
“Tumurcuq” qəzeti də bu layihəyə həmişə həvəslə
qoşulur və bölgələrimizdə balaca oxucularla
canlı görüşləri geniş
işıqlandırır.
Layihə çərçivəsində rayonlarda təşkil
edilən səyyar kitab sərgiləri, həqiqətən, həmin
bölgənin mədəni həyatında yaddaqalan iz
buraxır. 4
il ərzində (2011-2014-cü illər) həyata keçirilən
layihə ilə kitab karvanı 16 rayona yola çıxıb,
regionlarda fəaliyyət göstərən kitabxanalara 14 min
270 nüsxə uşaq kitabı hədiyyə edilib.
Məlumat üçün deyim ki, “Uşaq kitab
karvanı” bu ilin payızında şimal bölgəmizə səfər
etmək niyyətindədir.
-
Qloballaşma şəraitində kitabxanaların da xarici
ölkələrin elm və mədəniyyət mərkəzləri,
beynəlxalq qurumlarla əlaqəsi çox vacibdir. Bu istiqamətdə hansı işlərinizlə
öyünə bilərsiniz?
- Son illər
əməkdaşlarımız bir sıra ölkələrdə
keçirilən beynəlxalq sərgi və konfranslarda ölkəmizi
layiqincə təmsil ediblər. Biz yalnız ölkəmizdə
olan uşaq kitabxanaları və təşkilatları ilə
deyil, eyni zamanda Rusiya, Moldova, Ukrayna, Litva və s. ölkələrin
uşaq kitabxanaları, yazıçı və şairləri
ilə əlaqə yaratmışıq. Respublikamızda ilk
olaraq F.Köçərli adına
Respublika Uşaq kitabxanası 2012-ci ildən mötəbər
təşkilatın- Beynəlxalq Uşaq Kitabı
Şurasının (İBBY) üzvüdür, həmin təşkilatla
sıx əlaqə saxlayır. Təşkilata üzv olmaqda əsas
məqsədimiz Azərbaycanın çağdaş uşaq
yazıçılarının, rəssamlarının və
tərcüməçilərinin əsərlərini
dünyanın uşaqlarına çatdırmaqdır. Eyni
zamanda bu qurum vasitəsilə uşaq ədəbiyyatı sahəsində
olan yenilikləri yaymaqla, uşaqların mütaliəyə
olan həvəslərini artırmaq, onları dünya uşaq
ədəbiyyatı nümunələri ilə tanış
etməkdir. Məlumat üçün deyim ki, ötən il
Azərbaycanın uşaq yazıçıları Qəşəm
İsabəylinin “Cin” və Sevinc Nuruqızının “Aysu və
Ay” əsərləri Beynəlxalq Uşaq Kitabı
Şurası tərəfindən Fəxri Diploma layiq
görülüb.
Sonda qeyd edim ki, kitabxana uşaqların tərbiyəsi və
yeni təhsil sisteminə uyğun şəkildə ədəbiyyatın
kompleks təbliğini həyata keçirir, uşaq və
yeniyetmələrin vətənpərvərlik, əmək, mənəvi,
estetik tərbiyəsi məqsədilə respublika
kitabxanalarının fondundan maksimum dərəcədə
istifadəni təşkil edir.
Bu il
martın ilk həftəsində Türkiyə Respublikası
Baş nazirlik Türk Əməkdaşlıq və Koordinasiya
Agentliyi (TİKA) ilə birgə layihə çərçivəsində Türk Uşaq Ədəbiyyatı
Həftəsi keçirdik. Son gün, yəni
martın 6-da kitabxananın oxu zalında Türkiyədən
kitabxanaya hədiyyə olunan uşaq kitablarının sərgisi,
uşaqların türk mədəniyyətini özündə
əks etdirən əl işləri sərgisi nümayiş
olundu. Tədbirdə Türkiyə uşaq
yazarı Səma Maraşlının kitablarına imza
günü keçirildi. Səma xanım uşaqlara
, kitabxanaçılara öz kitablarını hədiyyə
etdi.
TIKA-nın
Bakı ofisinin rəhbəri Mustafa Haşim Polat, Səma
Maraşlı F.Köçərli adına
kitabxana ilə yaxından tanış oldular, “Nağıl
otağı”nda Azərbaycan nağıllarını əks
etdirən aplikasıyalı şəkillərə və
kitablara maraqla baxdılar.
- Söhbət zamanı fədakar
xanımlarınızın adlarını çəkmədiniz?
Kitabxananın uğurlarında kimlərin əməyini
xüsusi qeyd etmək istərdiniz?
- Hər
bir əməkdaşımızın əməyi təqdirəlayiqdir.
Lakin kitabxanada uzun müddət çalışan fədakar əməkdaşlarımızdan
Zahirə Dadaşova, Sevil Əhmədova, Rəfiqə Musazadə,
Almaz Əşrəfova və Nazilə Tahirovanın
adlarını xüsusi olaraq qeyd etmək istərdim.
Söhbətləşdi
Səməd Məlikzadə
Zaman.-2015.- 2 iyul.- S. 9.