Dünyanın məşhur müsəlman alimləri: astronom alim Uluğbəy (1)

 

O, orta əsr dünya elm tarixində özünəməxsus bir iz qoya, adını səma cismlərinin öyrənilməsi sahəsində türk islam dünyasının məşhur hökmdar-alimlərindən biri kimi yazdıra bildi.

 

  Bir vaxtlar o özünü həm bacarıqlı dövlət xadimi, həm də mahir bir astronom kimi dünyaya tanıda, qurduğu dövlətin paytaxtı Səmərqəndi isə nəinki Asiyanın, həm də dünyanın sivil mədəniyyət mərkəzlərindən biri kimi tanıda bildi. İnşa etdirdiyi rəsədxanalarla astronomiyanın dünyada öyrənilməsini və tədqiqi sahəsində əvəzsiz xidmətlər göstərdi. Onun o dövrdə ulduzların öyrənilməsi ilə bağlı gördüyü işləri günümüzdə ancaq Amerikanın kosmosun tədqiqi ilə bağlı həyata keçirdiyi qlobal layihələrlə müqayisə etmək olar. O, elm aşiqi olan, elmi sevən, elm adamlarını qiymətləndirməyi bacaran qüdrətli bir hökmdar idi və ona görə də hələ gənc ikən bütün dünyada məşhurlaşmışdı.

 

 Söhbət orta əsrlərin qüdrətli hökmdarlarından və məşhur astronomlarından olan Mirzə Uluğbəydən gedir.

 

 Uluğbəy 1394-cü il, mart ayının 22-də nəinki Cənubi Azərbaycanın, həm də Yaxın və Orta Şərqin elm və mədəniyyət mərkəzlərindən biri kimi tanınan Sultaniyyə şəhərində anadan olub. Onun atası məşhur sərkərdə və dövlət xadimi Teymurləngin oğlu Şahruxdur. Uluğbəyin əsl adı Məhəmməd Taraqaydır. Anası Gövhərşad isə məşhur türk sərkərdə və dövlət xadimlərindən olan Qiyasəddin Tarxanın qızıdır. Amma gənc yaşlarında ikən Məhəmməd Taraqay xalq arasında Uluğbəy (böyük, uca bəy) adı ilə tanınmağa başladı. Bunun da səbəbi hələ gənc ikən onun özünü yaşlı adamlar kimi aparması, təmkinlə hərəkət etməsi oldu. Gənc Uluğbəyin mahir bir dövlət xadimi və məşhur astronom kimi formalaşmasında müəllimi şair və alim Arif Azəri böyük rol oynadı.

 

 Elmə sonsuz həvəs

 

Gələcəyin hökmdarı və məşhur astronomu hələ uşaq yaşlarından elmə böyük maraq göstərir, bu sahədə xüsusi istedadı ilə seçilirdi. 11 yaşında ikən Qurani-Kərimi  əzbərləmiş və ərəb dilinə mükəmməl yiyələnmişdi. Eyni zamanda riyaziyyatı dərindən öyrənmişdi və ən çətin məsələləri belə asanlıqla həll edirdi. Uluğbəyin siyasi səhnəyə gəlməsi isə olduqca erkən baş verdi. Belə ki, 1405-ci ildə Əmir Teymur ( Teymurləng)  haqqın rəhmətinə qovuşdu. Bunun ardınca Əmir Teymurun kiçik oğlu Şahrux özünə tabe olan qüvvələrlə Səmərqəndə daxil oldu. 1409-cu ildə isə Şahruxun böyük oğlu Uluğbəy paytaxtı Səmərqənd olan Mavarünnəhr dövlətinin başçısı oldu. Əvvəlcə, yaşca balaca olduğu üçün o, iki il ərzində ölkəni himayədarının vasitəsilə idarə etdi. 1411-ci ildən başlayaraq isə o, ölkəni təkbaşına idarə etməyə başladı. İlk vaxtlar ona müəyyən qədər çətin idi, çünki Əmir Teymurun vəfatından sonra onun oğlanları arasında taxt-tac davası gedirdi və belə bir vəziyyətdə Uluğbəyin hər an hakimiyyətdən salınması təhlükəsi vardı. Amma hakimiyyətinin ilk illərində o, hakimiyyətdaxili çəkişmələrdən müəyyən qədər qaça və bununla da ölkənin nahaq müharibələr meydanına çevrilməsinin və qardaş qanı tökülməsinin qarşısını ala bildi. Xarakter etibarilə olduqca yumşaq adam hesab edilən və qan tökülməsinin  əleyhinə çıxan Uluğbəy şair təbiətli bir hökmdar idi. O hələ gənc yaşlarından ikən şeirlər yazırdı və buna paralel olaraq, onda göy cismlərinin öyrənilməsinə böyük maraq var idi. Hakimiyyəti təkbaşına idarə etməyə başlayan gündən o, tanınmış elm adamlarını, alimləri, məşhur riyaziyyatçıları və astronomları saraya toplamışdı. Bununla da Uluğbəyin sarayı ölkəni idarəetmə mərkəzindən daha çox, elmi akademiyaya çevrilmişdi.

 

 Gənc hökmdar həmin dövrdə vaxtının çox hissəsini rəsədxanalarda keçirir, gecə-gündüz bilmədən ulduzları seyr və tədqiq edirdi. Ona görə də qısa müddətdə astronomiya elmini öyrənmiş və özü də göy cismlərini tədqiq edən alim kimi məşhurlaşmışdı. Onun qanlar tökən, işğalçılıq siyasəti yeridərək ölkələr fəth edən hökmdardan daha çox, elm aşiqi  olmasını, elmə xüsusi zövqlə bağlanmasını bununla əlaqədar dediyi sözlər də bir daha sübut edir. O yazır: “ Elmin hakim olduğu bir ölkədə elmlə məşğul olmağı özümə şərəf bilən və bunu hökmdarlıqdan daha üstün tutan bir adamam”.

 

O vaxt hökmdarın elmlə məşğul olması və həyatını bu işə sərf etməsi düzgün hesab edilmir və bu, zəiflik əlaməti kimi qiymətləndirilirdi. Üstəlik, Uluğbəy Əmir Teymur kimi dünya şöhrətli bir dövlət xadimi və sərkərdənin nəvəsi idi. Aydın idi ki, ondan ilk növbədə Əmir Teymur varislərindən biri kimi ölkələr işğal etmək, babasının qəhrəmanlıq yolunu davam etdirmək, ona layiq olmağı gözləyirdilər. Amma  Uluğbəy adı çəkilən sahədə ona olan ümidləri doğrultmamışdı və bu da ölkə daxilində və taxt- tac varisləri arasında narazılığı daha da artırmışdı.  Bu narazılıqlar isə nəinki saray əyanları və taxt-tac varisləri, həm də ailə daxilində Uluğbəyə qarşı bir müxalifətin formalaşmasına yol açdı. Bu isə öz növbəsində Uluğbəyin, bu məşhur elm xadimi və astronomun, eyni zamanda ədalətli bir hökmdarın faciəsinə aparıb çıxardı. Uluğbəyin elmə və elm öyrənilməsinə verdiyi qiyməti onun bu sahədə həyata keçirdiyi tədbirlər də bir daha sübut edir. Belə ki, Uluğbəy hakimiyyətə gəldiyi ilk günlərdə əhalinin elmə yiyələnməsinə imkan yaradan və o dövr üçün mükəmməl elm verən mədrəsələrin inşa edilməsinə xüsusi diqqət yetirdi. Qısa müddətdə ölkədə onlarla mədrəsəxanalar tikildi, köhnələri isə yenidən bərpa edildi. Bu məqsədlə o, xəzinədən o dövr üçün astronomik məbləğ hesab edilə biləcək qədər maliyyə vəsaiti ayırmışdı. 1417-1420-ci illərdə isə Uluğbəy Səmərqənddə böyük bir elm mərkəzi - mədrəsə inşa etdirdi. Qısa müddətdə mədrəsə o dövrdə böyük bir elm mərkəzinə çevrildi. Uluğbəy oraya islam dünyasının tanınmış alimlərini, astronomlarını, riyaziyyatçılarını dəvət etdi. Mədrəsə bu gün bütün dünya incilərindən hesab edilən məşhur Registan arxitektura ansamblının ilk binası idi. Analoji iki mədrəsə isə Buxarada və Hicuvanda inşa edildi. Buxarada inşa edilən mədrəsənin portalında Uluğbəyin əmri ilə Məhəmməd Peyğəmbərə ( s. ə. v) aid edilən hədislərin birindən bu sözlər həkk edilmişdir: “Elm öyrənmək və buna cəhd etmək hər bir müsəlman kişinin və qadının müqəddəs vəzifələrindən biridir”.

 

 Yeni rəsədxana

 

Həmin dövrdə göy cismlərinin öyrənilməsi və bununla bağlı o dövr üçün müasir hesab edilən rəsədxanaların inşa edilməsi də Uluğbəyin ən sevimli işindən birinə çevrilmişdi. Uluğbəyin təşəbbüsü və rəhbərliyi ilə 1428-ci ildə o dövrdə tayı-bərabəri olmayan Uluğbəy Rəsədxanasının inşası başa çatdırıldı. Bu işdə ona həmçinin məşhur astronomlar Qazızadə ər-Rumi, Əl-Kaşi və Əl-Quşçu yardım etmişdilər. Bu rəsədxananın inşasında Marağa Rəsədxanası təcrübəsindən istifadə edilmiş və əldə edilən təcrübəyə əsasən, ondan da daha möhtəşəm və mükəmməl bir rəsədxana tikilmişdi. Bu rəsədxana Uluğbəyə islam dünyasında və astronomiya elmi sahəsində yeni bir şöhrət gətirdi.  Rəsədxana ulduzları tədqiq etmək və göy cismlərini öyrənmək üçün mükəmməl cihazlarla təchiz edilmişdi. Bu məqsədlə oraya dövrünün məşhur astronomları cəlb edilmişdi. Bu da Səmərqəndin dünyada göy cismlərini öyrənən elm mərkəzinə çevrilməsi demək olmuşdu. Rəsədxanada çalışan alimlərin apardığı tədqiqatlar nəticəsində 1437-ci ildə göy cismlərinin, ulduzların kataloqu, Qurqan-zic tərtib edilmişdi. Kataloqda 1018 ulduz təsvir edilmiş və onların hər birinin özünəməxsus xüsusiyyətləri verilmişdi. Rəsədxanada aparılan tədqiqatlar nəticəsində  həmçinin ulduz ilinin müddəti 365 gün müəyyən edilmiş və bu işdə cüzi səhvə yol verilmişdi.

 

 Həmin dövrdə elmlə və göy cismlərinin öyrənilməsi ilə müntəzəm olaraq məşğul olmasına baxmayaraq, Uluğbəy ölkənin idarə edilməsinə də vaxt ayıra bilmişdi. O, 1428-ci ildə ölkədə pul islahatı həyata keçirmiş və bununla da qısa müddətdə iqtisadi sahədə böyük sıçrayışa nail ola bilmişdi.

 

 Bununla belə, yuxarıda da qeyd etdiyimiz kimi, Uluğbəyin həddindən artıq elmlə məşğul olması  babasının işğalçılıq siyasətini davam etdirməməsi ətrafındakılar tərəfindən zəif xarakterli dövlət xadimi kimi qiymətləndirilməsinə səbəb olmuşdu. Bu amil taxt-tac varisləri arasında hakimiyyət iştahasını daha da artırmış, hətta ailədə oğlu tərəfindən belə onun devrilməsi planı hazırlanmışdı. Düşmənlərinin taxt-tac iddiasına son qoymaq məqsədi ilə Uluğbəy Xorasana hərbi yürüş etdi. Lakin bu yürüş onun üçün uğursuz nəticələndi və döyüşdə Uluğbəy ağır məğlubiyyətə dükar oldu.

 

Əziz Mustafa

Zaman.-2015.- 8 iyul.- S.6.