I Avropa Oyunlarının
qızıl medalçısı
Pərviz Bağırov:
“Qələbəmi anama
həsr etmişdim”
Onun çox sadə
bioqrafiyası var. Ömür yolunun
qızıl sətirləri indi-indi yazılır.
İllər öncə Kəmalə xanımla Füzuli
kişinin ailəsində iki oğlan uşağı
dünyaya göz açmışdı. Minlərlə sakin
kimi, Füzuli də səadətini, uşaqlarının
xoşbəxtliyini tapmaq üçün Yevlax rayonunun
Tanrıqullar kəndindən Mingəçevirə üz
tutmuşdu. Şəhərin axar-baxarlı, Kür
çayına yaxın, idman obyektlərinin çoxluğu ilə
seçilən ərazisində məskən saldılar.
İllər ötdü - Kür Olimpiya Tədris İdman Mərkəzi,
şəhər stadionu bu ailədə böyüyən
yeniyetmələrin sevimli yeri oldu. Onlar burada
çoxçeşidli idman növləri ilə məşğul
ola bilir, həm də Mingəçevirə üz tutan
adlı-sanlı, titullu idmançıları yaxından
görür, onlarla tanış olmaq imkanı əldə
edirdilər. Pərviz belə bir mühitdə
böyümüşdü. Lakin o, üstünlüyü
idmanın boks növünə vermişdi. Hələ Mingəçevirdəki
Texniki Liseydə təhsil alarkən ilk boks məşqlərinə
gedir, boksun əlifbasını öyrənməyə
çalışırdı. Bu işdə ona özünə
doğma saydığı, müəllim bildiyi Vüqar Ələkbərov
yardımçı oldu. Yeri gəlmişkən, Vüqar
Ələkbərov ölkəmizə 2000-ci ildə Sidney
Olimpiadasının bürünc mükafatını gətirmişdi.
Onda müstəqil Azərbaycanın idmançıları
dünya arenalarında kövrək addımlarını
atırdılar. İlk beynəlxalq idman uğurları ölkəmizə
təzə-təzə ayaq açırdı. Prezident
İlham Əliyevin diqqət və qayğısı sayəsində
ildən-ilə Azərbaycan idmançılarının
uğurları artdı və indiki səviyyəyə
çatdı. Gənclərin idmana həvəs və
marağı get-gedə artmağa başladı. Belə gənclərdən
biri də Pərviz Bağırov oldu. Azərbaycan
idmanını çələngə bənzətsək, Pərviz
də burada özünəməxsus bir naxışdır.
Yeniyetməlik illərindən başlayan
uğurlar Pərvizin karyerasında zirvəyə
aparan yollar idi.
Hər dəfə respublika birinciliyində qazandığı
qələbələr onun yaxınlarına - xüsusən də
anasına qol-qanad verib, fərəhləndirib.
Dünyasını dəyişən həyat
yoldaşından sonra iki övladının böyüyüb
boya-başa çatması üçün hər zəhmətə
qatlaşıb Pərvizin anası.
İllər sonra Pərvizin yeddi dəfə Azərbaycan çempionu olması
ona olan etimadı artırıb. Qəti əmin olub ki, oğlu
düz yoldadır, fəaliyyət istiqaməti onu nailiyyətlərə
aparır.
Şəxsi məşqçisi Vüqar
Ələkbərovun dəvəti ilə
Pərviz Bakıya yollanır, “Neftçi” İdman Klubunda məşqlərə
başlayır. Yeri gəlmişkən bildirək ki, Bakıda
keçirilən I Avropa Oyunlarında Azərbaycan
idmançılarının əldə etdiyi 56 medaldan
16-sı “Neftçi” İdman Klubu üzvlərinin payına
düşür. Boks aləmində olduğu 11 il ərzində
Pərvizin nailiyyətlərinə nəzər yetirək:
- Yeddi dəfə boks üzrə Azərbaycan çempionu,
2011-ci ildə İrlandiyanın paytaxtı Dublində gənclər
arasında keçirilən Avropa çempionatının (62
kq) çəki dərəcəsində qızıl
mükafatçısı, 2012-ci ildə İrəvanda (Ermənistan)
keçirilən dünya çempionatının (64 kq)
çəki dərəcəsi üzrə bürünc
mükafatçısı, Nəhayət 2015-ci ildə I Avropa
Oyunlarında 69 kiloqram çəki dərəcəsində
qızıl medal! Əlbəttə, çəkilən zəhmət,
qarşıya qoyulan məqsəd heç vaxt itmir. Pərviz
arzularının çiçək açması
üçün gecəsini-gündüzünə qatdı; qələbəsi
ilə Azərbaycan bayrağını başı üzərinə
qaldırdı, Azərbaycanın himni dünyaya səs
saldı.
Pərvizlə söhbətimizdə final oyununu
bir daha yada saldıq. O dedi: “Rusiyalı rəqibim güclü idmançı
idi. Avropa çempionu titulunu daşıyırdı. Finala ən
güclülər yüksəlir. Rusiyalı idmançı
Aleksandr Besputinlə final qarşılaşmasını anama həsr
etmişdim. Bu mənə əlavə güc gətirdi. Qalib gəldim”.
İdmançılarımızın uğurlarını müxtəlif
idman arenalarından izləyən ölkə
Prezidenti İlham Əliyevin, I Avropa Oyunları Təşkilat
Komitəsinin sədri Mehriban xanım Əliyevanın sevinc
dolu təbəssümünü, fərəhini aydınca sezmək
olurdu. Pərviz
Bağırov deyir: “Əməyim Azərbaycan Prezidenti və
Milli Olimpiya Komitəsi tərəfindən layiqincə qiymətləndirildi.
Bütün bunlara görə ölkə Prezidentinə dərin
minnətdarlığımı bildirirəm. İstəyimə
nail oldum. Xalqımızın, dövlətimizin
başını uca etdim”.
Pərviz
Bağırovun - 21 yaşlı gəncin
“Şöhrət” ordeninə layiq görülməsi onun gələcək
şöhrət zirvələrinə ucalmasının zəmanətidir.
O, iyulun sonlarına qədər Mingəçevirdə
- anası və qardaşı ilə birgə olacaq. Dincələcək, sevincli
anlarını ailəsi,
yaxınları və
bütün mingəçevirlilərlə
paylaşacaq... Sonra isə
yeni qələbələr
sorağı ilə məşqlərinə davam
edəcək; avqustda Fransada təlim-məşq
toplanışında olacaq.
Oktyabr ayında Qətərdə
keçiriləcək dünya
birinciliyində iştirak
edəcək. Pərviz Bağırovu
qələbə münasibəti
ilə təbrik edirik, onun yeni-yeni
müjdələrlə bizi
sevindirəcəyinə əminik.
Zaman.-2015.- 8 iyul.- S. 7.