Tolerantlığın Azərbaycan modeli dünya mediasında (1)

 

Dünyada çox az ölkə var ki, orada irqindən, dilindən, dinindən fərqli olmayaraq bütün insanlar sülh içərisində yaşayır.

Hətta Avropanın inkişaf etmiş bir çox ölkələrinin ən böyük problemi milli, dini ayrıseçkilik zəminində baş verən cinayətlərdir. Bu mənada Azərbaycan istər Avropaya, istərsə də bütün dünyaya bir nümunədir. Azərbaycanın multikulturalizm, tolerantlıq təcrübəsi artıq beynəlxalq  institutlar, təşkilatlar tərəfindən öyrənilir, araşdırılır, xarici kütləvi informasiya vasitələrində bununla bağlı geniş məqalələr dərc olunur. Bu yazımızda əcnəbi KİV-lərdə Azərbaycanın tolerantlıq nümunəsi ilə bağlı getmiş yazıları təqdim edirik.

“Bu ölkə mədəniyyətlərarası dialoqun aparıcısı olmaq istəyən ölkədir”

Fransanın “www.lopinion.fr” saytında Paris şəhərinin 7-ci rayonunun meri, Respublikaçılar Partiyasının üzvü Raşidə Datinin “Bəs, öz keçmiş səhvlərimizə nəzər salsaydıq nə olardı?” sərlövhəli məqaləsi dərc olunub. Yazıda müəllif Avropada bəzi dairələrin Azərbaycana qarşı qərəzli mövqeyi tənqid olunur. Müəllif Azərbaycanın sahib olduğu və bu gün bütün dünyanın ehtiyac duyduğu tolerantlığa diqqət çəkir: “Çox həssas regionda yerləşən Azərbaycan sabitlik nümunəsidir. Uzun illərdir Dağlıq Qarabağa görə Bakı Yerevanla münaqişədədir. Ancaq Azəbaycanı gəzdikcə, ölkədə hökm sürən sabitlik adamı heyrətləndirir.

Bu sabitliyin səbəblərindən biri də tolerant İslam praktikasıdır. Azərbaycan əhalisinin 94 faizi müsəlmandır. Azərbaycan xalqı öz İslam irsi ilə fəxr edir, Azərbaycanın digər bölgələrində olduğu kimi, Bakıda da radikal İslam təhlükəsi yoxdur. 1918-ci ildən seçib-seçilmək hüququ olan və Bakının küçələrində başını dik tutub gəzən qadınların cəmiyyətdəki yeri xüsusilə diqqəti cəlb edir. Tam azad formada, heç bir təzyiq, məcburiyyət olmadan İslama riayət edilir.

Öz tarixi, Avropa və Şərq arasında yerləşən coğrafiyası ilə fəxr edən Azərbaycan mədəniyyətlər arasında körpü olmağa çalışır. Bu ölkə mədəniyyətlərarası dialoqun aparıcısı olmaq istəyən ölkədir. Bu ölkə UNESCO, Avropa Şurası, İSESCO kimi üzv olduğu beynəlxalq təsisatlarla sıx əməkdaşlıq istiqamətində çalışır. Bu gün birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə baxmayaraq, Avropa Azərbaycan xalqı haqqında tamamilə başqa imic yaradır, bu ölkəyə gediş-gəlişin olmadığın bildirir. Bunun doğurduğu məyusluq və acıdan danışmaq istəmirik.

Avropa olaraq öz məsuliyyətimizi dərk etməliyik. Sözlər və hərəkətlər adekvat olmayanda dərhal Azərbaycan rəhbərlərindən danışmağa başlayırıq. Özü də bu ölkəyə ayaq basmadan, uzaqdan-uzağa fikirlər yürütməkdən, əsassız faktlardan danışmaqdansa, gedib oradakı inkişafı, reallığı görmək daha yaxşı olar. Azərbaycan irəlilədikcə, gəlin, onun bu müvəffəqiyyətini təşviq edək. Yeni tarix bizə göstərir ki, hər hansı bir ölkəni inkar edərək, onu yalqız buraxaraq və ya ona laqeyd münasibət bəsləyərək, biz onun radikallaşmasında günahkarıq. Bəs, öz keçmiş səhvlərimizə nəzər salsaydıq nə olardı?”

“Bu gün Azərbaycan Cənubi Qafqazın güclü və qüdrətli müstəqil dövlətidir”

ABŞ-da çıxan nüfuzlu “The Times of Israel” qəzetində İsrail-Azərbaycan əməkdaşlığının tarixi və perspektivləri barədə məqalə dərc olunub. Bu məqalə, həmçinin Azərbaycan-İsrail əməkdaşlığına şübhə ilə yanaşan bəzi ermənipərəst amerikalı ekspertlərə tutarlı cavabdır. Məqalənin müəllifi beynəlxalq münasibətlər sahəsində tanınmış İsrail eksperti, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qutdur.

A.Qut məqaləsində yəhudi icmasının Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişafı tarixində mühüm rol oynadığını Azərbaycanın hüdudlarından kənarda və dünyada nisbətən az adamın, yaxud yəhudi icmasının bunu bildiyini qeyd edir: “Məsələn, doktor Yevsey Gindes Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri olub, yəhudi fraksiyalarının nümayəndələri Cümhuriyyətin parlamentində təmsil olunublar. Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci illər dövründə yəhudi icmasının “Kafkazski yevreyskiy bülletün” jurnalı, “Palestina” qəzeti, habelə “Molodyoj Siona” jurnalı nəşr olunurmuş. Bundan əlavə, yəhudilər sovet hakimiyyəti illərində Azərbaycanın elmi-intellektual, iqtisadi-siyasi həyatında mühüm rol oynayıblar. Bu gün Azərbaycan Cənubi Qafqazın güclü və qüdrətli müstəqil dövlətidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan heç bir dövlətdən asılı olmayan çoxşaxəli müstəqil siyasət yeridir. İsrail və xalqı Azərbaycana və Prezident İlham Əliyevə böyük ehtiram bəsləyir, beynəlxalq aləmin mühüm, güclü və müstəqil aktoruna çevrilməkdə olan Azərbaycan iqtisadiyyatının möhtəşəm inkişafı istiqamətində ölkə rəhbərliyinin səylərini yüksək qiymətləndirir. Azərbaycan sübuta yetirib ki, regionun şəksiz lider dövlətidir. Onun iştirakı olmadan Cənubi Qafqazda heç bir geosiyasi və geoiqtisadi layihəni həyata keçirmək mümkün deyil”.

“Azərbaycan rəhbərliyi multikulturalizmi və tolerantlığı ölkənin həyat tərzi sayır”

Bu il II Dünya müharibəsinin 70 illiyinin qeyd edildiyini xatırladan Arye Qut yazır: “Mən ailəsi Ukraynada nasistlər tərəfindən məhv edilən sovet ordusunun zabiti Boris Stoyanovskinin nəvəsiyəm. Bu il də məhz həmin gündə Bakıda Holokost qurbanlarının Beynəlxalq xatirə gününə həsr olunmuş konfransda iştirak etmişəm. Bu konfrans müsəlman əhalinin çoxluq təşkil etdiyi Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Bakı Slavyan Universitetinin dəstəyi ilə keçirilib. Konfransda azərbaycanlı dostlarım və həmkarlarım faşist rejiminin 6 milyon yəhudinin başına gətirdiyi dəhşətləri və onların soyqırımını pislədilər. Konfransda daxilən duydum ki, azərbaycanlılar yəhudi xalqının ağrı-acısını öz ağrı-acısı kimi qəbul edirlər. İsrail Dövlətinin vətəndaşı kimi bilirəm ki, Azərbaycan (burada heç vaxt antisemitizm olmayıb) rəhbərliyi multikulturalizmi və tolerantlığı ölkənin həyat tərzi sayır. Azərbaycanda yəhudilər və müsəlmanlar həmişə qardaş kimi dinc yanaşı yaşayıblar, onları ümumi tarix və tale bağlayır”.

Müəllif yazıda Sovet İttifaqı dağılandan sonra Ermənistanda yəhudilərin sayının xeyli azaldığını, yəhudi xalqının irsinin tükəndiyinə diqqət çəkir: “Ermənistanda antisemitizm əhval-ruhiyyəsinin güclənməsi və indiyə qədər davam edən iqtisadi tənəzzül yəhudiləri bu ölkədən çıxıb getməyə məcbur etdi. Ermənistanda hələ də yəhudiləri ələ salırlar: ölkədə antisemitizm mövzusunda kitablar nəşr olunur, televiziyada antisemitizm ruhlu verilişlər hazırlanır, üstəlik, Yerevanda Holokost qurbanlarının xatirə lövhəsi dəfələrlə təhqir olunub. Xatırladaq ki, general Dro İkinci Dünya müharibəsi illərində minlərlə yəhudinin məhvində şəxsən iştirak edib. Ermənistanın azadlığı uğrunda mübarizə aparan bu “qəhrəman” ölkənin indiki qatı antisemit və faşist rəhbərlərinə öz qəsbkar planlarına bəraət qazandırmaq və böyüməkdə olan nəsli başqa xalqlara nifrət ruhunda tərbiyə etmək üçün lazımdır. Bəs yəhudilərin məhvində iştirak etmiş bu faşistin Ermənistanın tarix dərsliklərində qəhrəman kimi təqdim olunması antisemitizmə və faşizmə bəraət qazandırmaq cəhdi deyilmi?.

Tarix heç vaxt İkinci Dünya müharibəsində Vermaxtın tərkibində Ermənistanın 20 minlik legionunun qəddarlığını unutmayacaq. “Ermənistan legionunun məqsədi millətçi sərkərdə Dro (minlərlə yəhudinin öldürülməsində şəxsən iştirak edib) başda olmaqla talanların törədilməsi, yəhudilərin və alman ordusunun digər “arzu edilməyən” şəxslərinin məhv edilməsi olub. Bununla yanaşı, Ermənistan legionu həbs düşərgələrində ölüm marşları təşkil edib. Mərhum tarixçi Rövşən Mustafayevin “Ölüm tanqosu” kitabında erməni silahlı dəstələrinin yəhudi soyqırımında iştirakına aid çoxsaylı faktlar göstərilir. Məsələn, həmin “Dromedar” komandasının Qərbi Krımdakı əməliyyatı haqqında hesabatda 17645 yəhudinin vermaxtın erməni qüvvələri tərəfindən məhv edildiyi bildirilir. Bu gün Ermənistanda Dro və Njdeyə geniş pərəstiş yaranıb. Onların şərəfinə xatirə sikkələri döyülür, bədii və sənədli filmlər çəkilir, Ermənistan paytaxtında isə Qaregin Njdenin adını daşıyan meydan var. Qeyd edək ki, pərəstiş hər hansı kənar siyasi qruplaşmaların gücü ilə həyata keçirilmir, bunun arxasında dövlət durur”.

Azərbaycan rəhbərliyinin ölkənin yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeşliklə və mehribanlıqla yanaşdığını vurğulayan Arye Qut İsrail vətəndaşı kimi qürurla qeyd edir: “Prezident və birinci xanımın himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilib. Azərbaycanda ilk yəhudi muzeyinin yaradılması planlaşdırılır. Bu, həm də Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Qırmızı Qəsəbə dünyada yəhudilərin sıx yaşadığı yeganə və özünəməxsus bir yerdir. Bura Azərbaycanın əsl qürur mənbəyidir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu dinc yanaşı yaşayır, özlərini doğma qardaş kimi hiss edirlər. Onları ümumi tale birləşdirir və təsadüfi deyil ki, erməni daşnakları 1918-1919-cu illərin faciəli hadisələri zamanı Azərbaycanın şəhərlərində qanlı qırğın törətdikləri bir vaxtda azərbaycanlılarla bərabər, 3 mindən çox yəhudi həlak olub”.

 

Bəylər Məcidov

Zaman.-2015.- 11 iyul.- S. 13.