“Azərbaycan mülki aviasiyası: keçmişi, bu günü və gələcəyi”

        

Azərbaycan bu gün regionun lider ölkəsidir. Artıq bu həqiqəti dünyanın ən mötəbər qurumları da təsdiq edirlər. Sevindirici haldır ki, bu liderlik və sürətli inkişaf respublikamızın mülki aviasiya təsərrüfatında da hakimdir. Yəni son illər digər sahələrdə olduğu kimi, mülki aviasiyamız da yetərincə inkişaf edib. Bu inkişaf həm yeni aerovağzal komplekslərinin inşasında, həm də ən müasir hava gəmilərinin alınmasında özünü daha aydın göstərir.

... Ölkəmizdə aviasiya sisteminin təməli XX əsrin əvvəllərinə təsadüf edir. Belə ki, ölkəmizdə ilk təyyarə uçuşları 1910-cu ildə Bakıda reallaşıb. 1938-ci il iyunun 2-də Mülki Hava Donanması Baş İdarəsinin əmri ilə Mülki Hava Donanmasının Azərbaycan aviasiya dəstəsi təşkil edilib və Bakı Hava Limanı müstəqil təsərrüfat vahidinə çevrilib (Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən, həmin tarix hər il ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir). Həmin illərdə, həmçinin qanlı-qadalı müharibə dövründə bu sahənin mütəxəssisləri öz fəaliyyətləri ilə müəyyən nailiyyətlərə imza atıblar.

Müharibədən sonra respublikamızda hava nəqliyyatının dirçəliş dövrü başlanıb. Ötən əsrin 60-cı illərində isə ölkəmizin mülki aviasiyasında sürətli texniki keçidlə bağlı problemlər kifayət qədər müsbət həll olunub.

Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə milli aviasiyanın inkişafı sahəsində daha böyük uğurlar qazanılıb. Belə ki, 1976-1980-ci illər üçün Azərbaycanda mülki aviasiyanın inkişaf proqramı hazırlanıb, nəticədə təyyarə nəqliyyatın ən sürətli, komfortlu və əlverişli növünə çevrilib (Ötən əsrin 70-ci illərində respublikanın 11 rayonunda yeni hava limanları tikilib və ya yenidən qurulub).

Mülki aviasiyanın ölkəmizin həyatındakı rolunu yüksək qiymətləndirən ümummilli liderin rəhbərliyi ilə müstəqillik dövründə bu sahədə daha geniş tədbirlər görülüb: “1998-2003-cü illər üçün Respublika Mülki Aviasiyasının inkişaf proqramı” hazırlanaraq, uğurla həyata keçirilib. Bu proqram çərçivəsində əldə olunan nailiyyətlərin ən bariz nümunəsi Bakı Hava Limanında dünya standartlarına tam cavab verən yeni aerovağzal kompleksinin tikintisi olub. 1999-cu il oktyabrın 2-də ulu öndərin iştirakı ilə yeni aerovağzal kompleksinin təntənəli açılışı keçirilib. Həmin mərasimdə Heydər Əliyev deyib: “Hava limanı Azərbaycanın qapısıdır. Onu gərək elə göstərək ki, Azərbaycana layiq olsun”. Bir il sonra isə bu limana dünya aviasiyasında xüsusi yeri olan ilk “Boeinq” təyyarəsi enib.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Naxçıvanın nəqliyyat problemlərinin həllinə də ümummilli liderimiz xüsusi diqqət yetirib, hələ 1976-cı ildə Naxçıvanda hava limanı tikilib istifadəyə verilib. Ötən əsrin 90-cı illərində Naxçıvan Muxtar Respublikası Ermənistan tərəfindən blokadaya salınanda sərnişin və yükdaşınması kiçiktutumlu təyyarələri qəbul etmək imkanı olan bu hava limanı vasitəsilə həyata keçirilib. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan dahi şəxsiyyət bu limanın uçuş-enmə zolağının yenidən qurulmasına nail olub. Sonrakı illərdə hava nəqliyyat növünə tələbatın artması Naxçıvanda daha müasir hava limanının tikilməsini zərurətə çevirib. Bunu nəzərə alan ulu öndər on il sonra hava limanının yenidən qurulması barədə qərar qəbul edib. Məhz görülmüş bu işlər nəticəsində aviasiya sahəsində dünyada baş verən bütün proseslərə qoşulan hava limanına beynəlxalq hava limanı statusu verilib.

Yeni inkişaf mərhələsi

Lakin sonrakı illər göstərdi ki, ulu öndərin adını daşıyan Bakı aeroportu bir çox parametrləri ilə MDB məkanındakı hava limanlarını kölgədə qoysa da, ölkənin müasir inkişaf tempi ilə, Prezident İlham Əliyevin milli aviasiyanın inkişafına ayırdığı prioritet mövqe ilə ayaqlaşa bilmir. Odur ki, ölkə başçısının müvafiq Sərəncamı ilə Azərbaycan Milli Aviasiyasının 2004-2010-cu illər üçün ikinci inkişaf proqramı qəbul olundu, paytaxtın, eləcə də regionlarda olan hava limanlarının maddi-texniki bazası möhkəmləndirildi, müasir xidmət infrastrukturu yaradıldı. Heydər Əliyev Beynəlxalq Aeroportunun regionda bənzəri olmayan yeni aerovağzal kompleksini tikib adını tarixə həkk etmək şərəfi Azərbaycan Prezidenti İlham Əliyevə nəsib oldu.

Əminliklə demək olar ki, Azərbaycanın mülki aviasiyası ümummilli lider tərəfindən yaradılan möhkəm bünövrə üzərində qərar tutaraq, özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Heydər Əliyev Beynəlxalq Aeroportunun bu il aprelin 23-də açılışı olan yeni aerovağzal kompleksi isə uçuşların təhlükəsizliyinə daha etibarlı təminat yaradan, beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlərin tətbiqinə imkan verib. Bununla da ölkənin əsas hava limanının strateji əhəmiyyəti daha da artıb.

Fərəhli haldır ki, bu gün Azərbaycan dünyanın nəhəng və gözəl aeroportları ilə yarışa biləcək son dərəcə zövqlə qurulmuş, gözoxşayan, gözəl beynəlxalq hava limanlarına malikdir. Qeyd etmək yerinə düşər ki, bu gün təkcə Bakıdan deyil, eyni zamanda Gəncə, Lənkəran, Qəbələ və Naxçıvan hava limanlarından da müxtəlif istiqamətlərə beynəlxalq uçuşlar həyata keçirilir. Bəli, bu gün milli aviadaşıyıcımız olan “Azərbaycan Hava Yolları - AZAL”ın təyyarə parkında yetərincə “Airbus A-320”, “Boeing-757-200”, “Airbus A-319”, “Airbus A-340-500”, “Boeing-767-300ER” və “Embraer” kimi ən müasir avialaynerlər var. AZAL bu ilin yanvar ayında öz aviaparkına “Boeing-787-8 Dreamliner” tipli ən müasir təyyarə də əlavə edib. Son texniki nailiyyətləri özündə birləşdirən “Arzular layneri” daha uzaq məsafələrə uçuşlar həyata keçirməyə imkan yaradır. Onu da qeyd edək ki, belə hava layneri MDB məkanında və bir sıra Şərq ölkələri arasında ilk dəfə Azərbaycana gətirilib. Nəhəng aviaşirkətə çevrilmiş AZAL yeni avialaynerlərin sayına görə MDB məkanında liderlərdən biridir.

AZAL bu il daha bir innovativ yeniliyə imza atıb. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyaya uyğun olaraq, Azərbaycan Hava Yolları şirkəti MDB məkanında ilk dəfə olaraq, “Azerfon” telekommunikasiya şirkəti və İsveçrənin “OnAir” şirkəti ilə imzalanmış birgə layihəyə əsasən, səmada öz sərnişinlərinə rabitə xidmətinin tam çeşidini təklif edə bilir. Bəli, bu gün Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına uyğundur, “Azərbaycan Hava Yolları” aviaşirkəti İCAO, İATA, ECAC, Dövlətlərarası Aviasiya Komitəsi kimi tanınmış mülki aviasiya birliklərinin üzvüdür. Bəli, bu gün qanadlarında Azərbaycanın üçrəngli bayrağını gəzdirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təyyarələri respublikadaxili reyslərlə yanaşı, dünyanın 30-dan çox aeroportuna beynəlxalq uçuşlar edir. Bəli, bu gün AZAL dünya miqyasında seçilən hava şirkətlərindəndir. Təhlükəsizlik və keyfiyyət ön plandadır. Bu iki amil bu gün AZAL-ı dünyada müasir və dinamik şirkət kimi təqdim edir.

Ümumiyyətlə, AZAL-ın uğurlu inkişafı ölkəmizin ümumi inkişafına da öz müsbət təsirini göstərir. Çünki respublikamıza gələn ilk qonaq AZAL-la üzləşir və orada göstərilən xidmət ilk dəqiqələrdən ölkəmiz haqqında təsəvvür yaradır.

Onu da qeyd etmək lazımdır ki, bu uğurların qazanılmasında “Azərbaycan Hava Yolları” QSC-nin işgüzar kollektivinin və onun prezidenti Cahangir Əsgərovun zəhməti az olmayıb.

“Mən xoşbəxtəm ki...”,

 “Mən çox şadam ki...”

Mülki aviasiyamızın sürətli inkişafı onun yüksəkixtisaslı milli kadrlarla təminatını da ön plana çıxarıb. Bu işdə Milli Aviasiya Akademiyası əvəzolunmaz rola malikdir. Müasir, müstəqil Azərbaycanın aviasiyasının kadrlara olan ehtiyacını yüksək səviyyədə ödəyən bu akademiya milli aviatorların yeni nəslinin yetişməsinə öz dəyərli töhfəsini verməkdədir. Ulu öndər Heydər Əliyev bu ali təhsil ocağının uğurlu fəaliyyətindən fərəh duyaraq iftixarla deyirdi: “Mən xoşbəxtəm ki, artıq indi Azərbaycan mülki aviasiyasının milli kadrları - azərbaycanlı təyyarəçilər, mühəndislər, mütəxəssislər vardır və onlar Azərbaycanın mülki aviasiyasını bu gün də, gələcəkdə də inkişaf etdirəcəklər”.

Yeri gəlmişkən, Milli Aviasiya Akademiyası, həqiqətən, Azərbaycanın müstəqilliyinin nailiyyətlərindən biridir (Milli Aviasiya Akademiyasına 1996-cı ildən etibarən dünya şöhrətli alim, akademik Arif Paşayev rəhbərlik edir).

Beləliklə, bütün bunlar sübut edir ki, son illər bu sahə daha çox diqqət mərkəzində olub və xeyli işlər görülüb. Lakin bu hələ son deyil. Bu barədə ölkə başçısı İlham Əliyev belə deyib: “Mən çox şadam ki, dövlət dəstəyindən istifadə edərək AZAL bu gün nəinki regionda, dünya miqyasında böyük şirkətlərdən biridir və uçuşlarının sayı artır. Bu gün dünyanın 30-dan çox  aeroportuna uçuşlar təşkil edilir. Əlbəttə, bu müsbət dinamika, əminəm ki, gələcəkdə daha da güclənəcək. Çünki görüləsi işlər çoxdur. Baxmayaraq ki, son illər ərzində hava nəqliyyatı infrastrukturunun yaradılması ilə bağlı, demək olar, bütün əsas işlər görülmüşdür. Aeroportlar tikilib, müasir texnika, yeni təyyarələr alınıb, yeni uçuşlar təşkil edilir. Ancaq Azərbaycan inkişaf edir və ölkəmizə gələn qonaqların sayı artır. Belə olan halda, əlbəttə ki, hava nəqliyyatının inkişafı bundan sonra da prioritet məsələ olaraq qalacaqdır”.

Beləliklə, aviasiya tariximizin keçmişinə, bu gününə və yaxın gələcəyinə qısa səyahət göstərir ki, Azərbaycanın zəngin ənənələrə malik mülki aviasiyası hazırda öz inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Bir daha xatırladaq ki, bu sahədəki nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyi və Prezident cənab İlham Əliyevin düzgün strategiyasının nəticəsidir. Bir sözlə, Azərbaycan mülki aviasiyasının sürətli inkişafı, ilk növbədə, respublikamızın rəhbərliyinin diqqəti və qayğısı nəticəsində mümkün olub.

 “Azərbaycan Hava Yolları” (AZAL) QSC və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün.

 

Qvami Məhəbbətoğlu

Zaman.-2015.- 11 iyul.- S. 7.