“Gənclərimizin milli
ruhda böyüməsini mətbuatın prioritet istiqaməti kimi qəbul
etməliyik”
Dünən M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasında “Azərbaycan mətbuatı
və milli-mənəvi
dəyərlərimiz” mövzusunda
konfrans keçirildi. Konfrans iştirakçıları
ilk olaraq, Azərbaycan
milli mətbuatının
140 illiyi münasibətilə
nümayiş olunan sərgi ilə tanış oldular.
“Azərbaycan mətbuatı milli-mənəvi
dəyərlər məsələsində
diqqətli olmalıdır”
Daha sonra çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev bildirdi ki, müxtəlif
inkişaf yolu keçmiş Azərbaycan
mətbuatı azaddır. Ölkə
Prezidenti İlham Əliyevin mətbuata böyük dəstək verdiyini dilə gətirən nazir əlavə etdi ki, bəzi xarici
KİV-lər Azərbaycanda
demokratiyanın olmamasını
iddia edirlər: “Onlar öz ölkələrindəki
problemləri görmürlər.
Azərbaycanda mətbuat tam müstəqildir.
İstənilən mövzunu sərbəst
şəkildə qabarda
bilər. Reallıq bundan
ibarətdir”. İlk
mətbu orqanımız
olan “Əkinçi” qəzeti haqqında da danışan Ə. Qarayev fikirlərini belə dilə gətirdi: “İctimai fikrin formalaşdırılması
və inkişaf etdirilməsi sahəsində
cəmi iki illik ömrü olan “Əkinçi” qəzetinin xidmətləri
böyükdür”. Ə. Qarayev
qeyd edib ki, Azərbaycan mətbuatı milli-mənəvi
dəyərlər məsələsində
diqqətli olmalıdır,
çünki bu, həssas məsələdir.
“Mətbuatın üzərinə
böyük missiya və vəzifə düşür”
Konfransda
çıxış edən
Prezident Administrasiyası
İctimai-siyasi məsələlər
şöbəsinin müdir
müavini Ərəstun
Mehdiyev isə bunları dedi: “Dövlət siyasəti ona yönəlib ki, Azərbaycan mətbuatı inkişaf etsin, fəaliyyətini yeni dövrün tələblərinə uyğun
qursun. Bu sahədə
atılan addımlar onu deməyə əsas verir ki, bizim peşəkar
mətbuatımız bunun
öhdəsindən gəlir”.
Onun sözlərinə
görə, mətbuat
müxtəlif istiqamətlərdə
öz məsuliyyətini
bir az
artırmalıdır: “Milli
mətbuatımızın qaranquşu
olan “Əkinçi”nin
nəşrindən sonra
çap olunan digər mətbu orqanlar Azərbaycan xalqının milli özünüdərkinə böyük
diqqət yetirib və bu yolda
böyük rol oynayıb. O dövrdən
bu günə qədər mətbuatımızı
izləsək, görərik
ki, Azərbaycanın milli dəyərləri geniş şəkildə
işıqlandırılıb. Bu gün müharibə
şəraitində yaşayırıq.
Gənclərimizin milli ruhda böyüməsini mətbuatın
prioritet istiqaməti kimi qəbul etməliyik. Mətbuatın peşəkarlığı burada
böyük rol oynayır. Azərbaycan Prezidentinin vurğuladığı
kimi, jurnalistlərin vətənpərvər olması
vacib məsələlərdəndir.
Mətbuatın cəmiyyətdə tutduğu rol çox əhəmiyyətli
və önəmlidir.
Onun üzərinə böyük
missiya və vəzifə düşür.
İnanıram ki, Azərbaycan
mətbuatı üzərinə
götürdüyü böyük
missiyanı indiyə qədər olduğu kimi, bundan sonra
da davam etdirəcək”.
Daha sonra Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun icracı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri
Əflatun Amaşov, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı,
professor Şamil Vəliyev,
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu 140 ildə Azərbaycan milli mətbuatının keçdiyi yola nəzər saldı, müasir dövrdəki inkişaf perspektivləri təhlil etdilər.
Konfransın sonunda Mədəniyyət
və Turizm Nazirliyinin və Mətbuat Şurasının
“Milli rəqslərimiz
milli dəyərimizdir”
mövzusunda keçirdikləri
fərdi jurnalist yazıları müsabiqəsinin
qalibləri mükafatlandırılıb. Qaliblər arasında
“Zaman-Azərbaycan” qəzetinin
əməkdaşı Qvami
Məhəbbətoğlu da
var idi.
Daha sonra mətbuatla fəal əməkdaşlığa görə,
mədəniyyət və
turizm naziri Ə. Qarayev Azərbaycan Mətbuat Şurasının
Fəxri diplomu ilə təltif olundu. Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən
isə adıçəkilən
qurumla sıx əməkdaşlıq edən
KİV işçilərinə Fəxri fərmanlar verildi.
Məlumat üçün bildirək
ki, adıçəkilən
konfrans Azərbaycan milli mətbuatının
140 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
ilə bağlı hazırlanmış tədbirlər
planına uyğun olaraq keçirilib.
Elvin Əliyev
Zaman.-2015.- 11 iyul.- S. 2.