“Millətimə xidmət etməkdən, onun qulluğunda durmaqdan zövq alıram”

 

Vahid Əhmədov... Onu ölkəmizdə, demək olar ki, hər kəs tanıyır. Çünki o, öz fəaliyyəti ilə adını tariximizə yazdırmış bir şəxsiyyətdir. Müxtəlif illərdə sex ustası, sex rəisi, baş mühəndis, zavod direktoru, Baş nazirin birinci müavini, həmçinin Baş nazirin vəzifələrini icra  edən şəxs qismində çalışmış Vahid Əhmədov artıq neçə ildir (1990-cı ildə Bakı şəhərinin Nizami rayonu 53 nömrəli seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat, 2005 və 2010-cu illərdə 52 saylı Quba seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilib) ki, millət vəkili kimi öz seçicilərinin etimadını doğruldur.

 “İstiqlalçı deputat” Vahid müəllimə bir neçə sualla müraciət etmək məqsədilə onu zəng etdik. O, bu dəfə də: “Jurnalistlərlə söhbətləşməyə mən həmişə vaxt tapıram”, - deyərək bizə vaxt ayırdı.

- Vahid müəllim, bu il deputat fəaliyyətiniz başa çatır. Fəaliyyətinizi necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, 10 ildir ki, müstəqil Azərbaycan dövlətinin parlamentindəyəm. Bu müddətdə parlament üzvü kimi üzərimə düşən bütün vəzifələri vicdanla yerinə yetirməyə çalışmışam. Həmçinin öz seçicilərimlə də mütəmadi görüşməyə can atıram. Onlarla görüşlərdə ən çox qaldırılan məsələlər yolla, mənzillə, işsizliklə bağlı olub. Hər zaman onların bu kimi problemləri ilə bağlı bir çox nazirliklərə, eləcə də rayon icra hakimiyyətinə müraciətlər etmişəm. Yəni bir millət vəkili kimi, əlimdən gələni edirəm ki, seçicilərimin bu və ya digər problemləri həll olunsun. Onu da deyim ki, mənim seçildiyim 52 saylı dairə özündə, rayon mərkəzi də daxil olmaqla, 81 kəndi və 2 qəsəbəni  birləşdirir. Demək olar ki, bu yaşayış məntəqələrinin çoxunda su, məktəb, uşaq bağçası, tibb  məntəqəsi ilə bağlı problemlərin çox  hissəsini müxtəlif mərkəzi təşkilatları cəlb etməklə həllinə nail olmuşam. Hər problem həll olunanda da özümü elə rahat hiss edirəm ki... İnanın, bu hisslərimi hətta sözlə ifadə etməyə çətinlik çəkirəm.

- Bəs builki seçkilərdə yenidən namizədliyinizi irəli sürmək fikriniz varmı?

- Bilirsinizmi, mən millətə xidmət etməkdən, onun qulluğunda durmaqdan zövq alıram. Bu xidmətdən, bu qulluqdan, əgər belə demək mümkünsə, hələ doymamışam. Ona görə növbəti beş ildə də fəaliyyətimi davam etdirmək məqsədilə yenə namizədliyimi irəli sürməyi düşünürəm.

  “Oonaqkənddən gözəl bir məkan yoxdur”

- Sizi həm də jurnalistlərdən qaçmayan bir millət vəkili kimi xarakterizə edirlər...

- Başa düşə bilmirəm: axı niyə millət vəkili onların fəaliyyətlərini işıqlandıranlardan qaçmalıdır? Jurnalistlərin vəzifəsi məlumatları, yenilikləri, problemləri ictimaiyyətə çatdırmaqdır da. Onlar da dövlətimizə, hökumətimizə xidmət edirlər...  Konkret mənə gəldikdə isə, jurnalistlərə hər zaman açığam və bunu xidməti vəzifəm hesab edirəm. Mən onların fəaliyyət sahəmə (insan bütün sahələr üzrə mütəxəssis ola bilməz, konkret bir neçə sahənin mütəxəssisi ola bilər) aid suallarını həmişə cavablandırmağa çalışmışam. Amma nəyinsə naminə dövlətimizin imicinə zərər vurmağa, dediklərini öz mənafeyinə uyğunlaşdırmağa çalışan jurnalistləri əsla qəbul edə bilmirəm.

- Elə sizin bu səmimiyyətinizdən istifadə edərək belə bir sualla müraciət etmək istəyirəm: şəxsi biznesiniz varmı?

- Yox, heç bu barədə düşünməmişəm də... Halbuki bundan əvvəl müxtəlif vəzifələrdə çalışanda bunu asanlıqla edə bilərdim. Onu da deyim ki, qanun deputatın bizneslə məşğul olmasını qadağan edir.

- Müxtəlfi vəzifələr demişkən, bir zaman siz heç bir vəzifədə olmadınız... O illərdə sizə təsəlli verənlər kimlər idi?

- Vəzifədə olanda adamın çox dostu olur. Bu sözlərlə mən Amerika kəşf etmirəm. Elə ki, vəzifə əldən çıxır, həmin dostlar da yoxa çıxır. Mən də o günləri yaşamışam. Yenidən deputat seçiləndən sonra o qədər adam məni axtarmağa başladı ki... Lakin özümdən asılı olmayaraq, onlarla soyuq davranmalı oldum. O ki qaldı... təsəlli verənlərə... Hər şeydən əvvəl, bu məsələdə mənə ailəm, qohum-əqrəbam həmdəm oldu.

- Vahid müəllim, ölkəmizə rəhbərlik etmiş bir neçə şəxslə işləmisiniz. Onların arasında kimi fərqləndirə bilərsiniz?

- Bəri başdan deyim ki, hər siyasi liderin öz siyasi baxışları var. Bu siyasi rəhbərlər arasında Heydər Əliyev, əlbəttə, fenomen idi. Onun dünyaya baxışı bəşəri olduğu qədər də milli idi. Tarix belə adamları yüz ildə bir dəfə dünyaya gətirir. Məhz o, ölkəmizi mövcud fəlakələrdən qurtardı və qazanılmış müstəqilliyimizi qoruyub saxladı. Bu gün ölkə başçısı İlham Əliyev də onun yolu ilə gedir və hər bir məsələdə uğurlara imza atır.

- Parlamentdə deputatlarla münasibətiniz necədir, dostluq etdiyiniz həmkarlarınız varmı?

- Demək olar ki, hər biri ilə çox yaxşı münasibətim var. Başda spiker Oqtay Əsədov olmaqla, parlament rəhbərləri ilə istədiyim vaxt görüşüb, fikirlərimi çatdıra bilirəm.

- Hərdən yorulanda xanəndələrimizdən, müğənnilərimizdən kimləri dinləyirsiniz?

- Xalq mahnılarına da, estradaya da marağım var. Lakin ən çox Flora Kərimovaya, Alim Qasımova, Röyaya, mərhum dostum Məmmədbağırın mahnılarına qulaq asıram. Onlara qulaq asanda, sözün həqiqi mənasında, dincəlirəm.

- Bəs darıxandan hansı məkanlara üz tutursunuz?

- İstər sovet dönəmində, istərsə də müstəqillik illərində dünyanın bir sıra guşələrində olmuşam. Lakin bu gün də o fikirdəyəm ki, mənə görə boya-başa çatdığım Oonaqkənddən gözəl bir məkan yoxdur.

- Amma eşitdiyimizə görə, dəbdəbəli həyat yaşamırsınız?

- Mən, ümumiyyətlə, dəbdəbəsevən deyiləm. Sadəliyi sevirəm. Mövlananın belə bir kəlamı var. Deyir ki, ya olduğun kimi görün, ya göründüyün kimi ol. Məncə, bu kəlam hər bir vəzifə sahibinin devizi olmalıdır.

“Görüləsi işlərimiz hələ çoxdur”

- Qubada Vahid Əhmədovun adı, demək olar ki, bütün adlardan daha çox hallanır. Bir də Qubadan söz düşəndə adınız Fətəlixanla, məşhur astronom Nadir İbrahimovla yanaşı çəkilir. Qubanı tanıdan Vahid Əhmədov, ümumiyyətlə, bugünkü Qubanı necə xarakterizə edir?

- Quba öz tarixi şəxsiyyətləri ilə fəxr ediləsi bir məkandır. Ümumiyyətlə, dağ zonası olduğu üçün, Şahdağın ətəyində yerləşdiyi üçün bu məkanın adamları da Şahdağ kimi qürurludurlar. Quba bu gün inkişaf edir, gözəlləşir. Yeganə problemimiz iş yerlərinin olmamasıdır.

- Bəs Qubada hava limanının tikintisi ilə bağlı nə deyə bilərsiniz?

- Hələ 2008-ci ildə ölkə başçısına aeroportun burada əhəmiyyətinə dair məktub yazmışdım. Prezident sərəncam verib. Buna görə ona  minnətdaram. Tikintisi realdır. Aeroportla bağlı qərar var. Bu, zona üçün vacibdir. Strateji əhəmiyyətli məsələdir. İqtisadi cəhətdən də üstünlüyü var. Bircə onu deyim ki, həmin hava limanı şimal bölgəsi üçün həm turizm, həm də xarici sərmayənin yatırılması baxımından böyük iş yerlərinin açılması deməkdir. Hazırda bu istiqamətdə əməli işlər görülür.

- Quba-Qonaqkənd-Şamaxı yolunun tikintisi nə vaxt yekunlaşacaq?

- Biz indi çalışırıq ki, ilk növbədə yolun Qonaqkəndə qədər olan hissəsini başa çatdırılsın. Qonaqkənd-Şamaxı yolu sonra çəkilməlidir.

- Vahid müəllim, Fətəli xanın heykəlinin ucaldılması nə vaxt reallaşacaq?

- Bununla bağlı dövlət başçısına müraciət etmişəm və razılıq da verilib. Nazirlər Kabinetinin qərarı var. Qalanı  icra  orqanlarının işidir. Fətəli xan elə bir tarixi şəxsiyyətdir ki, onun heykəli Qubada mütləq ucaldılmalıdır.

- Vahid müəllim, bəs Qubanın alma “dağı” nə vaxt yerli camaatın üz ağlığına çevriləcək?

- Alma Qubanın əsas məhsuludur və hər bir bölgənin qeyri-rəsmi simvolu olduğu kimi Qubanın simvolu da almadır. İndi Qubada  almadan başqa digər meyvələr də yetişdirilir. Əsas problemimiz satış və onun saxlanmasıdır. İkinci məsələ demək olar ki, həllini tapıb: 10-na yaxın soyuducu anbar tikilib. Satışda isə ciddi problemlərimiz var. Bu, əsasən, ölkə daxilində və xaricdə olan bir sıra baryerlərin  həll edilməsidir. O cümlədən Qubada vaxtilə fəaliyyət göstərmiş emal müəssisələri tam gücü ilə işləməsidir. Bu problemlərlə məşğulam.

- Qubada daha hansı işlərin görülməsi nəzərdə tutulub?

- Qubada görüləsi işlərimiz hələ çoxdur. Əsas rayon mərkəzi ilə kəndlər arasındakı yolları normal vəziyyətə gətirmək, turizm üçün lazımi şərait yaradaraq onu inkişaf etdirməkdir. İkincisi, qeyd etdiyim kimi, yeni iş yerlərinin açılmasıdır. Çox təəssüf ki, son illər Qubada tikilməli olan bir sıra mərkəzi icra orqanlarının regional idarələri Xaçmazda yerləşdirilmişdir. İcra orqanları belə məsələlərdə daha fəal və çevik  hərəkət etməlidirlər. Təəssüf ki, əhalinin dolanışığı üçün çox vacib olan yaylaq problem var, kəndlərdə əhalini narahat edən bir sıra digər məsələlər var ki, onların da üzərində işləyirik.

 

Qvami Məhəbbətoğlu,

 Qəhrəman Qasımov

Zaman.-2015.- 14 iyul.- S. 6.