Şəkidə ikinci
beynəlxalq şirniyyat festivalı keçirilib
Şəki şəhərindəki Olimpiya
İdman Kompleksində
ikinci beynəlxalq şirniyyat festivalı keçirilib.
Mədəniyyət
və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının
birgə təşkilatçılığı
ilə keçirilən
festivalda 11 ölkədən
- Türkiyə, Qazaxıstan,
Qırğızıstan, Şimali
Kipr Türk Cümhuriyyəti, Rumıniya,
İndoneziya, Koreya, Fransa, Rusiya, Moldova və Serbiyadan, həmçinin respublikamızın
21 şəhər və
rayonundan gəlmiş
şirniyyatçılar iştirak
edib. İdman kompleksinin həyətində
düzənlənən sərgilərdə
qənnadıçıların əvvəlcədən hazırladıqları
müxtəlif çeşiddə
şirniyyat nümunələri
nümayiş etdirilib.
Festivalın rəsmi açılış
mərasimində Şəki
Şəhər İcra
Hakimiyyətinin başçısı
Elxan Usubov çıxış edərək
beynəlxalq şirniyyat
festivalının Azərbaycanın
qədim və gözəl şəhərlərindən
biri olan Şəkidə keçirilməsinin
heç də təsadüfi olmadığını
vurğulayıb. Bildirilib ki,
böyük inkişaf
yolu keçən Şəki xalqımızın
mətbəx mədəniyyətinin
formalaşmasına həlledici
təsir göstərib.
Şəkinin məşhur şirniyyatçılarının
əldə etdiyi zəngin təcrübə,
vərdiş, bilik və bacarıqlar bu günümüzə qədər gəlib çatıb. Qeyd olunub
ki, Azərbaycanın ənənəvi şirniyyat
sənətinin mərkəzləri
arasında Şəki
xüsusi yer tutur. Şəki şirniyyatı özünün
əla, ləziz dadı və geniş çeşidi ilə fərqlənir.
Şəkinin şirniyyat ustalarının
hazırladıqları məhsullar
xarici bazarlara da geniş yol
açıb, bu şəhərin mətbəx
mədəniyyətinin tanıdılmasında
mühüm rol oynayıb. Vurğulanıb ki, bu gün Şəki özünün ipəyi,
eyni zamanda, halvası, noğulu, mindalı və digər dadlı şirniyyatları ilə tanınır.
Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirib ki, belə
festivalların keçirilməsində
əsas məqsəd xalqımızın qeyri-maddi
mədəni irsinin qorunub saxlanmasına nail olmaqdır. Vurğulanıb ki, bu
festival təkcə Şəkinin
deyil, ölkəmizin zəngin mətbəx mədəniyyətinin daha
yaxından tanıdılmasında
əhəmiyyətli rol
oynayacaq.
Mərasimdə Fransanın Azərbaycandakı
səfiri Paskal Mönye, iştirakçı
ölkələrin təmsilçiləri
çıxış edərək
belə festivalların
xalqlar arasında dostluğu, sülhü təbliğ etdiyini xüsusi vurğulayıblar.
Sonra tədbir iştirakçıları
xarici ölkələrdən,
həmçinin Azərbaycanın
şəhər və
rayonlarından gəlmiş
qənnadıçıların əvvəlcədən hazırladıqları
şirniyyat məhsulları
ilə tanış
olublar. İştirakçı ölkələrin milli mətbəxlərinə
aid şirniyyat nümunələri,
həmçinin Azərbaycan
qənnadıçılarının hazırladıqları paxlava,
fəsəlli, qatlama,
noğul və müxtəlif halvalar tədbir iştirakçıları
tərəfindən böyük
maraqla qarşılanıb.
Şəki qənnadıçıları festivalda Şəki halvası, paxlava, qoz və fındıq
mindalı, barama şirni, noğul, bamiyə, qırmabadam və geniş çeşiddə digər
milli şirniyyat nümunələrini sərgiləyiblər.
Korkunov adına “Moskva
şokolad məktəbi”nin
rəhbəri Yelena Suçkovanın
sədrlik etdiyi 23 nəfərdən ibarət
münsiflər heyətinin
rəyinə əsasən,
respublikamızın təmsilçiləri
arasında Gəncə
şəhərinin şirniyyatçıları
birinci yeri tutublar. Şəki və Zaqatala
qənnadıçıları ikinci, Ağdaş, Göyçay, Oğuz rayonları və Naftalan şəhərinin
təmsilçiləri isə
üçüncü yerə
layiq görülüblər.
İştirakçı ölkələr arasında Rumıniya, Qazaxıstan və Fransa təmsilçiləri
birinci yeri tutaraq festivalın qızıl medallarına və Azərbaycan Milli Kulinariya Mərkəzinin kubokuna
sahib çıxıblar. İkinçi yeri Serbiya və Rusiya təmsilçiləri, üçüncü
yeri isə Moldova, Qırğızıstan və
Şimali Kipr Türk Cümhuriyyətinin
qənnadıçıları tutublar. Şirniyyat sexləri arasında
isə Şəkinin
“Ələhməd şirniyyat
evi” birinci yerə layiq görülüb. Bundan əlavə,
Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən Şəki
şəhəri Azərbaycanın
ənənəvi şirniyyat
paytaxtı elan edilib və bununla bağlı diplom şəhər rəhbərliyinə təqdim
olunub. Festivalda Şəkinin musiqi
kollektivləri rəngarəng
konsert proqramı ilə çıxış
ediblər.
Beləliklə, qədim Şəki şəhərində daha
bir beynəlxalq
festival uğurla başa
çatıb.
Coşqun Mövlamov
Zaman.- 2015.- 22 iyul.- S.7.