Eldar Qəmərli: “Ən çox sevmədiyim
söz “mən”dir”
Eldar Təvəkkül oğlu Qəmərli Bakı Dövlət Universitetini bitirib. Gözəl qələm sahibidir.
“Evləri köndələn yar” (2003-cü il), “Ağacdələn” (2006-cı il), “Şirvan şəhəri” (2012-ci il), “ Novellalar” (2014-cü il ) kitablarının müəllifidir. Şirvan şəhərinə həsr etdiyi üçcildlik tarixi oçerklər kitabı sanballı elmi araşdırmanın məhsuludur.
Eldar Qəmərli hazırda Şirvan şəhər Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşıdır. - Eldar müəllim, sizə görə həyatda ən asan və ən çətin şey nədir?
- Mənim fikrimcə, həyatda həm ən asan, həm də ən çətin şey insan olmaqdır. Bu fikri bir qədər başqa şəkildə də ifadə etmək olar: ən asan şey insan kimi doğulmaq, ən çətin şey insan kimi ölməkdir.
- Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız, dolanışığınızı necə çıxardardınız?
- Şəxsi təsərrüfatdan əldə edəcəyim gəlirlə.
- Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?
- Həyatda öz yerimi tapa bilmədiyinə görə çox üzülürəm. Mən elmlə məşğul olmalı idim. Ola bilmədim. Çünki köməyim və ən əsası, pulum yox idi. Amma sevinirəm ki, Allah mənə ağıl, dərrakə, istedad, bir də zəhmətsevərlik verib. Məhz bunların hesabına mən əyalət ziyalısı, əyalət yazıçısı, hətta elmi dərəcəsi olmayan əyalət alimi oldum.
- Valideyn və müəllimlərdən başqa, özünüzü kimlərə borclu bilirsiniz?
- Kitablara.
- Uğrunda hər şeydən keçə biləcəyiniz varlığın adı nədir?
- Həqiqət.
- Özünüzü hansı peşədə daha yaxşı ifadə edə bilərdiniz? İndiki işinizdən razısınızmı?
- Özümü müəllimlik peşəsində daha yaxşı ifadə edə bilərdim. Qismət olmadı. Amma indiki işimdən çox razıyam. Əslində, bu iş müəllimlik peşəsinə çox yaxındır. Fərq yalnız burasındadır ki, mən şagirdlərə, yaxud tələbələrə deyil, böyüklərə “dərs deyirəm”.
- Üzr istəmək sizə ağır gəlmir ki?
- Qətiyyən. Yanlız böyük qəlbli, təvazökar, müdrik insanlar üzr istəyə bilər. Üzr istəmək nadanlara xas olan xüsusiyyət deyil. Onlar üzr istəyəndə səmimi olmurlar.
- Sabir deyir: “Ağladıqca kişi qeyrətsiz olur”. Siz necə düşünürsünüz?
- Sabir bu misranı konkret zaman və məkanı nəzərdə tutaraq məcazi mənada yazmışdır. Şair demək istəyir ki, vətənin rifahı üçün heç bir iş görmədən ilin on iki ayını və son nəticədə bütün ömrü ağlamaqla keçirmək olmaz. Bu, heç də o demək deyil ki, kişi heç vaxt ağlamamalıdır. Zənnimcə, bu, Allahın iradəsi əleyhinə getmək demək olardı. Çünki ağlamaq Allahın insana verdiyi fizioloji bir qabiliyyətdir. Ağlamağın tibbi nöqteyi-nəzərdən faydaları var.
- “Kaş ki, filan ölkədə doğulaydım, filan xalqın nümayəndəsi olaydım” dediyiniz olurmu?
- Yox. Olmur. Amma başqa ölkələrin xalqlarına xas olan bir sıra xüsusiyyətlərin bizim xalqda olmasını arzu etmişəm.
- Evinizdə
inciklik olurmu? Olursa, birinci kim
barışır?
- Əgər
kim isə desə ki, bizim evdə inciklik
olmur, bilin ki, o, ya yalan danışır, ya da onların evlərindəki
münasibət saxtadır. Təbii ki, bizim ailədə
də inciklik olur. Barışmaq
üçün kimin birinci addım atması haqqında
xüsusi qaydamız yoxdur. Bu, mənim tərəfimdən
də ola bilər, ailənin digər
üzvləri tərəfindən də. Kimin
birinci addım atması konkret psixoloji şəraitlə
bağlı olur.
-
Özünüzü kimin qarşısında günahkar
bilirsiniz və kiminsə günahını bağışlamısınızmı?
- Sabirin
ölümqabağı yazdığı dörd misradan ibarət
bir şeir var. Mən onu “Hophopnamə”nin
1934-cü il nəşrində oxumuşam. Şeir fars dilində yazılıb. Mənası, təxminən,
belədir: “İlahi, dərgahına gəlmişəm. Məni
qəbul et. Əliboş gəlməmişəm.
Günahlarımı da özümlə gətirmişəm”.
Əgər Sabir kimi böyük şəxsiyyətin
günahları olubsa, mən kiməm ki, günahlarım
olmasın?! Özümü ilk növbədə
Allahın qarşısında, sonra valideynlərim
qarşısında günahkar bilirəm. Bir
də gənclik illərində rast gəldiyim bir qızın
ruhu qarşısında. Onun məhəbbətinə
cavab vermədiyimə görə. Onun əlləri
qüsurlu idi. Çox sonralar başa düşdüm
ki, xoşbəxtliyə əllərin qüsurlu olması
deyil, beynin qüsurlu olması mane ola bilər.
Sualın ikinci hissəsinə gəldikdə isə deyə
bilərəm ki, əhəmiyyətsiz, bilməyərəkdən
edilmiş günahları bağışlayıram. Amma məqsədli
şəkildə edilmiş günahları heç zaman
bağışlamıram. Bunu prinsipsizlik
hesab edirəm.
- Sizcə
azadlıq istədiyini eləməkdir, yoxsa istəmədiyini?
-
Bunların heç biri azadlıq deyil. Istədiyini
eləmək anarxiyadır, istəmədiyini eləmək
köləlik. Ümimiyyətlə, bu,
çox geniş mövzudur. Qısaca
olaraq onu deyə bilərəm ki, həyatda mütləq
azadlıq olmur. Azadlıq nisbi
anlayışdır.
- Sevgi nədir:
ümid, qorxu, ya xoşbəxtlik?
- Belə
bir latın aforizmi var: “Amantes amentes”. Tərcüməsi “Aşiqlər dəlidirlər”
deməkdir. Bəli, sevgidə ümid də
var, qorxu da var, xoşbəxtlik də var. Bunlardan başqa da
sevgidə bir sıra hisslər, duyğular var. Amma ümumiyyətlə
götürdükdə sevgi xosbəxtlikdən ibarət ruhi xəstəlikdir.
Ömründə bir dəfə bu xəstəliyə
yoluxanlar mənəviyyatca daha zəngin olurlar. Bu xəstəliyə
tutulmayanlara isə
yazığım gəlir.
- Ən çox nə zaman utanırsınız?
-
Bütün insanların xoş sözə, tərifə
ehtiyacı var. O cümlədən mənim də. Lakin məni
çoxluq yanında tərifləyəndə və kütlənin
nəzərləri
mənə yönələndə çox
utanıram.
-
Ölüm nədir?
-
Ölüm yer üzündəki həyatı tənzimləyən
fizioloji bir aktdır. Ölüm olmasaydı, bəşəriyyət
çoxdan məhv olradı.
-
Çoxlu pulunuz olsa, hara xərclərdiniz?
-
Çoxlu pulum olmasını heç vaxt arzu etməmişəm.
Çünki mən əsarət altında
yaşamaq istəmirəm. Amma, hər halda, çoxlu
pulum olsa, onun az bir hissəsini güzəranımın
yaxşılaşdırılmasına sərf edərdim. Çünki mən ehtiyac içərisində
yaşayıram. O puldan müəyyən qədər
rüşvət verib ali təhsilli
oğlum Cavidi işə düzəldərdim. Onu
işə düzəldə bilmədiyimə görə xəcalət
çəkirəm. Çünki mən
aciz atayam.Pulun bir hissəsinə Sabirin “Hophopnamə”sini və
Mirzə Cəlilin külliyatını nəfis şəkildə
çap etdirib nikah (VVADQ) idarələrinə
bağışlayardım ki, ərə gedən
qızların hərəsinə bir nüsxə hədiyyə
versinlər. Pulun əsas hissəsinə isə
Sabirin və Mirzə Cəlinin kompleks halında qoşa heykəlini
düzəltdirərdim.
- “Mən almasam, bir başqası alacaq, mən olmasam, bir
başqası olacaq” düşüncəsi nəyi ifadə
edir?
-
Özünə bəraət qazandırmaq cəhdini.
- Həyatda
ən böyük təsəlliniz?
- “Həyat həmişə belə olub” fikri. Məğrur
Xaqaninin zindanda yatmasını, Sabirin və Mirzə Cəlilin
çərlədilərək öldürülməsini
xatırlayıram. A.P.Çexovun “6
nömrəli palata” əsərini oxuyuram. Və
özümə təsəlli vermək üçün deyirəm:
həyat həmişə belə olub.
- Sizə
hansı mövzuda sual verilməsini heç
xoşlamırsınız?
- Ailə
mövzusunda. Ailə münasibətlərini
ictimailəşdirməyin qəti əleyhinəyəm.
- Yubiley və
ad günlərində özünüzü necə hiss
edirsiniz?
- Bunlar mənim
üçün ən adi günlərdən biridir. Ona
görə də qeyri-adi heç nə hiss etmirəm. İndiyədək
nə yubiley keçirmişəm, nə də ad günü.
-
Dünyanın hər yerindən görünən uca bir
lövhəyə iki-üç kəlməlik nəsihət
yazmağı xahiş etsələr, nə yazardınız?
- “Biz hamımız öləcəyik!”
- Sizə
görə insanda ən yaxşı və ən pis xarakter
hansılardır?
-
Sualın cəm halında verilməsini istərdim. Yəni “xarakter” yox “xarakterlər”. Çünki ən yaxşı və ən pis
xarakteri müəyyən etmək çox çətindir.
İnsanın təbiətində yaxşı və
pis xarakterlərin qalereyası var. Mənə görə
insanda ən yaxşı xarakterlər düzlük, mərdlik,
səmimilik, insaflılıq, gözü toxluq, obyektivlik, sadəlik,
təvazökarlıq və bu qəbildən olan digər
xarakterlərdir. Paxıllıq, xəbislik,
yaltaqlıq, görməmişlik, riyakarlıq, qeyri-təvazökarlıq,
lovğalıq, gəvəzəlik, qeybətcillik, namərdlik,
etibarsızlıq, imansızlıq, insafsızlıq və bu
qəbildən olan digər xarakterlər ən pisləridir.
- Nə
vaxtsa hansısa müğənniyə, sənətçiyə
heyran, ya da aşiq olmusunuzmu?
-
Çox sevdiyim müğənnilər və sənətçilər
olub, indi də var. Lakin mən onların özlərini deyil, sənətlərini
sevmişəm. Müğənniləri, sənətçiləri
yaxından tanımaq arzusunda olmamışam. Onları yaxından tanıyanda sənətləri də
gözdən düşür, özləri də.
-
Övladlarınız sizi atsalar, onlara nə deyərdiniz?
- Mən
bunu təsəvvür edə bilmirəm. Amma, hər
halda, belə bir şey olsa, mən onlara heç nə deməzdim.
Çünki indiyədək onlara heç nə
deməmişəm. Heç birinə
çırtma belə vurmamışam. Onlar
mənim öyüd - nəsihətlərimlə deyil, şəxsi
nümunəmlə tərbiyə olunublar.
- Ən çox sevdiyiniz və sevmədiyiniz sözlər?
- Həyatımda
dərin iz buraxmış iki qızın adı ən
çox sevdiyim sözlərdir. Bu adlar adi
söz kimi də mənalıdırlar.
Ən çox sevmədiyim söz kütləvi epidemiya
şəklində yayılmış mania qrandiosa xəstəliyinin
sindromu olan “mən” sözüdür. Fransız yazıçısı
Jül Renar yazır: “Üfunət verən “mən”
sözünü təmiz havaya çıxarmalı”. Əməl etmirik. Çox təəssüf.
- Fürsət
olsa, ölümqabağ nə vəsiyyət edəcəksiniz?
- İstərdim ki, mən öləndə Aşıq
Əmrah Gülməmmədovun “Dilqəmi” üstündə
oxuduğu hava səslənsin. Məzarımın üstünə
isə aşığın həmin havada oxuduğu bu
bayatı yazılsın:
Apardı göy at məni,
Oxladı səyyad məni,
Baş qoyum dizin üstə,
Çox yatsam, oyat məni.
- Ən çox nədən
qorxursunuz?
- Bəxtiyar Vahabzadənin təbiri ilə desəm,
insanlığın ölməsindən. İndi insanlığı
yaşadan çox az adam qalıb. Onlar isə cəmiyyətdə aparıcı
qüvvə deyillər. Bu, məni
çox qorxudur.
- Xoşbəxt
olmaq üçün nəyiniz çatmır?
- Məni
başa düşən adamlar.
- Sizin
kimlərə və nə kimi xeyriniz var?
-
Tutduğum kiçik vəzifəyə görə mən məmuram.
Lakin heç vaxt məmur psixologiyası ilə
yaşamamışam. Bu, mənim insanlara
verdiyim ən böyük xeyirdir.
- Bu
dünya bir insan şəklində qarşınızda dursa,
ona nə deyərsiniz?
- “Sənə yalan dünya deyirlər. Lakin sən
yalan deyilsən. Yalan bizik. Yalançı da bizik. Biz
çoxuq, sən təksən. Biz hər
cür şərəfsiz üsula əl atsaq da,
çoxluğumuzla səni uda bilmirik. Sən
isə təkliyinlə, heç bir şərəfsizlik etmədən
bizim hamımızı udursan və çox doğru edirsən.
Çünki biz sənin adını bədnam
etmişik”.
- Həyatınızda
sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?
- Bəli.
Mənə bir neçə dəfə müdir
vəzifəsi təklif olunub, lakin imtina etmişəm.
- Gənclik
hansı yaşda bitir?
- Mənim
altmış üç yaşım var. Gəncliyim hələ
bitməyib. Bundan artıq heç nə deyə
bilmərəm. Çünki sonrakı illəri
hələ yaşamamışam. Amma, hər
halda, nə isə deməyə cəhd edəcəyəm.
Mənə elə gəlir ki, insanın fiziki gəncliyi otuz beş yaşında, ruhi gəncliyi isə
ölümlə barışanda bitir.
- Dostlarınız
çoxdurmu? İnsanlar niyə dost olurlar?
-
Dostların sayı çox ola bilməz. Çünki dostluq yeri gələndə, şəxsi
mənafeyi qurban vermək qabiliyyəti tələb edir. Bu qabiliyyət isə hər adamda olmur. Çünki insan təbiətcə fərdiyyətçi
və dünya malına həris olur. Məhz buna görə
dostluq çox az rast gəlinən
münasibət formasına çevrilir. Bizim dost
adlandırdığımız adamların bir çoxu, əslində,
bizim dostumuz deyil.
Zaman.- 2015.- 28
iyul.- S.6.