Lənkəran teatrı mövsümə yekun vurub

 

 

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı  özünün 124-cü mövsümünü başa vurub.

 Bağlanış mərasimində teatrın direktoru Tofiq Heydərov, truppanın üzvlərindən Respublikanın Xalq artisti Böyükxanım Əliyeva, Əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev çıxış edərək, cari mövsümdə qazanılmış uğurlar və növbəti mövsümdə qarşıda duran vəzifələrdən söz açıblar. Xeyriyyəçilik ənənəsinə sadiq qalan teatr  daha sonra Xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” tamaşasını Milli Ordunun zabit və əsgərlərinə təqdim edib. Ötən əsrdə Azərbaycan tarixinin qara səhifəsinə yazılmış 1937-ci il Stalin rejiminin dəhşətli və qorxulu repressiya dövrünün acı həqiqətlərindən bəhs edən bu səhnə əsərinin quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Sadıqovdur. Əsas rolları Respublikanın Xalq artisti Qabil Quliyev, Əməkdar artist Adil Zeynalov, artistlərdən Əbülfəz Axundov, Qızılgül Quliyeva, Aynur Əhmədova və Tərlan Abdullayev ifa ediblər.

 

Zaman.- 2015.- 28 iyul.- S.7.