“Azərbaycanda islam, xristian, yəhudi dinləri
əsrlər boyu yaşayıb və indi də yaşayır”
“Azərbaycanda islam dini ilə yanaşı xristian dini də,
yəhudi dini də əsrlər boyu yaşayıb və indi də
yaşayır.
Qafqazda da bu mənzərə var. Hesab edirik ki,
insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan
asılı olmayaraq, bütün başqa mədəniyyətlərə,
dinlərə, mənəvi dəyərlərə də
hörmət etməli, o dinlərin bəzən kiməsə
xoş gəlməyən adət-ənənələrinə
dözümlü olmalıdırlar. Dini
nöqteyi-nəzərdən ədavət, münaqişə,
müharibə yolverilməzdir”.
Heydər Əliyev
Şərqlə-Qərbin qovşağında yerləşən
Azərbaycan İslam dünyasının bir parçası
olaraq Qaqazda ən böyük müsəlman respublikası
sayılır.
Digər Qafqaz xalqları kimi Azərbaycan
xalqı da tarixən həmişə öz milli-mənəvi
və dini dəyərlərinə sadiq olmuş, öz adət-ənənələrinə
ehtiramla yanaşmışdır. Son illərdə islam dini, islam sivilizasiyası haqqında
yeni-yeni tədqiqat əsərlərinin sayı
çoxalmış, bu sahədə keçirilən beynəlxalq
konfrans və simpoziumların coğrafiyası genişlənmişdir.
Xüsusən, islam mədəniyyətinə
diqqətin artması ABŞ-da baş verən 2001-ci il sentyabr
hadisəsindən sonra daha da mühüm əhəmiyyət kəsb
etməyə başlamışdır. Araşdırmalar
göstərir ki, son illərdə, xüsusən, islamın
tarixi mahiyyəti, dünya mədəniyyət tarixində
islamın oynadığı rol, onun bəşər
sivilizasiyasına verdiyi töhfələr beynəlxalq miqyasda
keçirilən elmi konfransların və simpoziumların
müzakirə obyektinə çevrilmişdir.
Belə
beynəlxalq simpoziumlardan biri də 8-9 dekabr 1998-ci il tarixində ulu öndər H. Əliyevin təşəbbüsü
ilə Bakıda keçirilmişdir. “İslam sivilizasiyası
Qafqazda” mövzusuna həsr olunmuş bu beynəlxalq tədbir
öz məzmun və mahiyyətinə görə
mühüm əhəmiyyət kəsb etmiş və Qafqazda islam sivilizasiyasının rolunun elmi cəhətdən
araşdırılmasında sanki vacib bir mərhələ
rolunu oynamışdır. Digər tərəfdən
bu simpoziumun praktiki cəhətdən də müəyyən əhəmiyyət
kəsb etməsi - regionda münaqişə ocaqlarının
(Şimali Qafqaz, Qarabağ, Cənubi Osetiya və s.) mövcud
olması və bəzi “tədqiqatçıların” bu
münaqişələrə dini don geyindirməsi
baxımından elmi aktuallıq daşıması ilə
şərtlənmişdir.
“İslam
sivilizasiyası Qafqazda” adlı simpoziumda çıxış
edən ulu öndər H. Əliyev bu tədbirin təkcə
Azərbaycan üçün yox, həm də Qafqaz və
bütün islam aləmi üçün
mühüm əhəmiyyət kəsb etməsindən bəhs
edərək demişdir: “Məmnuniyyətlə qeyd edirəm
ki, belə simpoziumun keçirilməsi ilə əlaqədar mənim
qəbul etdiyim qərar artıq həyata keçrilibdir, beynəlxalq
simpozium bu gün öz işinə başlayıbdır.
Ümidvaram ki, simpozium çox dəyərli işlər
görəcək və Qafqazda islam
sivilizasiyasının rolunu və bu sahədə gələcək
elmi-tədqiqat işlərinin proqramlarını müəyyən
edə biləcəkdir. Bu, təkcə Azərbaycan
üçün yox, bütün Qafqaz xalqları,
bütün islam aləmi üçün çox əhəmiyyətli
işdir”.
Ulu
öndər Qafqazda yaşayan xalqların, o cümlədən
Azərbaycan xalqının zəngin coğrafi mövqeyi,
tarixi kökləri, qədim mədəniyyəti haqqında
çox fəxrlə danışaraq, Qafqazda islamın
yayılmasına diqqət yetirmiş və islamın Qafqazda
yayılmasında Azərbaycanın mühüm rol
oynadığını önə çəkmişdir. H.
Əliyev Qafqazda yaşayan və islam dininə
etiqad edən xalqların həyat və fəaliyyətində,
yaşayış tərzində islam dininin mühüm əhəmiyyətini
qeyd etmiş və bu xalqların milli-mənəvi dəyərlərinin
zənginləşməsində islam dinin böyük rol
oynadığını xüsusi vurğulayaraq demişdir:
“Biz qafqazlılar özümüzün qafqazlı
olmağımızla fəxr edirik. Bu nə deməkdir?
Qafqazın təkcə məğrur
dağları, onun gur çayları, gözəl
bulaqları, meşələri, gül-çiçəkləri
deyildir. Qafqazlı olmaqla fəxr etmək
Qafqaz xalqlarının tarixi kökləri ilə, Qafqaz
xalqlarının bəşər mədəniyyətinə
verdikləri töhfələrlə bağlıdır.
Bu baxımdan Qafqazda
islamın yayılması və inkişaf etməsi Qafqaz
xalqlarının tarixinin böyük bir hissəsini təşkil
edir, eyni zamanda islam sivilizasiyasının Qafqaz xalqlarına bəxş
etdiyi dəyərli töhfələrin olmasını əks
etdirir. Qafqaz xalqlarının, demək olar ki, əksəriyyəti
islam dininə itaət edir.
İslamın Qafqazda yayılması tarixini siz alimlər
yaxşı bilirsiniz. Mən, sadəcə, bir nöqtəni
vurğulamaq istəyirəm ki, Azərbaycan bu sahədə
mühüm yer tutur”.
“Qafqazda
islamın yayılması, əsasən,
Azərbaycandan
başlayır”
Fəlsəfə
elmləri doktoru Sakit Hüseynov “Azərbaycanda dini
tolerantlıq mədəniyyəti: tarix və müasirlik”
kitabında qeyd edir ki, Qafqazda islamın yayılması, əsasən,
Azərbaycandan başlayır və Azərbaycan
tarixinin böyük bir hissəsini təşkil edir. Bu
baxımdan Azərbaycan Qafqazda islam dəyərlərinin,
islam sivilizasiyasının yayılması və inkişaf etməsində
xüsusi rol oynamışdır. İslam dininin qədim
Qafqazda yayılmasının Azərbaycandan
başladığını vurğulayan ulu öndər
islamın Qafqaza yeni sivilizasiya, yeni mədəniyyət gətirdiyini
xüsusi qeyd edərək demişdir: “Məlumdur ki, Qafqazda
islamın yayılması və inkişaf etməsi Azərbaycandan
başlayır. İslam Qafqaz xalqlarına səadət,
xoşbəxtlik gətiribdir, inkişaf, islami dəyərlər
gətiribdir. Bu dəyərlər müqəddəs
kitabımız Qurani-Kərimdən gələn islami dəyərlər
Qafqaz xalqlarının milli-mənəvi dəyərlərinin
əsasını təşkil edibdir. Məlumdur ki,
Qafqazda yaşayan xalqlar islam dinini qəbul
edənə qədər də böyük mədəniyyətə,
tarixə və özlərinə məxsus adət-ənənələrə
malik olmuşlar. İslamın dini-mənəvi
dəyərləri Qafqaz xalqlarının qədimdən
yaranmış və inkişaf etmiş mənəvi dəyərləri
ilə birlikdə xalqların yüksək milli-mənəvi dəyərlərini
təşkil edibdir”.
Məlumdur
ki, islam dininin dünyanın müxtəlif
bölgələrində yayılması ilə bağlı
uzun illər belə bir fikir formalaşmışdır ki, guya
islam dini “qılınc gücünə”, “zorakı yolla”
yayılmışdır. Hətta, xüsusən,
Azərbaycanda insanların şüurunda tarixən belə bir
ifadə formalaşmışdır ki, “Biz qılınc
müsəlmanıyıq.” Yəni ərəb-islam
qoşunları islamı bizlərə “qılınc
gücünə” qəbul etdirmişlər. Lakin tarixi mənbələr və dünyada
tanınmış şərqşünas alimlər islamın
zorakılıqla yayılmadığını təsdiq
etmişlər. Məsələn, məhşur şərqşünas
akademik V. V. Bartold yazırdı ki, islam zorakılıqla
yayılmamışdır, bu dinin yayıldığı ərazilərdə
nə xristianlar, nə də zərdüştlər təqibə
məruz qalmamışlar. İslam dininin Azərbaycanda
və bütövlükdə Qafqazda yayılması prosesində
zorakılığın olmaması və bu prosesin siyasi
müahidələr (müqavilələr) yolu ilə həyata
keçməsi faktı bir çox elmi ədəbiyyatlarda
öz geniş ifadəsini tapmışdır. Məsələn,
“Qafqazda islam fütuhatının tarixi bir çox başqa
yerlərdə olduğu kimi daha çox siyasi müahidələr
tarixini xatırladır: hicrətin 18-ci ilində “Azərbaycan
əhli ilə”, 21-ci ilində Muğanla, 22-ci ilində
Şirvanla, 25-ci ilində Təbriz, Talış, Arran və
başqa ərazilərdə yaşayan əhali ilə sülh
müahidələri imzalandı. Başqa şəhər
və vilayətlərdə də buna bənzər müahidələr
imzalanmışdı”. İslamın
dünyanın müxtəlif bölgələrində
yayılması zamanı zorakılığa yol verilməməsi
haqqında göstərişlər olduğunu bir çox
tarixçi alimlər öz əsərlərində şərh
etmişlər. Müəyyən mənbələrə
istinad edən Azərbaycanın din alimlərinin əsərlərində
də belə faktlara rast gəlmək olur. Məsələn,
Şeyxülislam Allahşükür Paşazadə məhşur
ərəb tarixçisi Yaqut Əl Həməviyə istinad
edərək göstərmişdir ki, ərəblər
Qafqazda yerli əhali ilə bağladıqları müqavilələrdə
öhdəlik götürürdülər ki, “əhalidən
heç kim öldürülməyəcək, əsir edilməyəcək,
atəşgədələrdən heç biri
dağıdılmayacaq..., əhaliyə bayramlarda öz rəqslərini
ifa etməyə, əvvəllər nə edirdilərsə,
onu etməyə mane olmayacaqlar.”
Yerli əhali ilə bağlanan müqavilələrdə
alınacaq cizyə (can vergisi) göstərilməklə, cizyənin
hansı sosial təbəqələrdən alınması
şərh edilir, verginin miqdarı göstərilir və
bütövlükdə bağlanan müqavilənin
bütün şərtləri əhaliyə izah olunurdu. Belə
müqavilələrdən biri ərəblərin Azərbaycana
gəldiyi ilk vaxtlarda Ərdəbil yaxınlığında
Azərbaycan mərzbanı İsfəndiyar ibn Fərruxzadla
bağlanmışdır. Bu müqavilənin mahiyyətini
dərk etmək üçün onun məzmununa diqqət
yetirək: “Bismillahir-Rəhmanir-Rəhim! Əmirəlmöminin
Ömər ibn-Xəttabın canişini Üçbə ibn Fərqəd
Azərbaycanın vadilərindəki, dağlarındakı,
nahiyələrindəki və sərhədlərindəki əhalisinə,
dinlərinin ardıcıllarına - özlərinə və
mal-dövlətlərinə, dinlərinə və ailələrinə
əmin-amanlıq verir o şərtlə ki, uşaqlardan,
qadınlardan, dünya malından, heç nəyi olmayan
mütəmadi xəstələrdən və dünyada hər
şeydən əl çəkmiş abidlərdən
savayı, onlar gücləri çatdıqları qədər
cizyə ödəsinlər. Bu onlara və
onlarla yaşayanlara aiddir. Onlar müsəlman
döyüşçülərdən bir müsəlmanı
bir gün-bir gecə saxlamalı və ona yol göstərməlidirlər.
Onlardan kim hansı ildə orduya cəlb
olundu, o həmin ilin vergisindən azad olunur, kim
çıxdı - ona sığınacağına
çatana kimi əmin-amanlıq verilir”.
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi
əsasında səhifəni hazırladı:
Elvin Əliyev
Zaman.-2015.-2 iyun.-S.13.