İslamda dözümlülüyün prioritet olduğunu göstərən faktlar...

 

 “İslamın Azərbaycanda yayılmasından sonra xilafətin nümayəndələri ilə yerli əhali arasında bağlanan sülh müqavilələrinin mahiyyətini şərh edən AMEA-nın akademiki, tarixçi-alim Nailə Vəlixanlı bu müqavilələrdən bəhs edərək yazmışdır:Beləliklə, Azərbaycanın şimal və cənub torpaqları bütünlüklə işğal edilib Xilafət tərkibinə qatıldı.

 

 Yerli əhali ilə aralarındakı münasibəti müəyyən nizama salmaq üçün başqa yerlərdə olduğu kimi, burada da yeni müqavilələr bağlanıldı. Tərəflər arasında sülh münasibətlərini bərpa edən bu müqavilələrə əsasən, yerli əhali ya islamı qəbul etməli, ya da can vergisi - cizyə verməli idi. Fütuhatın ilk illərində ərəblərin işğal etdikləri ölkələrdən siyasi itaətlə yanaşı tələb etdikləri də bu və digər vergilər idi”. Bu sözlər fəlsəfə elmləri doktoru Sakit Hüseynovun “Azərbaycanda dini tolerantlıq mədəniyyəti: “Tarix və müasirlik” kitabında qeyd olunub. Onun sözlərinə görə, islam - tarixən dini tolerantlıq mədəniyyətinə örnək olub. İslam dinində tolerantlığın yüksək olduğunu Avropanın tanınmış alimləri də öz əsərlərində dəfələrlə vurğulayıblar.

 

“Yəhudi, xristian və zərdüştlük azlıqlarının İslam dünyasında öz varlığını qoruya bilməsinin səbəbi İslamın onlara dözümlü münasibəti olub”. Bu fikir islam dini, islam sivilizasiyası tarixini araşdıran tanınmış ingilis alimi Arnold Toynbinin (1889-1975) 2006-cı ildə Moskvada rus dilində çap olunmuş “Sivilizasiya tarixin məhkəməsi qarşısında” adlı kitabında daha geniş şərh edilib. A. Toynbi islam dininin meydana gəldiyi gündən geniş yayılması səbəblərini və islamın başqa dinlərə qarşı dözümlü olduğunu vurğulayaraq yazır: “Yəhudi, xristian və zərdüştlük azlıqlarının İslam dünyasında öz varlığını indiyə qədər qoruya bilməsinin səbəbi Məhəmmədin onlara qismən dözümlü münasibəti olmuşdur; O, Quranda müsəlmanlara göstəriş verirdi ki, islam dövlətinə tabe olan qeyri-müsəlman “Kitab əhli” ilə münasibətdə ola bilərlər. Bundan başqa, islam öz yolu ilə irəlilədikcə, başqa missioner dinlər kimi islamı qəbul edənlərin əvvəlki dinlərinin elementlərini gizlicə qəbul edirdi. Bu halda və başqa hallarda da qəbul etmək kompromislə qiymətləndirilirdi”. Toynbinin yuxarıda irəli sürdüyü fikirdən aydın olur ki, yarandığı vaxtdan başqa dinlərlə, xüsusən, xristian, yəhudi və zərdüştlük dinlərinə qarşı islam dini dözümlülük nümayiş etdirib. Burada A.Toynbi islamın başqa dinlərə qarşı tolerant olmasını Məhəmməd peyğəmbərin özünün bir şəxsiyyət kimi tolerant olması ilə əsaslandırırdı. Başqa dinlərin “İslam dünyasında öz varlığını indiyə qədər qoruya bilməməsinin səbəbi Məhəmmədin onlara qismən dözümlü münasibəti olmuşdur”-deyən A. Toynbinin fikirlərini təhlil etsək, buradan məlum olur ki, islamda tolerantlığın islamın öz mahiyyətindən irəli gəldiyini qeyd etmək əvəzinə, o, dözümlülüyü Məhəmməd peyğəmbərin şəxsiyyəti ilə şərtləndirməyə çalışmışdır. Lakin A.Toynbinin bu fikri ilə bütövlükdə razılaşmaq çətindir. Çünki əvvəla, A.Toynbi tolerantlığın, sülhün islam dininin öz mahiyyətindən irəli gəldiyini inkar etmiş olur.

 

Qeyd edək ki, Qurani-Kərimdə insanlar sülhə çağrılaraq onlara müraciət edilir ki, “Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki sizin açıq-aşkar düşməninizdir!” (Əl-Bəqərə, 208). Deməli, islamın müqəddəs kitabında bütün insanların sülhə çağırılması Allahın buyurduğu kimi irəli sürülmüşdür. Digər tərəfdən A.Toynbi öz əsərlərində Məhəmməd peyğəmbəri islam dininin yaradıcısı, Quranın müəllifi və görkəmli din xadimi kimi xarakterizə etmiş, lakin peyğəmbərimizin -Allahın elçisi olduğu fikrini bütöv şəkildə qeyd etməmişdir ki, bununla da razılaşmaq olmaz. Fəlsəfə elmləri doktoru, professor Y. Rüstəmovun qeyd etdiyinə görə, A. Toynbi isə Məhəmməd peyğəmbəri ilahi mahiyyətdən mərum edir, onu yalnız görkəmli din və dövlət xadimi kimi xarakterizə edir, praqmatik lider hesab edirdi”.

 

İslamda dözümlülüyün prioritet olduğunu göstərən faktlar...

 

İslamın təbliğ edilməsində zor və məcburiyyətin olmaması Quranda aydın şəkildə göstərilib: “Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Tağutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirərsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) biləndir!” (Əl-Bəqərə, 256). Yaxud, Qurani-Kərimin başqa bir surəsində göstərilir ki, “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər...”(Ənam, 108). Göründüyü kimi, burada İslamın digər səmavi dinlərə və dini konfessiyalara dözümlülük münasibəti göstərilir. Yəni buradan aydın olur ki, İslam istənilən əks fikrə qarşı zorakılığı istisna edir, insanlar arasında dözümlülük və sülh münasibətini önə çəkir. Quranda irəli sürülən bu fikirlər islamda dözümlülüyün prioritet olduğunu göstərən ən mühüm faktlardandır.

 

Doğrudur, Məhəmməd peyğəmbərin özünün sülhpərvər və başqa millətlərə qarşı dözümlülük nümayiş etdirməsi haqda xeyli tarixi faktlar vardır. Bu tarixi faktlardan birini şərh edən Şeyxülislam H. A. Paşazadə özünün “Qafqazda islam” adlı kitabında yazmışdır: “Məlumdur ki, islamın erkən çağlarında, müsəlman cəmiyyətinin hüdudları hələ Ərəbistan yarımadası ilə məhdudlaşdığı bir vaxtda, Həzrəti Peyğəmbər qonşu dövlətlərin başçılarına bir sıra xüsusi məktublar göndərmişdi. Belə məktublardan biri Abdallah bin Hüzeyfə əs-Səhmi vasitəsilə Sasani şahına göndərilmişdi”(12,s.46-48). Artıq yuxarıda qeyd etdiyimiz kimi, bu vaxt Qafqazın böyük bir hissəsi Sasanilərin hökmranlığına tabe idi. Həzrəti Peyğəmbərin Sasani şahına göndərdiyi məktubda deyilirdi:

 

“Bismi-l-lahi-r-Rəhman-i-r-Rəhim!

 

Allahın rəsulu Məhəmməddən Fars şahı Xosrova. Salami-sülh o kəsə ki, Hidayət yolunu tutmuşdur və Allaha və Onun rəsuluna iman gətirmişdir və şəhadət etmişdir ki, Vahid Allahdan başqa ilahi yoxdur. Ona şərik olan yoxdur və Məhəmməd Onun bəndəsi və rəsuludur. Səni Əziz və Qadir Allahın dininə çağırıram. Həqiqətən, mən Allahın bütün insanlara rəsuluyam ki, sağ olan hər kəsə öyüd verəm. Kafirlər üçün belə bir söz haqlıdır: özünü (Allaha) təslim et - səlamət qalarsan! Boyun qaçırsan atəşpərəstlərin günahları üçün məsuliyyəti sən daşıyırsan”(13,s.46-48).

 

Bu məktubdan görünür ki, Məhəmməd peyğəmbər çox təmkin və ləyaqətlə Xosrov şahı islam dininə sülh yolu ilə çağırır və islamın əsas prinsipini aydın şəkildə sayğı ilə şərh edir. Bu məktub Peyğəmbərin sülhpərvər olduğunu, islam dininin isə tolerant din olduğunu bir daha təsdiq edir.

 

“Heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik”

 

Azərbaycanda və bütövlükdə Qafqazda yaşayan müxtəlif xalqların tarixən tolerant şəkildə, sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını beynəlxalq simpoziumda vurğulayan ulu öndər H. Əliyev bütövlükdə islam dininin tolerant din olduğunu, eyni zamanda Azərbaycan xalqının başqa dinlərə qarşı dözümlü olduğunu aşağıdakı kimi şərh etmişdir: “Dünyada bir çox böyük dinlər mövcudur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edirik, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar. Dini nöqteyi-nəzərdən ədavət, münaqişə, müharibə yolverilməzdir. Hər halda XX əsrin sonunda və qarşıdan gələn XXI əsrdə dünyada belə hallara son qoyulmalıdır”.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Elvin Əliyev

Zaman.-2015.-3 iyun.-S.13.