“Güman edirəm ki, problemimi çözə
biləcək iş adamları peyda olacaqlar”
QVAMI MƏHƏBBƏTOĞLU,
Bu günlərdə Zaqatalanın tanınmış ziyalısı, yazıçı-publisist, fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin
üzvü, “Qızıl qələm” mükafatı laureatı Həşim İsmayılovun Zaqatalaya həsr olunmuş sayca on dördüncü kitabı nəşr olunub. Kitabda Zaqatalanın otuza yaxın
şəxsiyyəti barədə ətraflı məlumatlar
yer alıb. Həşim müəllimlə
görüşərkən bu uğurlu tədqiqat işinə
görə onu təbrik etməklə yanaşı, bir
neçə sual da ünvanladıq.
- Həşim müəllim, belə
araşdırmalar aparmaq fikrinə nə vaxt
düşmüsünüz?
-
Özümü dərk edəndən
çalışmışam ki, ictimai həyatda fəal olum. Bu fəallığın bir səbəbi də zəhmətkeş
bir ailədən çıxmağım olub. 1949-1953-cü illərdə atam Mingəçevir
şəhərinin salınmasında və su-elektrik
stansiyasının tikintisində iştirak edib. Zaqatalanın ilk maşinisti olmuş atam 1953-cü
ildə işdə qəzaya uğrayıb, bir
ayağını itirdikdən sonra Zaqatalaya qayıdıb.
Dünyaya gözümü açandan atamı əlil
görmüşəm. Atam və
işgüzar bir insan olan anam bizi - 5 övladı
böyüdüb boya-başa çatdırmaq
üçün min bir əziyyətə qatlaşıblar.
Ailənin ilk övladı kimi mənim də
çiynimə ağır yük düşüb. Ali məktəbdə oxuyanda da bu çətinliklər
məni daim izləyib. Bu kimi çətinliklərə
baxmayaraq, fəal tələbə olmuşam (Əla qiymətlərlə
oxuduğuma və ictimai işlərdə fəal
iştirakıma görə dekanımız - görkəmli dilçi, professor Afat
Qurbanovun atama göndərdiyi təşəkkür məktubunu
əziz bir yadigar kimi indi də saxlayıram).
Tələbəlik illərində hər cildinin
çıxmasını səbirsizliklə gözlədiyim
kitablardan biri də Azərbaycan Sovet Ensiklopediyası idi. Onunla tanış
olarkən orada Zaqatala və zaqatalalılar haqqında çox
az, həm də natamam məlumatlara rast gəldim. O zamandan
qarşıma məqsəd qoydum ki, gələcəkdə tədqiqatlarımla
bu sahədəki boşluğu doldurmağa
çalışım. Və elə o vaxtdan belə
məsuliyyətli işlə məşğul olmaq qərarına
gəldim.
- Bu boşluğu doldurmağa nail
oldunuzmu? Bu istiqamətdə hansı nəticələr
əldə etmisiniz? Daha doğrusu, neçə
zaqatalalını öz həmyerlilərinə
tanıtmağa nail olmusunuz?
-
Güman edirəm ki, ötən illər ərzində
yazdığım 14 kitab, 200-dən çox elmi-publisist məqalə,
1 metodik tövsiyə, 3 müraciət həmin
boşluqları doldurmaq istiqamətində müəyyən
rol oynayıb. Onu da deyim ki, indiyədək 10 min
nəfərdən çox zaqatalalının fəaliyyətini
araşdırıb, ictimaiyyətə təqdim etmişəm.
Gələcək illərdə Allahın köməyi ilə
zaqatalalıların daha az
tanıdıqları və ya heç tanımadıqları
onlarla tarixi şəxsiyyəti onlarla görüşdürəcəyəm.
“Lətif
Hüseynzadənin yazdığı rəy xüsusi yer tutur”
- Sizcə, onlardan kimin adının əbədiləşdirilməsinə
daha çox ehtiyac var?
- XIX əsr
Azərbaycan aşıq poeziyasının görkəmli
nümayəndəsi, həmçinin Azərbaycan mühacirət
ədəbiyyatının tanınmış siması aşıq Məhəmmədin.
Onu da deyim ki, bu aşığın nailiyyətlərini
gözü götürməyən bədnam
qonşularımız, əvvəlcə, onun Sibirə
sürgün edilməsinə nail olublar. Təxminən
1865-ci ildə isə Səbətlidə (Gürcüstanın
Bəhmədli ilə yaxın olan kəndi) keçirilən bir
toy məclisində iki şagirdi ilə birlikdə zəhərlənərək
öldürülüblər. Bu mənada o,
Zaqatalanın ilk şəhididir. Qeyd etmək
istərdim ki, 2000-ci ildə rayonumuzun tanınmış folklorçusu,
mərhum Qurban Şabanovla birlikdə “Varxiyanlı aşıq
Məhəmməd - zaqatalalı ustad” adlı kitabımız
çap olunub. Kitabda görkəmli aşığın
106 şeiri verilib ki, bunlardan 65-i ilk dəfə işıq
üzü görüb.
- Hər
şairin yaradıcılığında möhür hesab elədiyi
bir şeiri olur; bəs siz hansı tədqiqat işinizi
möhürünüz hesab edirsiniz?
- 1997-ci
ildə çap olunmuş “Zaqatala” adlı
üçüncü kitabımı tədqiqat işlərimin
möhürü hesab edirəm. Zaqatala haqqında ensiklopedik məlumat verən
bu kitab respublikamızda bu səpkidə çap olunmuş ilk
kitablardan biridir.
- Ümumiyyətlə, belə
yazılar, kitablarınız necə qarşılanır?
-
Çap olunmuş hər yazım, kitabım oxucular tərəfindən
yüksək qiymətləndirilir. Hətta
dövri mətbuatda onlardan ətraflı söz
açılıb. Onların arasında ümummilli
liderimizin müəllimi, filologiya elmləri namizədi, Əməkdar
müəllim, Prezident
təqaüdçüsü Lətif Hüseynzadənin
yazdığı rəy xüsusi yer tutur. Bu
qiymətli rəy-əlyazma şəxsi kitabxanamın ən
qiymətli eksponatıdır.
- Təbii
ki, belə kitabları ərsəyə gətirmək
üçün xarici ölkələrə də səfərlər
etmək lazımdır. Elə isə bu məqsədlə
hansı ölkələrdə olmusunuz?
-
Sözün doğrusu, hələlik, bu məqsədlə
heç bir xarici ölkədə olmamışam. Yəni tədqiqatlarımı ölkə daxilində
aparmışam. Lakin 1997-ci ilin iyulunda Təhsil Nazirliyinin xətti ilə
Türkiyənin Trabzon şəhərində keçirilən
beynəlxalq konfransda iştirak
etmişəm. Bu səfərlə bağlı
təəssüratlarım on ikinci kitabımdakı
“Çırpınırdı Qara dəniz” adlı yazımda
öz əksini tapıb. Sonradan daha bir
neçə beynəlxalq tədbirə dəvət alsam da,
ailə vəziyyətimlə əlaqədar iştirak etmək
mənə nəsib olmayıb.
- Bu işin hansı çətinlikləri
var? Hansı problemlərlə
qarşılaşırsınız?
-
Yaradıcılıq ağır işdir. Yazdığım
hər bir məqalə yuxusuz gecələrin, gərgin
axtarışların nəticəsində meydana gəlib.
Amma bu işdən heç vaxt
usanmamışam. Çünki mən bu
işləri sevə-sevə görürəm. Bu sahədə çətinliklərim isə həmişə
maliyyə məsələləri ilə əlaqədar
yaranır. Məni narahat edən daha bir məsələni
dilə gətirmək istəyirəm. Təhsil naziri
Mikayıl Cabbarov “Ümumtəhsil məktəb şagirdlərinin
mütaliə vərdişlərinin təkmilləşdirilməsi
və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması
ilə bağlı tədbirlər barədə” 16 dekabr
2014-cü il tarixli əmr imzalayıb. Əmrdə problemin həlli məqsədi ilə
ümumtəhsil məktəblərində yaradıcı
insanlarla görüşlərin, kitab müzakirələrinin
keçirilməsi tövsiyə olunur. Təəssüf
ki, bu günə kimi 14 kitabın müəllifi Həşim
İsmayılov belə görüşlərə dəvət
olunmayıb. Nə gizlədim, bu biganəlik
bir yaradıcı insan kimi məni çox pərişan edir.
Zənnimcə, belə görüşlər məni
daha məhsuldar işləməyə vadar edərdi.
“Güman
edirəm ki...”
- Yaxın illərdə həmin tədqiqatlar
əsasında sənədli povest ərsəyə gətirmək
fikriniz varmı?
- “Generalın sorağı ilə” adlı yazımda
söz açdığım general-leytenant Barıyev Ənvər
Rza oğlunun həyat və fəaliyyətini, o cümlədən
ötən əsrin 30-cu illərindən öz
yurd-yuvalarından didərgin salınmış Barıyevlərin
keşməkeşli tarixçələrini daha geniş
işıqlandırmaq niyyətindəyəm. Məlumat
üçün deyim ki, Ənvər bəy Belorusiyanın ilk
fövqəladə hallar naziri olub. Daha
sonra isə fəaliyyətini Belorusiyanın Türkmənistanda
fövqəladə və səlahiyyətli səfiri kimi davam
etdirib.
Mən həm də “Hollandiyanın Milli Qəhrəmanı
- bizim Medo” adlı yazımın qəhrəmanı, əslən
zaqatalalı olan Məmməd Məmmədovun Hollandiyada
yaşayan qızı və nəvəsi ilə
görüşmək niyyətindəyəm. Lakin yenə də deyirəm:
maliyyə imkansızlığım bu kimi işlərə
imkan vermir. Güman edirəm ki, nə vaxtsa bu problemimi
çözə biləcək iş adamları peyda olacaqlar.
- Daha kimləri
oxucularınızın görüşünə gətirmək
niyyətindəsiniz?
- 1862-ci ildə İngiltərənin London şəhərində keçirilmiş ümumdünya sərgisində rayonumuzun sakini Hacı Yusif Şaban oğlunun toxuduğu yun şal qızıl medala layiq görülüb. Bu el sənətkarı ilə bağlı araşdırmalarımı davam etdirirəm. Zaqatalanın ilk dövlət məktəbinin açılış mərasimində çıxışı ilə yaddaşlarda qalmış və hər il sentyabr ayının 26-nı “Bilik günü” kimi qeyd edilməsi təklifi ilə çıxış etmiş pedaqoq Hüseynəli bəy İsmixanov da tədqiqat edəcəklərimin sırasındadır.
Bu yaxınlarda əldə etdiyim bir sənəddə maraqlı bir faktla qarşılaşdım: Baxçasarayda çıxan “Tərcüman” qəzetinin abunəlik kartında 1915-ci il üçün Zaqataladan 1 illik, 6 aylıq, 3 aylıq abunə yazılmaq üçün sifarişlərin verildiyi göstərilir. Bu da mənin gələcək işlərimin sırasında yer alıb. Yeri gəlmişkən, ilk mətbuat orqanımız olan “Əkinçi”nin də rayonumuzda oxucuları olub.
“Onun da
adına tanker olacaq”
- Siz müxtəlif şəxslərə
(BMT-nin baş katibi Kofi Annan, Rusiya Prezidenti Vladimir Putin, ABŞ
Prezidenti Klintona və sairə) məktublar
ünvanlamısınız. Onlardan cavab
almısınızmı?
- Bu məktubların
hər birində Qarabağ problemimiz, Ermənistanın min bir
bəhanə ilə dünya ictimaiyyətini ələ almaq
niyyəti, bu məsələdə ermənipərəst
qüvvələrin “cəfakeşliyi” öz əksini
tapıb. Mən bu məktubları onlara
ünvanlamaqla öz vətəndaşlıq borcumu yerinə
yetirməyə çalışmışam. Lakin nə yazıq ki, həmin şəxslər hələ
də susurlar.
- Bəs “Palmali” şirkətlər qrupunun prezidenti
Mübariz Mənsimova inşa ediləcək gəmilərdən
birinə Azərbaycanın ilk sürücü-mexaniki,
Sosialist Əməyi Qəhrəmanı Sevil Qazıyevanın
adının verilməsi ilə bağlı da müraciət
etmisiniz. Bəs bu barədə nə deyə bilərsiniz?
- Hamı
yaxşı bilir ki, hazırda Türkiyədə
çalışan iş adamı Mübariz Mənsimov
dünya miqyasında Azərbaycanımızın alovlu təbliğatçısıdır.
Onun şirkətinə məxsus gəmilərin, demək olar
ki, 90%-i Azərbaycanın tarixi şəxsiyyətlərinin, bölgələrinin
adlarını daşıyır. Özü də
inşa edilmiş hər bir gəmidə Azərbaycan guşəsi
var. Güman edirəm ki, Mübariz Mənsimov cənabları bu xahişimizə müsbət
yanaşacaq və biz tezliklə “Sevil Qazıyeva” adlı tankerin də dünya okeanlarında
üzməsindən xəbər tutacağıq.
- Ümumiyyətlə, bu kimi işlərdə
sizə daha çox kimlər kömək edirlər? Bəs kitablarınızın nəşrində sizə
kimlər yardımçı olurlar?
- İlk
kitablarımın nəşrində iş adamlarımızdan
müəyyən köməkliklər görmüşəm.
Hazırda isə bu kimi problemləri özüm
həll edirəm.
- Bir də
gənclərin bu sahəyə, yəni belə
araşdırmalara marağı varmı?
- Təəssüf
ki, bu suala müsbət cavab verə bilməyəcəyəm.
- Bəlkə söhbətimizin
mövzusunu bir qədər dəyişək? Bədii
yaradıcılıqla məşğul olursunuzmu?
- Bədii
yaradıcılığa həvəsim var, şeirlər
yazıram. Mənə elə gəlir ki, mən
daha çox elmi-publisistik yazılarımla xalqımıza xidmət
etməliyəm.
-
Taleyinizdən razısınızmı?
- Bir alim,
bir insan kimi özümü xoşbəxt hesab edirəm. Mənim fikrimcə, ən böyük xoşbəxtlik
elinə, obasına xidmət etməkdir. Bu
işlərlə bağlı rayonumuzun hər bir kəndini,
guşəsini bir neçə dəfə
qarış-qarış gəzmişəm, minlərlə
insanla ünsiyyətdə olmuşam. Bu mənada
uluların “hər kənddə, şəhərdə bir ev
tik” kəlamına artıqlaması ilə əməl
etmişəm. İnsan üçün bundan
böyük xoşbəxtlik ola bilərmi? Bu
gün mənim kitablarım ABŞ-da, Almaniyada, Türkiyədə,
Çində, Yaponiyada, Rusiyanın müxtəlif guşələrində
də oxunur. Məgər bu mənim kimi bir
yazar üçün xoşbəxtlik deyilmi? Qazandığım bütün müvəffəqiyyətlərə
görə ailəmə - övladlarıma, həyat yoldaşıma
minnətdaram. Onların dəstəyi
olmasa idi, mənim bu cür uğurlar əldə etməyim
mümkün olmazdı.
Qvami Məhəbbətoğlu
Zaman.-2015.-4 iyun.-S.7.