“Tolerantlıq xalqımız üçün həyat tərzidir”

 

Bir neçə ay öncə ABŞ-ın Nyu-Meksiko ştatının Nümayəndələr Palatasının plenar iclasında Azərbaycanda yaradılmış tolerantlıq mühitini təqdir edən qətnamə qəbul olunanda bu, ölkəmizi sevməyən qüvvələr üçün heç də xoş xəbər olmadı. Amma Azərbaycanı yaxından tanıyanlar, tarixini bilənlər, buradakı millətlərarası münasibətlərdən xəbərdar olanlar buna olduqca normal qarşıladılar. Çünki Azərbaycandakı tolerantlıq mühiti bir çox ölkələr üçün sözün əsl mənasında nümunə sayıla bilər. Məlumat üçün bildirək ki, sözügedən ştatın Nümayəndələr Palatası tərəfindən yekdilliklə qəbul edilən qətnamədə Azərbaycanın tarixi tolerantlıq ənənələrinə toxunularaq, ölkəmizdə qədim zamanlardan müxtəlif dinlərin nümayəndələrinin, o cümlədən müsəlmanların, yəhudilərin və xristianların sülh və əmin-amanlıq şəraitində birgə yaşadıqları bildirilir.

 

 

Sənəddə xüsusi vurğulanır ki, hazırda dünyanın müxtəlif bölgələrində dini radikalizm, terrorçuluq, dözümsüzlük və ksenofobiya kimi halların artdığı bir dövrdə Azərbaycan özünəməxsus tolerantlıq təcrübəsi ilə beynəlxalq ictimaiyyət üçün uğurlu bir tolerantlıq modeli təşkil edir. Eyni zamanda Azərbaycan rəhbərliyinin ölkədə belə mütərəqqi mühitin inkişaf etdirilməsində böyük rol oynadığı, bu prosesləri müxtəlif vasitələrlə dəstəklədiyi də sənəddə öz əksini tapıb.

 

Bildirək ki, bu qətnamə ABŞ-da ştatlar səviyyəsində Azərbaycanın tolerantlıq ənənələrinə dair qəbul olunan ikinci sənəddir. İlk belə sənəd bu il fevralın 23-də Nyu-Meksiko ştatı Senatında qəbul olunub.

 

“Azərbaycan sübut edir ki,

 

multikulturalizm yaşayır”

 

Prezident İlham Əliyevin təbirincə desək, Azərbaycan dünyaya dini tolerantlıq, millətlərarası münasibətlərin inkişafı modelini nümayiş etdirir. Dinlərarası dialoq daha da gücləndirilir. Bu gün ölkəmizdə tarixi, dini abidələrə xüsusi diqqət göstərilir, məscidlər, kilsələr, sinaqoqlar təmir edilir, yenidən qurulur. Heydər Əliyev Fondu da bu işə öz töhfəsini verir. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir: “Təəssüf ki, belə fikirlər də var ki, bəzi ölkələrdə multikulturalizm iflasa uğramış, özünü doğrultmamışdır. Bunlar çox narahatlıq doğuran bəyanatlar, tendensiyalardır. Əgər bu həqiqətən belədirsə, onda bu ciddi müzakirə mövzusudur. Azərbaycanda isə belə hesab edirəm ki, biz öz siyasətimizlə də, cəmiyyətin durumu ilə də sübut edirik ki, elə deyil, multikulturalizm yaşayır. O, yaşayır, möhkəmlənir, dərin köklərə malikdir və gələcəkdə bəşəriyyətin inkişafının yeganə yoludur. Ona görə ki, qloballaşma dövründə, informasiya mübadiləsinin və bütövlükdə inteqrasiya proseslərinin fəallaşdığı bir vaxtda özünütəcrid ilə məşğul olmaq sadəcə məhvə məhkumdur. Dünya ölkələrinin əksəriyyəti multimədəni ölkələrdir. Bu ölkələrdə müxtəlif xalqların və müxtəlif dinlərin nümayəndələri əsrlər boyu yaşayırlar. Müxtəlif dinlərin nümayəndələri arasında dostluq və qardaşlıq münasibətləri bütün ölkələrin gələcək inkişafının əsasıdır. Ölkəmizdə müsəlmanların, pravoslavların, katoliklərin və yəhudilərin bütün tədbirlərində, bütün bayramlarında bütün konfessiyaların rəhbərləri həmişə bir yerdə, bir masa arxasında olur. Zənnimcə, bu da ölkəmizin qiymətli sərvətlərindən biridir”.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da ölkəmizdə tolerantlığın dövlət səviyyəsində dəstəkləndiyini dəfələrlə keçirilən tədbirlərdə vurğulamışdır: “Azərbaycanda - bu qədim torpaqda həmişə müxtəlif millətlərə, mədəniyyət və ənənələrə məxsus insanlar yaşamışlar. Onların hər biri öz töhfəsini vermiş və tarixdə öz izini qoymuşdur. Bu gün ölkəmizdə xristianlar, müsəlmanlar və yəhudilər sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Tolerantlıq anlayışı xalqımız üçün hər hansı nailiyyət deyildir: bu, normadır, bu, həyat tərzidir, biz heç vaxt başqa cür yaşamamışıq. Tolerantlıq, qonaqpərvərlik, dözümlülük ənənələri xalqımız tərəfindən qayğı ilə qorunub saxlanılır, daha doğrusu, bu, Azərbaycan xalqının ən böyük sərvətidir. Azərbaycan beynəlxalq dialoqu, mədəni dialoqu dəstəkləyir”.

 

“Prezident İlham Əliyev ölkədə

 

tolerantlığın və dini etiqad azadlığının təminatçısıdır”

 

Bu yaxınlarda Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ISESCO ilə birgə bu təşkilatın Mərakeşin paytaxtı Rabat şəhərindəki iqamətgahında “Müsəlman dünyasında dinlərarası dialoq və mədəniyyətlərarası anlaşmanın təşviqi modelləri” mövzusunda konfrans təşkil etdi. Tədbirdə tolerantlığın dünyamız üçün əhəmiyyəti vurğulanmaqla yanaşı, Azərbaycanın ona verdiyi önəm də gözlər önünə gətirildi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün mütərəqqi dünyanın başlıca demokratik dəyərlərdən biri kimi təbliğ etdiyi tolerantlığın Azərbaycan xalqının əsrlər boyu formalaşan və bir çoxları üçün örnək olan xarakterik xüsusiyyəti olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan ərazisində bütün etnik və dini qrupların mehriban bir ailə kimi yaşamasında, onların sülh və əmin-amanlıq şəraitində istər ölkəmizin, istərsə də regionun inkişafı üçün çalışmasında, ümumiyyətlə, bu böyük nailiyyətin əldə edilməsində və nəsildən-nəslə ötürülməsində ölkəmizin aparıcı dini olan İslam dininin böyük rolu olub. Ancaq təəssüf ki, son zamanlar dünyanın müxtəlif regionlarındakı müsəlmanları ekstremist, təməlçi, tolerantlıq prinsiplərini tapdalayan insanlar kimi göstərməyə çalışan bəzi qüvvələr var. Belələrinə və İslamın humanizmdən uzaq din kimi qələmə vermə hallarına bəzi Qərb ölkələrində tez-tez rast gəlinir. Belə münasibəti İslam dininə, bütün müsəlman dünyasına və onun tərkib hissəsi kimi Azərbaycan xalqına qarşı ən azı ədalətsizlik hesab etmək olar. G. İsmayılov vurğulayıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılmış, bu sahə dövlət nəzarəti altına keçirilmişdir: “Ölkəmizdəki dini dözümlülük, ümumiyyətlə tolerantlıq mühiti Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətinə uyğun olaraq daha da möhkəmlənmiş, bu sahədə dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyevin alternativsiz siyasi xəttini uğurla və uzaqgörənliklə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə tolerantlığın və dini etiqad azadlığının təminatçısıdır. Bu gün Azərbaycanda İslam dini ilə bağlı tarixi abidələr, məscid və ziyarətgahlarla bərabər, xristian və yəhudi məbədlərinin tikintisi və bərpası bütün dünyaya nümunə göstərilə biləcək həqiqətdir”.

 

Konfransda qeyd olunub ki, Azərbaycan hökumətinin əsas məqsədlərindən biri tarixən ölkəmizdə formalaşmış və xalqımızın xarakterik xüsusiyyətinə çevrilmiş tolerantlıq ənənələrini daha da inkişaf etdirmək, həmçinin, tolerantlığı və dinlərarası dialoqu beynəlxalq aləmdə təşviq etməkdir: “Bu sahədə Azərbaycanın təcrübəsinin dünya miqyasında öyrənilməsi və tətbiq edilməsinin zəruriliyi beynəlxalq təşkilatlar, nüfuzlu din xadimləri və diplomatlar səviyyəsində etiraf olunan həqiqətdir. Hətta bu təcrübənin öyrənilməsi və tətbiq olunması istiqamətində konkret təkliflər verən və gərəkli addımlar atan beynəlxalq qurumlar və tanınmış din xadimləri də var. Bu baxımdan ölkəmiz, Azərbaycanın təcrübəsinin yayılmasında beynəlxalq təşkilatlar, o cümlədən ISESCO ilə sıx əməkdaşlıq edə bilər”.

 

“Azərbaycan hətta kommunist dövründə belə dini tolerantlığı qoruyub saxlamağı bacarmışdı”

 

İtaliyanin məşhur “Capitolino Flash” (”Paytaxtın İşığı”) adlı qəzetində dərc olunan məqalədə də Azərbaycanın tolerantlığa verilən dəyərdən bəhs edilib. “Azərbaycan - Mədəniyyət və Dinlərarası Tolerantlıq Nümunəsi” adlı məqalədə Azərbaycan dünyanın ən tolerant dövləti və dinlərarası mədəniyyətin dünya üçün böyük bir nümunə ola biləcək modeli kimi təsvir olunub. Məqalədə qeyd edilir ki, Azərbaycan hətta kommunist dövründə belə dini tolerantlığı qoruyub saxlamağı bacarmışdı: “Digər bir maraqlı fakt da odur ki, Böyük Vətən Müharibəsində həlak olan azərbaycanlıların dinindən asılı olmayaraq hər biri ehtiramla yad edilir. Bu, çox unkial bir tolerantlıq mədəniyyətinin bariz nümunəsidir”. Yazıda vurğulanır ki, Azərbaycan bütün dünyaya müsəlman dövləti olaraq böyük örnək göstərərək multikulturalizmin əsasını qoyub: “Bu Azərbaycan modeli dünyada olan bütün dövlətlərə və dinlərə tolerantlıq nümunəsi olaraq göstərilir”.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

Nicat İntiqam

 

Zaman.-2015.-9 iyun.-S.13.