Sənət beşiyi
Lahıc və lahiclar
Dağlar qoynunda yerləşən
İsmayıllı rayonunun 109 yaşayış məntəqəsi
var. Onlardan biri şəhər (İsmayıllı), ikisi
şəhər tipli qəsəbə (Lahıc, Basqal), yüz
altısı isə kənddir.
Rayon ərazisində
müxtəlif azsaylı xalqların, etnik qrupların nümayəndələri
- ləzgilər, ruslar (malakanlar), ukraynalılar, yəhudilər,
lahıclar, qədim albanların nəslindən olan
hapıtlar yaşayırlar. Məşhur olan
İvanovka kəndində vaxtilə Rusiyadan bu diyara köçüb
gəlmiş malakanlar nəslinin davamçıları da bu
yeri özlərinə doğma torpaq sayırlar. Bu xalqlar əsrlərdir ki, mehriban şəraitdə
yaşayırlar. Bu yerlərin sakinləri
- əməksevər insanlar öz qədim ənənələrini
və mədəniyyətlərini qoruyub saxlayıblar.
Girdimançayın sahilində, dəniz səviyyəsindən
1200 metr yüksəklikdə yerləşən Lahıc qəsəbəsi
nəinki ölkəmizdə, eləcə də dünyada məşhurdur. Dağlar
qoynundakı bu yaşayış məskəni ölkəmizin
qədim sənətkarlıq mərkəzlərindən biri
kimi tanınır. Burada misdən döymə
üsulu ilə hazırlanan silahlar və qablar Lahıcı məşhurlaşdırıb.
Uzun illər yerli ustaların düzəltdikləri
qablar və silahlar bütün Qafqazda və yaxın Şərqdə
çox həvəslə alınıb. Lahıc
bu gün də çoxsaylı sənət ocağı kimi
inkişaf edir və yaşayır. Tolerantlığın
ən gözəl mərkəzlərindən olan Lahıc bu
günlər turistlər üçün ən gəzməli
və görməli yerlərdən biri hesab olunur.
Lahıc
Namazgah bulağından başlanır
Namazgah bulağının ətirli, dodaq donduran suyu yayda
şəhərin ürək təntidən istisindən
baş görüb bu dağlara gələnlərin canına
məlhəmdir. Bir qurtumu adamın canındakı
ağrı-acını, göynərtini dağıdır,
qollarına qüvvət, gözlərinə işıq verir.
Bulağın üstü qonaqla dolu idi. Lahıca gedənlər
bulağı suyundan içir, əl-üzlərini yuyur sərinləyirdilər.
Şəhərə doğru gedənlər isə
qablarını bulaq suyu ilə doldurub maşına
yığırdılar.
Kənara çəkilib növbə gözləməli
olduq. Geri dönüb üzbəüz dağlara
baxdıq. Girdimançayın
yatağından dağların sinəsi ilə üzü
yuxarılara dolama-dolama qalxan yollar cığırlar kimi
görünürdü. Vaxtı ilə
Lahıcın yolu da bu yerlərdən keçib. Bəzi döngələrdə daşlardan
hörülmüş yerlər indi də durur. Bir
anlığı bu təhlükəli yolda qış gecəsində
yüklü qatırla yol gedən soydaşımızı
göz önünənə gətirirəm: bədənimiz
üçüyür.
Tariximizi neçə-neçə səhifəsini sinəsində
yaşadan, bulaqların suyunu çəkib arana aparan Girdiman
çayının yatağına baxırıq. Çayın
yatağında sal daşlar ağara-ağara qalıb...
Ovuclarımızı qoşalayıb bulağın
gözünə tutduk. Sərin sudan doyunca içdik. Qəlbimizdən
bu sözlər qopdu: - Suyun həmişə gur olsun, Namazgah
bulağı!
Alim
sözü...
Professor
Nizami Cəfərov
yazır: “Məlumdur ki, bütün xalqlar kimi, Azərbaycan
xalqı da müxtəlif soy birləşmələrindən
- həm yerli, həm də bu əraziyə gəlmiş, yaxud
zorla köçürülmüş tayfaların, etnik qrupların getdikcə
bir-birinə yaxınlaşması, qovuşub qarışması
nəticəsində təşəkkül
tapmışdır. Türk etnosunun qədimliyi
və üstünlüyü nəticəsində Azərbaycan
dili ümumxalq danışıq, ünsiyyət, mədəniyyət,
tərəqqiş dili kimi formalaşmışdır. Azərbaycan
torpağının ululuğu, müqəddəsliyi,
şirinliyidir ki, o neçə-neçə milli-etnik mənşəli
insanlar olmuş, onların ( ruslar, yəhudilər,gürcülər,
tatarlar,ləzgilər, avarlar, saxurlar, talışlar, tatlar və
b.) yüzilliklər keçsə belə, dillərini, adət-ənənələrinin
qorunub saxlanmasına imkan vermişdir. Lahıclar
da bu qəbildəndir”.
Vaxtilə
Lahıcda 127 növ sənət inkişaf etdirilib
Dağların əhatəsində yerləşən
Lahıc çoxsaylı təbii fəlakətlərə məruz
qalıb, böyük çətinliklər görüb, lakin
öz varlığını, özünəməxsusluğunu
qoruyub saxlayıb. Tarixçilərimiz yazırlar ki, Lahıc yeni
Alban sülaləsinin əsasını qoymuş Mehran tərəfindən
VI əsrin axırları, VII əsrin əvvəllərində
tikilib. Allah Manaf müəllimə rəhmət eləsin! Bu
torpağın yetirməsi olan gözəl
yazıçı-alim Manaf Süleymanov “Azərbaycan
diyarı: Lahıc (etnoqrafik bədii lövhələr”) əsərində
yazır: “XIX əsrin ortalarında Lahıcda 200-dən
çox sənətkarlıq emalatxanası olmuşdur.
Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli
tapançalar) və soyuq (xəncər, behbud, qılınc,
bıçaq və s. ) silahları da
yüksək sənətkarlıqla düzəltmişlər.
Bu silahlar ornamentlərlə bəzədilir,
onlara sənətkarların möhürü vurulurdu. XIX əsrin birinci yarısında Lahıc
ustalarının təcrübəsindən Rusiyanın
İjevsk silah zavodunda istifadə edilmişdi.
Ümumiyyətlə, Lahıcda 127 növ sənət
(dabbaqlıq, çəkməçilik,
papaqçılıq, sərraclıq, dəmirçilik, həkkaklıq,
qalayçılıq, dulusçuluq, dərzilik,
xalçaçılıq, bənnalıq və s.) inkişaf
etmişdi.
Bir sözlə, Azərbaycanda metal və xalq sənətkarlığının
inkişafında Lahıcın xüsusi yeri vardır. Bu ərazi həm də tarixi abidələrlə zəngindir.
Ona görə də Lahıc muzey-qoruğa
çevrilmişdir”.
Bazar
meydanı Lahıcın baş qapısı sayılır
Lahıca həm ticarət-həm ziyarət
üçün gələnlər burada qarşılanır,
buradan da yola salınırlar. Qəsəbənin mərkəzi
küçəsi də elə bu meydandan baş alıb gedir.
Buna görə də Bazar meydanı çox vaxt
gur, səs-küylü olur. İsmayıllı
rayonundakı Lahıc Tarix-Mədəniyyət Qoruğu 1980-ci
ildə təşkil olunub. Qərara əsasən
qoruğun ərazisi 80 hektar müəyyən edilib. Bu
illər ərzində Lahıcda onun problemlərinin həlli
istiqamətində çox iş
görülüb. Lakin həlli vacib məsələlər
bu gün də var. Qoruq təşkil olunanda tarixi abidələrin
sayı 64 olub. Hazırda onların sayı
100-dən çoxdur. Əsas abidələr 5 məscid,
5 hamam, 2 körpü, 1 su dəyirmanı, 12 asma bulaq və XV əsrə
aid daş kanallizasiyadan (kürəbənddən) ibarətdir.
Qalanlar isə yaşayış evləri, kitabələr,
sərdabələrdir. Onda məscidlər
də pis vəziyyətdə olub. Məscidlərdən
ikisi layiqincə təmir olunaraq istifadəyə verilib. Amma bu gün də qəsəbədə bir
çox abidə və küçələrin təmirə
ehtiyacı var.
Bu yurda
istər hər tərəfin çağladığı,
yaşıl dona büründüyü
günlərdə gəl, istərsə də xəzanında,
yaxud ağ örpəyə büründüyü vaxtda -
Lahıcdan xoş xatirələrlə ayrılacaqsan.
Çünki qədim mədəniyyət mərkəzi olan
bu qəsəbədə həmişə gəzib-görməli,
görüb-götürməli və yaxşı istirahət
etməli ünvan az deyil. Təbiətin
heyranedici guşələri ilə yanaşı, əsrləri
arxada qoymuş tarixi-mədəni abidələr, daş
döşənmiş küçələr, dəmirçi
və misgər emalatxanalarından gələn çəkic səsləri
qonaqlara unudulmaz anlar yaşadır. Sərhədi
artıq Lahıca qovuşmuş Girdiman çayının
haçansa bu yerdə gözəl bir şəhəri yuyub
apararaq nağıla çevirməsi haqda ağsaqqalların
söylədikləri rəvayəti ilk dəfə eşidənlərin
qəlbində isə təəssüf hissi baş
qaldırır.
“Lahıcı
müasir turizm mərkəzinə çevirə bilsək...”
Özünəməxsus memarlıq üslubu və adət-ənənəsi
olan “dağların daş nağılı” - Lahıcın məhəllələrini
gəzib-dolaşdıqca onun qonaqpərvər
insanlarının şücaətinə, doğma yurda sevgisinə
heyran olursan.
Son illər respublikamıza gələn qonaq və turistlərin
bir çoxu bu yurdu görməyə can atır. Bu gün Lahıcın tanıdılması, təbliği
və sosial-iqtisadi inkişafının yüksəldilməsində
dövlət qurumları ilə yanaşı, özəl
“Lahıctur” Turizm İnformasiya Mərkəzi də əhəmiyyətli
işlər görür. Qurumun təsisçisi
və rəhbəri Dadaş Əliyevdir. O, Lahıc qəsəbə
orta məktəbinin müəllimidir. Dadaş
müəllimlə söhbətimiz də əsasən
Lahıcın bugünkü durumu, qəsəbənin
inkişafına kömək edə biləcək məsələlər
və yerin turizm imkanları barədə oldu.
Dadaş
müəllim bu barədə dedi: - Lahıcın zəngin mədəniyyəti
və təbii qaynaqları var. Vaxtilə sənətkarlarımızın
şöhrəti dünyaya yayılıb. Bu gün də
respublikamızda, hətta bəzi xarici ölkələrdə
insanlar buraya can atırlar. Lahıcın yayı
sərin, qışı mülayim keçir. Günəşli günlərin sayı 300-dən
çoxdur. Saydıqlarımız sübut
edir ki, Lahıcın yaxşı turizm imkanları var. Bu isə
həm qəsəbənin problemlərini aradan
qaldırmağa, həm də sakinlərin gün-güzəranının
yaxşılaşmasına kömək edə bilər. Deməli, Lahıcın sosial-iqtisadi inkişafı
üçün imkanlar mövcuddur, qalır onu
reallaşdırmaq. Düşüncəmə
görə, bu istiqamətdə əsas işlərdən biri
Lahıcı təbliğ etmək, sərmayəçiləri
buraya cəlb etmək, turist axınını gücləndirməkdir.
Turizm İnformasiya Mərkəzini qurmaqda məqsədimiz
də bu işə kömək etmək olub. Qonaqlarımız həmişə əsasən
yoldan şikayət edirdilər. Şükürlər
olsun ki, artıq bu problem öz həllini tapmaqdadır. Əgər Lahıcı müasir turizm mərkəzinə
çevirə bilsək, yerli əhalinin
dolanışığı da yaxşılaşar, sənətkarlıq
daha da inkişaf edər. Bir sözlə, qədim
Lahıc yenidən çiçəklənər.
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi
əsasında səhifəni hazırladı: Səməd Məlikzadə
Zaman.-2015.-11 iyun.-S.13.