Milli azlıqların hüquq və azadlıqlarının
qanunvericilikdə təsbiti
Əvvəli
ötən sayımızda
Hər hansı bir irqi qrupu əsarət altında saxlamaq üçün digər irqi qrup tərəfindən üstünlüyü təşkil və təmin etmək məqsədilə: irqi qrupa və ya qruplara mənsub olan şəxslərin yaşamaq və azadlıq hüquqlarını inkar etmə, yaxud özbaşınalıqla həbs və qanunsuz olaraq azadlıqdan məhrum etmə; irqi qrupun və ya qrupların, bütövlükdə və ya qismən, fıziki məhvi ilə nəticələnə biləcək yaşayış şəraiti yaratma, irqi qrupun və ya qrupların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında iştirakının qarşısını almaq, habelə qrupa və ya qruplara mənsub olan şəxslərin işləmək, həmkarlar təşkilatlarını yaratmaq, təhsil almaq, ölkədən getmək və ölkəyə qayıtmaq, vətəndaşlıq, hərəkət etmək və yaşayış yerini seçmək, fıkir və söz azadlığı, toplaşmaq və birləşmək hüquqları daxil olmaqla əsas insan hüquq və azadlıqlarını inkar etməklə tam inkişafın qarşısını almaq məqsədilə hər hansı qanunverici və digər tədbiri həyata keçirmə Cinayət Məcəlləsinin 111-ci maddəsi ilə məsuliyyətə səbəb olur və on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 154-cü maddəsi insan və vətəndaşların Konstitusiyada təsbit olunmuş bərabərlik hüququnu pozmaya görə məsuliyyət müəyyən edir. CM-nin 154-cü maddəsinə əsasən, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olaraq şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozma - minimum əmək haqqı məbləğinin yüz mislindən beş yüz mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Məhkəmə irqindən, milliyyətindən,
dinindən, dilindən asılı olmayaraq bütün şəxslərə eyni cür yanaşır
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 11 - ci maddəsinə əsasən, Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. Cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən.şəxslərdən hər hansı birinə vətəndaşlıq, sosial, cinsi, irqi, milli, siyasi və dini mənsubiyyətindən, dilindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, yaşayış yerindən və olduğu yerdən asılı olmayaraq və qanunla əsaslandırılmamış digər mülahizələrə görə üstünlük vermir. Cinayət Prosessual Məcəlləsinin 26-cı maddəsinə əsasən, Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq ərazinin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. Qanuna əsasən, cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının aşağıdakı hüquqlarını təmin etməlidir: cinayət prosesi iştirakçılarına öz ana dilindən istifadə etmək hüququnu izah etmək; ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. Cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Mülki Prosessual Məcəlləsinin 11- ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində - Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. Qanuna əsasən, işdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət qaldırmaq, ana dilində şikayət etmək, həmçinin Mülki Prosessual Məcəlləyə uyğun olaraq pulsuz tərcüməçi xidmətindən istifadə etmək hüququ izah və təmin olunur. Məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsi hamının qanun qarşısında bərabərliyi prinsipini təsbit edir. Belə ki, inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər və inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxslər mülkiyyət formasından, olduqları yerdən, təşkilati-hüquqi formalarından və tabeçiliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb olunurlar.
Milli
azlıqların hüquq və azadlıqlarının
qorunması dövlət siyasətinin əsas
istiqamətini təşkil edir
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2-ci maddəsinə əsasən, nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması qadağandır. Azərbaycan Respublikasının ərazisində milli azlıq, azsaylı xalq, etnik qrupların yaşadığını, onların sərbəst inkişafı üçün əlverişli şərait yaratmaq, respublikada millətlər arası münasibətləri daha da təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti 16 sentyabr 1992-ci il tarixdə “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqında” Fərman imzalamışdır. Fərmanda Azərbaycan Respublikasının Prezidentinin İcra Aparatına, Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının nazirliklərinə və idarələrinə, yerli icra hakimiyyəti başçılarına aşağıdakı istiqamətlərdə dövlət yardımının və hökumət siyasətinin həyata keçirilməsi bir vəzifə kimi tapşırılmışdır: milli azlıq, azsaylı xalq və etnik qrupların mədəni, dil və dini özgürlüyünün qorunub saxlanılması, inkişaf etdirilməsi; milli ənənə və adətlərə əməl, dini mərasim və ayinlərin tam azad icra edilməsi, ibadət yerlərinin qorunub saxlanılması, onlardan istifadə olunması; milli sənətkarlığın, peşəkarlıq, özfəaliyyət yaradıcılığı və xalq sənətlərinin sərbəst inkişaf etdirilməsi; bütün millətlərin tarix və mədəniyyət abidələrinin qorunması; əhali üçün əhəmiyyəti olan yerlər, qoruqlar, parklar və digər təbiət obyektlərinin mühafizə olunub saxlanılması. Göründüyü kimi, Azərbaycan Respublikasında milli azlıqların hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsas istiqamətini təşkil edir.
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifə ni hazırladı:
Xəyalə
Sadıqova
Zaman.-2015.-25 iyun.-S.6.