Tanınmışlar
tolerantlığın Azərbaycan modeli haqqında...
Azərbaycanda tolerantlıq ənənəsi sonradan
formalaşmayıb, tarix boyu ölkəmizdə qüvvədə
olub, xalqımızın həyat tərzinə çevrilib. Bunu tarixi
faktlar, sənədlər, ölkəmizdə başqa
xalqların nümayəndələrinə olan hörmət,
rəğbət, dəstək hissi də ortaya qoyur.
Ölkəmizdə
tolerantlıq mövzusu həmişə aktual olub, bundan sonra
da olacaq. Elə bunu ölkəmizdə
tanınmış siyasətçilərin, elm xadimlərinin,
dövlət rəsmilərinin bu mövzuda verdikləri
açıqlamalar da təsdiq edir. Tolerantlıq
mövzusunda verilən həmin açıqlamalardan bəzilərini
oxucularımıza təqdim edirik...
Ulu
öndər Heydər Əliyev: “Dünyada bir çox
böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus
yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edərək,
eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi
münasibət göstərməmişik, düşmənçilik
etməmişik, ədavət aparmamışıq və
heç bir başqa xalqı da öz dinimizə itaət etməyə
məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə
dözümlülük, başqa dinlərlə yanaşı
və qarşılıqlı anlaşma şəraitində
yaşamaq islam dəyərlərinin
xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda
da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda
islam dini ilə yanaşı xristian dini də,
yəhudi dini də əsrlər boyu yaşayıb və indi də
yaşayır. Qafqazda da bu mənzərə var.
Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə
mənsubluğundan asılı olmayaraq, bütün başqa
mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə
də hörmət etməli, o dinlərin bəzən kiməsə
xoş gəlməyən adət-ənənələrinə
dözümlü olmalıdırlar”.
Azərbaycan
Prezidenti İlham Əliyev: “Müsəlman
dünyasının ilk operası, ilk baleti, ilk teatrı Azərbaycanda
yaradılmışdır və biz bununla fəxr edirik. Azərbaycan hər zaman dinlərarası birgəyaşayış,
multikulturalizm, etnik və dini müxtəliflik məkanı
olub. Bu, hər zaman özünəməxsusluğumuzun
tərkib hissəsi olub. Müstəqillik
illərində isə dünyanın ehtiyac duyduğu bu
müsbət trendlər daha da güclənmişdir və mən
bununla fəxr edirəm. Azərbaycan cəmiyyəti
multikultural cəmiyyətdir. Bunlar
hamısı bizim həyatımızın və siyasətimizin
tərkib hissəsidir. Azərbaycan
sivilizasiyaların, mədəniyyətlərin və dinlərin
kəsişməsində yerləşir. Biz
Avropa və Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə
Azərbaycanın mədəni müxtəlifliyində öz
rolunu oynamışdır. Əsrlər
boyu bütün mədəniyyətlər, dinlər və
etnik qrupların nümayəndələri Azərbaycanda
sülh və ləyaqət şəraitində bir ailə
kimi yaşamışlar. Biz fəxr edirik
ki, bu müsbət meyillər müstəqillik illərində
daha da güclənmişdir. Bizim tarixi abidələrə
nəzər salmaq yetər ki, Azərbaycanın mədəni
müxtəlifliyi aydın görünsün. Biz tarixi və mədəni irsimizlə fəxr
edirik. Pravoslav və katolik kilsələr,
sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni
irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik.
Bu gün Azərbaycanda bütün dinlərin və
etnik qrupların nümayəndələri yaşayır və
ölkəmizin uğurlu inkişafına öz töhfələrini
verirlər. Düşünürəm ki,
bu, bizim ən böyük sərvətlərimizdəndir.
Biz bundan qürur duyuruq və multikulturializm dəyərlərinin,
sülh, əməkdaşlıq və
qarşılıqlı anlaşmanın təşviqi
üçün müxtəlif beynəlxalq tədbirlər
keçiririk. Hesab edirəm ki, müsbət
meyillərin güclənməsi üçün dünyada
belə tədbirlərə, açıq müzakirələrə
və fikir mübadiləsinə ehtiyac var”.
“Azərbaycanda etnik-mədəni müxtəlifliyin,
multikultural, tolerant mühitin qorunması və təşviqi
dövlət siyasətinin başlıca istiqamətlərindən
biridir. Ölkəmizdə dövlət-din münasibətləri
zəngin milli-tarixi ənənəyə əsaslanır və
beynəlxalq hüquqi normalarla tənzimlənir. Biz bu təcrübəni həyata keçirdiyimiz din
siyasətinin uğurlu təminatı kimi qəbul edir və
mövcud ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin,
nümunəvi dözümlülük mühitinin vacib amili
kimi dəyərləndiririk. Razılıq
hissi ilə qeyd etmək istərdim ki, bu gün dünyada
tolerantlıq örnəyi kimi tanınan Azərbaycan
sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin
təmin olunması istiqamətində ardıcıl olaraq zəruri
təşəbbüs və çağırışlarla
çıxış edir. Son illər ölkəmizdə
beynəlxalq humanitar forumların, dünya dini liderlərinin
sammitlərinin keçirilməsi, Beynəlxalq Tolerantlıq
Gününün böyük məmnuniyyət hissi ilə
ayrı-ayrı konfessiyaların nümayəndələrinin
iştirakı ilə qeyd olunması, bəşəriyyəti
narahat edən qlobal problemlər ətrafında birgə
müzakirələrin aparılması bunun bariz nümunəsidir.
Bu gün bir sıra ölkələrdə şahidi
olduğumuz mürəkkəb etno-siyasi proseslər, dinin siyasi
ambisiyalara alət edilməsi cəhdləri, radikalizm və ekstremizmin
artması göstərir ki, sülh və əmin-amanlıq
axtarışında olan dünyamızda multikulturalizmin
alternativi olmadığı kimi, müxtəlif dinlər və
məzhəblər arasında dostluq və
dözümlülük münasibətlərinin də
alternativi yoxdur”
Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri Mehriban Əliyeva: “Azərbaycan Böyük İpək
Yolu üzərində yerləşən ölkə kimi tarix
boyu yüksək tolerantlıq mühitini
yaratmışdır. Bu, həm mədəniyyətimizdə,
həm də cəmiyyətimizdə dərin iz qoymuşdur.
Indi də bizim cəmiyyətdə belə bir
tolerantlıqab-havası hökm sürür. Bakı unikal şəhərdir. Artıq
uzun müddətdir ki, burada müsəlman məscidi və atəşpərəst
məbədi, katolok kilsəsi və sinaqoq, pravoslav məbədi
və kirxa yanaşı mövcuddur. Onların
coğrafi yaxınlığı faktı belə, yüksək
tolerantlıq şəraitində birgə fəaliyyətin
mümkünlüyünü nümayiş etdirir və hər
bir dinin əsas dəyərlərinin ümumbəşəri
dəyərlərlə üst-üstə
düşdüyünü təsdiq edir”.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva: “Azərbaycanda -
bu qədim torpaqda həmişə müxtəlif millətlərə,
mədəniyyət və ənənələrə məxsus
insanlar yaşamışlar. Onların hər
biri öz töhfəsini vermiş və tarixdə öz izini
qoymuşdur. Bu gün ölkəmizdə
xristianlar, müsəlmanlar və yəhudilər sülh və
əmin-amanlıq şəraitində yaşayırlar.
Tolerantlıq anlayışı xalqımız
üçün hər hansı nailiyyət deyildir: bu,
normadır, bu, həyat tərzidir, biz heç vaxt başqa
cür yaşamamışıq. Tolerantlıq,
qonaqpərvərlik, dözümlülük ənənələri
xalqımız tərəfindən qayğı ilə qorunub
saxlanılır, daha doğrusu, bu, Azərbaycan xalqının
ən böyük sərvətidir. Azərbaycan
beynəlxalq dialoqu, mədəni dialoqu dəstəkləyir”.
Ombudsman
Elmira Süleymanova: “Azərbaycan indi bütün dünyada, həm
də tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə
tolerantlığın qorunub saxlanılması istiqamətində
həyata keçirdiyi tədbirlər Azərbaycanı
müxtəlif milli və mədəni dəyərlərin
qovuşma müstəvisinə çevirib. Bu gün Azərbaycan dünyanın nadir ölkələrindəndir
ki, burada ayrı-ayrı millətlərin, xalqların, dinlərin
nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli
dözümlülük, tolerantlıq yüksək səviyyəddir
və tarixən formalaşan bu tolerantlıq Azərbaycan cəmiyyətini
səciyyələndirən gözəl bir ənənəyə
çevrilib. Dini-mənəvi dəyərlərə
həssas münasibət, müxtəlif dinlərə və
sivilizasiyalara hörmət demokratik Azərbaycan cəmiyyətinin
mənəvi əsaslarını təşkil edir. Prezident İlham Əliyev dövlət
başçısı kimi fəaliyyətinin elə ilk
dövründən dini-mənəvi dəyərlərin,
maddi-mədəniyyət abidələrinin bərpası və
təmiri ilə bağlı ardıcıl tədbirlər görməyə
başladı, qədim dini ocaqlar, müqəddəs yerlər
yenidən quruldu, onların bərpası istiqamətində
mühüm işlər görüldü. Ulu öndər
Heydər Əliyevin başlanğıc verdiyi bu kurs İlham
Əliyevin Prezidentliyi dövründə dini mənəvi dəyərlərə
münasibətin yeni mərhələdə inkişafına təkan
verdi. Bir vacib məqam isə
ondan ibarətdir ki, ölkəmizdə yaşayan bütün
xalqlara, dinlərə məxsus tarixi abidələr, dini məbədləri
qorunur, bərpa edilir, dindarların ixtiyarına verilir”.
Bütün Qafqazın şeyxi
Şeyxülislam Allahşükür Paşazadə: “Azərbaycanda
dini tolerantlıq siyasətinin formalaşmasında Heydər
Əliyevin rolu danılmazdır. Tolerantlığın
bir dövlət strategiyası olaraq əsasını
ümummilli liderimiz Heydər Əliyev qoymuş və bu zəngin
ənənə hazırda İlham Əliyev həzrətləri
tərəfindən böyük ləyaqətlə davam
etdirilir. Ölkəmizdə
demokratik-hüquqi prinsiplərin, din və vicdan
azadlığının ardıcıl həyata keçirilməsinin
təminatçısı olan möhtərəm dövlət
başçımızın qayğı və diqqəti sayəsində
dini baxışından asılı olmayaraq bütün vətəndaşlara
bərabər münasibət bəslənilir,
ayrı-seçkiliyə yol verilmir, insanlara dini ayinləri sərbəst
yerinə yetirmək üçün şərait
yaradılır. Məhz Azərbaycanda dini sahəyə
münasibətdə yürüdülən müdrik siyasətin
nəticəsidir ki, dünya ictimaiyyəti, o cümlədən
nüfuzlu beynəlxalq təşkilatlar, habelə dünya
miqyasında tanınmış dini liderlər ölkəmizin
sülhpərvərliyini, tolerantlığını, başqa
dinlərə dialoqa hazırlıq ruhunu etiraf edir, bunu yüksək
dəyər kimi qiymətləndirirlər”.
Davamı
növbəti sayımızda
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı:
Nicat İntiqam
Zaman.-2015.-26 iyun.-S.13.