Dünyanı heyrətləndirən məşhur
müsəlman alimlər: Əbu Reyhan Məhəmməd
ibn Əhməd əl Biruni
(1)
Onun adı sivil elm dünyasında
indinin özündə belə ən məşhur astronom alimlərdən
biri kimi tanınır.
Üstündən 1050 ilə yaxın vaxt keçməsinə baxmayaraq, yazdığı əsərlər bu günə kimi öz əhəmiyyətini itirməyib. Hələ o dövrdə əksər ərəb tarixçiləri onu dünya elminin açarı hesab edirdilər. Onun haqqında fəxrlə: “Bu insanın bilmədiyi elm sahəsi, açmadığı sirli elm qapısı yoxdur, o, elmlərin şahı, elm xəzinəsidir”,-deyirdilər. Əsl adı Əbu Reyhan Məhəmməd olan və türk dünyasının bəşəriyyətin elm və mədəniyyat xəzinəsinə bəxş etdiyi dahi elm fədailərindən biri kimi şöhrət qazanan bu böyük insan özündən 600 il sonra Avropada yeni bir intibahın başlamasına səbəb oldu.
Əbu Reyhan Məhəmməd ibn Əhməd əl Biruni 973-cü ildə Türküstanın, türk dünyasının elm və mədəniyyət mərkəzlərindən biri olan qədim Xarəzmin Kət (başqa məlumatda isə Qəznə) şəhərində anadan olub. Atası bölgənin məşhur türk ailələrinin birinin başçısı olan Əbu Cəfər Əhməd şah sarayında münəccim idi. Lakin, saray əhli atasına böhtan ataraq, onu saraydan qovurlar. Bundan sonra Əbu Cəfər Əhməd çarəsiz qalıb yaxınlıqdakı doğma türk qövmlərinin yaşadığı kəndə köçür və ailəsi ilə birlikdə burada yaşamağa başlayırlar. Kənddə yaşayan türklər onlara qucaq açaraq, burada yaşaya bilmələri üçün yardım edirlər. Amma şəhər həyatından kənd həyatına düşdükləri üçün bir müddət yerli camaatla qaynayıb qarışa bilmirlər. Özlərini daim kənddə qərib, yad hiss etdikləri üçün əhali onları Biruni (bir, tək) adı ilə çağırmağa başlayır və onlar bu adla da şöhrət tapırlar. Atasının astronomiya sahəsi ilə maraqlanması və göy cisimlərini öyrənməsi və sarayda münəccimliklə məşğul olması uşaq yaşlarındən Əbu Reyhan Məhəmməd ibn Əhməd əl Birunidə bu sahəyə böyük maraq oyatmışdı. Əbu Reyhan ilk dərslərini belə demək mümkünsə atasından aldı. Sonra o vaxtlar üçün mükəmməl təhsil verən yerli mədrəsədə dərs alan Əbu Reyhan Biruni qısa müddətdə istedadı ilə müəllimlərini özünə heyran etməyə başlayır. Hər şeylə maraqlanan və hazırcavablığı ilə həmyaşıdlarından seçilən Biruni həm də, həmin dövrdə astronomiya ilə yanaşı tibb elmi ilə də yaxından maraqlanırdı. Buna da səbəb həmin dövrdə Türküstanda Cənubi Azərbaycanın Təbriz şəhərindən olan məşhur bir türk həkimin Əbu Reyhanın istedadını görüb onu tibbə həvəsləndirməsi olmuşdu. Türk həkim Əbu Reyhan Birunidə tibbə həvəsi daha da gücləndirmək üçün ona dərman bitkilərini toplamağı tapşırır. Qısa müddətdə təbrizli türk həkimin tapşırıqlarını yerinə yetirən Biruni minə yaxın dərman bitkisi ilə müalicə etməyi öyrənir. Lakin onda astronomiyaya və riyaziyyata maraq olduqca güclü idi. Bunu nəzərə alan atası Birunini o dövrdə Türküstanda məşhur olan astronomiya və riyaziyyat alimi Əbu nəsr İraqlının yanına qoydu. Biruni astronomiya və riyaziyyat elmlərini dövrünün məşhur alimlərindən olan Əbu Nəsr İraqlıdan öyrəndi. Gənc Biruni öz dövrünün bir çox elmlərini Xarəzmdə öyrəndi, o vaxt Xarəzm adlı-sanlı alimlərin mərkəzi idi. Məşhur türk filosof və həkim ibn Sina o vaxt Xarəzmdə yaşayırdı. Bu iki gənc alim təbii elmlər barədə danışıqlar aparırdılar .
Səyahətə çıxır və sarayda
Əbu Reyhan Biruninin istedadı ilə fərqlənməsi və əhali arasında məşhur olması şah sarayına da gedib çatmışdı.
Özünün bilik və bacarığı nəticəsində gənc yaşlarında başqalarından fərqləndiyindən Xarəzmşahlar sarayında olan elm adamlarının diqqətindən yayınmamış, dövlətin diplomatik fəaliyyətinə rəhbərlik etmişdir. Dövrün məşhur şəxslərindən hesab edilən Əmir Əbu Nəsir Mənsur gənc Biruninin parlaq zəkasının və aktivliyinin şahidi olduqdan sonra onu öz himayəsinə götürərək, İbn-Sina, Samət Əl-Həkim kimi dahi alimlərin ona dərs verməsinə və onların dostlaşmasına səbəb olmuşdur.
Birunidə astronomiyaya və riyaziyyata olan böyük maraq, ətraf xalqları öyrənmək həvəsi onda səyahətə çıxmağa böyük həvəs oyatmışdı.
Ona görə də 25 yaşında ikən səyahətə çıxmağı qərara alır. Əbu Reyhan Biruni 25 yaşında ikən Xarəzmdən o vaxtlar əhalisinin 90 faizi türklərdən ibarət olan Xorasana, oradan isə digər türk yurdu olan Rey və Təbəristana gedir. Getdiyi yerlərdə qədim kitabxanalarda olan kitabları tədqiq edən Biruni həmçinin bu yerlərin təbiəti, əhalisi, yerləşdiyi coğrafi enlik, iqlim qurşağı barədə məlumatlar toplayır.
Sonra Biruni Qonbədi Qabus şəhərinin yaxınlığında yerləşən Cürcan şəhərinə getdi və orada bir müddət ziyarilərdən olan elmsevər Əmir Qabus Vəşmgirin sarayında çalışdı. Gənc alim “Asarül-Baqiyə” kitabını da məhz orada yazdı. O vaxt Biruninin 28 yaşı var idi. Qabus Vəşmgir Əbu Reyhana vəzirlik vəzifəsi təklif etsə də, o razılaşmadı və bir neçə ildən sonra Xarəzmə qayıtdı. Lakin Xarəzmdə də uzun müddət qala bilmədi. Bu arada isə Gürgan hökmdarı Qabus ibn Vəşmgir israrla elçini elçi dalınca göndərərək, Birunini saraya dəvət edirdi. Qabus ibn Vəşmgirin israrlarına dözməyərək onun dəvətini qəbul edən Biruni saraya gəldi və bir müddət burada ölkənin idarə edilməsində yaxından iştirak etdi. Eyni zamanda saray kitabxanası ilə yaxından maraqlanan və burada tədqiqatlarını davam etdirən Biruni ona böyük şöhrət gətirən “Keçmiş nəsillərdən qalan izlər” kitabını yazdı. O, bu kitabını Qabus ibn Vəşmgirə həsr etdi.
Sultanın xidmətində
XI əsrin əvvəllərində Xarəzm məşhur türk sərkərdəsi və islam dininin Əfqanıstanda, Pakistanda və Hindistanda yayılmasında əvəzsiz xidmətləri olan görkəmli dövlət xadimi Mahmud Qəznəlinin nəzarətinə keçdi. Həmin dövrdə sultan Mahmud Qəznəlinin qurduğu dövlətin ana şəhəri Qəznə şəhəri idi. Biruninin elmindən və istedadından xəbərdar olan sultan Mahmud Qəznəli onun və tanınmış digər xarəzmli alimlərin də Qəznədə yaşamasını istədiyini bildirdi. Biruni sultanın bu təklifini qəbul edərək bir neçə alimlə Qəznəyə getdi. Biruni ömrünün sonunadək Qəznəlilərin hökumət aparatında məşğul oldu. Sarayda kifayət qədər hörmətə malik olan Biruni eyni zamanda sultanın göstərişi ilə islam dininin yerli əhali arasında yayılmasında və dinimizin təbliğ edilməsində önəmli xidmət göstərmişdi. Bəzi rəvayətlərə görə sultan Mahmud Qəznəli Birunini yanına çağıraraq: “Mən bu torpaqları özüm üçün ələ keçirmədim. Mənə torpaq lazım deyil, imperiyam kifayət qədər genişdir. Mənim məqsədim islam dinini yaymaq və bundan sonra rahat uca Allahın dərgahına getməkdir. Sizin vəzifəniz ələ keçirilən torpaqlarda dinimizi yaymaqdır. Mən qılıncla, siz də elminizlə dinimizin yayılmasına yardım edin, bu da sizin borcunuzdur”,-demişdi.
Biruni və saraydakı digər alimlər sultanın tapşırığına əməl edərək, yerli əhalinin ağsaqqalları ilə görüşür, onlara islam dininin əsaslarını izah edirdilər. İslam dinin haqq və ədalət dini olduğu qənaətinə gələn on minlərlə pakistanlı və hindistanlı islam dinini qəbul etdi. Nəticədə islam dini sürətlə bölgə əhalisi arasında yayılmağa başladı.
Həmin dövrdə alim vətəni Xarəzm üçün darıxırdı. Ona görə də sultandan xahiş edərək, bir neçə dəfə Xarəzmə gələrək, burada keçmiş günlərini xatırladı, valideynləri, yaxınları, qohumları ilə görüşdü, əzizlərinin qəbrlərini ziyarət etdi. Geriyə, Qəznəyə qayıtdıqdan sonra sultan Mahmud Qəznəlinin Hindistana yürüşlərində də onunla birlikdə iştirak etdi. Biruninin bu səfərlərdə məqsədi, hind xalqının mədəniyyətini öyrənmək idi. O 13 il müddətində Hindistanda tədqiqatla məşğul oldu. Hinduların qədim müqəddəs dilləri olan sanskrit dilini öyrəndi və özünün dəyərli əsəri olan “Təhqiqi Maləl-Hindi “yazdı.
Amma bəzi saray adamları sultan Mahmud Qəznəlinin elm adamlarına böyük hörmət göstərməsindən narahat idilər. Ona görə də onlar elm adamları, o cümlədən Biruni haqqında sultanda mənfi rəy formalaşdırmağa nail olmuşdular. Sultan da öz növbəsində onların təsiri altında ömrünün son illərində elm adamlarının fəaliyyətinə şübhə ilə yanaşmağa başlamışdı. Biruninin açıq sözlü olması, həqiqəti deməyi sevməsi sultana nə üçünsə xoş gəlmirdi. Belə bir vəziyyətdə sultanın hər an Birunini cəzalandıra bilməsi təhlükəsi meydana çıxmışdı. Amma sultanın ölümündən sonra belə bir təhlükə aradan qalxdı.
Ardı növbəti sayımızda
Əziz Mustafa
Zaman.-2015.-5 mart.-S.6.