Dünyanı heyrətləndirən məşhur
müsəlman alimlər: Əbu Reyhan Məhəmməd
ibn Əhməd əl-Biruni (2)
ƏZIZ
MUSTAFA,
Sultan
Mahmud Qəznəlinin ölümündən
sonra Biruni onun oğlu Məsud Qəznəlinin adına “Qanuni
Məsudi” kitabını
yazdı.
Biruninin elm dairəsi, məşğul
olduğu elm sahələri
olduqca geniş və çoxtərəli
idi. O həm astronomiyanı,
həm riyaziyyatı, həm fizikanı, həm biologiyanı, həm coğrafiyanı, həm tarixi, həm də müxtəlif dillərdə
danışan xalqların,
millətlərin mədəniyyətini
çox gözəl bilirdi. Ona görə Sultan Mahmud Biruniyə böyük hörmət edir, onun elmi səviyyəsini
olduqca yüksək qiymətləndirirdi. Yenə
də burada böyük türk hökmdarı, siyasətçisi və görkəmli dövlət xadimi Sultan
Mahmud Qəznəlinin elm adamlarına
verdiyi xüsusi qiymətdən danışmamaq olmur. Bunu türk-islam dünyasının böyük
sərkərdəsi və
dövlət xadiminin Firdovsiyə türk hökmdarlarının
tarixini, qəhrəmanlığını
nəzmə çəkmək
və möhtəşəm
bir əsər yaratmaq üçün verdiyi sifariş də bir daha
sübut edir. Nəticədə Sultan Mahmud Qəznəlinin
sifarişi ilə Firdovsi məşhur “Şahnamə” əsərini yazdı.
Ancaq bu əsərdə daha çox İran tarixinin işıqlandırılması və İran-Turan müharibələrində farsların
təəssübkeşliyini çəkməsi vətənpərvər
bir türk hökmdarı olan Sultan
Mahmud Qəznəlini qəzəbləndirdi
və ona bu əsərə görə vəd etdiyi 60 min dirhəm qızılı vermədi.
Bununla belə, elm adamlarının
əməyini qiymətləndirməyi
bacaran məşhur dövlət xadimi əsl türklərə xas olan mərdlik
nümayiş etdirərək
sonralar Firdovsiyə vəd etdiyi pulu ona göndərdi.
Yəni bu, böyük türk hökmdarının
elmə verdiyi qiymətdən irəli gəlirdi. Yeri gəlmişkən, onu da deyək
ki, türk hökmdarları tarixində
ilk dəfə “Sultan” titulu
Mahmud Qəznəliyə verilib.
Xatırladaq ki, Mahmud Qəznəli
1001-1026-cı illərdə 17 dəfə Hindistana hücum etmişdi. Onun şimal və şimal-şərq torpaqlarını,
yəni Kəşmir,
Pəncab, Qucarat vilayətlərini Qəznəli
dövlətinə qatmışdı.
Sultan Mahmud Qəznəli 1029-cu ildə hazırda farsların əsarəti altında olan və özü ilə eyni soy-kökdən olan Cənubi Azərbaycan türklərinin ana şəhərləri olan
Rey, Həmədan və
İsfahanı, az sonra Gur əyalətini tutdu. Sultanın hakimiyyətinin son dövründə Qəznəli
dövləti Hindistandan
Xarəzmə və Xəzər sahili torpaqlara qədər ərazini əhatə edirdi.
Xatırladaq ki, Sultan Mahmud Qəznəli
1002-ci ildə I Xələfi
devirərək Səffarilər
dövlətinə son qoymuşdu. 1008-ci ildə Racput Konfederasiyasını məğlub
edən Sultan Mahmud Qəznəli
Şahilər sülaləsini
Hindistanın dərinliklərinə
qovdu. Sultan Mahmud Rey və İsfahan kitabxanalarını
Qəznəyə köçürərək,
buranı öz dövlətinin və bölgənin elm, mədəniyyət
mərkəzinə çevirmişdi.
Sultan
Mahmud Birunini sınayır
Rəvayətə görə, Biruninin elm bilicisi və onun böyük alim olması barədə Sultan Mahmuda ətrafındakılar çoxlu
məlumat vermiş, onu tərifləmişdilər. Sultanın ətrafındakılar
ona demişdilər ki, Əbu Reyhan
nücum elmini çox gözəl bilir və insanın
ürəyini özünəməxsus
şəkildə sanki
oxuyur, elmi ilə onun nə
edəcəyini öncədən
müəyyən edə
bilir. Yalnız uca Allahın
hər şeyə qadir olduğunu həmişə təkrar
edən Sultan Mahmud əmr
etdi ki, Birunini hüzuruna gətirsinlər. Hökmdarın
hüzurunda təzim etdikdən sonra Sultan Mahmud
onu yanına çağırmasının səbəbini
bildirərək: “Hər
şeyə agah olan yalnız Allahdır,”-dedi.
Buna cavab olaraq, Biruni
Sultanın onu imtahan etməsini xahiş edərək: “Əgər Sultanın şübhəsi varsa, gizli fəzilət və bacarığı üzə çıxarmaq
üçün imtahan
etsin”,-dedi.
Onun özünə
belə arxayın danışması bütün
varlığı ilə
uca Allaha bağlı olan Sultan
Mahmud Qəznəlinin xoşuna
gəlmədi. Ona görə də əsəbi halda Biruniyə: “Allahdan başqa insanın sirrini bilən yoxdur. Ürəyimdə olan bir fikri
tap və de görüm,
mən bu qəsrin hansı qapısından çıxacağam”,-dedi.
Söhbətdə iştirak edən bütün saray əyanları donub qalmışdılar və
onlar artıq Biruninin sonunun çatdığını düşünürdülər. Çünki
Sultanın ürəyindəkini
tapmaq ot
tayasında iynə axtarmaq kimi bir
şey idi. Bir də sarayın 12 qapısı vardı və Sultanın bu 12 qapının hansından çıxa biləcəyini müəyyən
etmək mümkün
olan işə oxşamırdı. Amma
Biruni sakit görünürdü, o heç
nə olmamş kimi üstürlab adlanan astronomik cihazı götürüb,
nə isə ölçməyə başladı,
sonra isə cavabı
kağıza yazıb
Sultana təqdim etdi: “Cavabı tapdım və kağıza yazdım”.
Sultan əmr etdi,
qəsrin qarşısındakı
divarı uçurtdular
və o oradan bayıra çıxdı.
Sonra qayıdıb
Birunin verdiyi kağızı oxudu. Biruni kağızda yazmışdı:
“Sultan heç bir qapıdan çıxmayacaq,
qarşı divarın
yarığından çıxacaq”.
Cavab düz olsa da Sultan qeybin və gələcəyin yalnız Allah tərəfindən
bilindiyini söylədi.
Adətən, elm adamlarına böyük
qiymət verən Sultanı daha çox Biruninin onun qabağında cəsarətlə danışması
əsəbiləşdirmişdi. Dünyanı fəth edərək islam
dinini Cənub Şərqi Asiyaya yayan bu böyük
sərkərdə ilk dəfə
idi ki, sözünün
qabağına söz
qoyulduğunun şahidi
olurdu. Ona görə də Sultan Biruniyə: “Cavabı düz tapdın, ancaq hökmdarın qarşısında olduğunu
unutdun”,-deyərək əmr
etdi ki, onu sarayın üstündən yerə
atsınlar. Amma Sultanın Birunini öldürməsindən peşman
olacağını bilən
və alimə böyük hörmət bəsləyən vəzirlərdən
biri gizlicə göstəriş verdi ki, imarətin aşağısına
pambıq töksünlər.
O bununla da imarətin başından yerə atılan Birunininsağ-salamat qalmasına
nail oldu.
Həqiqətən
də, bir neçə gündən
sonra Sultan Mahmud böyük
alimi öldürtdüyünə
peşman olaraq ətrafındakı vəzirlərinə:
“Mənə niyə Birunini öldürtməyə
mane olmadınız, axı
onun günahı yox idi, siz
də bunu bilirdiniz”,-deyə soruşdu.
Biruninin sağ qalmasına səbəb olan vəzir isə həyatını riskə
ataraq alimin sağ olduğunu söylədi. Halbuki o bilirdi ki, əmri
icra etməmək üstündə Sultan onu
edam etdirə bilər. Lakin vəzir cəsarətini toplayaraq: “Əgər Sultan icazə versə, Birunini hüzuruna gətirərəm”,-dedi.
Sultan: “Məgər onu damdan aşağı atmadınız?”-deyə
vəzirdən soruşdu.
Vəzir
isə Sultana cavabında
dedi ki, siz onda çox
əsəbiləşdiniz və
alimi müdafiə etmək xahişimizi yerə salacaqdınız.
Ona görə də çıxış yolunu
alimin sağ qalması üçün
imarətin aşağısına
pambıq tökməkdə
gördük. Bununla həm sizin əmriniz yerinə yetirildi, həm də alim sağ
qaldı.
Rəvayətə görə, Sultan vəzirin
bu tədbirindən razı
qaldı və sonra da Birunini
hüzuruna çağırtdıraraq:
“Əgər istəyirsən
Sultan səndən razı
qalsın, gərək
onun sözünə uyğun söz danışasan, öz elminə müvafiq yox”,-dedi və sonra da
ondan üzr istədi.
Bütün bunlar da Sultan Mahmud Qəznəlinin əsəbiləşməsinə,
yanlış qərar
verməsinə baxmayaraq,
elm adamlarına münasibətdə
həmişə həssas
olduğunu göstərir.
Onu da bir daha
qeyd edək ki, Sultan Mahmud Qəznəli
Hindistanı özünə
tabe etdikdən sonra Biruni oraya
getmiş, burada elmlə məşğul olmaq üçün, ilk növbədə, sankskritcə
öyrənməyi qarşısına
məqsəd qoymuş
və qısa müddətdə istəyinə
nail olmuşdu. Bundan sonra
Biruni elmi araşdırmalar aparır,
həndəsə, triqonometriya,
astronomiya və coğrafiya sahəsində
böyük uğurlar
qazanır, hətta tibb sahəsində də fəaliyyət göstərirdi.
Elmdə müəyyən nailiyyətlər əldə etmək üçün alimlər yeni-yeni kəşflər edirdilər. Bu sahədə Biruninin də öz dəsti-xətti olmuşdur. O, metalların xüsusi çəkilərini özünəməxsus üsullarla ölçmüşdür. Lakin onun ən böyük nailiyyəti astronomiya sahəsində olmuşdur. Belə ki, yaratdığı teleskopun diametri o zaman üçün ağlagəlməz ölçüdə - 7,5 metr olmuşdur.
Əbu-Reyhanın elmi
tədqiqatları və əsərləri
Əbu Reyhan Biruni həyatı boyu elmlə məşğul olmuş, astronomiya, riyaziyyat, fizika, biologiya, geologiya, coğrafiyaya aid çoxsaylı əsərlər yazmışdı- Məsələn, böyük alim Pakistan ərazisində olan Nəndənə qalasında apardığı tədqiqatlar nəticəsində müəyyən etmişdi ki, Yer kürəsinin radiusu 6338,8 kilometrdir. Bu gün dəqiq və həssas cihazlarla işləyən astronomlar Yer kürəsinin radiusunun 6378,160 kilometr olduğunu sübut etmişlər. Bunu o dövrdə etmək və dəqiq hesablamaq, həqiqətən də, asan iş deyildi və bu Biruninin nə qədər böyük alim olduğunu bir daha sübut edir.
Qeyd edək ki, dünya elm tarixində ilk astronomik ensiklopediyanın yaradılması da Biruniyə məxsusdur. Bu müstəvidə də Biruni Yer kürəsinin öz oxu ətrafında və Günəş ətrafında fırlanmasını elmi yolla sübuta yetirən böyük türk-islam alimidir. Bu baxımdan Əbu Reyhan Biruni Kopernikdən 500 il əvvəl Yer kürəsinin öz oxu ətrafında və Günəş ətrafında fırlanmasını elmi yolla sübuta yetirib. Yenə də qeyd edək ki, Birunidən 500 il sonra Kopernikin türk-islam aliminin dediklərini təkrar etməsini Qərb dünyası qəbul etmədi. Buna baxmayaraq, bütün Qərb aləmi yüzilliklər ərzində Biruninin kəşflərindən, onun ideyalarından, ümumiyyətlə, müsəlman alimlərin elmə gətirdikləri yeniliklərdən istifadə edərək, yeni elmi-texniki tərəqqinin əsasını qoydular. Qərbin Biruniyə verdiyi böyük qiyməti keçən əsrin ikinci yarısında Aydakı kraterlərdən birinə onun adının verilməsi də sübut edir. Xatırladaq ki, Ay xəritəsində daha iki böyük türk-islam aliminin, Nəsirəddin Tusi və Uluq bəyin adlarına kraterlər var.
Zaman.-2015.-11 mart.-S.9.